Prezidentin Nazirlər Kabinetinin iclasındakı çıxışı qarşıdakı dövr üçün əsl fəaliyyət proqramıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası dövlət başçısının bütün digər tədbirləri kimi, ölkə ictimaiyyəti tərəfindən maraqla izlənildi. Cənab İlham Əliyevin çıxışında Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni, mənəvi həyatının, demək olar ki, bütün sahələri ilə bağlı ən vacib məsələlərə toxunuldu, görülmüş işlərə layiqli qiymət verildi, qarşıda duran vəzifələr müəyyənləşdirildi.

Şübhəsiz ki, Prezidentin ölkənin rəhbər şəxslərinin, nazirlərin, komitə sədrlərinin, icra hakimiyyəti başçılarının və c. iştirakı ilə mütəmadi olaraq bu cür toplantılar keçirməsi əhali tərəfindən böyük rəğbətlə qarşılanan hadisələrdəndir. Belə tədbirlər zamanı bir tərəfdən vətəndaşlar ölkədə baş verən hadisələrdən, aparılan islahatlardan, bu və ya digər sahədə görülən işlərdən, qazanılan uğurlardan, eləcə də buraxılmış nöqsanlardan xəbər tutur, digər tərəfdən isə, sosial-iqtisadi həyatın müvafiq sahəsinə cavabdeh olan məmurlar öhdələrinə düşən konkret vəzifələrin nədən ibarət olduğunu öyrənir və gələcəkdə işlərini necə, hansı istiqamətdə quracaqlarını müəyyənləşdirirlər. Prezidentin çıxışları isə onlar üçün əsl fəaliyyət proqramı olur. Əlbəttə, dünənki iclas da bu baxımdan əhəmiyyətli idi. 

Dövlət başçımız qeyd etdi ki, Azərbaycan 2015-2016-cı illərdəki iqtisadi böhranı uğurla dəf edə və yeni inkişaf  yoluna çıxa bilib. Ölkədə köklü islahatlar həyata keçirilib və bu, 2017-ci ilin birinci rübündə öz müsbət nəticələrini göstərib. Əsas diqqət qeyri-neft sektorunun inkişafına yönəldilib, sosial proqramlar ardıcıl şəkildə icra edilib, vətəndaşların problemlərinin həllinə xüsusi qayğı ilə yanaşılıb. Prezident İlham Əliyev bildirdi ki, “bu ilin ilk 3 ayı yaxşı nəticələrlə yekunlaşıb”. Onun sözlərinə görə, makroiqtisadi sabitlik möhkəmləndirilib. Dövlət büdcəsinin icrası uğurla gedir: “Builki investisiya proqramlarının tam şəkildə icra olunması vacibdir. Ölkə üçün ən lazımlı layihələrə vəsait ayrılıb. Maliyyə vəziyyətimiz yaxşıdır. Valyuta ehtiyatlarımız xarici borcumuzdan 5 dəfə çoxdur”.

Bundan başqa, dövlət başçısı bir daha xatırlatdı ki, ölkədə “süni qiymət artımına yol verilməməlidir”. Bu fikir istər-istəməz sıravi vətəndaşların ürəyindən xəbər verdi. Əslində, Prezident həmişə belə xəbərdarlıq edir. Təəssüf ki, bəzi məmurların nəzarətsizliyi üzündən bir sıra malların qiymətində artım baş verir.

Prezident İlham Əliyev yeni iş yerlərinin yaradılması məsələsinin bu gün də dövlətin başlıca qayğılarından biri olduğunu qeyd etdi. Zənnimcə, bu, vətəndaşlarımızı ən çox qane edən fikirdir. Vətəndaş əmin olanda ki, dövlət, xüsusilə şəxsən Prezident onun iş məsələsini daim diqqət mərkəzində saxlayır və bunun üçün mütəmadi olaraq lazımi tədbirlər görür, o zaman onun sabaha ümidi və inamı da artır. Bu baxımdan, Prezidentin tikinti sektorunun canlandırılması barədə dedikləri böyük əhəmiyyət kəsb edir: “Bakıda 300-dən artıq  yeni çoxmərtəbəli bina tikilir, minlərlə yeni iş yeri yaradılır. Paytaxtımızın müxtəlif yerlərində istismar müddəti keçmiş, yararsız vəziyyətdə olan binalar sökülür. Həmin binalarda yaşayan şəxslərə ya kompensasiyalar ödənilir, yaxud kirayə pulu verilir. Birinci belə pilot layihə Sabunçu rayonunda icra edildi. Bu proses artıq geniş vüsət alıb. Mikrorayonlarla bağlı da layihə icra ediləcək. Binaların birinci mərtəbələrində uşaq bağçaları inşa edilməlidir. Bu yolla da uşaq bağçası problemi həll ediləcək”.

Elə bu sözlərdən də görünür ki, ölkə başçısının əsas qayğısı təkcə əhalinin məşğulluğu deyil, həm də insanlarımızın rahat və xoşbəxt həyatının təmin edilməsidir. O, hətta uşaq bağçalarının yaradılması məsələsinə də bu qədər böyük həssaslıq göstərir.

Prezident İlham Əliyev Bakıda və bölgələrdə məşğulluğun təmin edilməsi ilə bağlı da konkret tapşırıqlarını verdi, bildirdi ki, Nazirlər Kabineti özünüməşğulluq proqramına xüsusi diqqət yetirməlidir: “Yenə də deyirəm, burada bütün müvafiq qurumlar, strukturlar vahid siyasət aparmalıdırlar. Əlbəttə ki, bu işlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə aparılır, ancaq hesab edirəm ki, digər nazirliklər - İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra orqanları və sahibkarlar buna qoşulmalıdır. Mənə mütəmadi qaydada məruzə edilməlidir ki, bu istiqamətdə hansı işlər görülübdür”.

Bu qədər konkret tapşırıqdan sonra, şübhəsiz ki, cavabdeh şəxslər əməli işlər görməlidirlər və bu, son nəticədə əhalinin rifah halının yaxşılaşmasına gətirib çıxaracaq. Elə insanlarımızın istədiyi də bu deyilmi?!

Qasım MƏMMƏDOV,
ADNSU-nun prorektoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında