Sərraf Orucovu çoxdan tanıyıram. Çox vətənpərvər, mərd, qeyrətli insandır. Bu sözləri cəsarətlə və ürəkdolusu ona görə deyirəm ki, Sərrafın şərəfli həyat yolu fikrimi bariz şəkildə təsdiq edir. Belə ki, o, 1986-1988-ci illərdə Əfqanıstanda hərbi xidmət keçərək beynəlmiləlçilik borcunu yerinə yetirib. Buradakı döyüşlərdə iştirakına görə “İgidliyə gorə” və “Döyüş xidmətlərinə görə”, “Əla döyüş xidmətinə görə” və başqa medallarla təltif olunub.
Sərraf Orucov1989-cu ildə indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin hərbi və fiziki hazırlıq fakültəsinə daxil olub. 1992-1994-cü illərdə oxuduğu ali məktəbi yarımçıq qoyaraq könüllü surətdə Qarabağ müharibəsinə yollanıb, torpaqlarımızın bütövlüyü uğrunda ağır döyüşlərdə iştirak edib. Cəbhə dostları deyirlər ki, Sərraf hər bir döyüşdə igidlik, şücaət göstərib. Bir neçə dəfə qəlpə yarası alaraq yaralanıb. Üçüncü qrup Qarabağ müharibəsi əlilidir.
Ordudan tərxis olunduqdan sonra Sərraf Orucov ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu prosesinə qatılaraq müharibə veteranlarının, əlillər, şəhid ailələrinin tibbi-sosial problemlərinin həlli və gənclər arasında vətənpərvərlik ruhunun aşılanması istiqamətində həvəslə fəaliyyət göstərməyə başlayıb. Hazırda Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti vəzifəsində çalışır.
Dünən Sərraf Orucov redaksiyamıza zəng edərək 2016-cı ilin aprel döyüşləri haqqında ürək sözlərini bildirdi:
– Bu günlər hər birimizin qəlbi yüksək iftixar hissi ilə doludur. Axı, ötən ilin şanlı aprel döyüşlərindən bir il ötür. O döyüşlərdə Azərbaycan əsgəri nəyə qadir olduğunu bir daha sübut etdi. Ermənilər Azərbaycan Ordusunun qəhrəman zabit və əsgərlərinin qorxmazlığı, qeyri-adi şücaətindən qorxuya düşüblər. Əminəm ki, düşmən ötən ilin aprelində aldığı bu kəsərli zərbəni heç vaxt unuda bilməz.
Qoy Ermənistan rəhbərliyi həqiqətin gözünə dik baxsın. Nə qədər ki, gec deyil, işğalçılar bizim torpaqlardan çıxıb getsinlər. Əks təqdirdə, şanlı ordumuz bu dəfə onlara daha sarsıdıcı zərbə vuracaq, doğma Qarabağımızı tamamilə azad edəcək. Əminəm ki, erməni işğalçıları Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərə görə mütləq öz layiqli cavablarını alacaqlar. Lazım gələrsə, mən də bir təcrübəli döyüşçü kimi yenidən vuruşacağam. Başqa veteran dostlarım da bu gün düşməndən qisas almaq arzusu ilə yaşayırlar. Onların hər biri hər an yenidən silaha sarılmağa hazırdır.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz son illər çox güclənib. Mən ordu hissələrində, xüsusilə sərhəd bölgələrimizdə tez-tez oluram. Hər dəfə əsgər və zabitlərimizin qələbə əzminin nə qədər yüksək olduğunun şahidi oluram. Belə anlarda ürəyim dağa dönür. Bəli, böyük qələbəmiz lap yaxındadır. Buna təcrübəli bir döyüşçü olaraq tam əminəm.
Bir məqamı da xüsusi vurğulamaq istəyirəm. Dünən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşüb. Görüşdə Mehriban Əliyevanın iştirakı ilə “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi layihəsi” təqdim olunub. Çox hörmətli Mehriban xanımın tədbirdəki dərin məzmunlu, parlaq çıxışı məni çox təsirləndirdi. Dedi ki, Azərbaycan dövləti ölkəmizin ərazi bütövlüyü uğrunda yaralanmış, xəsarət almış əsgərlərimizin sağlamlığının bərpasına xüsusi diqqətlə yanaşır. Azərbaycan dövləti, xalqı üçün hər bir əsgər əzizdir, dəyərlidir.
Mən özüm üçüncü qrup Qarabağ müharibəsi əliliyəm. Mənim üçün, eləcə də hər bir Qarabağ müharibəsi əlili üçün bu sözlərin nə qədər böyük məna və əhəmiyyət daşıdığını, bəlkə də, təsəvvür etmək çətindir. Mən bir daha vurğulamaq istəyirəm ki, bu diqqət və qayğı Qarabağ əlillərinə, həqiqətən, böyük dəstəkdir. Buna görə də dövlətimə, xalqıma sonsuz dərəcədə minnətdaram.
Yeri gəlmişkən, bu günlərdə başçılıq etdiyim “Beynəlmiləlçi əlil döyüşçülər” Fondunun üzvləri Bakıda və bölgələrdə orta məktəblərdə keçirilən vətənpərvərlik görüşlərində yaxından iştirak edirlər. Məqsədimiz yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik ruhunu daha da yüksəltməkdir. Belə görüşlərdə aprel döyüşlərinin əhəmiyyəti barədə də söz açmağı özümə mənəvi borc bilirəm. Bütün varlığımla inanıram ki, aprel döyüşləri Qarabağda böyük qələbəmizə aparan şanlı və müqəddəs yolun başlanğıcıdır. Xalqımız qələbə müjdəsi gözləyir. Azərbaycanın igid, qəhrəman oğulları Qarabağda mütləq zəfər qazanacaqlar!
Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.