Azərbaycan və türk diaspor təşkilatları ABŞ-da fəaliyyətlərini genişləndirirlər

ABŞ dünyanın ən qüdrətli dövlətlərindən biridir. Ona görə də bu ölkədə baş verən hadisələr çox vaxt bütün dünyada əks-səda doğurur. Müəyyən bir problem barədə rəsmi Vaşinqtonun tutduğu mövqe həmin problemin həllində aparıcı rol oynayır. Demokratiyanın beşiyi sayılan ABŞ-da dövlət qərarlarının qəbul olunmasında və həyata keçirilməsində ictimaiyyətin rəyi həmişə nəzərə alınır. Təbii ki, ictimai rəyin formalaşmasına təsir göstərən mühüm amillərdən biri də təbliğatın düzgün qurulmasıdır. Məhz bu məqamda həmin ölkədəki diaspor təşkilatlarının fəaliyyətinin əhəmiyyəti və vacibliyi açıq-aşkar ortaya çıxır.
Müşahidələr göstərir ki, müxtəlif diasporlar tərəfindən ardıcıl aparılan təbliğat gec-tez öz bəhrəsini verir. Əsas odur ki, nə vasitə ilə olursa-olsun, irəli sürülən arqumentlərin həqiqəti əks etdirdiyini sübuta yetirəsən. Bəlkə də "sübutların" söykəndiyi elə bir ciddi fakt da yoxdur. Ancaq məsələdən hali olmayanlar üçün bəzən əsassız arqumentlər də öz-özlüyündə inandırıcı təsir bağışlaya bilər. Bu isə, o vaxt baş verir ki, həmin dezinformasiya yayanları ifşa edən "qüvvə" olmur.
ABŞ-dakı erməni lobbisi də uzun zamandan bəri belə bir üsulla öz yalanlarını ölkə ictimaiyyətinə sırıyıb. Əvvəllər bunu rahat həyata keçirsələr də, son vaxtlar çox ciddi maneələrlə qarşılaşırlar. Bu maneə isə gündən-günə güclənən Azərbaycan və Türkiyə diasporudur. Dünyanın bir sıra ölkələrində olduğu kimi, ABŞ-da da diasporumuz Azərbaycan Prezidenti İlham Əliyevin "bir millətin iki diasporu ola bilməz" - kəlamını rəhbər tutaraq qan qardaşlarımızla birgə fəaliyyətlərini daha da genişləndirirlər. Onların məqsədi Azərbaycan və Türkiyə xalqlarının yüksək milli-mənəvi dəyərləri barədə Amerika ictimaiyyətini məlumatlandırmaq, erməni lobbisinin yalan üzərində qurulmuş təbliğatını darmadağın etmək, xüsusilə də 20 faiz Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması həqiqətini ABŞ ictimaiyyətinə çatdırmaqdır. Sevindirici haldır ki, Amerikada bu missiyanı həyata keçirən onlarca Azərbaycan və türk cəmiyyətləri fəaliyyət göstərir. Bu cəmiyyətlər arasında Amerika Azərbaycanlıları Cəmiyyəti öz aktivliyi ilə daha çox seçilir. Hazırda cəmiyyətə Tomris Azəri rəhbərlik edir. Onunla internet vasitəsilə əlaqə yaradaraq diasporumuzun Amerikadakı fəaliyyəti barədə fikirlərini öyrəndik. Tomris xanım əvvəlcə cəmiyyətin yaranma tarixi barədə məlumat verdi:
- Cəmiyyətimiz 1956-cı ildə Nyu-Cersi ştatında yaşayan soydaşlarımız tərəfindən yaradılıb. Əsas məqsəd ABŞ-dakı azərbaycanlılar arasında həmrəylik yaratmaq və bu yolla öz milli-mənəvi dəyərlərimizi qorumaqdır. Çalışırıq ki, Amerikada yaşayan vətənpərvər azərbaycanlıların bizə əmanət etdiyi bu mədəniyyət və birlik ocağının fəaliyyətini daha da genişləndirək. Cəmiyyətin üzvlərinin demək olar ki, əksəriyyəti ABŞ-da uzun zamandan bəri yaşayan azərbaycanlılardır. Yəni üçüncü, dördüncü nəslinin nümayəndələridir. Bundan başqa, hazırda Amerikaya oxumağa, işləməyə gələn azərbaycanlılar da bizim cəmiyyətə üzv olurlar. Yəni, cəmiyyətimiz gündən-günə daha da güclənir.
Hər il mütəmadi olaraq xalqımızın bütün milli bayramlarını Nyu-Cersidə qeyd edirik. Hər tədbirdə də şəhərdəki binamız soydaşlarımızla dolub-daşır. Hətta, bir çox hallarda o qədər soydaşımız gəlir ki, içəridə yer qalmır. Əslində, bu sevindirici haldır. Çünki bu onu göstərir ki, ABŞ-da azərbaycanlıların sayı durmadan artır, bununla bərabər, onlar arasında həmrəylik hissləri də güclənir.
- Cəmiyyətiniz ABŞ-ın ictimai-siyasi həyatında Azərbaycan həqiqətlərini gündəmə gətirə bilirmi?
- Mən cəmiyyətin sədri seçildikdən sonra çalışmışam ki, bu istiqamətdə ardıcıl fəaliyyət göstərim. Çalışırıq ki, ABŞ senatorları, konqresmenləri ilə əlaqələr yaradaq. Onlara Azərbaycan barədə ətraflı məlumat verək. Dağlıq Qarabağın və onun ətrafında olan rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bunun nəticəsində minlərlə azərbaycanlının öz doğma el-obasından, ev-eşiyindən didərgin düşdüyünü senatorların və konqresmenlərin diqqətinə çatdıraq. Buna müəyyən mənada nail olmuşuq. Biz həmin şəxslərlə ya üzbəüz görüşürük, ya da məktublar yazaraq, Azərbaycan həqiqətlərini onlara çatdırırıq.
Biz tədbirlər keçirməklə də öz haqq səsimizi ucaldırıq. Məsələn, hər il 20 Yanvar, Xocalı faciələrinin ildönümlərini qeyd edirik. İnanın ki, tədbirlərimizdə iştirak edən amerikalılar biz azərbaycanlıların başına gətirilən müsibətləri öyrəndikdə dəhşətə gəlirlər və göz yaşlarını saxlaya bilmirlər. Həmin andan etibarən, onlar da Azərbaycanımızın dərdinə şərik olur, onun haqq səsinin müdafiəçilərinə çevrilirlər.
Biz doğma Vətənimizin şanlı tarixini, mədəniyyətini, ədəbiyyatını, incəsənətini də təbliğ edirik. Azərbaycan mədəniyyəti, musiqisi bizim ən ideal təbliğat vasitəmizdir. Çünki Azərbaycanın mədəniyyətindən xəbərdar olan hər kəs "Odlar yurdu"na heyran qalır.
- ABŞ-dakı Azərbaycan və Türkiyə diasporları arasındakı əməkdaşlıq hansı səviyyədədir?
- Qətiyyətlə deyə bilərəm ki, bizim əməkdaşlığımız çox yüksək səviyyədədir. Demək olar ki, bütün tədbirlərimizi birgə həyata keçiririk. Azərbaycan və Türkiyə diasporlarının birlikdə fəaliyyət göstərməsi, bizim gücümüzü xeyli artırır.
Etiraf etmək lazımdır ki, əvvəllər həm Azərbaycan, həm də Türkiyə tərəfi diaspor fəaliyyətlərinə o qədər də diqqət ayırmırdı. Ancaq ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi ilə, sanki həm Azərbaycan, həm də Türkiyə diasporları bu biganəlikdən xilas oldu. Heydər Əliyevin bu qurultaydakı nitqi bütün dünyada əks-səda doğurdu və diaspor fəaliyyətlərini daha da sürətləndirdi. Xüsusən, qurultaydan sonra diasporlarımızın fəaliyyəti ilə daim maraqlanan dövlət komitəsinin yaradılması müsbət istiqamətdə gedən bu prosesə təkan verdi. İndi biz komitə ilə daim əlaqə saxlayırıq, əməkdaşlıq edirik.
Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətinin təmini istiqamətində ilk təşəbbüs də Azərbaycan rəhbərliyi tərəfindən göstərildi. 2007-ci il mart ayında Dünya Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirildi. Foruma 48 ölkədən 513 nəfər qatıldı. Onlardan 173-ü Azərbaycan, 140-ı türk diasporunun nümayəndələri idi. Ən önəmlisi odur ki, forumda Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası müəyyənləşdirildi. Bakı Bəyannaməsi, türkdilli xalqlara müraciət, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə müraciət qəbul olundu. Həmrəyliyin təmin olunması baxımından Bakı Bəyannaməsinə uyğun olaran 2008-ci il martın 27-də Almaniya Federativ Respublikasının Berlin şəhərində Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının illik iclası keçirilməsi də əhəmiyyətli hadisə oldu.
Sizi əmin edirəm ki, bizim bu şəkildə ardıcıl və birlikdə fəaliyyət göstərməyimiz erməni lobbisinə psixoloji baxımdan çox mənfi təsir edir. Mən Berlindəki iclasda da bildirdim ki, Amerikadakı erməni icması Azərbaycan və türk diasporunun birgə fəaliyyətindən narahatlıq keçirir. Çünki məhz bizim sıx əməkdaşlığımız sayəsində ABŞ Konqresində həm Azərbaycan, həm də Türkiyə dostluq qruplarının sıraları durmadan genişlənir. Artıq 3 ildir ki, fəaliyyət göstərən "US Azeri Network" şəbəkəsi vasitəsiylə diaspor üzvləri bütün zəruri sənədlərdən, tədbirlərdən operativ xəbər tutur, öz mövqeləri barədə ABŞ Konqresinin üzvlərini daha tez məlumatlandırmaq imkanı qazanırlar.
- ABŞ Konqresi demişkən, bu günlərdə Nümayəndələr Palatasında qondarma "erməni soyqırımı"na dair qətnamə müzakirəyə çıxarılacaqdı. Ancaq bu baş tutmadı. Təbii ki, bundan ən çox ermənilər məyus oldular...
- Həqiqətən də çox çətin bir vəziyyət yaranmışdı. Çünki qondarma "erməni soyqırımı" barədə qanun layihəsinin müzakirəyə çıxarılması haqda heç bir məlumat yox idi. Biz bu barədə xəbəri Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin dekabrın 17-də verdiyi açıqlamadan öyrəndik. Hər halda erməni lobbisi və ermənipərəst konqresmenlər bu xəbəri məqsədli şəkildə son günlərədək gizli saxlayırdılar. Onlar Amerikada artıq kifayət qədər güc toplamış Azərbaycan və türk diaspor təşkilatlarının, eyni zamanda, Türkiyə və Azərbaycanın məsələyə müdaxilə edəcəyindən ehtiyatlanırdılar. Həqiqətən də bu barədə xəbəri öyrənən kimi, ermənilərin qorxduqları baş verdi. Amerikada dərhal etiraz səsimizi yüksəltdik. Konqresmenlərə internet vasitəsiylə yüzlərlə mesaj ünvanladıq, onların ofislərinə zəng etdik, birbaşa görüşlər keçirildi. Ümumi səylər nəticəsində ermənilər yenə də məyus oldular. Belə məqamda bir daha anlaşılır ki, ABŞ-da diaspor fəalliyətinə önəm verməkdə heç də səhv etməmişik.
Unutmamalıyıq ki, erməni lobbisi Türkiyənin və Azərbaycanın əleyhinə uzun illərdir təbliğat aparır. Onlar həmişə Türkiyə və Azərbaycana düşmənçilik mövqeyindən yanaşıblar. Daim bizi ləkələmək, ölkələrimizdə gedən prosesləri təhrif etmək, yalan, böhtan kampaniyasını aparmaq onların əsas peşəsidir. Biz bunun qarşısına öz təbliğat mexanizmimizi qoymalıyıq və qoyuruq da. Ona görə də biz daim güclənməliyik, təşkilatlanma prosesini davam etdirməliyik. Yaşadığımız ölkələrin siyasi dairələrinə, siyasi təsisatlarına daha fəal inteqrasiya etməliyik. Budur, türk qardaşlarımız artıq müxtəlif ölkələrin qanunvericlik orqanlarında təmsil olunurlar, onlardan hökumət nümayəndələri var. Bu, çox önəmlidir.
- Təbbi ki, qondarma "erməni soyqırımı" məsələsi ətrafında cərəyan edən prosesləri biz də diqqətlə izləyirdik və əldə olunan nəticə Azərbaycanda da məmnuniyyətlə qarşılandı. Ancaq Ermənistan mətbuatının yazdığına görə, bu məsələ yenidən gündəmə gətirilə bilər.
- Əlbəttə, ermənilər həmişə çalışacaqlar ki, qondarma soyqırımı məsələsini daim gündəmdə saxlasınlar. Xüsusən, hər il aprelin 24-dən əvvəl Konqresdə bu məsələnin gündəmə gətirilməsinə çalışırlar. ABŞ Prezidentinin hər il aprelin 24-də ermənilərə ənənəvi müraciətində "soyqırımı" sözünü işlətməsi üçün də fəal iş aparırlar. Ancaq bunun müqabilində biz də fəallığımızı artırırıq və lazımi addımları atırıq. Ermənilər çalışır ki, 1915-ci ildə baş verən hadisələrin 100-cü ildönümünədək, yəni 2015-ci ilədək ABŞ qondarma soyqırımını tanısın. Buna nail ola bilməsələr hadisələrin 100-cü ilində daha geniş kampaniya aparacaqlar. Lakin biz də çalışacağıq ki, yalan üzərində qurulmuş bu təbliğata qarşı tədbirlər görək.
- Ermənilər yenə də iddia edirlər ki, onların lobbisi ABŞ-da çox güclüdür. Guya, buna səbəb onların burada sayca çoxluq təşkil etmələridir. Yəni həqiqətən də ermənilər ABŞ-da azərbaycanlılardan və türklərdən sayca çoxdurlar?
- Qətiyyən belə deyildir. Onların sayının çox olması barədə deyilənlərin hamısı dezinformasiyadır. ABŞ-dakı erməni lobbisi ancaq maliyyə baxımından güclüdür. Yəni bu lobbi, əslində 5-10 erməni milyonerindən ibarətdir. Onlar müxtəlif yollarla senatorlarla, konqresmenlərlə əlaqə yaradır və yeri gələndə, əxlaqsızlığa da yol verərək, onlara rüşvət təklif edirlər ki, ermənilərin maraqlarını müdafiə etsinlər. Son kampaniyalarında Kim Kardaşyan adlı erməni qadınını ortaya atmışdılar. Görün, bunlar nə günə düşüblər ki, artıq ümidləri yüngül həyat tərzi keçirən qadınlara qalıb. Sizə yaxın tarixdən bir misal deyim: 2000-ci ildə ABŞ-da prezident seçkiləri keçirələndə, ermənilər Corc Buşdan xahiş ediblər ki, sözdə soyqırım iddialarının tanınmasında onlara kömək etsin, bunun qarşılığında Kaliforniya ştatında yaşayan 1 milyon erməni Buşa səs verəcəkdir... Və Corc Buş məhz Koliforniya ştatında məğlubiyyətə uğradı. Bu da onu göstərir ki, ermənilər öz saylarını saxta yollarla şişirdirlər.
Əslində, ABŞ-da azərbaycanlıların və türklərin sayı ermənilərdən qat-qat çoxdur. Hələ bura Orta Asiyadan olan qan qardaşlarımızı da əlavə etsək, görərik ki, ABŞ-da çox güclü potensialımız vardır. Biz, necə deyərlər, əvvəldən təşkilatlanmadığımıza görə, az görünürük. Ancaq son dövrlərdə bu çatışmazlıqlar da ortadan qaldırılır. İstər Azərbaycan, istərsə də Türkiyə diasporu qısa vaxt ərzində sürətlə inkişaf edib və bu proses davam edir. Mən əminliklə deyirəm ki, yaxın zamanlarda ABŞ-da türk lobbisi yaranacaqdır və bunun tərkibində türklərlə bərabər çox sayda amerikalılar da olacaqdır.
Doğrudur, ABŞ Konqresindəki dostluq qruplarında say baxımından ermənilər hələ də bizdən öndədir. Ancaq bunu da nəzərə almaq lazımdır ki, ermənilərin bu qrupu 20 ildən çox fəaliyyət göstərir. Türkiyə - Amerika dostluq qrupu isə cəmisi 3 ildir ki, yaradılıb. Bu, çox böyük uğurdur. Ən önəmlisi isə odur ki, erməni birliyindən ayrılaraq Türkiyə - Amerika dostluq qrupuna qoşulanların sayı gündən-günə artır.
- Təbii ki, siz Vətənimiz Azərbaycan ilə bağlı müntəzəm olaraq kütləvi informasiya vasitələrində yayılan məlumatları izləyir, ölkəmizin inkişafını və beynəlxalq aləmdə qazandığı uğurlardan xəbərdar olursunuz. Bu, hər bir azərbaycanlını sevindirir, amma belə düşünürəm ki, Azərbaycanda yaşayanlardan çox Vətən həsrətində olan sizlər - xaricdə yaşayan azərbaycanlılar bu səpkidə olan xəbərlərə daha çox sevinirsiniz.
- Tamamilə doğrudur. İnsan Vətəndən uzaqda olanda onun həsrətini daha çox çəkdiyi üçün orada baş verənləri də diqqətlə izləyir. Biz Azərbaycanın hər bir uğuru barədə qəzetdən bir məlumatı oxuyanda və ya televiziyadan izləyəndə inanın sevincimizin həddi-hüdudu olmur. Bu hisslərimizi izah etməyə sözlər yetməz, anlamaq üçün ancaq bunu yaşamaq lazımdır.
Məni ən çox sevindirən odur ki, Azərbaycan sürətlə inkişaf edir, güclənir, böyük uğurlar qazanır. Buna paralel olaraq beynəlxalq aləmdə də onun mövqeləri xeyli güclənir. Mən hər dəfə Azərbaycana gələndə burada böyük inkişafın, müsbət dəyişikliklərin şahidi oluram. Bakımızın gözəlliyi insanı heyran edir. İnanıram ki, Azərbaycan bundan da yüksək zirvələri fəth edəcək. Elə bir zirvəyə yüksələcək ki, ora heç bir düşmənin nə əli çatacaq, nə də ünü yetəcək.

{nl}

Söhbəti apardı: Rauf ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında