“Qırğız Respublikası tezliklə Azərbaycanın ərazi bütövlüyünün bərpasını istəyir”

Dünən Azərbaycanın paytaxtında V Qlobal Bakı Forumu öz işini başa çatdırıb. Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə baş tutub. Forumun işində 50-dən artıq ölkədən 260-dan çox qonaq – dövlət və hökumət başçıları, nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlər iştirak ediblər. Forum çərçivəsində terrorizmə qarşı mübarizə yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizm və populizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması və c. məsələlərlə bağlı geniş müzakirələr aparılıb. Əməkdaşımız forum iştirakçılarının tədbirlə bağlı fikirlərini öyrənib.

Kubanıçbek Abakirov, Qırğızıstan ­Respublikası Prezidenti Aparatının eksperti: 

– Dünən öz işini başa vuran V Qlobal Bakı Forumu burada iştirak edənlər üçün çox mühüm tədbir kimi uzun müddət yadda qalacaq. Dünyanın həssas və narahat bir dönəmində Azərbaycanın belə bir mötəbər foruma ev sahibliyi etməsi onun beynəlxalq aləmdə get-gedə artmaqda olan nüfuzundan xəbər verir.

Ən maraqlısı budur ki, Azərbaycan rəhbərliyi qonaqları dəvət edərkən çox yaxşı seçim edib, dünyanın bütün regionlarını nəzərə alıb. Biz burada planetimizin ən müxtəlif guşələrindən gəlmiş tanınmış simalarla - siyasətçilər, diplomatlar, media nümayəndələri və beynəlxalq təşkilatları təmsil edən şəxslərlə tanış olduq. Avropa, Asiya, Afrika, Amerika kimi qitələrin nümayəndələri ilə söhbətləşmək, qlobal problemlər ətrafında dərdləşmək imkanımız oldu. Bu özü hər bir iştirakçı üçün yeni bir şansdır. Eyni zamanda, çıxışlar zamanı ən müxtəlif baxış bucaqları ilə tanış ola bildik. 

Təbii ki, ən maraqlı və əhatəli çıxış Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən edildi. Bu çıxışda böyüklü-kiçikli bütün qlobal problemlərə toxunuldu. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan öz regionunda mühüm sabitləşdirici amil rolunu oynayır və ölkənin təşəbbüsləri regional əməkdaşlığa və təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə istiqamətlənib. Amma Azərbaycan ada deyil və qonşu ölkələrdə baş verən hadisələr ölkədə böyük narahatlıq doğurur. Onun sözlərinə görə, dünyada hələ də çağırışlar, müharibələr, münaqişələr, miqrant böhranları mövcuddur və bütün bunlar böyük humanitar faciədir. Bu böhranların real səbəbi ölkələrin daxili işlərinə xarici siyasi və hərbi müdaxilələrdir. Miqrasiya böhranı beş-on il əvvəl yox, bu yaxınlarda baş verib. Bu, Yaxın Şərq ölkələrinə münasibətdə aparılan düşünülməmiş siyasətin nəticəsidir.

Azərbaycan Prezidenti dünyanın onsuz da yaxşı tanıdığı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ böhranını yenidən ətraflı şərh edərək bildirdi ki, biz bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Ermənistan isə status-kvonu dəyişməz olaraq saxlamaq istəyir və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan vasitəçilərin bəyanatlarına əhəmiyyət vermir. ABŞ və Rusiya dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir, bu isə Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanması deməkdir.

Azərbaycana dost ölkə kimi Qırğız Respublikası da tezliklə ölkənizin ərazi  bütövlüyünün bərpasını istəyir. Bu yolda azərbaycanlı qardaşlarımıza uğurlar arzulayırıq.

Söhbəti yazdı:
Paşa ƏMİRCANOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında