2016-cı ilin aprel döyüşlərinin nəticələri və ildönümü ilə əlaqədar tanınmış ictimai-siyasi xadimlər və ekspertlər şərh verir, münasibət bildirirlər. Azərbaycan Ordusunun qəhrəmanlıqları və Prezident İlham Əliyevin hərbçilərlə martın 31-də keçirdiyi görüşdə səsləndirdiyi vacib mesajlarla bağlı Milli Məclisin deputatı, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev bizimlə fikirlərini bölüşdü:
– Bir il bundan öncə Azərbaycan xalqı həyəcanlı günlər yaşadı. Milli Ordumuzun sarsıdıcı zərbələri nəticəsində düşmən təmas xəttində ağır itkilər verdi. Düşmənin işğal etdiyi torpaqlarımıza və xüsusilə təmas xəttinə yerləşdirdiyi çoxsaylı canlı qüvvəsi və ağır-texniki vasitələri qüvvələrimiz tərəfindən pərakəndə vəziyyətə salındı, düşmən qaçmağa üz tutdu. Əlbəttə, həmin günləri heç bir azərbaycanlı unuda bilməz. Çünki bu uğurlar Azərbaycanın müasir hərb tarixində dönüş nöqtəsi oldu.
Məlum olduğu kimi, Azərbaycanın torpaqları ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan tərəfindən işğal edilmişdi. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur, milyondan çox qaçqın və məcburi köçkünümüz var. Suverenliyimizi əhatə edən sərhədlərimiz pozulmuşdur. Bununla yanaşı, biz beynəlxalq təşkilatların sülh çağırışlarını nəzərə alırıq, regionda sabitliyin pozulmamasına maraqlı tərəfik. Lakin bütün bu etdiklərimizə baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqeyi və hər dəfə təmas xəttində göstərdiyi aktivlik regionda sülhün və sabitliyin bərqərar olmasında ciddi əngəl törədir. Bu gün Azərbaycan Ordusunun güclü müdafiə və hücum texnologiyalarına sistemli şəkildə sahib olması düşməni ciddi şəkildə qorxudur. Bunun əyani sübutunu biz ötən ilin aprel ayında Füzuli və Ağdərə istiqamətində əldə etdiyimiz uğurlarla göstərə bildik. Qərəzli beynəlxalq təşkilatların və erməni lobbisinin dəstəyinə arxalanan Ermənistan hakimiyyəti unudur ki, Azərbaycan indi 90-cı illərin əvvəllərindəki Azərbaycan deyil.
A.Əliyev qeyd etdi ki, Ali Baş Komandan İlham Əliyevin bir qrup hərbçimizlə görüşündə söylədiyi əsaslı arqumentlər cəmiyyətimizdə ruh yüksəkliyi ilə qarşılanıb. Dövlət başçımız bildirdi ki, ordumuzun uğurları ölkəmizin gücünü və prinsipial mövqeyini bir daha nümayiş etdirdi. Ali Baş Komandan öz məzmunlu nitqində vurğuladı ki, aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır.
Milli Məclisin deputatı bildirdi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın aprel döyüşləri zamanı yaralanmış bir qrup əsgər və zabitlə görüşündə də önəmli məsələlərə toxunuldu. Birinci vitse-prezident hərbçilərə bildirdi ki, onun tapşırığı ilə hər birinə fərdi yanaşma tətbiq olunacaq və normal hərəkət dinamikasına yardım edən müasir protezlə təmin olunacaqlar. Birinci xanımın tapşırığına əsasən xüsusi işçi qrup yaradılıb. Bu qrupda çalışan insanlar həm protezlərin təminatı, həm də gələcək mərhələdə onların texniki xidmətini həyata keçirəcəklər. İyirmi gün ərzində bütün lazımi işlər görüləcək.
Deputat şəhidlərimizlə bağlı da vacib fikirlər səsləndirdi: “Doğrudur, bu qələbəmiz itkisiz ötüşmədi. Aprel döyüşlərində Azərbaycanın say-seçmə oğullarından şəhidlik zirvəsinə ucalanlar oldu. Vüqar Yusifov, Samid İmanov, Murad Mirzəyev, Təbriz Musazadə, Urfan Vəlizadə, Pəncəli Teymurov və digər igidlərimiz şəhidlik zirvəsinə yüksəldilər. Amma siz onların istər Lələtəpə, istərsə də Talış yüksəklikləri uğrunda döyüşlərdə göstərdikləri rəşadətə diqqət yetirin. Onlar son damla qanlarına qədər vuruşdular. Aldıqları postları geri vermədilər. Düşmən qüvvələrinin pusqularına baxmayaraq döyüşçülərimizin misilsiz şücaəti nəticəsində düşmən çoxsaylı tələfat verdi. Yəni aprel döyüşləri şücaət və mətinlik baxımından, sözün həqiqi mənasında, cəmiyyətimizi silkələdi. Düşmənin itkiləri bizim itkilərimizdən dəfələrlə artıq oldu”.
Sonda Adil Əliyev vurğuladı ki, aprel qələbələri barədə fikir yürüdərkən bu hadisələr hərtərəfli təhlil edilməli və cəmiyyətimizə çatdırılmalıdır. Ermənistan rəhbərliyinin tək hərbi sahədə deyil, diplomatik sferada da heç bir dəstək ala bilməməsi “Dördgünlük müharibə”nin əhəmiyyətini artırır. Bu baxımdan Milli Ordumuzun növbəti qələbələrinin tarixini daha da yaxınlaşdırmaq üçün biz əldə olunan uğurları yorulmadan təbliğ etməli və milli vətənpərvərlik ruhuna köklənməliyik.
Hazırladı:
Anar TURAN, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.