23 qat dünya çempionu Eduard Məmmədov: İslam Həmrəyliyi Oyunlarında idmançılarımızdan böyük nəticələr gözləyirəm

İdmançılarımız Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında bayrağımızı müsəlman ölkələri arasında layiqincə təmsil etmək üçün yorulmadan çalışırlar. Eyni zamanda, yarışlarda iştirak etməyən idman növlərinin təmsilçiləri də idmançılarımıza mənəvi dəstək olmaq üçün bu mötəbər tədbirin başlanmasını səbirsizliklə gözləyirlər. Belə idmançılardan biri də Azərbaycanı dəfələrlə beynəlxalq turnirlərdə təmsil etmiş, üçrəngli bayrağımızı qaldırmış, kikboksinq üzrə 23 qat dünya çempionu Eduard Məmmədovdur. Qeyd edək ki, bu cür nəticəni əldə etmək təkcə kikboksinq tarixində deyil, eyni zamanda, digər idman növlərində də heç bir idmançıya nəsib olmayıb.

Qeyd edək ki,  Eduard Tofiq oğlu Məmmədov 1978-ci il yanvarın 2-də Bakı şəhərində anadan olub.  1999-cu ilə Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub, 2004-cü ildə akademiyanı bitirib. Daha sonra ikinci təhsil kimi Polis Akademiyasında oxuyub. 1999-cu ildə “Beynəlxalq idman ustası” adını qazanmışdır. 2007-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Dəfələrlə ilin ən yaxşı idmançısı seçilmiş E. Məmmədov 2013-cü ildə “Əməkdar məşqçi” adına layiq görülmüşdür. Hazırda o, yarışlarda həm də döyüşçü kimi iştirak edən məşqçidir. Məşqçi kimi ilk fəaliyyətinə 2000-ci ildə başlayıb. Onun tələbələri arasında dəfələrlə dünya və Avropa çempionları olmuş idmançılar var. Ailəlidir, iki övladı var.

– Bu gün kikboksinq idman növü ilə məşğul olmaq istəyən gənclər üçün kumirə çevrilmisiniz. Bu idman növünə gəlməyiniz və uğurlarınız barədə məlumat verərdiniz...

– İdmanla uşaq yaşlarından məşğulam. Lakin 1993-cü ildən peşəkar kikboksinqə gəlmişəm. İlk qələbəmi 1995-ci ildə Azərbaycanda keçirilmiş ilk çempionatda qazanmışam. Məşqçim tanınmış idmançı, Azərbaycan Respublikasının Əməkdar məşqçisi Çingiz Eyvazov olmuşdur. Üzərimdə onun böyük zəhməti olub.

2009-cu ilin iyununda İspaniyada World Profi versiyası üzrə keçirilən dünya çempionatını  Low Kick və K-1 bölmələrində 2 qızıl medal, oktyabrda WAKO Low Kick versiyası üzrə Avstriyada keçirilən dünya çempionatının, noyabrda isə WAKO Full Contact versiyası üzrə İtaliyada keçirilən dünya çempionatının baş mükafatını qazanmışam. Təkcə bu nəticəm – bir il ərzində 3 dünya çempionatından medallar gətirmək dünya kikboksinq tarixində presedentsiz hal sayılır. Ən parlaq və yaddaqalan qələbəm 2000-ci ildə Yunanıstanda dünya çempionatında olub. Həmin  vaxt 15 saniyəyə nokautla qələbə qazanmışdım. Yəqin ki, məlumatlısınız, həmin döyüşdə rəqibim də erməni Zurab Farayan idi. O da tanınmış idmançı idi.  Lakin 15 saniyəyə onu nakaut etdim. Hətta erməni məşqçi yaranmış vəziyyətdə əsəblərini cilovlaya bilməmişdi və uduzan idmançıya –  tez dur ayağa, bizi biabır eləmə! – deyə qışqırmışdı. Doğrudur, bu idmandır. İdmanda udmaq da olar, uduzmaq da. İdman gərək sülh məqsədlərinə xidmət eləsin. İdman meydançası varsa, silahlar susmalıdır. Təəssüf ki, ermənilər hələ də bunu başa düşmək istəmirlər.

Bildiyiniz kimi, bugünlərdə yenə daha bir qələbə qazandım. Azərbaycan bayrağı bir daha xaricdə dalğalandı.  5 ay idi ki, məşqçim Çingiz Eyvazovla birgə Portuqaliyanın Xaldes şəhərində keçirilən yarışa hazırlaşırdıq. Əslində, burnumdan ciddi zədə almışdım. Amma məşqlərimi dayandırmadım. 60 kiloqram çəki dərəcəsində 5 rəqibimə qalib gələrək bayrağımızı dalğalandırdım.  Hazırda 15 qat Azərbaycan, 5 qat Avropa, 23 qat dünya çempionuyam.  Bütövlükdə götürsək, 50-dən çox yerli və beynəlxalq mükafat, medal və titullarla təltif olunmuşam.

– Qarşıdan daha möhtəşəm bir idman yarışı – IV İslam Həmrəyliyi Oyunları gəlir. Sizcə əvvəlki yarışlarda olduğu kimi, İslam Həmrəyliyi Oyunlarında da idmançılarımız yüksək nəticələr əldə edə biləcəklərmi?

– Azərbaycan 10 gün müsəlman aləminin idman mərkəzinə çevriləcək. 57 ölkənin idman təmsilçiləri ilə mübarizəyə qoşulmaq bilirsiniz necə çətindir? Amma həm də şərəflidir. Bu ölkələrin idman azarkeşlərinin ürəyi məhz Azərbaycanla döyünəcək. Azərbaycan idmançıları yarışa ciddi hazırlaşırlar. Mənim məşğul olduğum idman sahəsi qeyri-olimpiya növü olsa da, həvəslə məşq proseslərini izləyirəm, idmançılarımıza mənəvi dəstək olmağa çalışıram. Mən əminəm ki, bundan əvvəlki mötəbər idman yarışlarında olduğu kimi, bu dəfə də Azərbaycan atletləri layiqli yerləri tutacaq, bayrağımızı yüksəklərə qaldıracaqlar. Bir sözlə, İslam Həmrəyliyi Oyunlarında idmançılarımızdan böyük nəticələr gözləyirəm.

– Azərbaycan dövlətinin idmana qayğısı barədə nə deyərdiniz?

– Hazırda Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir. Elə təkcə son 10 ildə ölkəmizdə keçirilən müxtəlif idman növləri üzrə beynəlxalq yarışların xronologiyasına diqqət yetirsək, bunun şahidi olarıq. Xüsusilə 2015-ci ildə Bakıda birinci Avropa Oyunlarının keçirilməsi inanılmaz nəticələrlə yadda qaldı. Yarışlarda Rusiya yığmasından sonra ən çox medalı biz qazandıq. Bu yarışlar Avropanın bütün telekanallarında nümayiş etdirildi. İndi isə daha böyük bir tədbirə – bütün müsəlman dünyasının idman olimpiadasına məhz Azərbaycan ev sahibliyi edəcək. Əminəm ki, Bakı-2015 kimi, Bakı-2017 yarışlarının da təşkilatçılığı yüksək səviyyədə baş tutacaq. Ümumiyyətlə, Azərbaycan dövləti üzərinə götürdüyü missiyanın öhdəsindən layiqincə gəlir. Artıq dəfələrlə bu sübut olunub ki, ölkəmizdə hansısa böyük yarışlar keçirilir və bütün əcnəbi iştirakçılar Azərbaycandan razı gedirlər. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan idmanına diqqət və qayğısının nəticəsidir. Azərbaycanda təkcə Olimpiya idman növlərinə deyil, eyni zamanda qeyri-olimpiya  növlərinə də ciddi dövlət qayğısı mövcuddur. 25 dekabr 2009-cu ildə Prezident tərəfindən qeyri-olimpiya idman növünün inkişafında xüsusi xidmətlərə görə Fəxri fərmanla təltif edilməyimi də qeyd etmək istərdim. Bundan əlavə, Milli Məclisin deputatı, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevin rəhbərliyi ilə bizim idmançılar yüksək nəticələr qazanıblar.

– Son olaraq, idmanla məşğul olmaq istəyən gənclərə nə kimi tövsiyələr vermək istərdiniz?

– Əvvəla, hər bir gənc idmançımızda əsasən mübarizə ruhu və vətənpərvərlik olmalıdır. İdmançı başa düşməlidir ki, o, təkcə özü üçün deyil, Vətəni, ölkəsi, xalqı, bayrağı üçün idmançıdır. Bu keyfiyyət idmana  peşəkar səviyyədə qoşulanlara xüsusilə aiddir. Vətənpərvərlikdən savayı, əzmkarlıq, mətinlik hər bir idmançımızda  vacib şərtdir. İdmançı prinsipial olmalı və onun gələcək qələbələrini əngəlləyəcək istənilən xoşagəlməz vərdişdən uzaq olmağa çalışmalıdır. Və valideyinlər çalışmalıdırlar ki, uşaqlarının erkən yaşlarından idmanla məşğul olmalarına şərait yaratsınlar. Bu, mühüm şərtdir.

Müsahibəni qələmə aldı:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında