Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqini diqqətlə dinlədim. Dövlətimizin başçısı görülən işlər barəsində ətraflı məlumat verdi, qarşıda duran vəzifələrin icrası ilə əlaqədar tapşırıq və tövsiyələrini bildirdi. İclasada bütün strateji əhəmiyyət kəsb edən sahələrlə yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən işlər barəsində də məlumat verildi.
Qeyd edildi ki, aprel döyüşlərində Azərbaycan Ordusu işğalçı Ermənistan silahlı qüvvələrini darmadağın etdikdən və mühüm əhəmiyyətli strateji yüksəklikləri ələ keçirdikdən sonra Cocuq Mərcanlıda insanların təhlükəsiz yaşaması üçün imkan yarandı. Dövlətimizin başçısının sərəncamı ilə hazırda bu kənddə abadlıq – quruculuq işləri aparılır. Prezidentimiz də bunu yüksək qiymətləndirərək dedi ki, Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir.
Kənddə ilkin mərhələdə 50 ev tikilir, yeni yol çəkilir, məscid inşa olunur: “Sonrakı mərhələdə daha 150 evin tikilməsi nəzərdə tutulub. Bu, bir daha Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını, öz ərazilərini azad etdikdən sonra bütün şəhər və qəsəbələri yenidən quracağını nümayiş etdirir. Bu, həm də göstərir ki, 20 ildən çoxdur ki, öz doğma yurdlarından didərgin düşmüş insanlar öz el-obasına qayıtmaq arzusu ilə yaşayırlar”.
Mən müharibənin od-alovunun, dəhşətli dağıntılarının, kütləvi insan qırğınının canlı şahidiyəm. İkinci dünya müharibəsinin iştirakçısı və əlili kimi o illərin dəhşətləri sanki indi də gözlərim önündə canlanır. Təbii ki, faşizm üzərində qazanılan qələbə bu yaraları bir qədər sağaltdı, ancaq bütün bunlara baxmayaraq, şəhərlər, qəsəbələr, kəndlər yerlə-yeksan edildi, tarixi – mədəni abidələr məhv oldu, milyonlarla insan qətlə yetirildi.
Son illər Azərbaycan ərazilərində erməni vəhşiliyini görəndə, düşmənin insanlara qəddarcasına divan tutmasını, bir günün içərisində Xocalı kimi şəhərin yer üzündən silməsini, ağsaqqalı, ağbirçəyi, körpə uşaqları amansızlıqla qətlə yetirməsini və onlara ağlasığmaz işğəncələr verilməsini eşidəndə gözlərim önündə faşistlər canlanır. Mən faşistlərin qəddarlığını görmüşəm. Sən demə, ermənilər onlardan da betər qaniçən imiş. Azərbaycanın əraziləri hesabına dövlət kimi formalaşan, bu gün paytaxtı Yerevan da daxil olmaqla, əzəli torpağımızda yerləşən Ermənistan indi daha böyük iddialarla yaşayır və işğalçılıq siyasətindən əl çəkmir.
Ermənilər cəzasız qaldıqca daha da quduzlaşır, beynəlxalq təşkilatların atəşkəsə əməl etmək çağırışlarına məhəl qoymurlar. Xalqımızın çox yaxşı bir məsəli var: “İlan ulduz görməsə, ölməz”. Ermənilər də, nəhayət, həmin “ulduzu” ötən ilin aprelində gördülər. Çünki hər şeyin bir həddi-hüdudu, sonu var.
Mən əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi xəttin onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilməsindən tam təskinlik tapıram. İnanırdım ki, Heydər Əliyev siyasi məktəbindən yetərincə bəhrələnmiş Prezidentimizin uzaqgörən siyasəti ermənilərin layiqli cavabını verəcək. Dövlətimizin başçısı həmişə deyirdi ki, Azərbaycan sülh tərəfdarı olan ölkədir. Biz qan tökülməsini, insanların həlak olmasını istəmirik. İstəyirik ki, münaqişə dinc yolla, danışıqlar vasitəsilə həll olunsun. Əgər Ermənistan tərəfi bununla razılaşmasa, biz işğal altında olan torpaqlarımızı ordumuzun gücü ilə azad edəcəyik.
Ermənistan isə dövlətimizin başçısının bu mesajlarını sanki eşitmir, işğalçılıq siyasətindən, quduzluğundan əl çəkmək istəmirdi. Nəhayət, səbir kasamız doldu və ötən il aprelin əvvəlində Azərbaycan Ordusu öz gücünü, qüdrətini erməni silahlı qüvvələrinə göstərdi. Düşmən Azərbaycan ordusu qarşısında pərən-pərən oldu və silah-sursatlarını atıb canlarını güclə qurtardılar. Ermənistanın qatil prezidenti Serj Sarkisyan isə xarici ölkələrə üz tutub yalvarıb-yaxardı, kömək istədi.
Hazırda Cocuq Mərcanlıda tikinti işləri geniş vüsət alır, yollar çəkilir. Qayıdışa hazırlıq işləri başa çatmaq üzrədir. Bu, hər bir azərbaycanlını sevindirir. Bu sevinci bizə bəxş edən ordumuz daha da mətinləşib. Bu döyüşlərdən sonra gənclərimizin hərbi vətənpərvərlik ruhu da artıb. Hətta yaşlı nəslin də “Ali Baş Komandan əmr etsə, Vətənin müdafiəsinə getməyə hazıram”,- deməsi xalqın Prezidentə olan inamının, etibarının nəticəsidir.
Mən aprel döyüşlərində qazanılan tarixi zəfəri faşizm üzərindəki qələbədən də üstün tuturam. Bu qələbə bizə hava, su kimi lazım idi. İlk növbədə ona görə ki, ermənilər Azərbaycan Ordusunun gücünü, qüvvəsini görməli və hiss etməli idi. Artıq bunu gördülər. Bundan başqa, dünya ictimaiyyətinə də məlum oldu ki, Azərbaycanın ən müasir silah-sursatla təmin olunmuş çox güclü ordusu və peşəkar hərbçiləri var. Bu ordu istənilən zaman Ermənistan ordusunu darmadağın edər və işğal altında olan ərazilərimizi düşməndən təmizləyər. Mən əminliklə deyirəm ki, həmin vaxta az qalıb. Cocuq Mərcanlıda aparılan tikinti, yenidənqurma, abadlıq işlərini gördüyüm kimi, inşallah, işğal altında olan bütün ərazilərimizin azad olunacağı günü də görəcəyəm. Bu sevinci də bizə möhtərəm Prezidentimiz İlham Əliyev bəxş edəcək.
Mirzəxan HÜSEYNOV,
Prezident təqaüdçüsü,
İkinci dünya müharibəsinin
veteranı və əlili
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.