Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Milli Məclisin deputatı Ağacan Abiyev “Xalq qəzeti”nə müsahibəsində Bakı Olimpiya Stadionunda start götürəcək İslam dünyasının möhtəşəm idman tədbirini - IV İslam Həmrəyliyi Oyunlarını artıq indidən belə qiymətləndirir.
– Ağacan müəllim, startına bir aydan da az qalan Azərbaycanın ev sahibliyi ilə baş tutacaq IV İslam Həmrəyliyi Oyunlarını necə xarakterizə edərdiniz?
– Azərbaycan şanlı idman tarixinə yeni səhifə yazmaq ərəfəsindədir. Ölkəmiz müsəlman aləminin ən mötəbər tədbiri – IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Məlumat üçün bildirim ki, 2013-cü ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 8-ci Baş Assambleyasında qəbul edilən qərara görə İslam Həmrəyliyi İdman Federasiyasına üzv olan MOK-lar 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək üçün ölkəmizə səs vermişdilər və tam səs çoxluğu ilə Bakı bu mötəbər tədbiri doğma məkanda keçirmək hüququ əldə etmişdi. Bir mühüm məsələni də diqqətə çatdırım ki, həmin tədbirdə İHİF-in 2013-2017-ci illər üçün yeni tərkibi müəyyən edilib və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yenidən növbəti 4 illiyə İHİF-in vitse-prezidenti seçilib.
Ümumiyyətlə, bu Oyunların yaradılması və keçirilməsində əsas məqsəd təkcə o deyil ki, ayrı-ayrı idman növlərində atletlər güclərini sınayıb, fəxri kürsüdə yerlərini tutsunlar. Olimpiya oyunları kimi bu yarışlar, həm də mötəbər bir tədbir, böyük bir ictimai hadisədir. Bu tədbir müsəlman dünyasının bütün ölkələrini əsl hünər meydanına toplayıb, birlik və dostluq şəraitində əldə eilən qələbənin təntənəsini nümayiş etdirir.
İdmançıları mübariz ruhu və qiymətli dəyərləri altında birləşdirən ecazkar Oyunların əsasını güc, ruh və təfəkkürün birləşməsi təşkil edir ki, bu da müasir gənclik üçün ən gərəkli keyfiyyətlərdir. Hərtərəfli hazırlıqları sayəsində ədalətli oyun ruhu və əsl idman rəqabətinə sadiqlik nümayiş etdirəcək gənclər yarışların keçirildiyi 10 gün ərzində həyatın ən maraqlı anlarına şahidlik edəcək, həmrəy olub qələbə və məğlubiyyətin sevincini, acısını bir-biri ilə bölüşəcəklər. Bu Oyunların yarış meydanları ayrı-ayrı mədəniyyətlərin, sivilizasiyaların, irqlərin, millətlərin nümayəndələrinin vahid məkanda bir araya gəlib sağlam rəqabət nümayiş etdirmələri üçün əsl hünər meydanına çevriləcək.
– İslam Həmrəyliyi Oyunlarının beynəlxalq aləmdə rolunu necə qiymətləndirirsiniz?
– Ümumiyyətlə, bu cür böyük tədbirlər getdikcə qloballaşmaqda olan dünyanın gələcək inkişafı üçün böyük önəm kəsb edir. Ola bilər, dünyada bəzi dairələr bu tədbirə, təkcə müsəlman idmançılarının mübarizə apardığı adi idman yarışı kimi baxsınlar. Unutmaq lazım deyil ki, ən böyük dinlərdən biri olan və 120-dən çox ölkədə icmaları yaşayan İslamın dünyanın inkişafına təsiri çox böyükdür və onun insanları xeyirxahlığa, dostluğa, qardaşlığa, birgə qurub yaratmağa, yaxşı işlər görməyə çağıran müqəddəs missiyasından bəhrələnmək müasir zamanın əsas tələblərindəndir.
Oyunların İslam dünyasının həmrəyliyini daha da möhkəmlətmək üçün bütün səyləri birləşdirmək missiyasını da nəzərə almaq lazımdır. Müsəlman ölkələrinin təmsilçiləri bu böyük idman bayramında təkcə güclərini sınamaqla kifayətlənməyib, digər komandaların üzvləri ilə sıx dostluq əlaqələri yaradıb, birlik nümayiş etdirəcəklər. Bu birlik bir nümunədir. Müsəlman gənclərinin timsalında bütün dünyaya sağlam rəqabətin gücünü göstərən əhəmiyyətli bir tədbirdir.
– Müasir dövrün ən aktual problemlərindən biri getdikcə qloballaşan dünyada millətlər, dinlər arasında gərginliyin artması nəticəsində humanitar fəlakətlərin yaşanmasıdır. Belə bir həssas zamanda ölkəmizin beynəlxalq aləmdə getdikcə nüfuzunun artması ilə bağlı hansı məqamları qeyd edərdiniz?
– Müstəqilliyini 25 il bundan əvvəl bərpa edən ölkəmiz dünya xəritəsində ən sürətlə inkişaf edən ölkələrdən biri kimi layiqli yerini tutmuş, nüfuzlu söz sahibinə çevrilmişdir. Qərblə Şərqin qovuşuğunda yerləşən, ölkəmiz üzərinə şərəfli bir missiya götürüb və zamanın sınaqlarından üzüağ çıxıb. Odlar Yurdu Azərbaycan torpağında ta qədimdən xalqların sülh və dostluq şəraitində yaşamasının gözəl nümunəsi yaranıb və biz bununla qürur duya bilərik. Ölkəmizdə tolerantlıq həmişə mövcud olmuşdur və xalqımızın bu keyfiyyətləri yüksək qiymətə layiqdir. Ölkəmizdə yüzillər boyu məscidlərlə yanaşı, pravoslav və katolik kilsələr, sinaqoqlar da fəaliyyət göstərir. Bakıda dünyaya göz açandan ailəmizin, qohum-qonşunun bir-birlərinin xeyrində-şərində, bayramlarında ürəklə iştirak etdiklərini görmüşəm. Azərbaycan nadir ölkələrdəndir ki, milli, dini zəmində heç bir ayrı-seçkilik hiss olunmamışdır və bu, indi də davam edir.
Təəssüf hissi ilə qeyd etməliyik ki, müasir dünyamızı başına alan qanlı qarşıdurmalar daha çox müsəlman ölkələrində baş verir və buna, əsasən, müəyyən dairələrin öz çirkin niyyətlərini müsəlman ölkələrində gerçəkləşdirmək səbəb olsa da, müsəlmanlar arasında məzhəb ayrı-seçkiliyinin də təsiri vardır. Şübhəsiz, müsəlmanlar arasında münasibətlərin bu qədər gərginləşməsində müəyyən dairələrin böyük rolu var. Dindən silah kimi istifadə edib millətlər arasında nifaq salanlar, əslində heç öz dinlərinə də hörmət qoymayan insanlardır və onlar üçün artıq müqəddəs amal yoxdur. Ən dəhşətlisi isə məhz belə dairələrin canfəşanlıqla həyata keçirdikləri fitnə-fasadların yaratdığı yeni müharibə ocaqlarının getdikcə çoxalmasıdır. Nəticədə ardı-arası kəsilməyən müharibələr, eləcə də törədilən terrorlar minlərlə insanın həyatına son qoyur.
Ən pisi isə odur ki, insanlar yaşanan bütün fəlakətlərlə bağlı dünyanın ən inkişaf etmiş və eləcə də demokratiyanın beşiyi sayılan ölkələrdən tolerantlıq, ümid gözlədikləri halda hətta multikulturalizm ənənələrinin iflasa uğradığını eşidirlər. Multikulturalizm doğrudanmı ölür? Bəs ölkəmizdə müxtəlif mədəniyyətlərin yanaşı inkişaf edib qarşılıqlı mənəvi zənginləşməsi üçün illərin sınağından çıxmış multikultural mühit, bütün dinlərə hörmət və dözümlülük kimi ənənələr, xalqımızın zaman-zaman qoruduğu, nəsildən-nəslə ötürdüyü milli xüsusiyyətlər bu sahənin daha da inkişafını sübut etmirmi? Bu sahənin iflasa uğradığını deyənlər Azərbaycanda həyat tərzinə çevrilmiş multikulturalizm modelini nəzərdən keçirib, öyrənsinlər, öz ölkələrində tətbiq etsinlər. Onlar başa düşərlər ki, əsrlərlə yanaşı və dinc yaşayan xalqların inkişafı üçün şərait yaradılarsa, onlar müxtəlif mədəniyyətlərdən yararlanıb öz ənənələrini daha da zənginləşdirmək imkanına malik olacaqlar.
Xalqımızın çoxəsrlik multikultural ənənələrinə əsaslanaraq 2016-cı il Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev tərəfindən ölkəmizdə “Multikulturalizm ili” elan olunmuşdu və bu istiqamətdə keçirilən tədbirlər çərçivəsində Azərbaycan multikulturalizmi və tolerantlığı dünya ictmaiyyətinə geniş təqdim olundu. Azərbaycanda təşkil edilən irimiqyaslı beynəlxalq tədbirlərdə Amerika, Avropa, Asiya, ərəb ölkələrinin görkəmli dövlət, ictimai-siyasi xadimlərinin, hazırkı və keçmiş dövlət rəhbərlərinin, Nobel mükafatı laureatlarının, dünyanın tanınmış siyasətçilərinin iştirakı və bu tədbirlərdə bütövlükdə bəşəriyyəti narahat edən müasir dövrün problemlərinin müzakirə edilməsi ölkəmizin dinlərarası dialoqa, multikultural dəyərlərə böyük önəm verməsinin göstəricisidir.
– Azərbaycan idmanının inkişaf xətti dünyada da maraqla qarşılanır. Ölkəmizdə idman sahəsinin prioritetləri barədə nə deyə bilərsiniz?
– Müstəqil dövlət kimi, ilk dəfə Olimpiya Oyunlarına qatılıb bir gümüş medal əldə etdiyimiz vaxtdan bizi cəmi 20 il ayırır. Təsəvvür edin, son Olimpiya Oyunlarında – Rio-2016-da Azərbaycan komandası 18 medal qazandı. Medalların ümumi sayına görə 14-cü pillədə qərarlaşdıq. Müstəqillik tarixi cəmi 25 il olan bir dövlət üçün bu nəticə möhtəşəmdir və bu dünya dövlətləri tərəfindən maraqla qarşılanmaqla yanaşı, həm də təcrübəmiz öyrənilir. Onlar təbii ki, bizdən öyrənmək istəyirlər ki, qısa zaman kəsiyində bu qədər nailiyyəti necə əldə etmişik. Şübhəsiz, dünyada etiraf edilir ki, Azərbycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən nəhəng infrastruktur layihələr həyata keçirilib.
– Müstəqilliyimizin ilk illərində bütün bunlar sanki xəyal idi. İnkişafımızın ilk dövrlərində Azərbaycanda idman infrastrukturu yenidən qurulduqca beynəlxalq arenaya çıxmaq, idmanımızın inkişafını nümayiş etdirmək, eyni zamanda, ölkəmizdə beynəlxalq tədbirlər keçirmək istəyirdik. Bütün sahələrdə inkişafa qədəm qoyan Azərbaycanın müharibə vəziyyətində olmasını bəhanə edərək hər hansı beynəlxalq idman tədbirinin ölkəmizdə keçirilməsinin mümkünsüzlüyünü deyirdilər. Böyük maneə və çətinliklərə baxmayaraq boks üzrə ilk beynəlxalq turnir, ardınca bu idman növü üzrə yeniyetmələr arasında Avropa çempionatına paytaxt Bakının uğurla ev sahibliyi etməsi ölkəmizin getdikcə artan potensialını göstərirdi. Bir-birini əvəz edən beynəlxalq tədbirlər zamanı yarış iştirakçıları, mütəxəssislər və qonaqlar ictimai-siyasi sabitliyin bərqərar olduğu Azərbaycanın bütün sahələrində gedən quruculuq işlərini öz gözləri ilə görür, bununla ölkəmiz haqqında dünya miqyasında yeni fikirlər yaranmağa başlayırdı. Qarşıdan Sidney Yay Olimpiya Oyunları gəlirdi və idmançılarımız sürətli inkişaf yolunda olan respublikamızın artmaqda olan potensialını nümayiş etdirməli idilər. 197 ölkə idmançılarının mübarizə apardığı bu möhtəşəm yarışlarda Azərbaycanın ilk dəfə dövlət himni, özü də iki dəfə səsləndirildi, bayrağı üç dəfə yüksəklərdə dalğalandırıldı. Ulu öndər Heydər Əliyev bu nailiyyəti yüksək qiymətləndirmişdir: “Ötən doqquz ildə Azərbaycanın müstəqillik dövründə bizim nailiyyətlərimiz az olmayıbdır. Ancaq indiyə qədər bütün xalqımızı, bütün vətəndaşlarımızı bu qələbə qədər, bu nailiyyət qədər sevindirən heç bir şey olmamışdır”.
Ötən illər ərzində böyük qələbələr sayəsində Azərbaycan idmanının şöhrəti dünyaya yayılmış, ən qabaqcıl idman ölkələrindən biri kimi hörmət qazanmışdır. Ölkəmiz həm də dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanın Avropa Oyunlarının vətəni kimi tarixə düşməsi xüsusilə qürurverici, əlamətdar hadisədir. Saysız-hesabsız beynəlxalq tədbirlər, Avropa, dünya çempionatları, “Formula-1” Azərbaycan Qran-prisi, Ümumdünya Şahmat Olimpiadası və digər mötəbər tədbirlərə ev sahibliyimiz Azərbaycanın dünya idmanının inkişaf tarixinə nə qədər böyük töhfələr verdiyinin bariz ifadəsidir. IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın dünya idmanına daha bir zəngin töhfəsi olacaq.
– Müsəlman Azərbaycanının mötəbər tədbirlərə ev sahibliyi dünyada birmənalı rəğbətlə qarşılanır. Amma bəzi dairələr ölkəmizdə belə tədbirlər baş tutan ərəfədə və yarışlar zamanı əks-təbliğata başlayırlar. Sizcə bu nə ilə bağlıdır?
– Doğru qeyd edirsiniz. Ölkəmizə qarşı belə əks-təbliğatlar yalnız bəzi dairələr tərəfindən aparılır. Azərbaycana qarşı bir mərkəzdən idarə olunan təbliğat maşınının fəaliyyətini genişləndirməsinə torpaqlarımızın 20 faizini işğal altında saxlayan Ermənistan xüsusi canfəşanlıqla dəstək verir. Amma bu bizim üçün qətiyyən qorxulu deyil. Biz öz işimizi görürük, həm ölkəmizdə idmanı inkişaf etdiririk, həm də dünya idmanının inkişafına dəstək veririk. Biz istəyirik ki, dünyanı gələcəkdə sağlam nəsillər idarə etsin. Bəzi dairələr belə müqəddəs amallar uğrunda mübarizə aparılmasını istəmir, bunu açıq-aydın büruzə verirlər. Müsəlman ölkəsi Azərbaycanın getdikcə beynəlxalq arenada artan nüfuzu, bütün sahələrdə bu qədər böyük nailiyyətləri kimlərinsə xoşuna gəlməyə bilər, bu təbiidir.
Ancaq Azərbaycan dünyaya açıqdır, burada gedən tərəqqini, inkişafı hamı görür. Bu böyük tədbirlər zamanı xalqımız yüksək keyfiyyətləri, ölkəmizə təşrif gətirənlərlə rahat ünsiyyət qurmaq bacarığı ilə qonaqları sanki ovsunlayır. Ölkəmizə qədəm basan hər kəs müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin rahat yaşadığı Azərbaycanın timsalında dünyanın ən təhlükəsiz ölkəsini görür, yarış keçirildiyi günlərdə əhaliyə qaynayıb-qarışıb özünü cəmiyyətimizin bir hissəsi kimi hiss etməsindən məmnunluqla söz açır.
–“İslam Həmrəyliyi ili” və IV İslam Həmrəyliyi Oyunlarının müsəlman aləminə verəcəyi töhfələrlə bağlı fikirlərinizi bilmək maraqlıdır...
Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili ölkədə “İslam Həmrəyliyi ili” elan etməsi çox gözəl təşəbbüsdür və bu, saf dinimizin həqiqi dəyərlərinin dünyaya çatdırılması baxımından çox önəmlidir.
Dünyəvi dövlət kimi tanınan Azərbaycanı həm də müsəlman aləmi birlik və dini həmrəylik prosesləri zamanı qabaqcıl mövqe sərgiləyən nümunəvi ölkə kimi görür. Bu başqa cür də ola bilməz. Çünki Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli soya, kökə qayıdış dinə münasibətdə də özünü göstərmiş, bütün sahələrdə demokratik dəyişikliklər baş vermişdir. Müasir müstəqil dövlətçiliyimizin banisi, görkəmli dövlət xadimi Heydər Əliyev həmişə azərbaycanlı və müsəlman olması ilə qürur duymuş, bunu ən yüksək tribunalardan fəxrlə səsləndirmişdir: “Xalqımız öz tarixi, milli-mənəvi dəyərləri, doğma dili ilə İslam dininə, mədəniyyətinə, mənəviyyatına mənsub olması ilə fəxr edir”. Ümummilli lider qeyd edirdi ki, dini dəyərlər bizi geri çəkməməlidir, irəli aparmalıdır. Çünki İslam dininin mənəvi dəyərləri insanları həmişə inkişafa aparmışdır.
Azərbaycan xalqı İslam dininin gözəlliyini qoruyaraq ona əks ideyalar qatmadığı üçün sağlam özül üzərində qurulan dövlət-din münasibətləri dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edir, cəmiyyəti irəli aparıb inkişafına nail olur.
Startı Bakıda veriləcək IV İslam Həmrəyliyi Oyunlarını müsəlman aləmi böyük səbirsizliklə gözləyir. Oyunların Təşkilat Komitəsinə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva rəhbərlik edir və bu mötəbər yarışa hazırlıq tam başa çatdırılıb. Qeyd edim ki, “Evrovizion” mahnı müsabiqəsi və ilk Avropa Oyunlarının təşkilat komitələrinə də Mehriban xanım Əliyeva rəhbərlik edirdi və bu tədbirlər çox yüksək səviyyədə baş tutmuşdu. Azərbaycan xalqı əmindir ki, IV İslam Həmrəyliyi Oyunları əsl həmrəylik və idman bayramına çevriləcək. Bu mötəbər yarışların da digər böyük idman tədbirləri kimi yüksək səviyyədə keçiriləcəyinə və bununla ölkəmizin İslam aləminə, eləcə də dünyaya böyük töhfələr verəcəyinə əminik.
– Ağacan müəllim, dünya Oyunların startını səbirsizliklə gözləyir. IV İslam Həmrəyliyi Oyunlarına hazırlığın vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?
– Bildiyiniz kimi, IV İslam Həmrəyliyi Oyunları analoji yarışlardan iştirakçı ölkələrin sayına və idman növlərinin geniş tərkibinə görə fərqlənəcək. 2005-ci ildə Ərəbistanın Məkkə şəhərində keçirilmiş ilk yarışlarda 55, 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində 44 ölkə iştirak edirdi. IV İslam Həmrəyliyi Oyunlarında isə 57 ölkə komandası mübarizə aparacaq. Bu yarışlar 20 idman növü (ağırlıqqaldırma, basketbol, gimnastika, güləş, taekvando, atıcılıq, boks, cüdo (paracüdo), futbol, voleybol, zorxana, həndbol, karate, stolüstü tennis, su polosu, suyatullanma, tennis, uşu, üzgüçülük, atletika (paraatletika) üzrə keçiriləcək ki, bu da Oyunlar tarixində rekord göstəricidir. Məkkədə 15, Palembanqda 13 idman növü üzrə startlar keçirilmişdi. Artıq arenalar, komandalar yarışa tam hazırdırlar, startı gözləyirlər.
Qeyd edim ki, Oyunların keçirilməsi üçün heç bir əlavə tikinti aparılmadı. Yarışlar paytaxtın hər bir şəraiti olan və müasir üslubda inşa edilmiş idman arenalarında keçiriləcək. Hazırlıq çərçivəsində IV İslam Həmrəyliyi Oyunları ilə bağlı dünyada, eləcə də ölkəmizdə təbliğat xarakterli bir sıra böyük tədbirlər keçirilib və bunların təşkili davam etdirilir.
– Proqnozlarınız idman ictimaiyyəti üçün maraqlıdır. Komandamızdan hansı nəticələri gözləyirsiniz?
– IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımız ikiqat məsuliyyət daşıyacaqlar. Çünki yarışlara ev sahibliyi edən ölkənin təmsilçisi olmaq özü də şərəfli bir missiyadır. İdmançılarımıza inanırıq. Onlar Azərbaycanın idman şöhrətini hər zaman olduğu kimi yüksəldəcəklər.
Komandanın hazırlığı yüksək səviyyədədir. İdmançılarımızdan böyük nəticələr gözləyirik və ümidlərimizi doğruldacaqlarına əminik.
Müsahibəni apardı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.