Son illər Azərbaycanda çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində ölkəmizin iqtisadi inkişafı üçün güclü baza formalaşdırılıb, yeni qaz və su kəmərləri çəkilib, yollar salınıb. Bu tədbirlər, eyni zamanda, yeni iş yerlərinin açılması insanların firavan yaşayışı üçün həyata keçirilən sosialyönümlü strategiyanın mühüm tərkib hissəsinə çevrilib.
Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol-nəqliyyat infrastrukturunun yenilənməsinə xüsusi önəm verilməsi heç də təsadüfi deyil. Hər şeydən əvvəl vurğulayaq ki, bu istiqamətdə görülən işlər dövlətin məqsədyönlü şəkildə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olmaqla yanaşı, həm də ölkənin sürətli iqtisadi inkişafı ilə bağlıdır. Yüksək səviyyədə qurulan yol-nəqliyyat infrastrukturu insanlara böyük rahatlıq gətirdiyi kimi, həm də respublikanın iqtisadi potensialının artmasına stimul verən vacib amillərdən biridir. Rahat yollar olmadan Azərbaycanın dinamik iqtisadi inkişafını təsəvvür etmək belə mümkün deyil.
Respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsini zəruri edən digər bir mühüm amil isə Azərbaycanın tranzit daşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsi ilə bağlıdır. Qədim İpək Yolunun üstündə yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Eyni zamanda, respublikamızda yaradılan müasir yol-nəqliyyat infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların da tranzit imkanları artır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycanın yol-nəqliyyat infrastrukturunun ən müasir səviyyəyə qaldırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib: “Bu ilin əvvəlindən nəqliyyat sektorunda da yaxşı nəticələr var. Xüsusilə qeyd etməliyəm ki, Astaraçay çayı üzərində tikdiyimiz körpü vasitəsilə bu ilin mart ayında Azərbaycandan İrana artıq birinci qatar keçibdir. Biz Şimal-Cənub dəhlizi ilə bağlı ərazimizdə olan bütün işləri yekunlaşdırdıq. Əminəm ki, bu il Şimal-Cənub layihəsinin icrasında birgə səylərlə müsbət irəliləyiş olacaq. O ki qaldı, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə, Türkiyə tərəfi artıq bir neçə dəfə rəsmi qaydada bəyan edib ki, bu il bu layihə də istifadəyə veriləcək”.
Dövlətimizin başçısı nitqində, eyni zamanda, yol-nəqliyyat infrastrukturunun inkişafından bəhs edərkən deyib: “Kənd yolları layihələri icra edilir. Bu il yüzlərlə kəndi birləşdirən layihələr icra ediləcək. Bakı şəhərində yeni yollar salınır, “Sovetski” adlanan ərazidə böyük yol infrastrukturu yaradılır, yaxın gələcəkdə istifadəyə veriləcək və ümumiyyətlə, şəhərimizin bu hissəsi gözəl bir məkana çevriləcəkdir. İndi işlər gedir, ilk növbədə, yollar çəkilir. Bu yollar əvvəlki yollardan öz gözəlliyi ilə fərqlənəcək. Əgər əvvəlki yolların eni 3-5 metr idisə, indi salınan yolların eni 15-20 metrdir. Yəni, bu, gələcəyə hesablanan və Bakıda nəqliyyatın hərəkətini böyük dərəcədə yüngülləşdirən bir layihədir. Bu yolun qurulması ilə paralel olaraq, bütün o zonada yaşıllıqlar, parklar salınacaq və şəhər sakinləri üçün yeni gözəl istirahət məkanı yaradılacaq”.
Azərbaycan Şərq ilə Qərb, Şimal ilə Cənuba gedən yolların qovuşuğunda yerləşir. O, İran vasitəsilə Fars körfəzinə, Rusiya vasitəsilə Şimala, Xəzər dənizi vasitəsilə Asiyaya və Mərkəzi Asiyaya, Gürcüstan vasitəsilə Türkiyə və oradan da Qərbə çıxır. Ötən dövr ərzində Azərbaycan transmilli enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi, ölkənin beynəlxalq tranzit mərkəzinə çevrilməsi sahəsində çox mühüm nailiyyətlər əldə edib. Ölkədə hava, dəniz, dəmir yolu nəqliyyatı infrastrukturu ən müasir standartlara uyğun yenidən qurulub.
Hazırda Azərbaycan ildə 30 milyon ton yükü Çindən Avropaya və Avropadan Çinə, İrandan və Şərqdən Şimala və Rusiyaya, Rusiyadan da Yaxın Şərqə daşımaq imkanına malikdir. Burada ciddi rəqabət var və Azərbaycan da beynəlxalq tranzit sistemində yer tutmaq üçün lazımi tədbirlər görür. Bu məqsədlə Azərbaycandan keçən Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində işlər gedir. Ölkəmizdə artıq beynəlxalq səviyyəli yeni hava limanları, dəniz limanı tikilib. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin başa çatması da ölkəmizin tranzit imkanlarını kifayət qədər genişləndirəcək, Asiya ilə Avropa arasında yük daşımalarını və kommunikasiyaları asanlaşdıracaq.
Beləliklə, Azərbaycan iqtisadiyyatın qeyri-neft sektorunu, daxili istehsalı gücləndirməklə, həmçinin enerji və nəqliyyat layihələrini gerçəkləşdirməklə öz gələcək inkişafını təmin etməyə çalışır.
Azər VERDİYEV,
Azərbaycan Slavyan
Gəncləri Assosiasiyası analitik
təhlil mərkəzinin rəhbəri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.