Azərbaycanda metro tikintisinə dövlət qayğısı getdikcə artır

İnşaatçı ömrü qəribəliklərlə doludur. Kərpic-kərpic, mərtəbə-mərtəbə tikib yaratdıqları zövq oxşasa da, özü çox zaman tanınmır. Amma tikib-qurmaqdan da qətiyyən usanmır, sanki ömrünə naxış vururmuş kimi yorulmadan yoluna  davam edir. Gecə-gündüz bilmədən çalışıb ərsəyə gətirdiyi  obyektlərin insanların rahatlığına xidmət etdiyinə əmin olması isə onu yaşadır, tikib yaratmağa həvəsləndirir. Qasım Abdullayev də, sözün əsl mənasında, işindən, peşəsindən zövq alan inşaatçılardandır.

1974-cü ildə Qazax rayonunun Muğanlı kənd orta məktəbini bitirən Qasım Abdullayev bir il sonra Çingiz İldırım adına Politexnik İnstitutuna qəbul olunur. Həmin il institutun tərkibindən ayrılan İnşaat Mühəndisləri İnstitutunun yol inşaatı fakültəsinin ilk tələbələrindən biri olur.  1980-ci ildə institutu bitirdikdən sonra “Bakımetrotuneltikinti” İdarəsində növbə rəisi kimi əmək fəaliyyətinə başlayan gənc Qasım bir il sonra ordu sıralarına çağırılır. 1982-ci ilin dekabr ayında leytenant hərbi rütbəsi ilə ordudan təxris olunduqdan sonra əvvəlki iş yerində əmək fəaliyyətini davam etdirir. 1983-cü ildən 1993-cü ilədək "Bakımetrotuneltikinti" İdarəsində sahə rəisi vəzifəsində çalışarkən özünü peşəkar, bacarıqlı inşaatçı kimi tanıda bilir. Tikinti sahəsində əldə etdiyi nailiyyətlər, qazandığı nüfuz və hörmət ona yüksək etimadın göstərilməsi ilə nəticələnir.  1993-cü ildə "Azərtunelmetrotikinti" ASC-nin Xüsusi Tamamlama İşləri İdarəsinin baş mühəndisi vəzifəsinə irəli çəkilən Q. Abdullayev üç il sonra həmin idarənin rəisi vəzifəsinə təyin olunur.  1999-cu ilin avqust ayında isə "Azərtunelmetrotikinti" ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin rəisi vəzifəsinə təyin edilən təcrübəli inşaatçı 2014-cü ilədək bu vəzifədə uğurla çalışıb. Ömrünün 34 ilini inşaatçı peşəsinə, metro tikintisinə həsr etmiş Q. Abdullayev ötən müddətdə bu sahədə zəngin təcrübə əldə etməklə yanaşı, elmi pedaqoji fəaliyyətlə də məşğul olmağa imkan tapıb. Onunla söhbətimizə də elə bu yöndə başladıq.

– Qasım müəllim, tikinti sahəsində yetərincə böyük təcrübəniz var. Həmin  təcrübənizdən elmi-pedaqoji fəaliyyətinizdə nə dərəcədə yararlanırsınz?

– Əmək fəaliyyətim dövründə tikinti kompleksinin bir sıra nəzəri məsələlərinin araşdırılmasına  xüsusi marağım olub. Elə bu maraq da məni elmi-pedaqoji fəaliyyətlə məşğul olmağa sövq edib. İşlədiyim müddətdə həmişə qarşıma çıxan bütün texnoloji problemlərin hamısının elmi yollarını araşdırıb tapmağa səy göstərmişəm. Ona görə də metro-tunel tikintisi üzrə apardığım tədqiqat işlərinin davamlı və sistemli olması üçün Moskva Dövlət İnşaat Universitetinin aspiranturasına daxil olmuşam. 2003-cü ildə orada texnika elmləri namizədi alimlik dərəcəsi almaq üçün "Xətt boyunca olan qurğularda işin təşkilinin etibarlılığı" mövzusunda dissertasiya işi müdafiə etmişəm. Onu da qeyd edim ki, müvafiq qaydalara əsasən mən, həmçinin Azərbaycan qanunlarına uyğun olaraq namizədlik diplomunu təsdiq etdirmək üçün Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının təşkil etdiyi dissertasiya şurasında da dissertasiya işimi müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışam.

Elmə olan böyük marağım və metro-tunel tikintisi sahəsində apardığım elmi-tədqiqat işləri məni bir qədər də ruhlandırdı. Elə buna görə də 2008-2012-ci illərdə Böyük Pyotr adına Sankt-Peterburq Politexnik Universitetinin İnşaat İnstitutunun doktoranturasında elmi-tədqiqat mövzusu götürüb  işləməyə başladım. Tədqiq etdiyim yeraltı tunellərin tikintisinin təşkilində təşkilatı-texnoloji problemlərin və tapşırıqların etibarlı həll edilməsi ilə bağlı elmi-təcrübi yeniliklər dünya praktikasında da uğurla sınaqdan keçirilmişdir. Tədqiqat işlərimlə əlaqədar yazdığım elmi məqalələrə dünya alimləri tərəfindən böyük istinadlar verilir. Mən 2016-cı ildə "Xətt boyu yerləşən qurğuların tikintisinin idarə olunmasının təşkilatı-texnoloji etibarlılığının nəzəri əsasları” mövzusunda dissertasiya işi müdafiə edərək texnika üzrə elmlər doktoru alimlik dərəcəsi almışam. Sankt-Peterburq şəhərində elmi işlərimin nəticələrinə dair iki monoqrafiyam və 20-dən çox elmi məqaləm çap olunub. Bu yaxınlarda mənə bildirdilər ki, yazdığım həmin monoqrafiyalar inşaat fakültəsində dərs vəsaiti kimi istifadə edilir. Təvazökarlıqdan uzaq olsa da deyim ki, mən hələ ki Azərbaycanda metro-tunel tikintisi sahəsində ilk və yeganə texnika üzrə elmlər doktoruyam. Bir azərbaycanlı kimi, ölkəmizdə bu sahəyə marağı olan bir çox mütəxəssisə elmi iş götürüb tədqiqat işi aparmasını və onlara bu yolda bütün imkanlardan istifadə edərək yardımçı olacağımı desəm də, hələ ki, bu istəyim bir arzu olaraq qalmaqdadır. Gərgin iş rejimimə baxmayaraq,  pedaqoji fəaliyyətlə də məşğul olmağa vaxttapmışam. Belə ki, 2007-2012-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbələrə ixtisasım üzrə mühazirələr oxumuşam.

Böyük qürur hissi ilə bildirirəm ki, 2002-ci ildən ulu öndər Heydər Əliyevin qurub yaratdığı, bu gün də ölkə Prezidenti cənab İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının üzvüyəm. İşlədiyim dövrdə “Azərtunelmetrotikinti”ASC-nin YAP ərazi ilk partiya təşkilatının sədr müavini olmuşam. Metro-tunel tikinti sahəsindəki əmək fəaliyyətim dövründə ən böyük dəyəri və ən yüksək ali qiyməti də Prezidentimiz cənab İlham Əliyev tərəfindən görmüşəm. Belə ki, mən 5 noyabr 2007-ci ildə dövlət başçısının sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüşəm. Bu təltif özümə, ailəmə böyük sevinc və şərəf hissi gətirdi. Buna görə mən möhtərəm Prezidentimizə dərin minnətdarlığımı bildirirəm.

– Maraqlıdır, texniki sahəni seçməyinizdə, daha dəqiqi sırf tikinti sahəsinə gəlməyinizdə kimlərin təsiri, rolu olmuşdur?

– Bu sahəni seçdiyimə görə, ilk növbədə, dayıma minnətdaram. Hüquqşünas olmaq istədiyimdən humanitar fənlərə daha çox diqqət yetirsəm də, texniki fənləri də yüksək səviyyədə oxuyurdum. Ancaq ağsaqqal sözünə qulaq asmaq, onun dediklərinə əməl etmək həmişə millətimizin qanında, canında olub. Orta məktəbi bitirdikdən sonra dayım şəxsi işlərimi toplayıb məni özü ilə Bakıya, Politexnik İnstitutuna gətirdi. Dayımın o zaman dediyi sözləri yaxşı xatırlayıram: “Nə qədər ki, Yer üzündə insanlar var, onlara tikmək, qurmaq, yol çəkmək, körpü salmaq lazım olacaq. Həmişə bu peşənin sahibləri hörmətli insanlar olacaq. Sən də bu peşəni seçsən, heç vaxt peşman olmayacaqsan”. Dayımın məsləhəti ilə sənədlərimi İnşaat İnstitutunun yol inşaatı fakültəsinə verdim. Qəbul imtahanlarını müvəffəqiyyətlə verib körpülər və tunellər ixtisasına qəbul olundum və həmin fakültəni də mühəndis ixtisası üzrə bitirdim. Bu gün də dayıma rəhmət oxuyuram ki, nə yaxşı ki, mənə bu peşəni seçdirib.

- Fəaliyyətiniz dövründə elə bir vaxt olubmu ki, qarşıya çıxan çətinliklərdən bezib bu peşəni seçdiyinizə görə özünüzü qınayasınız?

– Açığını deyim ki, yeraltı tunel tikintisi inşaatın xüsusi bir növü olaraq olduqca maraqlı, məsuliyyətli və eyni zamanda ağır, təhlükəli bir sahədir. Burada hər addımda böyük çətinliklər var. Mən də metro-tunel tikinti işlərinə başladığım gündən hər zaman çətinliklərlə qarşılaşmışam. İllərlə yeraltı tikinti sahəsində fəhlələrlə, ustalarla, rəislərlə bir yerdə çiyin-çiyinə işləyərək qarşımıza çıxan çətinlikləri aşmışıq. Xarakter etibarilə mübariz insan olduğuma görə qarşıma çıxan çətinliklərdən heç vaxt qorxmamışam, həmişə onların həlli yollarını elmi yanaşmalarla axtarıb tapmağa səy göstərmişəm. Çalışmışam ki, növbəti dəfə bu hadisə təkrar olunmasın, olunarsa da onun həlli yollarını dərhal tətbiq edə bilək. Mənim bu sahənin mütəxəssisi, alimi kimi yetişməyimdə də belə çətinliklərin böyük rolu olmuşdur.

Yeraltı metro-tunel tikinti işlərini həyata keçirərkən həmişə gözlərimiz önündə bir şey canlanır ki, milyonlarla soydaşımızın, vətəndaşımızın gözləri bizə dikilib. Onlar üçün rahat nəqliyyat vasitəsi hava-su kimi vacibdir. Biz hər zaman dövlətimizin vətəndaşlarına yaratmaq istədiyi rahat şəraitin ağırlığını çiyinlərimizdə çəkmişik. Amma işlərimiz uğurla yekunlaşanda, yeni metro stansiyaları istifadəyə veriləndə yaşadığımız çətinliklərdən şərəf hissi duymuşuq. Ona görə də heç vaxt bu sahəyə gəldiyimə görə peşmanlıq hissi keçirməmişəm. 

–  İşlədiyiniz müddətdə daha çox yaddaqalan, unudulmayan hansı işləriniz olub?

– Bilirsinizmi, bağban üçün ən gözəl sevinc əkdiyi ağacların bar verməsini, müəllim üçün  yetişdirdiyi tələbələrin uğurlarını, həkim üçün isə müalicə etdiyi xəstələrin sağalmasını görməkdir. Mənim də hər bir insan kimi başladıqlarımı sona çatdırıb nəticəsini gördüyüm bütün işlər  yaddaqalan olub. Təbii ki, elə işlər var ki, onlar ömür boyu daha çox xatırlanır. Qeyd edim ki, fəaliyyətim dövründə metronun “Nəsimi”, “Azadlıq prospekti”, “Dərnəgül”, “Avtovağzal”, “Əcəmi-2” kimi böyük stansiyaların, "Elmlər Akademiyası" stansiyasının yeni çıxışlarının inşasının həyata keçirilməsi və tamamlanaraq əhalinin istifadəsinə verilməsi həyatımın unudulmaz anlarıdır. Təsəvvür edin ki, hər bir stansiyasının təhvil verilməsindən sonra möhtərəm Prezidentimiz cənab İlham Əliyev birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva ilə birgə stansiyaların rəmzi açılışını bildirən qırmızı lenti kəsərkən və bizimlə söhbət edərkən gördüyüm işin miqyasından bir daha zövq almışam, xalqıma, ölkəmə, Prezidentimə xidmət etməyimə görə özümü xoşbəxt saymışam. Təsəvvür edin ki, həmin stansiyaların tikintisində gecə-gündüz gərgin əmək sərf etmişik, tunellərdə dayanmadan iş gedib. Belə halda stansiyaların açılışında bizim üçün ölkə rəhbərinin əməyimizə verdiyi ali qiymətdən yüksək nə ola bilər ki?  Ümumiyyətlə, ölkə Prezidenti cənab İlham Əliyev bizim işlərimizə həmişə böyük dəyər verib. Elə ulu öndər Heydər Əliyev də metropoliten əməkdaşlarının işlərinə daim yüksək qiymət verərək həmişə bizə dəstək olurdu.

Bundan əlavə, Prezident Administrasiyası və Musiqili Komediya Teatrı binalarının, müqəddəs ziyarətgahımız olan Şəhidlər xiyabanının mərmərlə üzlənməsi, eləcə də metronun "Həzi Aslanov"  stansiyasının bəzək-tamamlama işləri, Tovuz şəhərində iki tunelin– yeraltı keçidin tikintisini də əmək fəaliyyətimin unudulmaz və uğurlu işlərindən sayıram. O işlərin hər birində ömrümün xoş  anları yaşayır...

–  Azərbaycandan kənarda hansısa tikinti işləriniz olubmu?

– Keçmiş SSRİ dövründə son dərəcə məsuliyyətli, dövlət əhəmiyyətli bir layihənin tikintisində iştirak etmişəm. Fundamental elm sahəsi ilə məşğul olan insanlar bilər. 1980-ci illərin əvvəllərində Amerika və müttəfiqləri Alp dağlarının altında Günəşdən gələn neytrin şüalarını tutmaq üçün böyük tunellər inşa etməkdə idi. SSRİ rəhbərliyi də buna alternativ olaraq öz layihəsini irəli sürmüşdü. Nalçikdən 90 kilometr aralıda, Elbrus zirvəsinin yaxınlığında yerləşən SSRİ Elmlər Akademiyasının Baksan Neytrino Rəsədxanasında Günəşdən gələn neytrin şüalarını tutmaq üçün dağ altında eksperiment tuneli inşa edilirdi. Orada Günəş şüasının tərkibindəki neytrin hissəciklərini zəncirvari reaksiyalara qoşa bilsəydilər, atom enerjisndən min dəfələrlə artıq enerji əldə edə bilərdilər. İş şəraiti ağır olduğundan tunelin inşası gecikirdi. Gecikmə ilə əlaqədar bu işin icrasını Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev nəzarətə götürmüşdü. O dövrdə "Bakıtunelmetrotikinti" İdarəsinin sədri olan Şaiq Əfəndiyev həmin tikinti işlərini həyata keçirə biləcək mütəxəssis kimi məni ora rəis müavini göndərdi. O zaman həyat yoldaşım Ülkər xanım M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunda üçüncü kursda oxuyurdu. Bu haqda rəhbərliyə məlumat verdim və mənə bildirdilər ki,  Maarif Nazirliyinə məktub yazaraq yoldaşımı qiyabi şöbəyə keçirməklə məsələni həll edəcəklər. Elə də oldu və ailəmlə birlikdə 1986-cı ilin aprel ayında Nalçikə getdik. 1986-cı ildən 1990-cı ilin aprel ayınadək ən çətin şəraitdə 3500 metr uzunluğunda tunelin və yeraltı reaktor mərkəzlərinin tikintisini yüksək peşəkarlıqla və vaxtından əvvəl həyata keçirərək təhvil verdik. Bu xidmətimə görə  haqqımda ölkənin ali mükafatlarına təqdimat göndərilsə də, SSRİ-nin dağılması ilə bu işlər  yarımçıq qaldı.

–  Sizin əmək fəaliyyətinizi şərti olaraq üç yerə bölmək olar: sovet dönəmi, müstəqilliyimizin ilk ağır illəri və iqtisadiyyatımızın müasir inkişaf  dövrü. Bu dövrlərdə metro-tunel tikintisi işlərinin dinamikası necə olub?

– Qeyd etdiyim kimi, əmək fəaliyyətinə başladığım 1980-ci il SSRİ iqtisadiyyatının yüksək inkişaf dövrü idi. O zaman Azərbaycana ulu öndər Heydər Əliyevin başçılıq etməsi sayəsində respublika həyatının bütün sahələrində böyük canlanma gedirdi. Məhz ümummilli liderimizin əzmkarlığı və qətiyyəti sayəsində SSRİ-nin dövlət büdcəsindən Azərbaycanda kənd təsərrüfatının inkişafı, sənayenin dirçəldilməsi, şəhərsalmanın genişlənməsi ilə yanaşı, metro tikintisi işlərinin də aparılması üçün böyük məbləğdə vəsait ayrılırdı. Ancaq 1990-cı illərdə hər sahədə olduğu kimi, metro tikintisində də durğunluq dövrü başlandı. SSRİ-nin dağılması ilə ölkəmiz müstəqil dövlət kimi öz suverenliyinə nail olsa da, həmin dönəmlərdə ölkədəki ağır siyasi proseslər, torpaqlarımızın işğalı, iqtisadi geriləmələr metro tikintisi sahəsinə də öz mənfi təsirini göstərdi. Buna görə də maliyyə çətinlikləri ucbatından 10-12 il ərzində heç bir yeni stansiya təhvil verə bilmədik. Bu zaman aralığı isə fəaliyyətimin ikinci dövrü olub.

Lakin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ölkədəki siyasi vəziyyəti sabitləşdirdi. İqtisadiyyatın yeni istiqamətləri müəyyən edildiyi zamanlar o, daim metro tikintisi sahəsini də ciddi nəzarətində saxlamışdır. Hətta görüşlərin birində ulu öndər Heydər Əliyev “Azərtunelmetrotikinti” ASC-nin sədri Şaiq Əfəndiyevə demişdir: “Şaiq müəllim, darıxmayın, siz həmişə yadımızdasınız. Sizin sahəniz xalqımız, dövlətimiz üçün çox vacibdir, önəmlidir. Biz metro tikintisini dayandırmayacağıq, bu sahə uğurla davam etdiriləcək”. Ulu öndərin köməyi sayəsində Bakı Metropoliteninin yarımçıq qalmış “Həzi Aslanov” stansiyası üçün xaricdən lazımi vəsait alındı. Nəhayət, 2002-ci ildə stansiya tamamlanaraq istifadəyə verildi. Bundan sonra metro tikintisində canlanma yarandı. Böyük qürur hissi ilə deyə bilərəm ki, əmək fəaliyyətimin üçüncü dövrünü bu böyük canlanma ilə əlaqələndirirəm. Biz bilirdik ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulan uğurlu neft strategiyası ölkəmizin inkişafı üçün böyük uğurlar gətirəcək. Elə də oldu. Neft gəlirlərindən metro tikintisi üçün də böyük vəsaitlər ayrıldı və qısa müddət ərzində yeni-yeni stansiyalar tikilib istifadəyə verildi. Həm də tam məsuliyyətlə deyə bilərəm ki, işlədiyim müddətdə metro stansiyalarının tikintisində bir gün də olsun gecikmə olmamışdır.

– Bu gün ölkəmiz hərtərəfli inkişaf edir. Sizcə, Bakıda daha hansı əraziyə metronun çəkilməsinə ehtiyac var?

– Öncə qeyd edim ki, hansısa əraziyə metro çəkilməsi fikri 2-3 ilə yaranmır. Ərazilərə metro çəkilməsi planlı şəkildə 10-15 illik layihə əsasinda həyata keçirilir. Burada əsas amil kimi, əsasən, insanların sıx yaşadığı ərazilərə önəm verilir. Bu gün Bakı Metropoliteninin davamlı inkişafı ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Bakı Metropoliteninin 20 illik inkişafının Dövlət Proqramı” əsasında həyata keçirilir. Artıq bu xətlər layihələndirilib və tikinti işləri dayanmadan icra edilir. Cənab Prezident metro stansiyalarının tikintisinin sürətləndirilməsi ilə Bakı şəhərində əhalimizin əsas nəqliyyat probleminin həll edilməsinə nail olmaq istəyir. Bu gün Azərbaycan dövləti bu cür nəhəng tikililəri öz imkanları hesabına  inşa edir. “Avtovağzal” stansiyasından başlanan yeni metro xətti 20 illik plana uyğun olaraq Qaraçuxurda tamamlanacaq. Təsəvvürünüzə gətirin ki, bu yol üstündə isə on iki stansiya olacaq.

Bütün bunlar onu göstərir ki, bu gün Azərbaycanda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında siyasət, mədəniyyət, təhsil səhəsində olduğu kimi, metro tikintisi sahəsində də quruculuq işləri davam etməkdədir. Əlbəttə ki, bu cür quruculuq işləri yalnız sabitlik olan ölkədə aparıla bilər. Bu baxımdan, sözün həqiqi mənasında, Azərbaycan regionun ən qüdrətli dövlətidir. Ölkəmizdə gedən uğurlu siyasi proseslər bunu deməyə əsas verir ki, bu qüdrətin təntənəsi bundan sonra da bizimlə olacaq. Yeri gəlmişkən, mən bir nüansı da qeyd etməyi özümə borc bilirəm. Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində hazırda mədəniyyətimiz, milli-mənəvi və intellektual dəyərlərimiz dünyada layiqincə təmsil olunur. Belə ölkənin vətəndaşı olmaqdan isə yalnız qürur duymaq olar.

Yusif Alıyev


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında