Elman NƏSİROV: Avropa İttifaqında yaşanan sistemli böhrana daha biri – diplomatik böhran da əlavə olundu

Müstəqil dövlətlərə demokratiya dərsi keçmək istəyən,  özünü insan hüquq və azadlıqlarının müdafiəçisi kimi göstərməyə cəhd edən Avropada son illər baş verən hadisələr, xüsusilə, miqrantlara qarşı ədalətsizlik, milli ayrı-seçkilik və demokratiyaya zidd hərəkətlər  bir daha təsdiqləyir ki, bəzi Avropa təsisatları və Avropa Parlamenti öz gözündə tiri qoyub, başqalarının gözündə tük axtarır. Sanki dərk etmirlər ki, qitəyə üz tutanların əksəriyyəti hazırda münaqişələrin, daxili müharibələrin, terrorizmin, xaosun hökm sürdüyü ölkələrdə yaşayış şəraitinin, humanitar vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar evlərini tərk etmək məcburiyyətində qalanlardır.

Bu günlərdə Niderland hökumətinin Türkiyə Respublikasının dövlət rəsmilərinə qarşı həyata keçirdiyi antidemokratik tədbirlər, bu ölkədə yaşayan türk icması üzvlərinin sərbəst və dinc toplaşmaq hüququnu kobud şəkildə pozması, onlara qarşı gücdən istifadə etməsi, ən qəddar üsullara əl atması Avropada yaşanmaqda olan böhrana diplomatik böhranı da əlavə etdi.

Niderlandda türk icması üzvlərinin hüquq və azadlıqlarının kobud şəkildə pozulması, onların sərbəst toplaşmalarının qarşısının güc vasitəsilə alınması, Türkiyənin dövlət rəsmilərinə qarşı qeyri-diplomatik hərəkətlər Avropanın özünün təbliğ etdiyi diplomatik qaydalara, beynəlxalq münasibətlərə, mehriban qonşuluq siyasətinin yeridilməsinə ziddir. Hər hansı bir dövlətin xarici işlər nazirinin ölkəyə buraxılmasından imtina etmək bütün diplomatik normaların əleyhinədir. Həm də Avropa demokratiyasının ifşası deməkdir. Özünü demokratiyanın beşiyi hesab edən Avropa İttifaqı ölkəsinin diplomatik rəzaləti bununla ən yüksək həddə çatdığını təsdiqlədi.

Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovla söhbətimiz bu mövzuda oldu. O, Niderlandda baş verən hadisələri Avropada antitürk əhval-ruhiyyəsinin baş qaldırması və  Türkiyənin uğurlu müstəqil xarici siyasət yürütməsinin Avropada qısqanclıqla qarşılanması ilə əlaqələndirdi: “Avropa İttifaqında sistemli böhran yaşanmaqdadır.  Türkiyə ilə  bağlı hadisələr göstərdi ki, bura  daha biri–diplomatik böhran da əlavə edilib. Hollandiya və Türkiyə arasında yaşanan son hadisələr təsdiqlədi ki, bir çox hallarda Avropa İttifaqı və onun təsisatları insan hüquq  və  azadlıqları, insanların sərbəst toplaşmaq hüquqlarından danışdıqca, digər tərəfdən həmin hüquqları pozan tərəf kimi çıxış edirlər. Bu arada  Napoleonun məşhur ifadəsini xatırlatmaq yerinə düşər. Böyük sərkərdə deyirdi ki, Avropada kimin nədə problemi varsa, ən çox  ondan danışır. Napoleon məntiqi ilə yanaşsaq, demokratiya, insan haqları ilə bağlı Avropa qədər heç bir qitə danışmır. Avropadakı qədər bu hüquqların pozulduğu ikinci  bir məkan da tapmaq mümkün deyil. Son hadisələrə də bu  prizmadan yanaşmaq lazımdır”.

Deputatın mövqeyinə görə, son hadisələrdə iki motiv əsas götürülür. Birincisi onunla bağlıdır ki, bu gün Türkiyəyə qarşı kəskin mövqedə dayanan ölkələr daha çox antimüsəlman hərəkətlər nümayiş etdirir, digər tərəfdən islamofobiya və ksenofobiya meyillərinin getdikcə gücləndiyinin şahidi oluruq. Belə olan vəziyyətdə çox gözəl fərqindədirlər ki, aprelin 16-da Türkiyədə keçiriləcək referendum nəticə etibarı ilə bu ölkənin daha da gücləndirilməsinə gətirib çıxaracaq. Xəbər verildiyi kimi, Türkiyə  dövləti öz suveren hüququndan istifadə edərək, aprelin 16-da Konstitusiyaya düzəlişlər edəcək və bunu xalqın müzakirəsinə, referenduma çıxaracaq. Deməli, Türkiyə hədəfə alınmalıdır. Bunlar həm də gözlənilən idi. Nəyə görə bunları gözlənilən hesab etmək olardı?

Politoloq 2014-cü ildə Avropa Parlamentinə keçirilən seçkiləri xatırladaraq dedi ki, həmin seçkilərin gedişatında bugünkü Hollandiyada müxalifətdə olan, ancaq hakimiyyətə son dərəcə iddialı sağ partiya, onun rəhbəri Vilder–onlar özlərinə Azadlıq Partiyası adını qoyublar–həmin seçkilərdə çox yüksək nəticələr göstəriblər. Bu, həmin Vilderdir ki, öz bəyanatlarında İslamla faşizm arasında bərabərlik işarəsi qoyur. O deyir ki, Qurani-Kərimlə Adolf Hitlerin “Mənim mübarizəm” adlı irqçi əsəri arasında heç bir fərq yoxdur. Hazırda Fransada Türkiyə əleyhinə olan  Marin Le Penin rəhbərlik etdiyi sağ radikal qüvvələr hakimiyyətə gəlmək üçün çox iddialıdır. Almaniyanın özündə də bu ölkənin alternativi olan bir partiya var. Onlar da hakimiyyətə gəlməyə iddialıdır: “Bu qüvvələr faktiki olaraq Türkiyə əleyhinə çıxış edirlər. Əsas səbəb də ondan ibarətdir ki, Türkiyə müsəlman ölkəsidir. Bu qüvvələr, xüsusilə də Hollandiyada olan həmin qüvvələr məscidlərin tikilməsinə icazə vermirlər. Həmin qüvvələr miqrant qəbul edir, ancaq tərkibində müsəlman varsa, qəbul etmirlər və başqa bir müsəlman və ya xristian dövlətini də hədəf seçə bilərlər. Onlar neofaşist  qüvvələrdir. 

Bu yerdə mənim yadıma bir fakt düşür. Azərbaycan Prezidenti cənab İlham Əliyevin hələ 2 il öncə faşizm üzərində qələbənin ildönümü ilə bağlı “Rossiya-24”  telekanalına müsahibəsində sanki  bugünkü hadisələri görürmüş kimi fikir səsləndirmişdi. Demişdi ki, 10-15 il bundan əvvəl söyləsəydilər ki, Avropa ölkələrində neofaşist qüvvələr bu qədər artacaq, bu qədər güclənəcək, bu ideyaların daşıyıcları olan gənclər mitinqlərə çıxacaq, heç kim inanmazdı. Amma bu gün bu reallıqdır və ən dəhşətli tendensiya ondan ibarətdir ki, bu sağ radikal, neofaşist  və millətçi qüvvələr hazırda hakimiyyətdə deyillər. Amma həmin qüvvələr  3-5 ilə hakimiyyətə gələrlərsə, görün dünyanı nə gözləyir?  Bu gün təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Hollandiyada hakimiyyətdə olan qüvvələrin özü də bir çox hallarda sanki  həmin o neofaşist  qüvvələrə bənzəmək istəyirlər ki, belə olduqda səs qazanmaq olar.

E.Nəsirov hazırda  Hollandiyada 700 minə yaxın türkün yaşadığını diqqətə çatdırdı və Türkiyə xarici işlər və sosial siyasət nazirinin bu ölkəyə səfər etməsi, türk icması  ilə görüşlər keçirməsinin məntiqli olduğunu bildirdi. Onun fikrincə, burada qeyri-qanuni heç nə yoxdur və görüşlərin keçirilməsi beynəlxalq hüquq prinsiplərinə uyğundur. Məlumdur ki, gələn ay Türkiyədə referendum keçiriləcək və ölkə rəhbərliyi referendum ərəfəsində soydaşları ilə görüş keçirir. Amma qarşı tərəf, guya təhlükəsizlik prizmasından çıxış edərək bu  tədbirlərə icazə vermədi. Hollandiyada baş verənlər dünya praktikasında  nadir hadisələrdəndir.  Fikir verin, nazirin Türkiyənin konsulluğunun binasına, öz ərazisinə daxil olmasına icazə verilmir, nazir xanıma mənəvi-psixoloji təzyiq edilir, polisin müşayiəti ilə onu zorla Almaniya sərhədinə göndərirlər. Bunlar hamısı bütövlükdə demokratiya üçün bir  ləkədir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun verdiyi suala münasibət bildirən politoloq vurğuladı ki, bu sual Avropa ilə yanaşı, bütün dünyanı da düşünməyə vadar edir. M.Çavuşoğlu deyib ki, mən Niderlanda türk icması ilə görüşməyə gəlirəm. Məgər ölkənin xarici işlər naziri terrorçudurmu və ya məni orada qəbul edən türk icmasının üzvləri terrorçudurlarmı? 

E.Nəsirovun fikrincə, Hollandiya  demokratiyaya zidd əməlləri ilə əsl simasını ortaya qoydu. Demək, mitinq Türkiyə əleyhinədirsə, ona icazə  vermək lazımdır, lehinədirsə, icazə vermək lazım deyil. Məgər buna demokratiya deyirlər? Avropa demokratiyası budurmu? Bu hadisələrdən sonra Hollandiya kimi dövlətlərin “demokratiya” sözünü leksikonundan çıxartmasının vaxtı çatıb.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında