1991-ci ilin sentyabrından Düsseldorf şəhərində fəaliyyətə başlayan Alman-Azərbaycan Dostluq Cəmiyyətinin yaradılmasında bu şəhərdə yaşayan azərbaycanlı həkim Ağabəy Azərbaycani və onun həyat yoldaşı Kristin Azərbaycaninin böyük rolu olmuşdur. Həm Almaniyada, həm də Azərbaycan Respublikasında bir neçə istiqamətdə iş aparan cəmiyyət, Avropanın bu aparıcı dövlətində Azərbaycan mədəniyyətini, tarixini və həqiqətlərini təbliğ etməklə məşğuldur. Professor Ağabəy Azərbaycaninin təşəbbüsü və yaxından iştirakı ilə düsseldorflu həkimlər dəfələrlə Azərbaycana gəlmiş, humanitar yardım kimi ölkəmizə müasir tibb avadanlığı və dərman preparatları gətirmişlər. Tanınmış cərrahlar respublikamıza dəvət olunaraq Qarabağ əlillərini müalicə etmişlər.
Diasporla İş üzrə Dövlət Komitəsinin internet səhifəsində həmvətənimiz professor Ağabəy Azərbaycani haqqında bilgi bununla bitsə də, əslində onun fəaliyyəti çox genişdir. Bunu inamla qeyd etməyimin bir səbəbi odur ki, bu vətənsevər insanla Bakıya ilk gəlişi zamanı -1992-ci ildə tanış olmuşam. Novruz bayramından bir qədər əvvəl yenidən görüşdük və tarixə qovuşan 25 ildə doktor Azərbaycaninin dünyasında Vətəni Azərbaycanda gedən dəyişikliklərin, iqtisadi inkişafın hansı izlər buraxdığını öyrənmək qərarına gəldim.
--Hörmətli professor, Azərbaycana bu dəfəki gəlişinizin səbəbi nədir?
-- Vətənə dönüşün səbəbi həsrət və nisgil olar. Şükürlər olsun ki, indi öz Vətənimizə nə vaxt istəsək, rahat gəlib-gedə bilirik. Bundan başqa mənim Azərbaycanda qaçqınlardan, maddi imkanları məhdud olan təbəqələrdən xəstələrim var. Hər gəlişimdə onları qəbul edir, müayinələr aparıram, müalicələrinin gedişi ilə maraqlanıram və imkan daxilində onlara dərman gətirirəm.
Ümumiyyətlə, mən Qarabağ məsələsi ortaya çıxandan Azərbaycanla sıx bağlı olmuşam. İxtisasca həkim olduğumdan buradakı səhiyyə sistemi ilə çox yaxından maraqlanmağa başladım və mənə aydın oldu ki, Qərb ölkələrinin tibbi ilə müqayisədə Azərbaycan tibbi geri qalır. Həm texnologiya, avadanlıq, həm də kadr hazırlığı Rusiyaya bağlı olduğundan Azərbaycan səhiyyəsi çox geri idi. Özlüyümdə bu qərara gəldim ki, 60 illik Qərb təcrübəsi olan bir tibb mütəxəssisi kimi Vətənimə ən yaxşı xidmətim bilik və bacarığımı, imkanlarımı buradakı səhiyyənin inkişafına sərf etmək, ehtiyacı olanlara xidmət göstərmək olardı.
Eyni zamanda, bu ölkə Ermənistanın işğalçı müharibəsi nəticəsində çox ciddi problemlərlə üzləşmişdi. Bir tərəfdən qaçqın və məcburi köçkünlər, digər tərəfdən cəbhədə ağır döyüşlərdə yaralanan əsgərlərimiz dərman preparatlarına, tibbi yardıma, müalicəyə böyük ehtiyac duyurdular. Bir müddət hərbi həkim kimi çalışdığımdan, bunun nə qədər ciddi məsələ olduğunu başa düşürdüm. Öz imkanlarımı səfərbər edib, Almaniyada, Amerika Birləşmiş Ştatlarında yaşayan həmkarlarımın dəstəyi ilə buradakı ehtiyacları az da olsa, təmin etməyə çalışdım.
Bir müddət sonra, yəni, 1993-cü ildə hamımızın sevimlisi ulu öndər Heydər Əliyev hakimiyyətə gəldi və Azərbaycanda vəziyyət sürətlə dəyişməyə başladı. Biz buradakı prosesləri çox böyük maraqla izləyir və bu böyük dövlət adamının həyata keçirdiyi siyasəti alqışlayırdıq. Azərbaycan az bir zamanda öz taleyinin sahibinə çevrildi və düşdüyü ağır vəziyyətdən qurtuldu.
Qısa bir müddətdə Prezident Heydər Əliyevin düzgün xarici siyasəti nəticəsində dünyanın bir çox qabaqcıl ölkələrinin tanınmış neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı və Azərbaycanın iqtisadiyyatı neft gəlirlərindən, ölkəyə yönələn xarici investisiyalardan bəhrələnərək sürətlə inkişaf etməyə başladı.
2003-cü ildən başlayaraq, böyük dövlət xadimi Heydər Əliyevin siyasi kursu çox böyük ustalıqla möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirildi. Ölkədə quruculuq prosesi daha da sürətləndi, iqtisadiyyat tərəqqi etməyə başladı. Dövlətin imkanları artandan sonra Prezident bəyan etdi ki, indi bizim maddi yardıma elə bir ehtiyacımız yoxdur. Azərbaycana yeni texnologiyalar gətirmək və yüksək ixtisaslı kadrlar hazırlamaq, ilk növbədə isə tibb mütəxəssisləri lazımdır. Hər gəlişimdə, adlı-sanlı tibb mütəxəssislərini, professorları Azərbaycana dəvət edirəm ki, bilik və bacarıqlarını burada çalışan azərbaycanlı mütəxəssislərə öyrətsinlər.
Xalqımızın qədim zamanlardan öz təbabəti, yazı mədəniyyəti olub. Bizim yazı mədəniyyətimizin iki min ildən çox yaşı var. Təbabətimizin yaşı ondan da qədimdir. O zaman babalarımız, nənələrimiz buna türkəçarə deyirdilər, amma indi bütün dünyada bu, alternativ təbabət adlanır və çox böyük diqqətlə öyrənilir, tətbiq olunur. Azərbaycanda olduğum vaxtlarda müşahidə etdim ki, alternativ təbabət burada o qədər də geniş yayılmamışdır. İnsanların bu sahədə bilgisi azdır və maarifləndirilmirlər. İndi özümə bir borc bilirəm ki, bir sıra məqalələrlə həmvətənlərimizi məlumatlandırım, bu sahədə onlara ən yeni bilgiləri verim. İmkan olsa, tibb sahəsində təhsil alan gənclərə mühazirələr oxuyum.
Yeri gəlmişkən, bu sahədə Prezident İlham Əliyevin xidmətlərini qeyd etmək istərdim. Bu xidmət ondan ibarətdir ki, Prezident Azərbaycanı bütün dünyada həm də bir idman ölkəsi kimi tanıdıb. İndi Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada idman bazaları, olimpiya kompleksləri olmasın. Bu, vətəndaşların sağlamlığına yönələn çox önəmli bir siyasətdir. Bunu xaricdə çox yüksək qiymətləndirirlər.
– Professor, siz xarici ölkədə ilk diaspor təşkilatlarından birinin – Alman-Azərbaycan Dostluq Cəmiyyətinin qurucularındansınız. O zaman bu ideyanız nədən və haradan qaynaqlandı?
– Azərbaycanın diaspor quruculuğu işinə az da olsa, töhfə verdiyimdən çox qürur duyuram. Əvvəldə qeyd etdiyim kimi, o zaman mən, həyat yoldaşım Kristin və daha bir qohumum Almaniyada çox cidd-cəhdlə diaspor təşkilatının yaradılmasına başladıq. 1989-cu ildən Alman -Azərbaycan Dostluq Cəmiyyətini yaratmağa başladıq və 1990-cı ildə buna nail olduq.
Təbii ki, ilk zamanlar bu, Azərbaycanı xaricdə tanıtmaq məramımızdan irəli gəlirdi. Bunun üçün, ilk növbədə, Azərbaycanın mədəniyyətini, incəsənətini tanıtmaq lazım idi. Ona görə də Azərbaycandan incəsənət kollektivlərini Almaniyaya dəvət etməyə başladıq. Mərhum Lütfiyar İmanov, Gülağa Məmmədov, Fidan və Xuraman Qasımova bacıları, Brilyant Dadaşova və digər incəsənət ustalarımızın bu ölkədə konsertlərini təşkil edirdik. Mədəniyyətimizlə yaxından tanışlıqdan sonra Almaniyada Azərbaycana münasibət tamam dəyişməyə başladı.
Sonra öz təşəbbüsümlə belə bir cəmiyyətin ABŞ-da yaradılmasına başladım. Çünki 1992-ci ildə ABŞ Konqresi bu ölkədəki erməni lobbisinin səyləri ilə Azərbaycana qarşı çox ədalətsiz bir mövqe nümayiş etdirdi və ölkəmizə rəsmi yardım göstərilməsinə qadağa qoyuldu. Amerikadakı diasporumuz bunun qarşısını almaq məqsədilə çox cəhdlər göstərdi. Sonda qərara gəldik ki, humanitar yardım təşkilatı yaradıb onun vasitəsilə Azərbaycana yardım göstərək. Ona görə də “Medical İnternational Relief” adlı təşkilat yaratdıq və bu gün də həmin təşkilat həm Almaniyanın Düsseldorf şəhərində, həm də ABŞ-da – San Fransiskoda fəaliyyət göstərir.
Almaniyada da işləri bir an dayandırmırdıq. Vəziyyət elə gətirdi ki, mənim xəstəm olmuş Almaniyanın nazirlərindən biri sorğuma əsasən, Azərbaycana 50 milyon marka məbləğində yardım ayrılmasına dəstək verdi. O zaman Azərbaycanın dövlət katibi postunda çalışan Tofiq İsmayılov Almaniya hökumətinə yardımla bağlı müraciət ünvanlamışdı. Mən həmin müraciəti Almaniyanın o zamankı Prezidenti Rixard Karl fon Vaytzekkerə çatdırdım. Məktubda qeyd etdik ki, bir əsr bundan əvvəl Azərbaycanda 100 mindən çox alman yaşayıb. Onlar burada öz icmalarını qurub, təsərrüfatlarını yaradıb, əmin-amanlıq şəraitində yaşayıblar. Bolşeviklərə qədər iki ölkə arasında da yaxşı münasibətlər olub. Bunları nəzərə alıb, Almaniya ilə Azərbaycan arasında münasibətləri bərpa etmək lazımdır.
Bir müddət sonra, artıq Elçibəyin zamanında gənc müstəqil Azərbaycanda 3 nəfərdən ibarət Almaniya səfirliyi açıldı. Hətta ilk dövrlərdə yardım üçün mən öz “sekretar”ımı da onlara verdim. Bir gün də xəbər gəldi ki, səfirliyə 3-4 nəfər silahlı gəlib bildirib ki, biz “boz qurdlarıq, bizim ölkədə sizin nə işiniz var? Çıxın gedin.” Mən dərhal Elçibəyə və İsgəndər Həmidova telefon açdım və soruşdum: “Bəylər, bu nə işdi? Neyləmək fikrindəsiniz? Almaniya sizin üçün banan ölkəsi deyil, unutmayın!”
– Heydər Əliyev hakimiyyətə gələndən sonra xaricdə yaşayan azərbaycanlıların baxışlarında nə dəyişdi, diaspor necə fəaliyyət göstərdi?
– Prezident Heydər Əliyev çox dərin zəka sahibi, fenomen siyasət adamı idi. Bütün dünya onu yaxşı tanıyırdı, İslam aləmində, türk dünyasında çox böyük nüfuz sahibi idi. Onunla hesablaşır, sözünü eşidir və qəbul edirdilər. Biz dəfələrlə bunun şahidi olmuşuq. Mən özüm üç dəfə onunla xarici səfərlərdə olmuşam. 2000-ci ildə biz Vaşinqtonda olduq və onun çox tutarlı dəlillərlə Ermənistanı, hətta bu təcavüzkarı ABŞ-da dəstəkləyən siyasət adamlarını necə ifşa etməsini heyranlıqla izlədik. Onun ABŞ-da, Almaniyada yaşayan azərbaycanlılarla çox maraqlı görüşlərinin iştirakçısı kimi həmişə qürur hissi keçirmişəm.
Yadımdadır, Bakıda protez mərkəzinin yaradılması ilə bağlı mənim fikrimi, təkliflərimi öyrəndi. Sonra bu mərkəzin açılışında məni çağırıb bir saata yaxın yanında saxladı. Həyat yoldaşım Kristinə və mənə çox böyük iltifat, ehtiram göstərdi, işlərimizlə maraqlandı. Bu mənim həyatım boyu unutmayacağım anlardır.
İstər Heydər Əliyev, istər Prezidentimiz İlham Əliyev xaricdəki azərbaycanlıların həmrəy olmasında, Vətənimiz Azərbaycanın maraqlarını müdafiə etmələrində, ona sahib çıxmaqda çox maraqlıdırlar. İstəkləri hər bir soydaşımızın Azərbaycanı ləyaqətlə təmsil etməsidir.
Dünyada 50 milyondan çox azəri yaşayır. Rusiyada, Amerikada, Avropa ölkələrində yaşayanların sayı artıq milyonları keçir. Bu böyük qüvvədir. Onların birliyinə, həmrəyliyinə nail olmaq çox da sadə iş deyil. Amma Heydər Əliyev bunu bacardı və xaricdə yaşayan azərilərin öz cəmiyyətlərini, birliklərini yaratmasında, diaspor kimi formalaşmasında müstəsna xidmətlər göstərdi. Dediyim kimi, onun getdiyi elə bir ölkə yox idi ki, orada azərilərlə görüşməsin, tövsiyələrini, məsləhətlərini verməsin, onları dinləməsin.
Son dərəcə məmnunuq ki, ümummilli mənafeyə xidmət edən bu işi Prezidentimiz İlham Əliyev bu gün ləyaqətlə, ardıcıllıqla davam etdirir.
– Hörmətli professor, Azərbaycana tez-tez gəlirsiniz və müqayisə üçün imkanlarınız var. Ötən əsrin sonunda olan Azərbaycanla, indiki Azərbaycan arasında hansı fərqləri müşahidə etmisiniz?
– Nə danışırsınız, əsla müqayisə belə oluna bilməz. Üzr istəyirəm, belə müqayisə Əfqanıstanın hansısa bir əyaləti ilə Küveytin müqayisəsinə bənzəyərdi. Sovet İttifaqı dağılandan sonra bizə heç də yaxşı bir miras qoyub getməmişdilər. Əski zamanlardan bizim məmləkətimizin təbii sərvətlərini, xüsusilə də neftini daşıyıb aparıblar, amma bu ölkəyə heç bir sərmayə qoymayıblar. Doğrudur, Heydər Əliyevin hakimiyyətinin ilk dövründə, onun cəsarəti, ağıllı siyasəti və qətiyyəti sayəsində ölkə inkişaf tapmışdı. Ancaq o Moskvada olanda buranı yenə xarabazara çevirdilər. Sumqayıt bir zəhər çəlləyinə dönmüşdü. Bakının ən gözəl yerlərini neft tullantıları ilə elə vəziyyətə salmışdılar ki, adam buranın nə vaxtsa sivil bir şəhər olacağına inana bilmirdi.
İndi Bakı dünyanın ən gözəl şəhərləri ilə belə müqayisədə öndə gedir. Həm də təkcə Bakı yox, regionlar da çox tərəqqi edib, şəhərlərimiz gözəlləşib, insanların rahatlığı üçün hər cür şərait qurulub.
Elmimizin inkişafına gəldikdə isə deməliyəm ki, bu sahədə arzuolunan səviyyəyə çatmaq üçün çox iş görülməlidir. Mən konkret çalışdığım tibb elmini götürürəm. Doğrudur, Prezident cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ciddi səyləri sayəsində çox unikal səhiyyə ocaqları, diaqnostika mərkəzləri inşa olunub, yüksək texnoloji tibb avadanlıqları alınıb. Ancaq, dövlət başçısının gördüyü bu qədər işlərin qabağında mütəxəssis hazırlığı, hələ ki, arzu olunan səviyyədə deyil. Xarici ölkələrdə bizim yetərincə yüksək ixtisaslı, peşəkar tbb mütəxəssislərimiz var. Məsələn, Almaniyada 2700-dən çox iranlı tibb mütəxəssisi var. Onların çoxu azərbaycanlıdır və əksəriyyəti yüksək dərəcəli mütəxəssisdir. Mən Amerikada işləyəndə orada qeydə almışdılar ki, bu ölkədə 6 mindən çox iranlı doktor çalışır. Amma onun da 3 mini azəri idi. Mənim yaxın bir qohumum var, Əsgər Xaqanı. Ürək və ağ ciyər transplantasiyası üzrə dünyada tayı-bərabəri olmayan mütəxəssislərdəndir. Təbrizdə doğulan və azəri balası olan Əsgər əvvəllər İngiltərədə çalışırdı və elə burada mindən çox insanda bu əməliyyatları uğurla aparmışdı. Çox istedadlı həkimdir.
Yəni, bu insanların biliyindən, bacarığından istifadə etmək lazımdır. Yaxşı mütəxəssis bir ildə, beş ildə yetişmir. Bunun üçün orta məktəbdə əla qiymətlə oxuyan uşaqlar yüksək tibb təhsili almalıdırlar. Sonra 7-8 il ixtisas üzrə çalışmalı, onu dərindən öyrənməli, daha sonra 5-10 il həmin sahədə görkəmli mütəxəssislərlə bir yerdə çalışmalıdırlar. Avropa ilə müqayisədə elmi yoxsulluq hələ Azərbaycanda tam aradan qalxmayıb.
Yaxşı yadımdadır, mənim dayım, Azərbaycanda da kifayət qədər yaxşı tanınan Cavad Heyət möhtərəm Heydər Əliyevlə görüşlərinin birində ona təklif edib dedi: “Cənab Prezident, icazə verin 5 tələbə siz tərəfdən, 5 tələbə bizdən təhsil mübadiləsi edək. Sizin tələbələr gəlsin bizim tibb fakültələrində oxusunlar. Çünki bizdə həqiqətən yüksək tibb təhsili verən universitetlər var”. O zaman cənab Heydər Əliyev dedi ki, 5 nədir, 50 tələbə qarşılıqlı mübadilə ilə gəlsin sizdə təhsil alsın, 50-si bizdə. Sonra Fatma xanım Abdullayevanı cağırıb ona göstəriş verdi ki, bu işləri qaydaya qoysun. Yəni, o zaman Azərbaycanın büdcəsində vəsait qıtlığı olmasına baxmayaraq, Heydər Əliyev bu işin necə vacib olduğunu bilirdi.
Mən özüm 155 tələbənin Almaniyada təcrübə keçməsində və yetişməsində yardımçı olmuşam. Burada təhsil alan tələbələri tətil vaxtlarında Almaniyaya dəvət edirdim. 1 ay, 2 ay, bəzən bir az da artıq onların bizim klinikalarımızda hazırlıq keçməsini təşkil edir, özüm onların işinə diqqət göstərirdim. Amma etiraf edim ki, mənim imkanlarım da elə böyük deyildi deyə, bunu çox geniş şəkildə həyata keçirə bilmirdim.
İndi vəziyyət tamam başqadır. Azərbaycanın imkanları, resursları imkan verir ki, xarici ölkələrdə yüksək mütəxəssis hazırlığına vəsait ayırsın və ayırır da. Prezidentimiz İlham Əliyev də bunun ölkə üçün necə böyük əhəmiyyət daşıdığını yaxşı bilir. Biz kənardan bunu izləyir və qürur hissi keçiririk ki, dövlətin başçısı elmi inkişafa, yüksək ixtisaslı kadr hazırlığına xüsusi diqqət ayırır və çox haqlı olaraq deyir ki, indi dünyada ən qiymətli sərvət insan kapitalıdır. Gəlin onu da unutmayaq ki, İlham Əliyev də, Mehriban xanım da ziyalı, mədəni, kübar ailədə böyümüş, zamanın tələblərini bilən insanlardır və elmin, savadın ölkənin inkişafında necə böyük rol oynadığını hamıdan yaxşı bilirlər.
Baxın, ölkədə qısa zamanda idman necə inkişaf edib. Bu sadə məsələ deyil, millətin sağlam gələcəyi deməkdir. Nahaq demirlər ki, sağlam bədəndə sağlam ruh olar. Əgər insan sağlam olarsa, elmi, savadı, ağlı, mədəniyyəti də yüksək səviyyədə olar. Dövlət başçısı səviyyəsində buna xüsusi diqqət ayrılırsa, demək, xalq öz gələcəyi üçün narahat olmaya bilər.
– Doktor, xalqımıza nə arzulayardınız?
– İlk növbədə, sağlam həyat və uzun ömür. Bu gün Avropanın məmləkətlərində insanlar ən az 70 il yaşayırlar. Orta yaş həddi 90-70 il arasındadır. Məsələn, insanlar Monakoda 90, Rumıniyada 70 il ömür sürürlər. Azərbaycanda isə son 25-30 ildə orta yaş az qala, 60 ilə düşüb. Bu, qorxulu tendensiyadır. Axı tarixən Azərbaycan uzunömürlülər diyarı sayılırdı. Maraqlıdır, niyə bu vəziyyət yaranıb?! Çünki insanlar sağlam həyat tərzi keçirmirlər. Siqaret çəkirlər, oturaq həyat tərzi keçirirlər, spirtli içkilərdən, şəkərdən, şirniyyatdan çox istifadə edirlər, yağlı, duzlu yeməklərlə qidalanırlar, çox yeyib, az hərəkət edirlər və s.
Allah-Təala sağlam qidalanmaq üçün Azərbaycana hər cür nemət verib. Amma biz sağlam qidadan uzaqlaşmışıq. Prezidentimiz ölkədə sağlam həyat tərzi keçirmək üçün şərait qurub, amma insanlar bundan faydalanmırlar. Bütün bunlar, əlbəttə, bir həkim kimi, bir azərbaycanlı kimi məni narahat edir. Mən istəyirəm ki, mənim xalqım, millətim sağlam yaşasın, güclü olsun, mənən saf olsun…
Söhbəti hazırladı;
İlqar RÜSTƏMOV,“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.