Şübhə yoxdur ki, Cocuq Mərcanlıdan başlanmış Böyük qayıdış tezliklə Xankəndinə gəlib çatacaq

2016-cı il aprelin əvvəllərində baş vermiş, Azərbaycan Silahlı Qüvvələrinin qələbə əzmini düşmənə, eləcə də onun havadarlarına əyani şəkildə nümayiş etdirmiş və Azərbaycanın müasir hərb tarixinə “aprel döyüşləri” kimi düşmüş məşhur uğurlu hərbi əməliyyatdan artıq bir il keçir.

Artıq bir ildir ki, xalqımız bu qələbənin sevincini yaşayır, düşmən onun vurduğu yaralardan necə xilas olmağın yollarını axtarır. Ancaq Ermənistanın siyasi və hərbi rəhbərliyi, təbii ki, Azərbaycan Ordusunun gücü qarşısında heç bir xilas yolu tapa bilməyərək taleyi ilə, acı məğlubiyyəti ilə barışmalı olur. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev də aprel döyüşlərinin bir illiyi ilə bağlı hərbçilərlə görüşündə Milli Ordumuzun tarixi qələbəsinə və Ermənistanın işğalçı ordusunun məğlubiyyətinə məhz bu kontekstdə qiymət verdi.

Əlbəttə, qeyd etməliyik ki, dövlət başçısının məşhur hərbi əməliyyatla bağlı Azərbaycan hərbçiləri ilə xüsusi görüş keçirməsi və burada hadisələrə çox düzgün və səmimi qiymət verməsi təqdirəlayiq haldır. Bu, bir tərəfdən, Azərbaycan Prezidentinin daim işğal altındakı torpaqlarımızın qayğısı ilə yaşadığını, bu ərazilərimizin düşməndən azad edilməsinin dövlətimiz üçün bir nömrəli məsələ olduğunu, digər tərəfdən isə, Azərbaycanın hər qarış torpaq uğrunda qələbə əzmi ilə döyüşməyə hər an hazır olduğunu göstərdi. Heç bir şübhəmiz yoxdur ki, Prezident İlham Əliyevin aprel döyüşlərinə, bu döyüşlər nəticəsində 2 min hektardan artıq ərazimizin işğaldan azad edilməsinə bu qədər böyük əhəmiyyət verməsi Milli Ordumuzu da yeni-yeni qələbələrə ruhlandırmaq baxımından önəmli hadisədir.

Dövlət başçısı hərbçilərlə görüş zamanı təsadüfən demədi: “Aprel döyüşləri – mən bunu əvvəllər də qeyd etmişdim – hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün, həmişə olduğu kimi, birinci yerdə duran prioritet məsələdir”.

Prezident İlham Əliyev cəsarətlə qeyd etdi ki, aprel döyüşləri Ermənistanın ideoloji əsaslarını dağıtdı, bu ölkənin rəhbərliyi bu döyüşlər zamanı özlərini tamamilə ifşa etdi. ­Onlar həm döyüş meydanında acı məğlubiyyətə uğradılar, həm də siyasi meydanda heç bir dəstək almadılar.

Bu görüş zamanı Prezident bir daha vurğuladı ki, aprel döyüşləri zamanı Azərbaycan ­Ordusu gücünün cüzi bir hissəsindən istifadə edib. Bu döyüşlərdə az sayda şəxsi heyətdən və məhdud hərbi qüvvədən istifadə edilib. Ancaq Azərbaycan özünün bütün hərbi potensialını işə salsaydı, Ermənistanın daşı daş üstə qalmazdı. Bu fikirlər Ermənistanın və Qarabağın terrorçu rəhbərlərinə kəskin bir mesajdır. Əlləri günahsız, dinc Azərbaycan insanının qanına batmış, iyirmi birinci əsrin astanasında Xocalı soyqırımı kimi qanlı bir faciə törətmiş erməni terrorçuları, o cümlədən, Serj Sarkisyan, nəhayət, anlamalıdırlar ki, ən müasir hərbi sənaye kompleksinə, NATO standartları səviyyəsində nizami orduya malik Azərbaycan öz tarixi torpaqlarında ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcək və problemin beynəlxalq ictimaiyyətin vasitəçiliyi ilə, sülh və danışıqlar yolu ilə həlli mümkün olmadıqda daha sərt addımlar atacaq.  Prezidentin hərbçilərlə görüşü belə bir qənaətə gəlməyə əsas verir ki, hərbi potensialını daim gücləndirən Azərbaycan işğal altındakı tarixi torpaqlarını istənilən vaxt azad etməyə qadirdir. Bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən başlanmış Böyük qayıdış, heç bir şübhə yoxdur ki, tezliklə Xankəndinə də gəlib çatacaq.

Qasım MƏMMƏDOV,
ADNSU-nun prorektoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında