Fatma Hüseynova: Azərbaycan dövlətinin başçısının etimadını mütləq doğruldacağıq

Martın 28-də Saatlıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə ölkəmizdə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. Dövlətimizin başçısı müşavirədə giriş və yekun nitqləri söyləyib. Azərbaycan Prezidentinin nitqində səslənən müdrik tövsiyə və tapşırıqlar bu sahədə çalışan əmək adamlarının dərin marağına səbəb olub. Müşavirə iştirakçılarından biri də Sabirabad rayonundan olan adlı-sanlı pambıq ustası, Sosialist Əməyi Qəhrəmanı, təcrübəli fermer Fatma Hüseynovadır. Fədakar əmək fəaliyyəti barədə dəfələrlə yazdığım bu əmək qəhrəmanına dünən zəng edərək onun müşavirə barəsində rəyini, arzularını soruşdum. Fatma xanım dərin məmnunluq hissi ilə bunları dedi:

– Mən hörmətli dövlət başçımızın nitqini həyəcanla, diqqətlə dinləmişəm. Azərbaycan Prezidentinin pambıqçılığın inkişafına böyük önəm verməsi mənim ürəyimdən xəbər verir. Bu, yeni-yeni iş yerləri, ruzi-bərəkət deməkdir.

Bir məqamı yada salmaq istəyirəm. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti çox hörmətli İlham Əliyev ötən il sentyabrın 17-də Sabirabad rayonuna səfər edərkən bizim pambıq tarlamız ilə şəxsən tanış olub. Bu, mənim üçün, bizim kollektivin hər bir üzvü üçün unudulmaz anlar idi. Dövlət başçımız bizimlə çox səmimi, mehriban söhbət etdi, pambıqçılığın ölkəmizə fayda gətirəcəyini dedi.

Mən o zaman möhtərəm dövlət başçımıza bildirdim ki, bizim tarlada, bütövlükdə, Sabirabad rayonunda yaxşı məhsul gözlənilir. Biz 15 hektar sahədə məhsul becərmişdik. Çox həvəslə çalışdıq, həqiqətən, bol məhsul topladıq. Yaxşı da qazancımız oldu. Halal zəhmətin ruzusu da bərəkətli olur.

Fikrimiz var ki, bu il də tarlada yaxşı çalışaraq yenidən bol məhsul toplayaq. Muğanda bu günlərdə isti yaz günəşinin hərarəti hiss olunur. Əkin-biçin adamları bilirlər ki, pambıq səpininə lap az qalıb. Biz tarlanı səpinə lazımi qaydada hazırlamışıq. Nə qədər lazımdır, gübrə vermişik, texnikalarımız da sazdır. Heç bir şeydən çətinliyimiz yoxdur. İnanıram ki, bu il də bol məhsul toplaya biləcəyik.

Hər kəsə bəllidir ki, pambıq xeyirli bitkidir, hər zaman Muğan torpağına xeyir-bərəkət gətirib. Mən dərin qədirbilənliklə 1970-ci illəri yaxşı xatırlayıram. O zaman ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkəmizin pambıqçıları ildən-ilə böyük uğurlar qazanırdılar. Xalqımız yaxşı yaşayırdı, ölkəmiz, o cümlədən Muğanın hər bir kəndi tərəqqi edirdi.

Ümummilli liderin bizim tarlaya gəlişini də hər zaman dərin ehtiram hissi ilə xatırlayıram. Bu barədə ötən il Prezident İlham Əliyevə də danışdım, ulu öndərlə çəkdirdiyimiz şəkli ona göstərdim. Sevindi. Çox yaxşıdır ki, dövlətimizin başçısı ulu öndərin yolunu uğurla davam etdirir. Bu yol Azərbaycanı parlaq gələcəyə aparır.

Yeri gəlmişkən, Saatlıdakı müşavirədə söylədiyi parlaq nitqində cənab Prezident ölkəmizin təcrübəli əmək adamlarının da pambıqçılığın inkişafı üçün əllərindən gələni əsirgəməyəcəyinə əmin olduğunu bildirdi. Mən əmək adamları adından söz verirəm ki, biz Azərbaycan dövlətinin başçısının etimadını mütləq doğruldacağıq.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında