Aslan Aslanov: Bəzən prinsiplər naminə operativliyi qurban veririk

AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun APA-ya müsahibəsi

- Azərbaycan media mühitində AZƏRTAC-ın mövqeyini necə şərh edərdiniz?

 – AZƏRTAC Azərbaycanın ilk milli informasiya agentliyidir. Bu gün onun 97 yaşı tamam olur. Vaxtilə AZƏRTAC həm də ölkənin yeganə xəbər agentliyi idi. İndi mənzərə dəyişib və informasiya məkanında ciddi rəqabət mühiti yaranıb. Çoxsaylı informasiya agentlikləri, xəbər portalları, üstəgəl sosial şəbəkələr... Agentliklər auditoriya və reytinq uğrunda yarışa girib və buna təbii baxmaq lazımdır. Desəm ki, AZƏRTAC bu yarışdan kənardadır və reytinq barədə düşünmür, düzgün olmazdı. Lakin biz dövlət informasiya agentliyi olaraq, ilk növbədə, bu statusu və mövqeyi qorumağa borcluyuq. Hesab edirəm ki, AZƏRTAC xəbərin dəqiqliyi və dürüstlüyü, obyektivliyi baxımından ön mövqedədir. Bu, bizə izləyicinin, oxucunun etibarını qazandırır.

Hətta insanlar arasında söz düşəndə belə deyirlər: AZƏRTAC yazıbsa, deməli, düzdür. Biz hazırkı informasiya bolluğu şəraitində də prinsiplərimizi dəyişmirik. Bəzən bu prinsiplər naminə operativliyi qurban veririk, xəbəri dəqiqləşdirmədən, yoxlamadan yaymırıq. Digər tərəfdən, rəsmi xəbərlərin, dövlətimizin başçısının fərman və sərəncamlarının, hökumətin və Milli Məclisin qərarlarının ilk mənbəyi AZƏRTAC-dır. Bu da bizim Azərbaycan media mühitində mövqelərimizi gücləndirən, bizə əlavə üstünlük qazandıran əsas amillərdən biridir.

- Agentliyin beynəlxalq əlaqələrinin xəritəsi necədir? Yeni əməkdaşlıqlar üçün danışıqlar aparılırmı?

- Azərbaycanın dünyada nüfuzu artdıqca AZƏRTAC-ın da beynəlxalq əlaqələri də genişlənir. Bu gün AZƏRTAC-ın həm ikitərəfli qaydada, həm də qlobal məkanda informasiya siyasətini müəyyənləşdirən xəbər agentlikləri, alyansları çərçivəsində uğurlu əməkdaşlıq əlaqələri var. AZƏRTAC dünyanın 45 ölkəsinin milli informasiya agentlikləri ilə əməkdaşlıq müqavilələri imzalayıb. Daha bir neçə ölkənin informasiya agentlikləri bizimlə müqavilə imzalamaq üçün müraciət edib. Hazırda bu istiqamətdə danışıqlar aparılır.

2004-cü ildə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA), 2008-ci ildə Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul edilən AZƏRTAC həm də Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən biridir. Agentliyimiz 2011-2013-cü illərdə BSANNA-ya sədrlik edib və hazırda TKA-da eyni missiyanı həyata keçirir.

Bildiyiniz kimi, ötən ilin noyabrında AZƏRTAC eyni vaxtda iki böyük tədbirə - Dünya Xəbər Agentliklərinin V Konqresinə və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasına ev sahibliyi etdi. Konqres öz sıralarında 100-dən çox informasiya agentliyini birləşdirən, qlobal informasiya siyasətinin formalaşmasında aparıcı rol oynayan ən mötəbər beynəlxalq media qurumudur. OANA-ya isə 35 ölkədən 44 informasiya agentliyi daxildir. Qurumun üzvü olan agentliklər dünyada bütün informasiya axınının üçdə iki hissəsini təmin edir. Bir daha vurğulamaq istəyirəm ki, AZƏRTAC bu agentliklərin hamısı ilə sıx əməkdaşlıq qurub.

Beləliklə, bu tədbirlərdə 80 ölkədən 130 xəbər agentliyinin 200-dək rəhbəri və təmsilçisi, media üzrə beynəlxalq ekspertlər, BMT-UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak etdilər. Həm Dünya Xəbər Agentlikləri Konqresinə, həm də OANA-ya sədrlik AZƏRTAC-a keçdi. Agentlik 2019-cu ilədək hər iki quruma rəhbərlik edəcək. Onu da qeyd etmək yerinə düşər ki, biz buna rotasiya qaydasında deyil, seçki əsasında nail olmuşuq. Bütün bunlar AZƏRTAC-ın beynəlxalq əlaqələrini daha da möhkəmləndirir.

- İnternet jurnalistikası bu gün hakim mövqedədir. Ənənəvi jurnalistikanın sıxışdırılması hansı fəsadlar yaradır?

- Dünya internet əsrində, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı dövründə yaşayır. Gündəlik həyatımıza çox sıx daxil olan internet cəmiyyətin hər bir üzvünü həm informasiyanın istehlakçısına, həm istehsalçısına, həm də daşıyıcısına çevirib. İndi internet jurnalistikasının hakim mövqedə olması barədə qızğın diskussiyalar gedir. Bunu təqdir edənlər də, bəyənməyənlər də var. Mən bunu təqdir edənlərin tərəfindəyəm. İnternet qlobal informasiya məkanında, sözün əsl mənasında, inqilab yaradıb. İstifadəçilərinin sayının həndəsi silsilə ilə artması internet jurnalistikasının hakim mövqedə olmasına əyani sübutdur. Ənənəvi mediadan fərqli olaraq, internet jurnalistikası real vaxt rejimində çalışır, yəni, bütün sutka ərzində xəbərlər yayır. İnternet jurnalistikasında zaman və məkan məhdudiyyəti yoxdur. Jurnalistikanın bu növünün məhsullarını istənilən vaxt, istənilən yerdə dərhal izləmək mümkündür. Lakin ənənəvi medianın məhsulları, məsələn, televiziya verilişləri və xəbərləri ilə bağlı bunu söyləmək mümkün deyil. Çünki televiziyada xəbər buraxılışları günün müəyyən saatlarında efirə verilir, bu saatlarda ekran qarşısında olmasan, deməli, yeniliklərdən xəbər tuta bilməyəcəksən. İnternet jurnalistikası ilə bağlı isə bu cür problem yoxdur. Bu fikirləri yazılı mətbuat haqqında da söyləmək olar.

Sualınızın ikinci hissəsinə gəlincə, deməliyəm ki, “ənənəvi jurnalistikanın sıxışdırılması hansı fəsadlar yaradır” məsələsi ilə bağlı mübahisələr uzun müddətdir səngimir. Bəzən fikirlər üst-üstə düşür, bəzən haçalanır. Tərəflərin bir-birinə rəqib gözü ilə baxması hallarına da təsadüf olunur. Bu qarşıdurmanı hətta “soyuq müharibə” adlandıranlar da var. Lakin vəziyyət doğrudanmı müharibə həddindədir, qarşıdurma doğrudanmı bu dərəcədə ziddiyyətlidir? Məsələ heç də belə deyil. Ola bilsin ki, qısqanclıq elementləri var, lakin burada qeyri-sağlam rəqabətdən daha çox qarşılıqlı fayda əldə etməyə üstünlük verilməlidir. Heç də təsadüfi deyil ki, indi internet jurnalistikası peşəkar jurnalistlərin də çalışdığı bir sahədir. Deməli, söhbət “fəsadlar”dan yox, jurnalistikanın yeni sahəsi ilə medianın ənənəvi sahələrinin qarşılıqlı fəaliyyətindən, bir-birinə nüfuz etməsindən gedə bilər.

- AZƏRTAC-ın operativliyi günün tələblərinə nə dərəcədə cavab verir? Bu sahədə hər hansı problemlər mövcuddurmu?

- Mən bir qədər əvvəl bu məsələyə toxundum. Bəziləri belə yanlış fikir formalaşdırmağa çalışırlar ki, AZƏRTAC operativlikdə digər saytlara uduzur. Əslində isə mahiyyət xəbərin heç də 5-10 dəqiqə gecikməsində yox, onun dürüst və dəqiq olmasındadır. Biz də bir çoxları kimi xəbəri alan kimi, ağına-bozuna baxmadan sayta yerləşdirə bilərik. Bu, çətin məsələ deyil. Amma biz xəbəri ilkin, sözün həqiqi mənasında, etibarlı mənbədən dəqiqləşdirməmiş, doğruluğuna əmin olmamış yaymırıq. Təbii ki, bu da müəyyən zaman tələb edir.

Hər halda, öyünə bilərik ki, digərlərindən fərqli olaraq biz yaydığımız hər hansı xəbərə görə bircə dəfə də təkzib verməmişik. Zənnimcə, insanların etibarını, inamını itirmək xəbər agentliyinin imicinə ən ciddi zərbədir və həmkarlarımıza bunu arzulamazdım. Mən həm də bu qənaətdəyəm ki, hamıdan qabağa düşmək naminə dilimizi, onun qayda-qanunlarını da qurban vermək olmaz. Səviyyəli oxucu bunu bizə bağışlamaz.

- Azərbaycan xəbərlərinin gələcəkdə daha hansı dillərdə yayımlanmasını nəzərdə tutursunuz?

- Bilirsiniz ki, AZƏRTAC bu gün 7 dildə mətnli, 5 dildə isə videoxəbər yayır. Bu dillər dünyanın ən populyar dilləridir və böyük bir coğrafiyanı əhatə edir. Son olaraq biz xəbərlərimizi Çin dilində yaymağa başlamışıq, dünya əhalisinin az qala 1/3-i bu dildə danışır. Yəqin razılaşarsınız ki, xəbərin yayılması bir məsələdir, onun izlənilməsi başqa məsələ. Biz bu haqda da düşünürük. Təhlillər aparırıq ki, saytımız xaricdə necə izlənilir, nə qədər auditoriyamız var və bu göstəriciləri necə artıra bilərik. Bunun üçün yollar axtarırıq. Məsələn, Çindəki müxbir məntəqəmiz səfirliyimizin köməyi ilə geniş auditoriyada AZƏRTAC-ın fotolarından ibarət sərgi nümayiş etdirib. Çinin ölkəmizdəki səfirliyi ilə yaxşı münasibətlərimiz, əlaqələrimiz var. Çinli diplomatlar Azərbaycanla bağlı xəbərləri öz ölkələrinin rəsmi dairələrinə çatdırarkən AZƏRTAC-a istinad edirlər. Təqdirəlayiqdir ki, Çinin “Sinxua” kimi nəhəng agentliyi öz səhifələrində hər ay AZƏRTAC-ın Azərbaycanın ictimai-siyasi, iqtisadi həyatından bəhs edən 10-15 xəbərini yayır. Əlbəttə, bütün bunlardan əsas məqsəd Azərbaycanın qazandığı uğurları, inkişafını, ölkəmiz barədə həqiqətləri mümkün qədər geniş coğrafiyada yaymaq, daha geniş auditoriyaya çatmasına nail olmaqdır. Xeyli vaxtdır ki, saytımızda ispan dili bölməsi yaratmaq haqqında düşünürük və bununla bağlı artıq müəyyən addımlar atılıb. İmkan daxilində digər populyar dillərdə də xəbər yaymaq pis olmazdı.

 - Agentliyin gələcək planları nədən ibarətdir?

- Arzularımız, planlarımız çoxdur. İşimizi təkmilləşdirmək, zamanın çağırışlarına daha çevik reaksiya verə biləcək mobil struktur yaratmaq bizim üçün prioritet olaraq qalır. Yəqin bilirsiniz ki, AZƏRTAC üçün yeni bina tikilir. Bu, əməkdaşlarımıza daha münasib və müasir iş şəraiti yaratmağa, innovativ texnologiyaları daha geniş tətbiq etməyə imkan verəcək. Digər bir planımız xaricdəki müxbir məntəqələrinin sayını artırmaq, onların texniki bazasını gücləndirməkdir.

Əməkdaşlarımızın peşə səviyyəsinin yüksəldilməsinə, bu sahənin əsl peşəkarlarının yetişdirilməsinə nail olmaq üçün yeni yollar axtarırıq. Zənnimcə, bu məsələdə qabaqcıl dünya təcrübəsinin yerini heç nə verə bilməz. Jurnalistlərimizi təcrübə mübadiləsi üçün vaxtaşırı TASS, “Anadolu”, “Yonhap” və digər nüfuzlu, populyar agentliklərə göndəririk. Fərəhləndirici haldır ki, onlar da AZƏRTAC-ın təcrübəsinə böyük maraq göstərirlər. Bir sözlə, öyrənməyə, necə deyərlər, görüb götürməyə çalışırıq. Gələcək planlarımızda bu məsələ də önəmli yer alır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında