Respublikanın Əməkdar artisti, Prezident mükafatçısı, beynəlxalq müsabiqələr laureatı, dünyanın bir çox mötəbər simfonik orkestrlərinə dirijorluq etmiş və nəhayət, Azərbaycan tar ifaçılıq sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, professor, tarzən Ramiz Quliyevin ailəsində dünyaya göz açmış Əyyub Quliyev haqqında söz deməzdən öncə illərdən bəri unuda bilmədiyim və bir azərbaycanlı olaraq daim fəxr etdiyim tarixi məqamı yada salmaq istəyirəm. 1997-ci ildə ulu öndər Heydər Əliyevin dəvəti ilə dünya şöhrətli musiqiçi, həmyerlimiz Mstislav Rostropoviç Bakıya gəlmişdi. Onun şərəfinə İncəsənət Muzeyində təşkil olunmuş konsertdə respublikanın bir sıra tanınmış incəsənət ustaları ilə yanaşı, Xalq artisti Ramiz Quliyev və onun 14-15 yaşlı oğlu Əyyub Quliyev də iştirak edirdilər. İndiki kimi yadımdadır. Respublikada ilk dəfə olaraq tarla duet formatında ifa etdikləri Həsən Rzayevin “Çahargah rapsodiyası” və Antonin Dvorjakın “Slavyan rəqsi” M. Rostropoviçin çox xoşuna gəldi. Hər ikisini bağrına basdı və üzünü Heydər Əliyevə tutaraq: “Это просто чуgо”– dedi və sonda Moskvada keçiriləcək 70 illik yubiley tədbirində hər iki ifaçının iştirakına kömək göstərməsini ulu öndərdən xahiş etdi.
Əyyub Quliyevlə redaksiyada görüşüb, onun çoxşaxəli yaradıcılıq yolundan, ötən 20 il ərzində qazandığı uğurlardan söz açmaq qərarına gəldim.
– Əyyub müəllim, öncə onu soruşum ki, maestronun həmin yubiley tədbirində iştirak edə bildinizmi? Bu barədə bir neçə kəlmə söz açmağınızı xahiş edirəm.
– Ulu öndərin dəstəyi ilə bu, baş tutdu. Həyatımda ilk dəfə olaraq 1997-ci ildə Moskva Dövlət Konservatoriyasının böyük zalında keçirilən yubiley tədbirində, demək olar ki, keçmiş SSRİ-nin bir çox tanınmış müğənni və ifaçıları iştirak edirdilər. Onların arasında Maya Plesetskaya, Zurab Setkilava, Radion Şidrin, Vladimir Spivakov, Yuri Başmet, Nikolay Petrov, skripkaçı Viktor Tretyakov və bir çox digər məşhur artistlər, eyni zamanda, salonda qonaq qismində Rusiyanın keçmiş prezidenti Boris Yeltsin və indiki Prezidenti Vladimir Putin iştirak edirdilər. İkinci belə bir mötəbər konsertdəki çıxışımız sevimli müğənnimiz, dünya şöhrətli, SSRİ xalq artisti Müslüm Maqomayevin 55 illik yubiley tədbiri oldu. “Rossiya” Konsert Salonundakı konsertə biz də əliboş gəlməmişdik. M. Rostropoviçin tədbirindən fərqli olaraq, bu dəfə konsert proqramımızı daha çox Azərbaycan bəstəkarlarının əsərləri üzərində qurmuşduq. Proqrama Tofiq Quliyevin əsərlərindən ibarət fantaziya və bəstəkar Həsən Rzayevin– “Çahargah rapsodiyası” əsərlərini ifa etdik. Konsertdən sonra Müslüm Maqomayev bizə yaxınlaşıb– “Mən tarı uşaqlıqdan sevirəm. Mənim ən çox sevdiyim milli alətdir. Onu trio və ansambllarda da çox eşitmişəm. Lakin sizin bu ifanıza qulaq asandan sonra elə bildim böyük bir simfonik orkestri dinləyirəm. O qədər gözəl və möhtəşəm səsləndi ki, bir azərbaycanlı olaraq milli alətimizə bir daha vuruldum. Fəxr etdim ki, millətimin belə bir aləti və onun Ramiz və Əyyub Quliyevlər kimi ifaçıları var”, – dedi.
– O möhtəşəm yubiley tədbirlərindən artıq 20 il ötür. Zaman baxımından bu, bir o qədər də uzun vaxt olmasa da, insan ömrü üçün az müddət deyil. Bu gün xalqımız sizi artıq məşhur bir dirijor kimi tanıyır. Sizi dünyaya tanıdan tardan uzaq düşməyinizin başlıca səbəbi nədir?
– Əvvəla, mən heç vaxt tardan uzaq düşməmişəm. Necə deyərlər, tardan ayrı düşən yalnız cismim olub. Ruhum isə həmişə tarın yanındadır. Uşaq ikən Sadıqcan, Hacı Məmmədov adına tar müsabiqələrində, beynəlxalq festivallarda iştirak edib müsabiqələr qalibi, laueratı olmuşam.
– Boş vaxtlarınızda necə? Hərdən də olsa, ürəyinizdən keçibmi ki, imkan tapıb tarı basasan sinənə, ürəyini boşaldasan?
– Çox istərdim. Lakin açığını deyim ki, bir an belə vaxtım olmur. Gündəlik məşqlər, pedaqoji fəaliyyətim, digər tərəfdən, qastrol səfərlərim o qədər çox vaxt aparır ki, boş vaxt tapıb tarı əlimə alıb ürəyim istəyəni çala bilmirəm. Lakin tardan tamarzı qalmamaq üçün bu boşluğu Ramiz müəllimlə dəfələrlə xarici ölkələrdə qastrol səfərlərində olmuşam. Məsələn, Avstriyanın paytaxtı Vyana şəhərində Üzeyir bəy Hacıbəylinin yaradıcılığına həsr olunmuş gecədə Motsart və Şubert zallarında Vyana simfonik və kamera orkestrlərinin müşayiəti ilə dahi Üzeyir bəyin əsərlərini ikilikdə ifa etmişik. Təvazökarlıqdan uzaq olsa da, bilsəydiniz tamaşaçılar Üzeyir bəyin musiqisinin əzəmətini, Ramiz Quliyevin virtuoz ifasını necə hərarətlə qarşıladılar.
– Dahi Üzeyir bəy musiqisini və atanızın virtuoz ifasını qeyd etdiniz. Lakin təvazökarlıq edib dirijor məharətinizdən bir kəlmə də olsun söz açmadınız.
– Məsəl var deyərlər: – üzük qaşıyla tanınır. Mən nə qədər uğur qazansam da, bütün müvəffəqiyyətlərimə görə ilk növbədə atama borcluyam. Odur ki, nə qədər ucalsam da, onun yanında evdə oğul, sənətimdə isə hələ şəyirdəm.
– Dirijorluğa həvəs sizdə nə vaxtdan və hansı zərurətdən yarandı?
– Dirijorluğa uşaqlıqdan həvəsim vardı. Simfonik əsərlərə qulaq asmağı, konsertlərə getməyi çox xoşlayırdım. O vaxtlar simfonik əsərlərin disk və kasetlərini tapmaq indiki kimi asan deyildi. Çox vaxt atam onları xaricdən alıb gətirirdi. Mən klassik, həm də milli musiqimizi sevsəm də, simfonik orkestrə dirijorluq etmək ən böyük arzum olub. Elə bu məqsədlə də 1999-cu ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında simfonik orkestr dirijoru ixtisası olmadığından xor dirijoru ixtisasını seçməli oldum. Dərs deyən müəllimlərimin çoxu simfonik orkestrin dirijoru idi. Bu səbəbdən həm xor, həm də simfonik orkestr dirijorluğunun incəliklərini səylə öyrənməyə çalışırdım. 2005-ci ildə Bakı Musiqi Akademiyasını fərqlənmə diplomu ilə bitirib sənədlərimi N. A. Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasına verdim və aspiranturada tanınmış dirijor, professor A. Polişukun sinfində opera-simfonik dirijorluğu ixtisası üzrə təhsilimi davam etdirdim. Vaxtilə Avstriyada, Rusiyada baş dirijor işləmiş A. Polişuk kimi olduqca tələbkar bir müəllimin tələbəsi olmağım mənə, eyni zamanda, məşhur Leninqrad məktəbinin ən yaxşı ənənələrini mənimsəmək imkanını verdi. Tələbəykən tez-tez məşhur dirijorların konsertlərinə gedər, məşqlərində iştirak etmək icazəsini alardım.
Bu, mənim həyatımda çox önəmli idi. Xor dirijorluğu texnikasına bələd olmuşdum. Lakin simfonik orkestrə dirijorluq etmək tam fərqli idi. İlk dəfə 2006-cı ildə Sank-Peterburq Akademik Opera Teatrında Motsartın–“Figaronun toyu” operasına dirijorluq etdim. Onu da qeyd edim ki, dirijorluq üzrə aspiranturada təhsil alan ilk azərbaycanlı idim. Polşanın Belostok şəhərində keçirilən dirijorların V.Lütoslavski adına IV beynəlxalq müsabiqəsində I yerin laureatı olmaqla bərabər, orkestrin xüsusi mükafatı – “Müsabiqənin ən yaxşı dirijoru” adına layiq görüldüm.
Dirijor kimi tanınmağım üçün belə mötəbər müsabiqə və yarışmalarda iştirak etməyim çox vacib idi. O müsabiqədən Bakıya qayıdarkən təyyarə limanında sənətsevərlər məni milli qəhrəman kimi qarşıladılar. Hamıdan çox sevinən anam, atam, əzizlərim və yaxınlarım oldu. İlk müsabiqədən belə uğur qazanmaqda mənə mənəvi dəstək olan hər kəsə öz minnətdarlığımı bildirirəm.
Əlbəttə, Əyyub Quliyevin iştirak etdiyi Yunanıstan, Macarıstan və digər ölkələrdə keçirilən konsert, müsabiqə və festivalların sayı artdıqca qazanılan uğurların da sayı artır. Lakin gənc istedad bir an belə arxayınçılığa yol vermir. O, dünya şöhrətli dirijorlarla yaradıcılıq və dostluq əlaqələri saxlamağa çalışır. Qazanılan hər bir uğur ilk növbədə təkcə özünün deyil, bütöv Azərbaycan incəsənətinin qələbəsi olduğunu da yaxşı bilirdi. Hər dəfə də müvəffəqiyyətlərdən söz düşəndə–“Mənim üçün müsabiqələrin kulminasiyası əfsanəvi dirijor Arturo Tuskoninin adına müsabiqədə qalib gəlməyim idi”–deyir. Dünya səviyyəsində tanınmış 5-10 dirijordan biri olan Tuskoninin əfsanəviliyinin səbəbi odur ki, XX əsrin əvvəllərində La Skala teatrının bir çox problemlərlə üzləşdiyi bir vaxtda teatrın bütün klassik ənənələrini bərpa edərək C. Verdinin, Puccininin son operalarının ilk ifaçısı olur. Demək olar ki, İtaliya bəstəkarlarının hamısı əsərlərinə Arturo Tuskoninin dirijorluq etməsini arzulamışlar. Bu arzu ilk növbədə dirijorun yüksək peşəkarlığı, eləcə də müəllifin yazdığına müdaxilə edib portiturada dəyişiklik etməməsidir. Həmin müsabiqə bu gün dirijorlar üzrə keçirilən ən böyük müsabiqələrdən biridir. Əgər Polşa müsabiqəsində 200 iştirakçıdan seçim turlarında 40 ifaçıya özünü sınamaq üçün yer verirdilərsə, Tuskoninin adına müsabiqədə seçim çox az idi. Cəmi 12 nəfər. Sevindirici haldır ki, Azərbaycan dirijoru bu imtahandan da alnıaçıq, üzüağ, parlaq qələbə ilə çıxır.
Əlbəttə, Əyyub Quliyevin sənət uğurları bununla bitmir. O, 2002-ci ildə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbəri olduğu “Azərbaycan Mədəniyyətinin Dostları” Fondunun təsis etdiyi – “İlin ən yaxşı musiqiçisi” adına, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Zirvə”, müxtəlif illərdə “Humay” milli mükafatlarına, Türksoy Beynəlxalq Təşkilatının “Tulebayev” medalına, 2009-cu ildə Sankt-Peterburq şəhərində keçirilən “Musiqi Olimpi” IV beynəlxalq musiqi festivalının mükafatına layiq görülmüşdür. Əlbəttə, bir yazıda Əyyub Quliyev sənətinin böyüklüyündən, qazandığı uğurların hamısından söz açmaq olmur. Elə onun özü də təvazökarlıq edib söhbətimizi başqa vaxta saxlamağı xahiş etsə də, imkan tapıb daha bir neçə sualıma cavab verməsini xahiş etdim.
– Mətbuatda xəbər verildiyi kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” layihəsinin gerçəkləşməsində Fransada keçirilən tədbirlərdə siz də iştirak etmisiniz. Bu barədə nə deyə bilərsiniz?
– Xocalı qurbanlarına həsr olunmuş xatirə gecəsi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” layihəsi çərçivəsində xatirə gecəsi qeyd edildi. Napoleonun dəfn olunduğu məqbərə muzeyində – Müqəddəs Lüdovik kilsəsində keçirilən bu tədbirdə Ramiz Quliyevlə birgə çıxışımız oldu. Fransanın Milli Simfonik Orkestrinin müşayiəti ilə keçirilən konsertdə Üzeyir bəyin, Qara Qarayevin, Firəngiz Əlizadənin, Vasif Adıgözəlovun əsərlərini ifa etdik.
–Yeddi ildir ki, Opera və Balet Teatrına dirijor təyin olunmusunuz. Bu illər ərzində teatrda nə kimi tamaşalar hazırlanıb?
– Akademik Opera və Balet Teatrında çalışmaq təklifini alanda ilk növbədə F. Əmirovun “Sevil” operasını və “1001 gecə” baletini hazırlamağı tapşırdılar. Açığını deyim ki, mənim üçün bu çox məsuliyyətli və şərəfli bir iş idi. İlk dəfə idi ki, Bakıda, doğma respublikamızda çıxış edəcəkdim. Şükürlər olsun ki, bu imtahandan da üzüağ çıxdım. Bu tamaşadan sonra teatrın rəhbərliyi mənə bir daha etimad göstərərək repertuarımızı bir az da genişləndirməyi tövsiyə etdi. C. Verdinin–“Bal maskaradı”, “Traviato”, “Trubodur”, Bizenin–“Karmen”, Çaykovskinin –“Selkunçik”, görkəmli Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin yeni quruluşda –“İntizar” operalarını hazırlayıb tamaşaya qoyduq.
– Gələcək planlarınızdan bir söz demədiniz.
– May ayı bizim üçün yubileylər ayıdır. Bu ayda teatrımızda Firəngiz Əlizadənin, eləcə də Azərbaycan Dövlət Filarmoniyasında Ramiz Quliyevin yubiley tədbirlərinə hazırlıq gedir. Sizi də qonaqlar sırasında görmək arzusundayıq.
– Yubileyə töhfəniz?
– Əvvəlcədən açıqlamaq istəmirəm. Bircə onu bilirəm ki, vaxtı ilə maestro M. Rostropovicin təbirincə desək, – “Budet prosto cudo”.
P.S. İlk dəfə dünya şöhrətli maestronun sizin ünvanınıza söylədiyi “чудо” sözündən artıq 20 il ötüb. İkinci “чуgо”nu isə siz özünüz bir dirijor olaraq halal zəhmətinizlə yaratdınız. Biz bunu Azərbaycan incəsənətini bütün dünyada tanıtmağınızda gördük. O ki, qaldı III “чуgо”ya ümid edirik ki, inşallah, yaxın günlərdə Ramiz Quliyevin yubiley tədbirində görəcəyik. Buna tam əminəm.
Sonda. Türk dünyasının böyük əbədi abidəsi olan “Oğuznamə”də belə bir kəlam var: “Oğul atasından görməyincə qılınc çalamaz”. Ramiz Quliyev kimi atası olanın Əyyub Quliyev kimi də oğlu olar.
Rafiq SALMANOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.