Əslində, bu qəbildən olan yazılarda əvvəlcə həmsöhbət haqqında qısa da olsa məlumat verilir. Ancaq Sevinc xanımın özü cavan olsa da, uğurları və tərcümeyi-halı o qədər zəngindir ki, onun haqqında qısa məlumat vermək çox çətindir. Buna baxmayaraq, bir neçə cümlə yaza bilərik. Birləşmiş Ştatlarda və digər ölkələrdə Aleksandriya Sultanzadə fon Brüsseldorf kimi tanınan Sevinc Sultanzadə Bakıda doğulub böyümüşdür. Azərbaycan qarmon ifaçılığı sənətində öz dəst-xətti ilə seçilən, sağ ikən adı əfsanəyə çevrilən, misilsiz ifası ilə təkcə Azərbaycanda deyil, bir çox Şərq ölkələrində tanınan sənətkar Əhəd Əliyevin – Kor Əhədin nəticəsidir. Bakıdakı 23 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasının hazırlıq fakültəsinin opera bölməsinə – görkəmli sənətkar Xuraman Qasımovanın sinfinə qəbul olunmuşdur. 1991-ci ildə isə təhsilini Amerika Birləşmiş Ştatlarında davam etdirmək şansı qazanmışdır. Təbii ki, qalan məqamları özündən soruşmaq daha maraqlı olar:
– Sevinc xanım, Birləşmiş Ştatlarda olduğunuz ilk illəri necə xatırlayırsınız? Sovet təhsili görmüş, Şərq mədəni mühitində böyümüş bir gənc kimi necə qarşılandınız?
– Amerikanın həyat, yaşam konsepsiyası özündə çoxsaylı mədəniyyətləri birləşdirir. Oradakı əhalinin milli müxtəlifliyinə baxmayaraq vahid orqanizm formalaşıb, multikulturalizm çərçivəsində yaranmış çoxsəsli Amerika mədəniyyəti mövcuddur. Doğma Azərbaycandan uzaqdakı ikinci evimdə – Amerikada mən şəxsi həyatımda və peşəkar fəaliyyətimdə qarşıya qoyduğum vəzifələri reallaşdırmaq imkanı qazandım.
– Gəlin, bu fikirlərinizi bir qədər də konkretləşdirək.
– Ali təhsili başa vuraraq 2006-cı ildə Riçmond şəhərindəki Virciniya Birlik Universitetində “Opera və səsin pedaqogikası” ixtisası ilə bakalavr, 2013-cü ildə isə Nyu-Cersi ştatının Prinston şəhərindəki Rayder Universitetinin Vestminster xor kollecində həmin ixtisasın magistr diplomunu aldım. Təhsil illəri mənim musiqiçi kimi peşəkar və elmi fəaliyyətimin təməlini yaratdı. Bir daha deyirəm, bu təhsil nəticəsində mən opera sənətinin ifaçılığını, vokalın pedaqogikasını və elmini, üstəlik, musiqi üzərində qurulan mədəni diplomatiyanın əsaslarını öyrəndim.
– Beləliklə, 26 ildir ki, Odlar yurdundan uzaqda, okeanın o tayında yaşayır və fəaliyyət göstərirsiniz.
– Gəlin, məsələni elə qoymayaq. Mən Azərbaycandan uzaqda yaşasam da , daim, qəlbən, ruhən Azərbaycanda olmuşam, Azərbaycan adı ilə bağlı olan istənilən tədbirə mütləq qatılmış, cani-dildən iştirak etmişəm. Belə tədbirlərin sayı onlarla olub. Bəlkə də yüzdən çoxdur. Heç zaman yadımdan çıxmaz, 2012-ci ildə Azərbaycanın Müstəqillik Günü münasibətilə “Amerikanın Azərbaycan Cəmiyyəti” tərəfindən Nyu-Yorkdakı “Empaer Steyt” sarayında təşkil olunmuş tədbirdə bir vokalçı kimi hər iki ölkəmin – həm Azərbaycanın, həm də Amerika Birləşmiş Ştatlarının himnini oxumuşdum. Azərbaycanın ABŞ-dakı səfirliyinin, BMT-nin, Türkiyənin, Bolqarıstanın, Makedoniyanın, Özbəkistanın və təbii ki, Birləşmiş Ştatların 100-dən artıq siyasətçi və diplomatının iştirak etdiyi rəsmi-siyasi tədbirdə hər iki ölkənin himninin ifası azərbaycanlı sənətçiyə etibar edilmişdisə, bu, mənə və bizə göstərilən inamın, etimadın təzahürü idi. Ancaq bu, o demək deyil ki, mən Azərbaycanla bağlı tədbirlərdə təkcə vokal ifaçısı kimi iştirak edirəm. Belə deyil. 2006-cı ildən etibarən görkəmli ictimai xadim Tomris xanım Azərinin rəhbərlik etdiyi “Amerika Azərbaycan Cəmiyyəti”nin xətti ilə, eləcə də ölkəmizin ABŞ-dakı səfirliyi və BMT-dəki nümayəndəliyi tərəfindən reallaşdırılan istənilən tədbirdə, həmçinin diaspor təşkilatımızın fəaliyyətində ictimai fəal kimi yaxından iştirak edirəm. Bu, mənim mənəvi borcumdur.
Belə tədbirlər çox olsa da, cəmi bir neçəsini yada salmaq istərdim. Məsələn, 2008-ci ildə ulu öndər Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə “Amerikanın Azərbaycan Cəmiyyəti” Nyu-Yorkdakı ən mötəbər və tarixi ünvanlardan birində – Aleksandr Hamiltonun ev -muzeyində keçirilən konserti bilavasitə mən təşkil etmişdim. Yaxud, 2008-ci ildə Niaqara Kamera Musiqisi Festivalında Heydər Əliyev Fondunun sponsorluğu və “İpək yolu üstündə dayanacaq” orkestrinin müşayiəti ilə təşkil edilmiş “Azərbaycanın qədim ənənələri” konsert proqramının solisti kimi məhz mən çıxış etmişdim.
– Amma, təkcə Birləşmiş Ştatlarda deyil, başqa ölkələrdə də Azərbaycanı təmsil etmisiniz.
– Əlbəttə. Bəzilərini yada sala bilərəm. Məsələn, 2012-ci ildə İtaliyanın Florensiya şəhərində keçirilən “Vokal səsi üzrə Florensiya seminarı” proqramında, 2012-13-cü illərdə Avstriyanın Vyana şəhərində, dünya şöhrətli bəstəkar Şubertin ev-muzeyində keçirilən “Vyana romanslarının dili” konsert proqramlarında, 2013-cü ildə Avstriyanın Qrats şəhərində keçirilən “Amerika Musiqi Tədqiqatları İnstitutu” proqramında, Kanadanın Toronto şəhərindəki “İncəsənətin ifaçılıq növləri” üzrə Markham Teatrında Azərbaycan musiqisinə həsr olunmuş gecədə (Xalq artisti, görkəmli pianoçu Çingiz Sadıxovla birlikdə) iştirak edərək Azərbaycan adının çəkilməsinə nail olmuşam.
– Yeri gəlmişkən, bilavasitə Azərbaycan bəstəkarlarının yaradıcılığına, milli musiqi sənətimizə də tez-tez müraciət edirsiniz.
– Bayaq Nyu-Yorkda keçirilən möhtəşəm rəsmi tədbirdə hər iki ölkənin – həm Azərbaycanın, həm də Birləşmiş Ştatların himnlərini oxuduğumu söylədim. Xatırladım ki, mən həmin tədbirdə həm də milli musiqimizin ən dəyərli nümunələrindən olan “Sarı gəlin” xalq mahnısını və Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını da ifa etmişdim. Həmin əsərlərin hər biri mənim üçün bir növ abidə xarakterlidir. Yəni istənilən konfrans, simpozium, festival və ya konsertdə iştirak edərkən imkan daxilində mütləq Azərbaycan musiqi incəsənətinə toxunmağa çalışmışam və buna nail olmuşam.
Bundan başqa, mən dövri olaraq Azərbaycana gəlirəm və hər gəlişimdə ən çox görüşdüyüm adamlar məhz musiqiçilər olurlar. Bu görüşlərin hər biri mənim gələcək fəaliyyətim üçün bir növ mənəvi dayaq olur. Belə görüşlərin birində – 2008-ci ildə mən “Şöhrət” ordenli Azərbaycan bəstəkarı, Bakı Musiqi Akademiyasının professoru Tofiq Bakıxanovla tanış oldum. O, təkcə yaradıcı insan kimi deyil, həm də görkəmli bir nəslin nümayəndəsi kimi olduqca maraqlı həmsöhbətdir. Bundan başqa, o, sözün həqiqi mənasında çox dəyərli bir insandır. Bir musiqiçi və vokal ifaçısı kimi Tofiq Bakıxanovun əsərləri mənim çox xoşuma gəldi. 2010-cu ildə ustadın anadan olmasının 80 illiyi münasibətilə təşkil olunan birinci musiqi festivalı çərçivəsində həm Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində, həm də Bakıdakı Beynəlxalq Muğam Mərkəzində onun mahnılarını ifa etmək xoşbəxtliyi mənə də nəsib olmuşdu. Səmimiyyətlə deyim ki, həmin tədbirlərdə böyük məmnunluq hissləri yaşadım. 2015-ci ilin dekabrında isə mən Tofiq Bakıxanovun 85 illiyi münasibətilə keçirilən ikinci ümumrespublika musiqi festivalında həm vokal ifaçısı, həm də elmi konfransın iştirakçısı kimi həmin hissləri təkrar yaşaya bildim.
Ustad sənətkarın 85 illik yubileyinin keçirildiyi günlər həqiqətən unudulmaz xatirələrlə uzun müddət yaddaşımda yaşayacaq. Azərbaycanın yaradıcı ziyalılarının böyük əksəriyyəti Tofiq müəllimin yubileyində iştirak edirdi. 2015-ci il dekabrın 15-də Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında ustadın yubileyinə həsr olunmuş festival çərçivəsində elmi praktik konfrans keçirilirdi. Orada dünya şöhrətli Azərbaycan bəstəkarı, Bəstəkarlar İttifaqının sədri Firəngiz xanım Əlizadə başda olmaqla 12 natiq yubilyarın bədii və elmi yaradıcılığını əhatə edən müxtəlif mövzular üzrə çıxış etdilər. Mən isə “Musiqi və siyasət, musiqinin köməyi ilə mədəniyyətin diplomatiyası: Azərbaycan-Amerika” mövzusunda məruzə etdim.
Hamı tərəfindən maraq və alqışlarla qarşılanan həmin məruzədə ümummilli liderimiz Heydər Əliyevin yaradıcı ziyalılar barədə söylədiyi bir fikri də yada salmışdım. Ulu öndər xatırladırdı ki, ziyalılıq kütləvi ola bilməz, alimlər, şairlər, bəstəkarlar, rəssamlar, yazıçılar – yaranışdan xüsusi istedada malik nadir insanlardır. Tofiq müəllimin özünə gəlincə isə, deyə bilərəm ki, onun yaradıcılığı Azərbaycanın musiqi xəzinəsinin çox dəyərli nümunələri arasındadır. Mən onun “Sevən könül”, “Bağışla məni” və “Sevməyir, qoy sevməsin” mahnılarını ( hər üç mahnının sözləri Süleyman Rüstəmindir) çox böyük həvəs və zövqlə ifa etmişəm.
Yeri gəlmişkən, Xalq artisti, professor Ağaverdi Paşayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri və Xalq artisti, professor Rauf Abdullayevin rəhbərlik etdiyi Üzeyir bəy Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Tofiq müəllimin bütün əsərlərini, xüsusən də, uzaq Amerikadan gəlmiş solistin ifası üçün – yəni, məndən ötrü – mükəmməl şəkildə ifa edirdi.
– Siz həm də musiqi vasitəsilə reallaşdırılan mədəni diplomatiyanın mütəxəssisi kimi təhsil almısınız. Azərbaycanda bu istiqamətdə reallaşdırılan tədbirlər uzaq Amerikadan necə görünür?
– Qətiyyətlə deyə bilərəm ki, Azərbaycanın sosial, elmi və iqtisadi strukturları arasında bu genişmiqyaslı mühüm təbliğat işini və mədəni diplomatiyanı həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Heydər Əliyev Fondu reallaşdırır. Fondun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi bu qurum incəsənət, bədii yaradıcılıq, musiqi və elm sahəsindəki yaradıcı ziyalıları həvəsləndirməklə yeni cəmiyyətin formalaşmasına və ölkənin sosial-iqtisadi inkişafına xüsusi töhfələr verir. Bu fond qlobal miqyasda reallaşdırdığı tədbirlər çərçivəsində isə xalq diplomatiyasının imkanlarını artırır, yaradıcı ziyalıların fəaliyyətinin dəstəklənməsi yolu ilə xalqın milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasını və daha geniş miqyasda təbliğ olunmasını stimullaşdırır. Məhz bu fondun səyləri nəticəsində bu gün dünya ictimaiyyəti Azərbaycan mədəniyyəti, incəsənəti, elmi barədə, deməli, həm də bütövlükdə Azərbaycan haqqında mükəmməl məlumatlar ala bilir. Fikrimcə, bütün bunları ancaq mədəni diplomatiyanın inkişaf etdirilməsi nəticəsində reallaşdırmaq mümkündür.
– Yəqin ki, Bakıya növbəti səfəriniz də musiqi ifaçılığı və ya elmi yaradıcılıqla bağlıdır.
– Bakıya növbəti gəlişim “Muğam və aşıq musiqisi ifaçılığında səs tellərinin akustik və fizioloji parametrlərinin özünəməxsusluğu” mövzusu üzrə apardığım elmi tədqiqatların davam etdirilməsi ilə bağlıdır. Xatırladım ki, bu tədqiqatlar 2013-cü ildə “Azərbaycan qadın muğamının uzunmüddətli orta spektrdəki ifasında bəm və zilin akustik təhlili” mövzusunda müdafiə etdiyim magistrlik dissertasiyamın əsasında davam etdirilir. Burada mən opera və muğam məktəbi ifaçılarının səsləri arasındakı empirik və akustik təhlillərin nəticəsini öyrənməyə çalışıram.
– Bu məqsədlə Bakıdan əvvəl Londona da getmisiniz.
– Londondakı tədqiqatlarım Qoldsmin Universitetində “Vokal muğamların akustik xüsusiyyətləri”nin öyrənilməsinə həsr edilmişdi. Oradakı tədqiqatlar səsyaranma problemi üzrə tədqiqatların tərkib hissəsi idi. Daha maraqlı cəhət isə o idi ki, bu tədqiqatlar məhz Azərbaycan muğamları əsasında aparılırdı. Onu da əlavə edim ki, bu tədqiqatlar mənim gələcəkdə yazacağım doktorluq dissertasiyamın əsasları olacaq. Əminəm ki, Bakıda apardığım tədqiqatlar mənim üçün lazım olan mühüm nəticələrin əldə edilməsinə zəmin yaradacaq. Bir qədər qeyri-adi görünsə də, mən Bakıda təkcə mədəniyyət və sənət adamları, xanəndələr və aşıqlarla deyil, həm də tibb işçiləri ilə görüşür, səsyaranma prosesinin elmi, fizioloji tərəflərini də öyrənməyə çalışıram.
– Bilavasitə vokal sahəsində çalışan mütəxəssislərlə də əməkdaşlıq edirsinizmi?
– Əlbəttə. Ümumiyyətlə, Azərbaycan mədəniyyəti, musiqimiz, muğamlarımız və aşıq yaradıcılığımız o qədər zəngindir ki, dünyanın harasına getsən, bu istiqamətlərdə tədqiqat aparmaq üçün istənilən qədər material tapmaq mümkündür. Xüsusən, mənim tədqiq etdiyim sahədə. Ancaq mən öz elmi işimin daha uğurlu və sanballı olması üçün tədqiqatlarımın böyük əksəriyyətini Azərbaycanla bağladım. Çoxsaylı alimlərlə, görkəmli ifaçılarla görüşdüm, onların fikirlərini öyrənməyə çalışdım. Muğam ifaçılarımızla görüşəndə konkret suallarım da var idi: – Muğam ifası zamanı boğazda nə baş verir? Çox təəssüf ki, bir cavab tapa bilmirdim. Sonra Milli Konservatoriyanın rektoru, professor Siyavuş Kərimi ilə görüşüb öz məqsədimi ona da danışdım.O, məni muğam ustaları Zabit Nəbizadənin və Aygün Bayramovanın dərslərinə apardı. Həmin sənətkarların ifası zamanı boğazda nələrin baş verdiyini universitetdə mənimsədiyim nəzəri biliklər və texniki vasitələrlə öyrənməyə çalışdım. Məlum oldu ki, bu gün Azərbaycan muğamı özünün renesans dövrünü yaşayır. Bir daha xatırladıram, bu renesansın təməlini Heydər Əliyev Fondu və həmin fondun rəhbəri Mehriban xanım Əliyeva qoymuşdur.
– Siz bu elmi tədqiqatlarınız barədə danışarkən, ulu babanız Əhəd Əliyevin qarmon ifaçılığında nail olduğu yeniliklər mənim yadıma düşür. O da musiqi tarixində özünəməxsus yol açan sənətkarımız idi. Əhəd Əliyev qarmonda yarımpərdələrin tətbiqinə, yəni, mikrotonallı musiqilərin ifasına nail olmaq üçün təkliflər irəli sürmüş və öz müasiri, yəhudi usta Korpuşkinin köməyi ilə buna nail olmuşdu.Yəni babada olan qeyri-adi yaradıcılığa maraq və həvəs onun nəticəsində də görünür. Yeri gəlmişkən, Bakıda keçən uşaqlıq illəriniz və buradakı qohumlarınız barədə də bir az məlumat verməyiniz yaxşı olardı.
– Mən Azərbaycan əsilli amerikalı kimi fəxr edirəm və xoşbəxtəm ki, Odlar yurdu Azərbaycanda, küləklər şəhəri Bakıda, Qərblə Şərq mədəniyyətlərinin qovuşduğu bir diyarda dünyaya gəlmişəm. Bakı ilə bağlı təəssüratlarıma gəlincə isə , deyə bilərəm ki, həmin xatirələr ağ və qara rənglərlə doludur. Yəni, hələ üç yaşım olanda anam dünyasını dəyişib. Atam Çingiz Həsənzadə və onun valideynləri Həsən və Leyla Sultanzadələrin himayəsi ilə böyümüşəm. Onların hər üçü mənim həyat məktəbimin ilk müəllimləri olublar.Onların tərbiyəsi mənim fərdi imkanlarımın formalaşmasını, köklərə bağlılığımı təmin edib. Əsilzadələr nəslindən olan babam Azərbaycanın Əməkdar mühəndis-energetiki idi. Bütün soydaşlarımız kimi mən də dünyanın harasında olsam da, uşaqlıq illərimi, Bakının küçələrini, küləklərini və körpəlikdən eşitdiyim Azərbaycan musiqisini daim ürəyimdə, beynimdə, varlığımda yaşadıram.
Sözlərimi ulu öndər Heydər Əliyevin dünyaca məşhur olan bir ifadəsi ilə başa çatdırmaq istəyirəm: “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam!”
– Təşəkkür edirik!
Bax, belə. Okeanın o tayında, dünyanın ən böyük ölkələrindən birində xalqımızı, mədəniyyətimizi, musiqimizi, xüsusən, muğam sənətimizi təmsil və təbliğ edən tanınmış bir soydaşımızla söhbətimizi başa çatdırdıq. Həmsöhbətimiz olan xanım sənətkar “Xalq qəzeti”nin oxucularına demək istədiyi fiklirlərini ulu öndər Heydər Əliyevin dünyaca məşhur olan bir ifadəsi ilə yekunlaşdırdı. Biz isə bu sətirləri tamamlayarkən ümummilli liderimizin daha bir müdrik ifadəsini yada salmaq istəyirik. Böyük dövlət xadimi demişdi ki, həyatda elə sahələr var ki, orada kimsə başqasının yerini tuta bilər. Yaradıcılıqda, xüsusən, musiqidə isə bir adamın kiminsə yerini tutması qətiyyən mümkün deyil. Biz böyük sənətkarımız Kor Əhədin nəticəsi deyərək təqdim etdiyimiz Sevinc Sultanzadənin timsalında növbəti dəfə həmin həqiqətin şahidi olduq. O da ulu babası kimi həm öz yolu, həm də, dünya sənətkarları arasında öz yeri olan məşhur soydaşımızdır. Biz çoxsaylı musiqisevərlər, xüsusən, oxucularımız adından Sevinc xanıma daha böyük yaradıcılıq uğurları və cansağlığı arzulayırıq!
Müsahibəni qələmə aldı:
Rafiq SALMANOV,
“Əməkdar mədəniyyət işçisi”,
fotolar müəllifindir
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.