Aprel döyüşlərindən sonra erməni xalqı sabaha ümidini tamam itirdi

Müsahibimiz Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovdur

– Elman  müəllim, azərbaycanlıların yaddaşına parlaq qələbə, ermənilərin yaddaşına isə acınacaqlı məğlubiyyət kimi həkk olunmuş aprel döyüşlərindən bir il keçir. Bu tarixi  qələbənin siyasi əhəmiyyətini necə qiymətləndirirsiniz?

– Mən ötən ilin aprelində Silahlı Qüvvələrimizin Ermənistan ordusu üzərindəki qələbəsini çox əhəmiyyətli hesab edirəm. Məlumdur ki, 1994-cü il may ayının 2-də Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsi imzalanmışdır. Lakin həmin vaxtdan bu günə qədər Ermənistan tərəfi mütəmadi olaraq bu müqaviləni pozub və hərbi insidentə gedib. Ancaq ilk dəfə, 22 il sonra, sözün həqiqi mənasında, artıq müharibədən, total şəkildə Azərbaycanın təmas xəttinin pozulmasından söhbət gedə bilər. Bunun da layiqli cavabını aldılar. Gördülər ki, ölkə Prezidentinin sözü ilə əməli arasında nə qədər bərabərlik var və sözü qədər əməli də güclüdür.

Əslində,  Prezident İlham Əliyev bu hadisələrin ən real qiymətini verib və deyib ki, bu, Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir, tarixi qələbəmizdir. Bu qələbənin ən böyük əhəmiyyəti ondadır ki, ermənilər  havadarlarının dəstəyi ilə bütün Dağlıq Qarabağı, yəni söhbət 4,4 min kvadratkilometr ərazidən gedir, bundan savayı ətrafındakı yeddi rayonu, bütövlükdə 17 min kvadratkilometr ərazini zəbt etmişdilər. İşğalçılar bununla fəxr edir və deyirdilər ki, bunu həyata keçirən çox güclü, məğlubedilməz erməni ordusu var. Onlar bunu həm Ermənistan əhalisinə, həm də ölkədən kənardakı ictimaiyyətə sırımaq istəyirdilər. İlk dəfə aprel döyüşlərində Azərbaycan Ordusu tamamilə bunun əksini sübut etdi. Məlum oldu ki, ermənilərin öz ordularını tərifləmələri sabun köpü kimi bir şey imiş. Məlum oldu ki, regionda ən güclü ordu məhz Azərbaycan Ordusudur. Mən hər zaman deyirəm ki, ordumuz hərbi, texniki, taktiki, təchizat baxımından düşmən ordusundan qat-qat üstündür. Hesab edirəm ki, aprel döyüşlərində bizim qalib gəlməyimizdə bunun çox böyük əhəmiyyəti var. Digər əhəmiyyət ondan ibarətdir ki, Azərbaycan  Ordusunun psixoloji durumu, hərbi vətənpərvərlik  ruhu çox yüksəkdir. Ruhu güclü olan ordu hər şeyə qadirdir. Əgər Ermənistan ordusu bizim ordudakı kimi hərbi texniki təchizatı, ən müasir silahlara malik olsa belə, onlar yenə məğlub olacaqlar. Çünki erməni ordusunda o ruh yoxdur. Düşmən ordu fərqindədir ki, nəyə görə, kimə görə döyüşə gedir. Axı erməni əsgəri, zabiti çox yaxşı bilir ki, vuruşduğu torpaq onun deyil. Amma dilə gətirməyə cürət etmirlər.

– Əvvəllər də düşmən tərəfi tez-tez  cəbhəboyu ərazilərdə təxribatlar törədir, atəşkəsi pozurdu. Niyə məhz aprel ayının 2-də ermənilər bu dərəcədə hərbi avantüraya əl atdılar? 

– Bunun səbəbləri var. Hesab edirəm ki, ən  əsas səbəblərdən biri odur ki, Ermənistanda aprel ayını qondarma erməni soyqırımı ayı kimi qeyd edirlər. Ermənilərin yazılmayan bir qanunu var. Məhz aprel ayında hər bir şəxs qondarma erməni soyqırımına öz töhfəsini verməlidir. Erməni ordusu da bu prosesə öz töhfəsini vermək üçün aprelin 2-ni seçmişdi. Həmin gün daha çox Azərbaycan əsgərini, mülki əhalini məhv etməklə hər il  aprelin 24-də qeyd etdikləri  saxta erməni soyqırımına öz töhfəsini vermək istəyirdilər. Ona görə də bu hadisələrin başqa aylarda deyil, məhz aprel ayında baş verməsi  həmin məkrli niyyətlə bağlıdır. Məlum hadisələr də təsdiqlədi ki, işğalçılar layiqli cavablarını aldılar. Aprel döyüşləri  Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, əslində, bütün Ermənistan dövlətini və cəmiyyətini sarsıtdı. Bu gün Ermənistanda cəmiyyət artıq ikiyə bölünüb və daha çox hissə münaqişənin dinc yolla həll edilməsi, işğal edilmiş Azərbaycan ərazilərindən imtina olunması istiqamətində təbliğat aparır.

– Aprel döyüşləri dünya birliyinə hansı mesajları verdi?

– Aprel döyüşlərinə  yalnız hərbi nöqteyi-nəzərdən yanaşmaq düzgün olmazdı. Qeyd etdiyim kimi, bunun böyük siyasi əhəmiyyəti var. Nəzərə alsaq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələni üç dövlətin hərbçilərinə tapşırmayıblar. Bu məsələni diplomatlara tapşırıblar ki, onlar münaqişəni dinc yolla həll etsinlər. Ən böyük mesajlardan biri ATƏT-in Minsk qrupu həmsədrlərinə və beynəlxalq ictimaiyyətə ünvanlandı və bildirildi ki, siz diplomatik yolla tənzimlənmənin öhdəsindən gələ bilmirsiniz. İkinci mühüm mesaj ondan ibarətdir ki, siz hər zaman qeyd edirsiniz və özünüzü elə aparırsınız ki, bu, dondurulmuş münaqişədir. Ancaq aprel döyüşləri göstərdi ki, bu, qətiyyən dondurulmuş münaqişə deyil. İstənilən vaxt regionda ən böyük müharibə başlana bilər.  Digər bir mesaj odur ki, ATƏT-in Minsk qrupu həmişə öyünürdü ki, guya, onların fəaliyyəti olmasaydı, bu münaqişə çoxdan müharibəyə çevrilmişdi. Bəs nə baş verdi? Niyə müharibəyə çevrildi? Ancaq  bu qurumun yeganə arqumenti o idi ki, guya, hadisələri onlar tənzimləyir və müharibənin də qarşısını onlar alırlar. Aprel hadisələri təsdiqlədi ki, hər şey  heç də ATƏT-in Minsk qrupu həmsədrlərinin düşündüyü kimi deyil. Deməli, bu qurum öz missiyasının öhdəsindən gələ bilmədi.

Eyni zamanda, status-kvonun dəyişdirilməsini deyən qüvvələrin verdiyi bəyanatlar da münaqişənin tənzimlənməsində heç bir rol oynamadı. Bilirsiniz ki, status-kvonun dəyişdirilməsi hər zaman həmsədr dövlətlərin rəhbərləri səviyyəsində səsləndirilirdi. Münaqişənin nizamlanması belə bəyanatlarla öz həllini tapmayanda hərbi məsələlər ön plana keçir. Yəni, heç birimizin istəmədiyimiz müharibə reallaşa bilir. Nəhayət, aprel döyüşlərinin beynəlxalq aləmə mesajlarından biri  də o oldu ki, bəli, Azərbaycan sülhpərvər dövlətdir və münaqişənin dinc yolla tənzimlənməsinin tərəfdarıdır. Amma düşmən tərəfi elə etməlidir ki, hərbi münaqişə baş verməsin, müharibə başlamasın. Bunu etmək üçün isə Ermənistana təzyiq göstərilməlidir. Möhtərəm Prezidentimiz dəfələrlə bəyan edib ki, münaqişə o zaman həllini tapacaq ki, bizim gücümüz, qüdrətimiz daha da artsın. Aprel döyüşləri bunu artıq təsdiqlədi.

Digər tərəfdən, bu münaqişənin həlli il bağlı prosesə rəhbərlik edən, o mandata sahiblik edən tərəflər, dövlətlər siyasi iradə ortaya qoymalıdır. Yəni, təcavüzkarı dayandırmalı, ona qarşı müəyyən təzyiq üsulları işə salınmalı, sanksiyalar tətbiq olunmalıdır. Necə ki, biz başqa münaqişələrdə bunun şahidi olmuşuq. Bu, olmayacağı təqdirdə, aprel döyüşləri daha qəliz və mürəkkəb ssenari üzrə inkişaf edə bilər. Fikrimcə, aprel döyüşlərinin ən mühüm mesajlarından biri də o oldu iki,  bu döyüşlərə qədər Ermənistanda iqtisadi vəziyyət çox bərbad idi. Bu  döyüşlərdən sonra Ermənistan cəmiyyətində sabahkı günə inam tamamilə itdi. Xalqın Sarkisyan rejimi ilə  bu müharibəni udmaq ümidi də iflasa uğradı. Ermənistan işğalçılıq siyasətinə görə təcrid vəziyyətində idi. Aprel döyüşlərindən sonra onun təcrid, izolyasiya vəziyyəti daha da gücləndi.

Bu döyüşlərə qədər işğalçı ölkədə miqrasiya məsələləri çox ciddi problem idi. Ancaq döyüşlərdən sonra Ermənistan cəmiyyəti özü-özünə sual verməyə başladı ki, görəsən, bu rejim bizi  xilas edəcəkmi? Erməni xalqı da gördü ki, dördgünlük müharibədə Ermənistan çökmək ərəfəsindədir. Onsuz da ermənilər yoxsulluq və səfalətdən əziyyət çəkirdilər. Ancaq aprel döyüşlərindən sonra əhalinin ehtiyac və fəlakəti daha da artdı. Bu gün erməni ziyalıları açıq şəkildə etiraf edirlər ki, aprel döyüşlərindən sonra Ermənistanda “ağ genosid” baş verməkdədir. Nə fərqi var ki, müharibədə bir şəhərin əhalisi məhv olsun, yaxud müharibə olmadan insanlar artıq gələcəyə ümidini itirib həmin şəhəri və ya kəndi tərk etsin. Erməni ziyalıları buna “ağ genosid” deyirlər. Əslində, bu, hakimiyyətin öz xalqına qarşı “ağ genosidi”dir. Bu gün erməni xalqı hakimiyyətdə olan Sarkisyan rejiminin girovundadır. Nə qədər ki, bu xalq Sarkisyan hakimiyyətindən canını qurtarmayıb, bir o qədər də Ermənistan cəmiyyəti ölümə məhkumdur.

– Aprel döyüşləri Ermənistan kütləvi informasiya vasitələrində geniş müzakirəyə çevrilib, özü də Azərbaycanın qələbəsi kimi. Bu barədə sizdə məlumat varmı?

– Bəli, məndə bu barədə kifayət qədər məlumat var. Aprel döyüşlərinin ən böyük dərsi o oldu ki,  Ermənistan mətbuatı, ziyalıları bunu uzun müddət müzakirə obyektinə çevirdilər. Erməni  qəzetləri  yazır ki, Azərbaycan Ordusunun gücü, psixoloji durumu, hərbi vətənpərvərlik ruhu göz önündədir. Məqalələrdə qeyd olunur ki, bizdə olmayan şeylər ucbatından biz məğlub olduq. Onlar Azərbaycanda var. O nədir? Azərbaycan rəhbərinin siyasi iradəsi, Azərbaycanda səfərbər olunmuş cəmiyyət və Azərbaycanda “hakimiyyət-xalq” birliyi. Bunlar olan yerdə dövlət çox güclü olur. Yerli qəzetlər yazırlar ki,  Ermənistan aprel döyüşlərində həm də ona görə məğlub oldu ki, nə ölkənin rəhbərinin, nə də xalqın siyasi iradəsi var. Bundan başqa, nə səfərbər olunmuş cəmiyyət, nə də xalq ilə Sarkisyan rejimi arasında birlik var. Nəinki birlik, Ermənistandakı xunta rejiminin sosial bazası da demək olar ki, yoxdur.

– Mövcud qanunçuluğa görə, Ermənistanda parlament seçkiləri aprel ayının axırlarında keçirilməli idi. Bəs  niyə seçkilər məhz aprelin 2-nə təyin edildi?

– Aprel döyüşlərindən artıq bir il keçib. Dördgünlük müharibənin Ermənistana təkcə hərbi deyil, həm də elə bir siyasi  təsiri olub ki, bu ölkədə parlament seçkilərinin vaxtını dəyişərək məhz birbaşa aprel döyüşlərinin başlandığı günə – aprelin 2-nə təyin etmək məcburiyyətində qaldılar.  Ona görə məhz bu gün seçilib ki, erməni xalqı aprelin 2-ni milli fəlakət, rüsvayçı məğlubiyyət günü kimi qeyd edəcəkdi. Hakimiyyət bu məğlubiyyəti ört-basdır etmək xatirinə aprelin 2-nin Ermənistan tarixində seçkilər günü kimi qalmasına çalışır. Seçki öncəsi Ermənistanda proseslər tam fərqli inkişaf edirdi. Bu gün Ermənistanda Azad Demokratlar Partiyası açıq şəkildə ölkə rəhbərini sülhə dəvət edir, tələb edir ki, sülh danışıqlarına getsin, işğal altında saxladığı Azərbaycan torpaqlarını geri qaytarsın. Əks halda, bu xalqın gələcəyi yoxdur. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın bugünlərdə yayılan  bəyanatı da maraq doğurur. Bəyanatda deyilir ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar mütləq işğaldan azad edilməlidir. Əgər biz indi bunu etməsək, sabah beynəlxalq sanksiyalarla bizi məcbur edəcəklər. Eks– prezident Sarkisyana müraciətlə deyib ki, sən bunları elə. Əgər bunları etsən, mən həmişə sənin yanında olaram. Hətta çox maraqlı bir fikir də söyləyib. Deyib ki, Sarkisyan bu gün üzünü tutub cənab Putinə, cənab Trampa və cənab Ollanda  desə ki, bəli, biz bu yeddi rayonu qaytarırıq. Amma  siz də Azərbaycana təsir edin ki, Dağlıq Qarabağ bizdə qalsın, bu halda, sadəcə Sarkisyanın üzünə baxar və gülərlər.

Sözün həqiqi mənasında, bu gün  artıq aprel döyüşlərinin birbaşa nəticələrini hərtərəfli hiss edirik. Bu döyüşlərin birilliyi ərəfəsində Ermənistan mətbuatında həmin döyüşlərdə iştirak etmiş “N” saylı hərbi hissəsinin bir zabitinin məqaləsi çox sürətlə yayılmışdır. Ermənistan mətbuatı bu məqaləni çox geniş təbliğ edir. Həmin zabitin fiziki imkanları imkan vermir ki, o, xidmətini davam etdirsin. Erməni zabiti yazır ki, aprel ayının 2-də bizə xəbər gəldi ki,  cəbhə xəttində vəziyyət çox gərgindir və böyük itkilərimiz var. Belə olan vəziyyətdə bizi tələm-tələsik Mardakert istiqamətinə göndərdilər. Biz orada gördüklərimizdən dəhşətə gəldik. Hər yerdə erməni əsgər və zabitlərinin cəsədləri var idi. Meyitlər tanınmaz halda idi. Qəlpələr onların cəsədlərini parça-parça etmişdi. Əsgərlər ağlaşırdılar. Onlar deyirdilər ki, döyüşməyə gücümüz yoxdur. Aprel döyüşlərinin xatirələrini yazan erməni zabiti deyir ki, mən bir də hospitalda ayıldım. Ayılanda isə gördüm ki, ayaqlarım və bir əlim yoxdur. Zabit deyir ki, bizim mətbuat yazır ki, guya, bu döyüşlərdə 56 erməni əsgəri həlak olub. Ancaq mən və hərbçi dostlarım 180-dən artıq meyit saymışdıq. Yaralıların sayının isə 230-dan artıq olması barədə bizə məlumat vermişdilər. Bu həqiqətləri gizlətmək, xalqı aldatmaq lazım deyil.

Bu gün Ermənistanda erməni analarının timsalında çox ciddi bir müxalifət formalaşıb. Onlar açıq şəkildə dünya birliyinə öz etirazlarını çatdırırlar ki, niyə  günahsız övladlarımız bu siyasi rejimin qurbanı olmalıdır? Niyə gənc övladlarımız bizə aid olmayan torpaqlarda məhv olmalıdır? Bütün bunlardan sonra Serj Sarkisyanın Dağlıq Qarabağa gəlib sərsəm bəyanatlar verməsi özünü gülünc vəziyyətinə qoymaqdan və hakimiyyəti öz əlində uzun müddət saxlamaq istəyindən  başqa bir şey deyil. O deyib ki, guya, bir göz qırpımında Azərbaycana qarşı “İsgəndər” raketlərini tətbiq edə bilər. Sarkisyanın sərsəm bəyanatları bu gün özünün əleyhinə çevrilib. Ermənistan müxalifəti və ziyalıları qatil prezidentin sərsəm bəyanatına qarşı əks-arqument qoyublar. Deyirlər ki, cənab prezident Sarkisyan, doğrudanmı bizim hərbimiz o gündədir ki, digər silahlarımız işə yaramır, ancaq ümidimiz “İsgəndər” raketinə qalıb? İkincisi, yaxşı sən bunu dedin. Bəs fikirləşirsənmi ki, Azərbaycanda bu “İsgəndər” raketlərindən yoxdur? Düşünmürsən ki, həmin raketlər Ermənistana da yönələ bilər və sənin kimi dayaz düşüncəli bir adama görə erməni xalqı məhv ola bilər? Bütün bunlar bir daha təsdiqləyir ki, Sarkisyanın populist bəyanatları özünün əleyhinə yönəlib.

Aprel döyüşləri, sözün həqiqi mənasında, Ermənistan dövlətini sarsıdıb. Onlar sadəcə papaqlarını qarşılarına qoyub düşünməli, ağıl və məntiqlə hərəkət edib onlara aid olmayan Azərbaycan torpaqlarını geri qaytarmalıdırlar. Axı, onların paytaxtı İrəvan da – 9 min kvadratkilometrlik ərazi də qədim Azərbaycan torpaqları olub, 1918-ci ildə Ermənistana verilib. Hansı şərtlərlə: bir daha Azərbaycana qarşı ərazi iddiası olmayacaq, bir daha azərbaycanlılara qarşı soyqırımı aparılmayacaq. Dağlıq Qarabağ hadisələri fonunda Azərbaycan tərəfi vaxtilə Ermənistanla bağlanmış o müqavilədən imtina hüququna malikdir. Ermənistan tərəfi bu müqavilənin bütün şərtlərini pozub. Əgər şərtlər pozulubsa, müqavilə qüvvədən düşmüş hesab olunur. Həm də bütün dünya bilməlidir ki, bu gün Ermənistanın paytaxtı Yerevan da Azərbaycanın torpağıdır.

Ermənistanda hadisələr bundan sonra ən mürəkkəb ssenari üzrə inkişaf edəcək. Bir tərəfdən, erməni cəmiyyətinin hələ də həzm edə bilmədiyi aprel döyüşlərinin acınacaqlı nəticələri, digər tərəfdən isə, Sarkisyan rejiminin hakimiyyəti əlində saxlamaq üçün min bir oyundan çıxması vəziyyəti getdikcə mürəkkəbləşdirir. Sonuncu parlament seçkilərinin total saxtakarlıqla yekunlaşması və beynəlxalq təşkilatların buna  etirazları ölkədə ciddi siyasi kataklizimlərin olacağından xəbər verir. Yəqin ki, yaxın vaxtlarda Ermənistanda daha gərgin siyasi mübarizənin şahidi olacağıq.

Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında