Şriftin ölçüsü:
29.12.2010 09:17 | Oxunma sayı: 720
AFFA-nın prezidenti Rövnəq Abdullayev affa.az saytına müsahibə verib
- 2010-cu ildə ölkəmizin futbol həyatında baş verən hadisələri necə dəyərləndirərdiniz?
- Artıq yekunlaşmaqda olan il Azərbaycan futbolu üçün əlamətdar oldu. AFFA futbolun inkişafı məqsədilə hazırlanmış layihələrin həyata keçirilməsi istiqamətində mühüm işlər gördü. Respublika Prezidenti tərəfindən imzalanmış "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın müddəalarının icrası davam etdirildi. Milli komandamız Avropa çempionatının seçmə mərhələsində Bakıda keçirdiyi oyunda Türkiyə yığmasına qalib gəldi. Uzunmüddətli fasilədən sonra 21 yaşadək futbolçulardan ibarət yığmamız rəsmi oyunda qələbə qazandı. U-19 yığmamız Avropa çempionatının seçmə mərhələsinin püşkatmasında güclü komandalarla eyni səbətdə yer aldı. Futzal millimiz Avropa çempionatında IV yeri tutdu. Klublarımız avrokuboklarda uğurlu çıxış etdilər. "Qarabağ" klubu Avropa Liqasının elit-raund mərhələsinə qədər irəliləməyi bacardı. AFFA-nın partnyorlarının sayı artdı. Bu günə qədər ölkəmizdə futbolun inkişafına dəstək verən Azercell-in, Access Bank-ın, Naxçıvan Avtomobil Zavodunun sırasına Paşa Sığorta şirkəti də qoşuldu. Bütün bunlar il ərzində futbolumuzda baş verən hadisələrin qısa xülasəsidir. Bildiyiniz kimi, futbolun inkişafı üçün AFFA 3 istiqaməti prioritet kimi qəbul edib. Bunlar infrastrukturun və futbol təhsilinin gücləndirilməsi, həmçinin futbolun kütləviliyinin təmin olunmasıdır.
- Ölkəmizdə futbol infrastrukturunun müasir tələblərə cavab verən səviyyəyə çatdırılması üçün hansı işlər görülüb?
- İstedadlı futbolçuların yetişdirilməsi prosesində infrastrukturun özünəməxsus rolu var. Sadə dillə desək, yaxşı meydança olmadan güclü futbolçunun yetişməsi çətin, bəlkə də mümkünsüzdür. Çünki futbol meydanda oynanılır. Bunu nəzərə alaraq, ilk növbədə, yeni stadionların inşa olunması, o cümlədən ehtiyacı olan arenaların bərpası işinə ciddi diqqət ayırdıq. Mərdəkan qəsəbəsində, "Dalğa" İstirahət Mərkəzinin ərazisində 5500 nəfər tamaşaçı tutumuna malik yeni stadionun inşasına başladıq. Bayıl qəsəbəsində 3000 azarkeşi qəbul edə biləcək stadionun təmir-bərpa işləri davam edir. 8-ci Kilometr qəsəbəsində də 11 min nəfər azarkeş tutumuna malik stadion tikilməkdədir. Hər üç arena 2011-ci ildə istifadəyə veriləcək. Bundan əlavə, Bakıda və respublikanın müxtəlif bölgələrində AFFA tərəfindən 58 süni örtüklü meydança tikilərək təmənnasız olaraq uşaqların istifadəsinə verilib.
- Futbolda təhsilin gücləndirilməsi ilə bağlı Dövlət Proqramında xüsusi müddəalar qeyd olunub. Bu istiqamətdə hansı tədbirlər həyata keçirilir?
- Futbolda təhsilin əhəmiyyəti nəzərə alınaraq, bu istiqamətdə bir çox işlər görülüb. Məşqçilərə UEFA-nın C, B və A lisenziyası verən kurslar AFFA tərəfindən təşkil olunub. C lisenziyalı kurslarda 96, B lisenziyalı kurslarda 74, A lisenziyalı kurslarda isə 41 nəfər məşqçi iştirak edib. Pro kateqoriyalı lisenziya kursunun təşkili üçün AFFA UEFA-ya müraciət edib. Artıq bu sahədə də müəyyən irəliləyişlər əldə olunub. UEFA-nın mütəxəssisləri ölkəmizdə bununla bağlı monitorinq keçirdikdən sonra AFFA tərəfindən Pro kateqoriyalı məşqçilər kursunun da keçirilməsinə müsbət rəy veriblər. Avropa futbol qurumu tərəfindən bununla bağlı yaxın zamanlarda qərar qəbul olunacağı gözlənilir. Bundan əlavə, məşqçilərin və AFFA əməkdaşlarının ixtisasının artırılması məqsədilə UEFA-nın təşkil etdiyi çoxsaylı seminarlarda onların iştirakı təmin olunub.
Bakı şəhərindəki 239, 240 və 201 saylı orta məktəblərdə futbol dərsləri pilot layihəsi şəklində tədris olunmağa başlayıb. Bu dərsləri AFFA-nın təyin etdiyi məşqçilər keçir.
- Futbolun inkişafı üçün bu idman növünün kütləviliyinin təmin olunması vacibdir. Bununla bağlı həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?
- Futbolun kütləviliyinin təmin olunması, istedadlı uşaqların üzə çıxarılması, uşaq futbolunun inkişafı məqsədilə futbolumuzun tarixində ilk dəfə olaraq AFFA-nın U-13 liqası (76 komanda), U-14 liqası (54 komanda) yaradılıb. Bu liqalarda çıxış edən komandaların nəqliyyat və yemək xərcləri ödənilir. Uşaq və yeniyetmələr arasında futbolun inkişafını təmin etmək məqsədilə Kapital Bankın sponsorluğu ilə keçirilən U-15 liqasında 16 komanda, Azercell-in sponsorluğu ilə keçirilən U-17 liqasında isə 17 komanda iştirak edir. Eləcə də ölkəmizdə qadın futbolunun inkişafı üçün UNİCEF-in dəstəyi ilə "U-15 UNİCEF qızlar Liqası" yaradılıb. Liqada 16 komanda mübarizə aparır. Oyunlar regional bölgü prinsipinə əsasən, Bakıda və İsmayıllı rayonunda keçirilir. Bundan əlavə, futbolun kütləviliyinin artırılması ilə bağlı əlillər, qızlar, uşaqlar, həvəskarlar arasında mütəmadi olaraq turnirlər təşkil olunur.
Futbolun kütləviliyinin artırılması məqsədilə Lənkəranda, Cəncədə və Sumqayıtda Top festivalı layihəsi həyata keçirilib. Festivalın qalibləri AFFA-nın hədiyyələri ilə mükafatlandırılıb.
Məktəblərdə futbolun təbliğinin aparılması üçün ilkin olaraq Bakı şəhərinin Səbail və Nərimanov rayonlarında, sonra isə "Qəbələ" klubu ilə birlikdə Qəbələ rayonundakı orta məktəblərin şagirdləri arasında "Məktəbli kuboku" keçirilib. Gələcəkdə bu turnirin respublikanın bütün bölgələrindəki məktəbləri əhatə etməsi nəzərdə tutulub.
Tələbələrin böyük futboldan kənarda qalmaması üçün 2008-ci ildən etibarən ali məktəb tələbələri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş respublika çempionatı keçirilir. Çempionatın qalibinin tələbələr arasında Avropa çempionatında iştirakı təmin olunub. AFFA İcraiyyə Komitəsi Tələbə Liqasının yaradılması barədə qərar qəbul edib.
Hakimlər, yığma komandaların məşqçiləri və AFFA-nın işçiləri üçün xarici dil kursları təşkil olunub. Bakı şəhərindəki orta məktəblərin bədən tərbiyəsi müəllimləri üçün AFFA-nın inzibati binasında seminarlar keçirilib.
Müxtəlif liqalarda çıxış edən komandaların məşqçiləri üçün mütəmadi seminarlar keçirilir və onlara zəruri avadanlıqlar verilib.
FİFA-nın "Grassroots" proqramı çərçivəsində seminar, ardınca isə "Şəfa" stadionunda, Şağan Olimpiya İdman Kompleksində festival təşkil olunub. Ölkə daxilində və xarici ölkələrdə hakimlər üçün seminarlar, təlim-məşq prosesləri keçirilib. Bu seminarlarda xarici ölkələrdən təlimatçılar iştirak edib.
AFFA tərəfindən futbolla məşğul olan şəxslərin - futbolçuların, məşqçilərin və digər texniki işçilərin qeydiyyat sistemi yaradılıb və bu proses uğurla davam etdirilir. 2009-cu ilin yanvarında bu sistemdə qeydiyyata alınanların sayı 1320 nəfər olduğu halda indi Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçmiş üzvlərinin sayı 14 min nəfərdən çoxdur. UEFA ölkəmizdə kütləvi futbolla bağlı həyata keçirilən çoxsaylı tədbirləri yüksək qiymətləndirərək AFFA-ya 3 ulduz təqdim edib. Təbii ki, bu uğurların qazanılmasında futbolun təbliğatının da xüsusi əhəmiyyəti var. Bildiyiniz kimi, affa.az saytı üç dildə operativ olaraq fəaliyyət göstərir. Bu ildən isə affavideo.az saytı fəaliyyətə başlayıb.
- AFFA-nın beynəlxalq futbol qurumları ilə münasibətləri barədə nə deyə bilərsiniz?
- İlk növbədə onu qeyd edim ki, AFFA-nın futbolun inkişafı üçün həyata keçirdiyi tədbirlər FİFA və UEFA tərəfindən yüksək qiymətləndirilir. FİFA-nın prezidenti cənab Yozef Blatter və UEFA-nın prezidenti cənab Mişel Platini ilə görüşlərimizdə onlar bu barədə düşündüklərini dəfələrlə bildiriblər. Təbii ki, bu amil bizi sevindirir. Təsadüfi deyil ki, FİFA İcraiyyə Komitəsi 2012-ci ildə təşkil olunacaq 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edib. Qeyd etdiyim kimi, belə mötəbər yarışın təşkilatçılığının bizə etibar edilməsi AFFA-nın məqsədyönlü fəaliyyətinin nəticəsidir. Ümid edirəm ki, AFFA tərəfindən dünya çempionatı yüksək səviyyədə təşkil olunacaq və bu, daha böyük turnirlərin ölkəmizdə keçirilməsinə zəmin yaradacaq.
Sonda ölkəmizin futbol ictimaiyyəti adından xalqımızı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.