Şriftin ölçüsü:
01.01.2011 02:21 | Oxunma sayı: 878
Vətənimiz xalqımız üçün mühüm əhəmiyyət kəsb edən 2010-cu il başa çatır. Yola saldığımız il müstəqil Azərbaycan Respublikası üçün əsaslı yüksəliş və inkişaf dövrü kimi xarakterizə olunur. Belə ki, il ərzində ölkə həyatının bütün sahələrində yeni-yeni nailiyyətlər əldə edilmiş, Azərbaycanın iqtisadi qüdrəti və beynəlxalq nüfuzu bir qədər də artmışdır. Bütövlükdə isə 2010-cu ilin Azərbaycanın müstəqillik salnaməsinin şərəfli səhifəsinə çevrilməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin, ümummilli proqramların reallaşdırılmasının məntiqi nəticəsidir. Əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə də Azərbaycan Respublikası dünyanın və regionun ən sabit və davamlı inkişaf edən ölkəsi kimi tanınmışdır.
Azərbaycanın iqtisadi inkişafının təmin olunmasında ölkə neftçiləri də mühüm rol oynamışlar. Belə ki, il ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bütün idarə və müəssisələri ölkəmizin neftə, neft-kimya məhsullarına və təbii qaza olan tələbatını təmin etmək üçün tam gücü ilə çalışmış, neft və qazın hasilatı, təhvili, emalı, yataqların işlənməsi üzrə növbəti uğura imza atmışlar. Yola saldığımız ildə neftçilərimiz bütün tapşırıqların öhdəsindən layiqincə gəlmiş, yeni quyular qazmış, bir sıra vacib istehsal obyektləri istismara vermişlər.
2010-cu il ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası üçün də son dərəcə uğurlu olmuşdur. İl ərzində "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" layihələri çərçivəsində neft və qazın hasilatı davam etmiş, yeni-yeni quyular qazılaraq istismara verilmişdir.
Ölkəmizin neft sənayesinin ən böyük uğurlarından biri də, heç şübhəsiz, Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid" qaz-kondensat yatağının kəşfi olmuşdur. Bu hadisə bir də onunla əlamətdardır ki, adıçəkilən yataq Azərbaycan neftçilərinin gücü və ölkəmizin maliyyə imkanları hesabına açılmışdır. Xatırladaq ki, noyabrın 24-də möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın neft-qaz sənayesi tarixində mühüm hadisələrdən sayılan "Ümid" yatağının açılması münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi ilə görüşmüş və ölkə neftçilərinin ünvanına xoş, səmimi fikirlər söyləmişdir.
Əldə olunmuş uğurlardan biri də ölkənin yeraltı qaz anbarlarının aktiv tutumunun bu il ilk dəfə olaraq, 3,1 milyard kubmetrə çatdırılmasıdır. Bu, xüsusən qış aylarında ölkə əhalisinin və sənayenin davamlı qaz təchizatı üçün əlavə imkanlar yaranması baxımından mühüm əhəmiyyət kəsb edir.
Yola saldığımız 2010-cu ildə ölkənin neft və qaz sektorunda qarşıya qoyulan bütün tapşırıqlar uğurla yerinə yetirilmiş, neft və qaz hasilatında rekord göstəricilərə imza atılmışdır. Təkcə onu demək kifayətdir ki, bu il Azərbaycanda 51,5 milyon tondan çox neft və 26 milyard kubmetrdən artıq qaz hasil olunmuşdur. Neft və qaz hasilatının çoxalması isə öz növbəsində ölkəmizin ixrac imkanlarının bir qədər də artırılmasına, ixracın coğrafiyasının xeyli genişlənməsinə səbəb olmuşdur. İndi Azərbaycanın neft və qaz ixrac etdiyi ölkələrin siyahısına yeni adlar əlavə olunmuşdur.
Göründüyü kimi, Azərbaycanın neft strategiyasının uğurları ilbəil artır və bu uğurların hər biri ölkəmizin iqtisadi qüdrətinin daha da möhkəmlənməsinə, xalqımızın, o cümlədən ölkə neftçilərinin həyat səviyyəsinin getdikcə yaxşılaşmasına səbəb olur. Yeni əsrin ikinci onilliyinin ilk ilində Dövlət Neft Şirkəti bu nailiyyətləri daha da artırmağa, neft və qazın hasilatı, təhvili və nəqli sahəsində daxili imkanları səfərbər edərək bütün tapşırıqlara artıqlaması ilə əməl etməyə çalışacaq. Eyni zamanda, neftçilərimiz yeni ildə respublika əhəmiyyətli mühüm obyektlərin tikilib başa çatdırılması və təhvil verilməsi istiqamətində səylərini daha da artıracaqlar.
Sonda Azərbaycan xalqını, eləcə də xaricdə yaşayan bütün soydaşlarımızı 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Dövlət Neft Şirkətinin rəhbərliyi və çoxmilli neftçilər ordusu adından təbrik edir, hamıya cansağlığı və xoşməramlı işlərində böyük müvəffəqiyyətlər arzulayıram. Azərbaycan neftçiləri adından soydaşlarımızı əmin etmək istəyirəm ki, həmişə olduğu kimi, 2011-ci ildə də fədakarcasına çalışaraq, ölkəmizin iqtisadi qüdrətinin daha da artmasına və xalqımızın maddi-rifah halının yaxşılaşdırılmasına yeni töhfələr verəcəyik.{nl}
{nl}
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.