Almaniyalı politoloq: Bu, çox uğurlu layihədir

Azərbaycan paytaxtında “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda V Qlobal Bakı Forumu öz işinə başlayıb. Tədbirdə bir sıra ölkələrdən nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlər iştirak edirlər. Əməkdaşımız tədbir çərçivəsində almaniyalı politoloq Tilo Ştaynbaxla görüşərək, ondan forumun ilk iş günü barədə təəssüratını oxucularımızla bölüşməsini xahiş etmişdir. Almaniyalı qonaq bunları demişdir:

– Hesab edirəm ki, Qlobal Bakı Forumu dünyanın müxtəlif regionlarından çeşidli baxışlara, dünyagörüşlərinə sahib olan insanların bir araya gələrək təcrübə və fikir mübadiləsi aparması üçün çox uğurlu layihədir. Dünyanın indiki qarışıq dönəmində siyasi və ictimai dialoq həqiqətən vacibdir.

Fikrimcə, belə bir tədbirin məhz Azərbaycanda keçirilməsi təbiidir. Belə ki, Azərbaycan xalqının tolerantlığı təbliğ və təqdir etməyə tamamilə haqqı çatır. Axı gənc, müstəqil dövlət olan Azərbaycanda bu gün müxtəlif dinlərin, xalqların və millətlərin nümayəndələri çox mehriban bir şəraitdə yaşayıb-yaradırlar. Bu, böyük uğurdur, həm də başqa ölkələr üçün yaxşı nümunə hesab olunur. 

Forumda Azərbaycan Prezidenti cənab İlham Əliyev dərin məzmunlu çıxış etdi. Mən hörmətli dövlət başçısının fikirlərini böyük maraqla dinlədim. Azərbaycan lideri bu gün planetimizdə baş verən təzadlı prosesləri dərindən təhlil edərək, dedi ki, hazırda dünyanın həmişə olduğundan daha çox dialoqa, qarşılıqlı inam və etimada ehtiyacı var.

Qeyd edim ki, mən artıq üçüncü dəfədir ki, forumda iştirak edirəm. Hər dəfə Bakıya gələndə, Azərbaycan paytaxtında böyük dəyişikliklərin həyata keçirildiyinni şahidi oluram. Görünən budur ki, ölkəniz davamlı olaraq inkişaf və tərəqqi edir. Fikrimcə, Azərbaycanın uğurlarının əsasında düzgün idarəçilik, eləcə də ictimai-siyasi sabitlik dayanır.

Yaxşı haldır ki, forum yerli və beynəlxalq medianın diqqət mərkəzindədir. Qlobal media xalqlar arasında sülhün, əmin-amanlığın bərqərar olunmasına kömək etməlidir. Təəssüf ki, bu,  həmişə belə olmur. Son illər bəzi ölkələrdə mətbuat millətçi qüvvələrin tribunasına çevrilir ki, bu, yolverilməz haldır.

Qlobal Bakı Forumu humanist məqsədlərə xidmət edir. İnanıram ki, forumda müzakirəyə çıxarılan aktual problemlər, səsləndirilən ideya və təkliflər beynəlxalq münasibətlərin ədalətlə nizamlanması işinə öz töhfəsini verəcək. 

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında