Müstəqil mətbuatın, azad sözün inkişafına böyük qayğının səmimi etirafı

Prezidentlə jurnalistlərin dostluğu demokratiyanın yüksək göstəricisidir{nl}

Yusif KƏRİMOV, Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədri, əməkdar jurnalist
Yola saldığımız 2010-cu il Azərbaycan jurnalistlərinin həyatında bir sıra hadisələrlə yadda qaldı. Bunlardan ikisi əhəmiyyətinə və sambalına görə cəmiyyət üçün də əlamətdar oldu.
Birincisi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə milli mətbuatımızın 135 illik yubileyi ölkə miqyasında təntənə ilə qeyd olundu. Dövlət başçısı milli mədəniyyətimizin bu önəmli tarixi münasibətlə jurnalistlərin böyük bir qrupunu fəxri adlarla və dövlət təltifləri ilə mükafatlandırdı. Prezident media işçilərinin əməyinə bu yüksək qiymətlə yanaşı, onların sosial müdafiəsi ilə bağlı sərəncam da imzaladı. Yubiley günündə dövlət başçısı Mətbuat Şurasının yeni binasının açılışında da iştirak etdi, şura üzvləri ilə açıq dialoqda jurnalistlərin arzu və təkliflərini dinlədi. Ölkə rəhbəri İlham Əliyev ayrıca sərəncam ilə uzun illərdən sonra jurnalistlər üçün mənzillərin tikilməsi üçün vəsaitin ayrılması onlara dövlət qayğısının misilsiz bir faktı oldu.
Bundan bir il əvvəl isə ölkə rəhbəri İlham Əliyev Azərbaycan jurnalistikasına dövlət himayəsini təmin etmək üçün Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunu təsis etmişdi. Bütün bunlar möhtərəm İlham Əliyevin ulu öndər Heydər Əliyevin Azərbaycan jurnalistlərinin himayədarı, yaxın dostu olmaq missiyasını yeni şəraitdə davam etdirməsi deməkdir.
Qeyd etdiyim ikinci məsələ də elə bununla bağlıdır. Ölkə media qurumlarının təşəbbüsü və seçimi ilə yaxın günlərdə Prezident İlham Əliyev Azərbaycan jurnalistlərinin dostu elan edildi. Bu qərarın respublikamızda və ondan kənarda böyük əks-səda doğurması tamamilə təbiidir. Çünki dövlət suverenliyi və demokratik inkişaf dövrü mətbuat azadlığını təmin etməklə yanaşı, həm də onu cəmiyyətin həyatında çox zəruri, əhəmiyyətli bir təsisata çevirmişdir. Jurnalistika dördüncü hakimiyyət mövqeyinə yüksəlmişdir. Mətbuat, teleradio, digər yayım vasitələri azad sözün, aşkarlığın tribunası olaraq cəmiyyətdəki proseslərə fəal təsir edir.
Belə bir zamanda media ilə dövlət orqanları arasında münasibətlər yenidən qurulduğundan, ötən illərdə jurnalist qurumları, bir sıra çətinliklərlə üzləşmişdi. Ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev dövlətin imkanları artdıqca bu problemlərin həllini təmin etdilər. Hər iki liderin jurnalistlərin dostu adını qazanması, əslində, ölkəmizdə jurnalistikanın durumunun normallaşması, media-dövlət münasibətlərində həmrəyliyin yaranmasının göstəricisi olmuşdur.
Bu gün Azərbaycan Prezidentinin jurnalistlərin dostu elan edilməsi digər mətləblərdən də xəbər verir. Cəmiyyət həyatına gur işıq salan jurnalistlər neqativ halları, problemləri də aydın görürlər. Bu onların fəaliyyətinə konstruktiv bir müxaliflik də gətirir. 7 ildir ki, ulu öndər Heydər Əliyevin islahatlar, demokratik inkişaf, milli həmrəylik kursunu davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi yüksəliş və yeniləşmə kursu ölkəmizə daxili və xarici siyasətdə bir sıra tarixi uğurlar qazandırmışdır. Bu gün jurnalistlərin Prezident İlham Əliyevi öz dostları elan etmələri həm də bu tərəqqidən doğan razılıq, məmnunluqdur. Mətbuatın normal fəaliyyəti demokratiyanın mühüm göstəricisidir. Prezident jurnalistikanı himayə etməklə onun dostuna çevrilirsə, bu, cəmiyyətin demokratik inkişafının daha bir göstəricisi sayılmalıdır.
Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin KİV-in inkişafı, jurnalistlərin himayə olunması ilə bağlı həyata keçirdikləri tədbirlərin uzun siyahısı bu gün qədirbilənliklə göz önünə gəlir. Bunlar, həqiqətən, mediamızı indiki ahəngdar inkişaf yoluna çıxarmışdır. Jurnalistlər bu diqqət və qayğını həmişə cəmiyyətə xidmətləri, dövlət siyasətinə ümumxalq dəstəyi qazandırmaq yolunda ardıcıl fəaliyyətləri ilə cavablandırmışlar.
Jurnalistlər ölkə rəhbərini öz dostları saymaqla, əslində, boyunlarına yeni bir yük götürürlər. Prezident bu dostluğu əməli işlərdə də görməlidir. Butövlükdə isə ölkə başçısı ilə jurnalistlərin dostluğu cəmiyyətin ciddi bir siyasi-məfkurəvi uğurudur. Azərbaycan qarşıdan gələn yeni ilə həm də bu nailiyyətlə gedir.
Ölkənin yaşlı qələm sahibləri bütün bunlardan sevinir, Prezident İlham Əliyevi və onu bu yüksək ada layiq görənləri ürəkdən təbrik edirlər. Qoy dövlət başçısı ilə jurnalistlərin dostluğu xalqımızın daha xoş günlərinə, milli birliyin daha da möhkəmləndirilməsinə xidmət etsin.

{nl}

Vüqar RƏHİMZADƏ, "İki sahil" qəzetinin baş redaktoru
"RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin 2010-cu ildə keçirdiyi sorğu nəticəsində Azərbaycan Prezidenti İlham Əliyevin "Jurnalistlərin dostu" mükafatı qalibi seçilməsi biz jurnalistləri hədsiz dərəcədə sevindirdi. Çünki möhtərəm Prezidentimiz birmənalı şəkildə bu mükafata layiqdir. Sorğuda iştirak edənlərin böyük əksəriyyətinin - 81 faizinin möhtərəm Prezidentimizi dəstəkləməsi də belə deməyə əsas verir.
Sonuncu dəfə 2002-ci ildə ümummilli lider Heydər Əliyevə təqdim edilən "Jurnalistlərin dostu" mükafatının 8 ildən sonra tarixi şəxsiyyətin siyasi kursunun ən layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevə verilməsi heç də təsadüfi xarakter daşımır. Xatırlatmaq istəyirəm ki, İlham Əliyev prezidentlik fəaliyyətinə başladıqdan sonra kütləvi informasiya vasitələrinə dövlət qayğısı keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ölkədə söz və mətbuat azadlığının qorunmasına, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə əlverişli şərait yaradıldı. Azərbaycan Prezidentinin 2005-ci il 21 iyul tarixli "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", həmçinin "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamlar ilə jurnalistələrin əməyinə yüksək qiymət verilməsi və onların problemlərinin aradan qaldırılmasının dövlətin diqqət mərkəzində saxlanıldığı bir daha öz əksini tapdı. Azərbaycan mətbuatının əsasının qoyulmasının 130 illik yubileyinin bütün bölgələrdə təntənəli şəkildə qeyd edilməsi jurnalistlərə fəxri adların, mətbuat sahəsində uzun illər çalışanlara Prezident təqaüdünün verilməsi dövlət başçısının mətbuata göstərdiyi qayğının təzahürüdür.
Mən, cənab Prezident İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı "Qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının ödənilməsi barədə" sərəncamını da xatırlatmaq istərdim. Bu tarixi sənədə əsasən kütləvi informasiya vasitələrinin "Azərbaycan" nəşriyyatına olan 450 min ABŞ dolları məbləğində olan borcu dövlət büdcəsindən ödənildi. 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", həmçinin "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları da xıtrlatmaq yerinə düşər. Həmin sərəncamlar milli mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Mətbuata dövlət dəstəyi konsepsiyası kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsində, vətəndaş cəmiyyəti quruculuğunda və jurnalistlərin maddi rifah halının yaxşılaşdırılmasında böyük rol oynadı. Bunun ardınca möhtərəm Prezidentimiz İlham Əliyev 2009-cu il 3 aprel tarixində "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" sərəncam imzaladı. Bununla da jurnalistlərin problemlərinin aradan qaldırılması istiqamətində daha bir qətiyyətli addım atıldı. Qeyd edək ki, fond fəaliyyət göstərdiyi müddətdə kütləvi informasiya vasitələrinə, agentliklərə və jurnalistlərə birdəfəlik maddi yardım göstərir, mütəmadi olaraq müxtəlif mövzularda müsabiqələr təşkil edir, qaliblərə pul mükafatları verilir.
Zəngin tarixi ənənələrə malik olan Azərbaycan milli mətbuatının müstəqil dövlət quruculuğuna və inkişafına, habelə milli-mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr verməsi möhtərəm Prezidentimizin diqqətindən bir an da olsun kənarda qalmamışdır. Məhz bunun nəticəsi olaraq Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar 2010-cu il 21 və 22 iyul tarixlərində bir-birinin ardınca iki sərəncam imzalamışdır. "Azərbaycın milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında" sərəncama əsasən onlarca qəzet redaksiyasına və informasiya agentliyinə birdəfəlik maliyyə yardımı ayrıldı.
Mətbuat işçilərinin qarşılaşdıqları problemlərin mütəmadi olaraq aradan qaldırılması istiqamətində dövlət başçımızın həyata keçirdiyi mühüm əhəmiyyətli tədbirlər də yüksək qiymətə layiqdir. Bu məqsədlə Azərbaycan Prezidentinin bu il milli mətbuatın 135 illiyi ilə əlaqədar imzaladığı "Azərbaycan mətbuat işçilərinin sosial-müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" sərəncam ölkə rəhbərinin jurnalistələrə göstərdiyi böyük diqqət və qayğıdan xəbər verirdi. Bununla mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Bu gün yüzlərlə jurnalistin müxtəlif dövlət təltiflərinə, "Əməkdar jurnalist" fəxri adına layiq görülməsi ölkəmizdə jurnalistlərə göstərilən qayğının davam etdirilməsindən xəbər verir.
Bütün bu müsbət proseslər Azərbaycanda bütün sahələrdə gedir. Bu gün ölkəmiz iqtisadi baxımdan sürətlə inkişaf edir, xarici siyasətdə əhəmiyyətli uğurlar əldə edirik, beynəlxalq aləmdə respublikamızın nüfuzu daha da artır. Bu və digər məsələlərə obyektiv yanaşan istənilən ölkə vətəndaşı möhtərəm Prezidentimiz İlham Əliyevin fəalliyyətini yüksək qiymətləndirməyə bilməz. Biz jurnalistlər həm də bu ölkənin vətəndaşları kimi, dövlət başçımızın yürütdüyü inkişaf siyasətini dəstəkləyir, mətbuata göstərdiyi diqqət və qayğıya görə ona minnətdar olduğumuzu bildiririk. Bu mənada Prezident İlham Əliyevin "Jurnalistlərin dostu" mükafatı qalibi olması qədər təbii və ədalətli heç nə ola bilməz.

{nl}

Vüsalə MAHİRQIZI, APA-nın baş direktoru
Azərbaycan Prezidenti RUH Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi "Jurnalistlərin dostu" mükafatı ilə bağlı sorğunun qalibi olub. Bu sorğuda siyasi mövqeyindən asılı olmayaraq, ölkədə fəaliyyət göstərən 30 gündəlik, 19 həftəlik qəzet, 2 jurnal, 11 informasiya agentliyi, 13 jurnalist təşkilatı, 8 informasiya portalı, 7 televiziya və 3 radio kanalı, ümumilikdə 93 KİV iştirak edib . Ona görə də sorğunun ümumilikdə Azərbaycan mediasının rəyinin nəticəsi olması və obyektivliyi heç kimdə şübhə doğurmamalıdır.
Prezident bu sorğuda qalib olmaq haqqını 2010-cu ildə və bundan öncəki illərdə Azərbaycan mətbuatına etdiyi hədiyyələr, medianın inkişafı üçün imzaladığı sərəncamlarla qazanıb. Məsələn, KİV DF-nin yaradılması, mətbuatın 135 illiyinin dövlət səviyyəsində qeyd olunması, bir neçə dəfə mətbuatın borcunun silinməsi, Mətbuat Şurasına yeni bina hədiyyə edilməsi, jurnalistlərin mənzil təminatının yaxşılaşdırılması üçün yaşayış binasının tikintisinə vəsait ayrılması barədə sərəncam imzalaması Prezidentin mediaya ayırdığı diqqətin nəticəsidir.
Prezident İlham Əliyev dəfələrlə məmurları, iş adamlarını mediaya qarşı məhkəmə iddialarından çəkinməyə çağırıb, mətbuata tolerant münasibət göstərilməsinin tərəfdarı olub. Bütün bunlara görə, məncə, biz jurnalistlər bu il doğru bir seçim etmişik.

{nl}

Elçin MİRZƏBƏYLİ, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında keçirilən sorğunun nəticələrinə əsasən "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi tamamilə obyektiv, ədalətli və Milli Mətbuatımızın çağdaş durumu ilə bağlı reallıqları əks etdirən bir seçimdir. Əslində, Azərbaycan Respublikasının Prezidenti hər zaman jurnalistlərin dostu olub, mətbuatımızın mili-mənəvi dəyərlərimizə, tariximizə, dövlətçilik maraqlarımıza söykənən təməl sütunları üzərində inkişaf etdirilməsi prosesinə dəstək verib. Azərbaycan Prezidentinin məhz bu il "Jurnalistlərin dostu" seçilməsi isə mətbuat nümayəndələrinin illərdən bəri ürəklərində, düşüncələrində yer alan minnətdarlıq hissinin sorğu vasitəsilə ifadə olunmasıdır. Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, kütləvi informasiya vasitələrinin, Mətbuat Şurasının və digər jurnalist təşkilatlarının fəaliyyətinin bütün istiqamətlərdə stimullaşdırılması, jurnalistlərin sosial və mənzil şəraitlərinin yaxşılaşdırılması, eləcə də mətbuata maliyyə yardımlarının ayrılması ilə bağlı verilən sərəncamlar, həyata keçirilən layihələr cənab İlham Əliyevin jurnalistlərə və mətbuata olan münasibətinin gerçək nümunələridir. Görülən işlər eyni zamanda Azərbaycan Prezidentinin mətbuatın inkişafına nə qədər konseptual və həssas yanaşdığını nümayiş etdirir. Bu gün Azərbaycan mediası addım-addım, pillə-pillə, elmi əsaslara söykənən konkret proqramlar və layihələr əsasında inkişaf etdirilir. Bütün bunlar isə gələcəyə, onillərə hesablanmış addımlardır. Bu baxımdan, mən cənab prezidentin Azərbaycan tarixində həmişəlik olaraq jurnalistlərin dostu kimi qalacağına əminəm.

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında