Dünyanın hər bir regionundan tanınmış simalar - siyasətçilər, diplomatlar, media nümayəndələri və digər qurumları təmsil edən şəxslərin iştirak etdikləri V Qlobal Bakı Forumu bir sıra mühüm cəhətinə görə diqqət çəkir. Əvvəla, Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzundan xəbər verir. Digər tərəfdən, bu forum, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqq işini bir daha dünyaya çatdırır.
Sonuncu məsələ ilə bağlı bir qədər ətraflı danışmaq istərdim. Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin mövqeyi beynəlxalq aləm üçün tam aydındır. Belə ki, Azərbaycanın ərazi bütövlüyü pozulub, torpaqlarımızın 20 faizi işğal edilib. Bu təcavüz nəticəsində minlərlə insan öldürülüb, soyqırımı törədilib, Azərbaycanın tarixini və mədəniyyətini silmək məqsədilə xeyli sayda dəyərli abidə və sənət əsərləri məhv edilib. İşğal faktı BMT Təhlükəsizlik Şurasının, İƏT-in, Qoşulmama Hərəkatının qətnamələrində, həmçinin Avropa Şurasının rəsmi sənədlərində öz əksini tapıb, beynəlxalq ictimaiyyət tərəfindən təsdiqlənib.
V Qlobal Bakı Forumunda bu məsələ diqqət mərkəzinə yönəldilməklə yanaşı, BMT-nin dünyada gedən geosiyasi proseslərə münasibətinə, beynəlxalq və regional təhlükəsizliyi təhdid edən münaqişələrin aradan qaldırılması istiqamətində göstərdiyi ziddiyyətli fəaliyyətinə də nəzər salınıb. Bildirilib ki, bu, dünya ictimaiyyəti tərəfindən birmənalı şəkildə qarşılanmır. Belə ki, bu gün hamıya aydındır ki, bəzi Qərb dövlətlərinin təsiri altında BMT qəbul etdiyi qətnamə və qərarların yerinə yetirilməsinə ikili standartlar mövqeyindən yanaşır ki, bu da onun nüfuzuna ciddi zərbə vurur. Nəticədə münaqişələrdən əziyyət çəkən dövlətlərin BMT-yə olan inamı getdikcə azalır.
Qlobal Bakı Forumunda göstərilib ki, BMT vaxtilə İraqın dərhal cəzalandırılmasına rəvac verdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin də təxirə salınmadan yerinə yetirilməsi üçün prinsipial mövqe nümayiş etdirmir. Liviya ilə bağlı BMT Təhlükəsizlik Şurasının çıxardığı qətnamə dərhal icra olunduğu halda, bu qurumun Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ayrı-ayrı vaxtlarda qəbul etdiyi dörd qətnamə iyirmi ildən çoxdur ki, yerinə yetirilmir.
Forumda haqlı olaraq xatırladılıb ki, hazırda BMT-nin ikili standartlardan kənar, müstəqil bir qurum kimi fəaliyyət göstərməsi üçün təşkilatda ciddi islahatların aparılması, onun yenidən strukturlaşması və Təhlükəsizlik Şurası üzvlərinin sayının artırılması zərurəti ortaya çıxıb. Bu gün bir çox ölkələr hesab edir ki, yalnız 5 dövlətin BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü kimi veto hüququna sahib olması və ümumiyyətlə, təşkilatın formalaşmış daimi üzvlük meyarı ədalətli deyildir. Digər tərəfdən, BMT-nin hansısa ciddi qərarlar qəbul etməsi Təhlükəsizlik Şurasının 15 üzvündən 9-nun, o cümlədən 5 daimi üzvün konsensusa gəlməsindən asılıdır ki, bu da təşkilatın çevik və dinamik fəaliyyətinə böyük maneə yaradır. Təhlükəsizlik Şurasının üzvü olan bütün dövlətlərin heç də hamısının veto hüququna malik olmaması bəzi hallarda ədalətsiz qərarların qəbuluna gətirib çıxarır. Azərbaycan dövləti də dünyanın bütün regionlarında münaqişələrin aradan qaldırılması, sülhün və sabitliyin etibarlı şəkildə təmin olunması üçün BMT-də islahatların aparılması ideyasını dəstəkləyir.
Qlobal Bakı Forumunda birmənalı olaraq vurğulanıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə həll edilməlidir. Dünya ölkələri bu münaqişənin sülh yolu ilə, diplomatik yolla həllində maraqlı olmalıdırlar. Əksər dünya ölkələri bu məsələdə Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyir. Münaqişənin həlli region üçün çox vacibdir. Dövlətlərin ərazi bütövlüyü təmin olunmalıdır.
Azər VERDİYEV,
Azərbaycan Slavyan Gəncləri Assosiasiyası analitik təhlil
mərkəzinin rəhbəri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.