Təqvim ilinin başa çatması, istər-istəməz, zaman, tale barədə ciddi düşüncələrə səbəb olur. Artıq 20 ildir ki, xalqımız illərin qovuşduğu məqamı dünya boyu soydaşlarımızın həmrəyliyi günü kimi qeyd edir. Dekabrın 31-i milli təqvimimizdə Azərbaycanın, bütün azərbaycanlıların günüdür. Ona görə də bu gün millətimizin taleyi ilə bağlı yaxşı nə varsa hamısı öyünclə yada düşür, sabahımız barədə düşünməli oluruq.
Ən sevincli məqam odur ki, artıq 10 ili tarixə qovuşan üçüncü minilliyə Azərbaycan xalqı müstəqil dövləti, bu dövlət ətrafında mədəni-məfkurəvi birliyi ilə qədəm qoydu. Bu, talenin və tarixin dünyanın ən qədim xalqlarından olan azərbaycanlılara böyük töhfəsidir. Dövlət müstəqilliyimizin XXI əsrə düşən 10 ili barədə ayrıca danışmağa dəyər. Bu 10 ilin hər biri xalqımız üçün, ən azı, əvvəlki illərin 10 ili qədər sayalı, bəhrəli olduğuna görə ötən müddətdə Azərbaycan 1 əsrdən artıq inkişaf, yeniləşmə yolu keçib.
Əzablarla, qan-qada ilə yazılmış 70 illik sovet dövrünü vaxtilə "tərəqqi dövrü" adlandırsalar da ondan bizə nə qaldı? - İllərin hisi-pası, səfalət, torpaq itkisi, müharibə... Dövlət müstəqilliyimizin ilk illəri də çətin, faciəli keçdi. Lakin ölkəmizin müstəqilliyini qoruyan, xalqımızı yeni fəlakətlərdən xilas edən ümummilli lider Heydər Əliyev sabitlik, milli birlik, islahatlar yolu ilə dövlətimizi yeni inkişaf yoluna çıxartdı. Azərbaycan üçüncü minilliyə tarixi taleyinə sahib çıxan, suverenliyini dönməz edən, sərvətlərindən ağılla, bacarıqla istifadə edən bir xalqın məmləkəti kimi daxil oldu.
Bütün bunları görən və taleyin hökmü ilə müxtəlif dövlətlərdə və qitələrdə yaşamağa məhkum olan yerdə qalan 40 milyonluq soydaşlarımız bütün bunları gördükcə sevindilər, öyündülər, əl-ələ tutub öz milli dövlətlərinə doğru səmtləndilər. Xaricdəki soydaşlarımız gec də olsa həmrəyləşdilər, milli cəmiyyətlər, diaspor qurumları yaratdılar. Dünya azərbaycanlılarının cazibə mərkəzi Azərbaycan dövləti oldu. Azərbaycan Respublikası milli bir qibləyə çevrildi. Bu bayram, birlik günündə də hamının nəzərləri ulu Vətənə dikilmişdir.
Bu gün Azərbaycan öz uğurları, ildən-ilə artan qüdrəti ilə dünyanın hər yerindən diqqəti cəlb edir. Soydaşlarımız, dostlarımız baxıb sevinir, düşmənlərimiz yanıb-yaxılır, xar olurlar. Azərbaycan Respublikası bu gün Qərblə Şərqin, Şimalla Cənubun qovuşuğunda söz sahibi olan, regionun inkişaf lokomotivinə çevrilən bir dövlətdir. İqtisadi-sosial uğurlarımız artdıqca xalqımızın güzəranı yüksəlir, mədəniyyəti çiçəklənir. Azərbaycan boy verib, iri addımlar atıb qabaqcıl dünya ilə ayaqlaşır, öz imzasını mötəbər hesabatlara, proqramlara yazır.
Azərbaycan son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə başdan-başa yeniləşmiş, abadlaşmışdır. Bakı göydələnləri, 2-3 mərtəbəli körpüləri, yol qovşaqları, bəzəyi-cilası ilə daha da gözəlləşmişdir. Respublikanın bütün rayon mərkəzləri yaraşıqlı, rahat şəhərlərə çevrilmişdir. Magistral yollar yenidən qurulmuş, gəliş-gedişi asanlaşdırmışdır. Məhsul bolluğu hər cür ehtiyacı yerindəcə ödəməyə imkan vermişdir. Bunlar dövlət müstəqilliyimizin xalqımıza bəxş etdiyi nemətlərdir. Biz ölkə daxilində birliyimizlə, soydaşlarımızın hər yerdə milli həmrəyliyi ilə daha qüdrətli, daha güclü olacağıq.
Mən vaxtilə ağır xəstəlik keçirib həyatımı itirmək təhlükəsi ilə üzləşmişdim. Ulu Yaradan məni yaşatdı, dövlət müstəqilliyimizi, bu xoş günləri görməyimə imkan verdi. Şairin, sənətkarın ən böyük arzusu xalqını azad, firavan görməkdir. Bütün xalqımızla birlikdə bunları görmək ikiqat xoşbəxtlikdir.
Gün o gün olsun ki, dünyadakı bütün soydaşlarımız torpaqlarımızın və talelərinin sahibi olsunlar. 50 milyonluq xalqımızın özünəlayiq vahid dövləti olsun. Bu gün bütün soydaşlarımızı təqvim ilinin təzələnməsi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edir, uca millətimizə daha xoş günlər arzulayıram. İnanmaq istərdim ki, üzümüzə gələn ildə birliyimiz daha möhkəm olacaq. Qarabağ dərdimizə son qoyulacaq. Azərbaycanın səsi dünyada daha gur eşidiləcək.{nl}
Fikrət QOCA, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi
{nl}
{nl}
{nl}
{nl}
{nl}
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.