Səriyyə Müslümqızı: 25 ildir ki, Xocalı dərdini ürəyimdə daşıyıram

Jurnalist Səriyyə Müslümqızı erməni vəhşətindən möcüzə sayəsində qurtulan Xocalı sakinlərindən biridir. Onu bu dəhşətli  faciənin baş verdiyi ilk günlərdən tanıyıram. Xocalıdan sonra Bakıya köçən Səriyyə ilə “Azərbaycan” nəşriyyatında tez-tez rastlaşırdıq. Yadımdadır ki, 22 yaşlı Səriyyə o günlərdə çox həyəcanlı idi. Mənə elə gəlirdi ki, onun gözlərində, səsində sanki Xocalının bütün dəhşətləri əks olunmuşdu. 

Səmimi və mehriban davranışı ilə hamının rəğbətini qazanan Səriyyə xanıma həmkarlarımın çoxu kimi, mən də ürək-dirək verməyə çalışırdım. Bir müddətdən sonra Səriyyə Müslümqızının Xocalı dəhşətləri, qaçqın və məcburi köçkünlərin qayğıları ilə bağlı bir-birindən kəsərli yazıları ilə yaxından tanış olduqca, onun həm də çox istedadlı, vətənpərvər bir  qələm sahibi olduğunu özüm üçün yəqinləşdirdim. 

Bu günlərdə Səriyyə Müslümqızı redaksiyamıza gəlmişdi. Onun Xocalı soyqırımı zamanı erməni quldurlarının törətdikləri dəhşətlər barədə söhbətlərini 25 il əvvəl olduğu kimi, yenə də ürək ağrısı ilə dinləyir, ara-sıra suallar verirdim:

– Səriyyə xanım, sizin üçün ağır olsa da, istərdim ki, xəyalən Xocalı faciəsi ərəfəsindəki o narahat günlərə qayıdasınız...

– Mən Xocalıda hadisələrin içində idim. Axı, 1991-ci ildən “Xocalının səsi” qəzetinin redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərməyə başlamışdım.

Şəhərdə vəziyyət günbəgün gərginləşirdi. 1992-ci ilin əvvəllərindən erməni quldur dəstələri Xocalını  artıq  mühasirəyə almışdılar. Yeddi mindən çox əhalisi olan şəhər düşmənin ağır top və mərmilərindən aramsız atəşə tutulurdu. Demək olar ki, hər gün ölən və yaralananlar olurdu. 

Azərbaycan dövlət radiosu o günlərdə Xocalı sakinlərinin harayını bütün ölkəyə yayımlamağa çalışırdı. Xocalı imdad diləyirdi. Amma Ayaz Mütəllibov hakimiyyəti o dövrdə kar və kor idi, Xocalı sakinlərinin harayını heç cür eşitmək istəmirdi...

Dəhşətli soyqırımından bir gün qabaq mən Ağdamda idim. O məhşum gecənin səhəri  doğmalarımı Abdal-Gülablı meşəsində qarşıladım. Ölən və ağır yaralananlar arasında mənim də çoxlu yaxın qohumum, yaxınlarım var idi. Olduqca dəhşətli anlar idi. Ermənilər sözlə təsvir edilməsi mümkün olmayan vəhşiliklər törətmişdilər.

– Bu gün Xocalı sakini olmaq nə deməkdir?

– Xocalı sakini olmaq bu dəhşətli qətliamda həyatlarını itirən insanların ruhu qarşısında ağır yükdür, böyük məsuliyyət hissidir. Sağ qaldığın, həlak olanlardan biri olmadığın üçün əzab, vicdan yükü deməkdir. Mənim gəncliyim “oğurlandı”. Bircə uşaqlığımı gözdolusu yaşamışam. Bu gün biz hamımız xocalılı olmalıyıq. Düşünürəm ki, yağı düşməndən yalnız qisas alandan sonra rahat yaşamağa mənəvi haqqımız ola bilər!

– Yeri gəlmişkən, siz Xocalı soyqırımı, doğma şəhərin qəhrəman  müdafiəçiləri haqqında bir-birinin ardınca 12 kitab, bir neçə sənədli film üçün ssenari və pyes yazıbsınız...

– Mən 25 ildir ki, Xocalı dərdini  ürəyimdə daşıyıram. Tez-tez özümdən soruşuram: Əgər erməni faşistləri mənim uşaqlığımın şəhərinin izini-tozunu xəritələrdən siliblərsə, dinc, əliyalın insanları qəddarcasına süngüdən keçiriblərsə, mən bu ağlasığmaz dəhşətlər barədə necə susa bilərəm? Bəli, Xocalı dəhşətləri barədə hər zaman yazacağam və bütün dünyanı erməni faşistlərinin bədnam əməlləri ilə tanış edəcəyəm.

– Xocalıdan yazdığınız ilk əsər “Onlar heç vaxt böyüməyəcək” adlanırdı. Səhv etmirəmsə, siz o kitabı Xocalıda həlak olmuş uşaqlara həsr edibsiniz...

– Mən o kitabı 20 il əvvəl istedadlı jurnalist Məmməd Nazimoğlunun redaktorluğu ilə jurnalist Əsli Xəlilqızı ilə birlikdə yazmışdım. 

Bu əsər keçmiş MDB məkanında, bütün dünyada geniş yayılıb. Bu yaxınlarda kitaba əlavələr edərək, yeni dizaynda nəşr etdirdim. Bu ayın 20-də kitabın Mətbuat Şurasında təqdimatı oldu.

– Sizcə, bu gün sivil dünyanın diqqətini Xocalı faciəsinə necə cəlb etmək olar?

– Bu sualın cavabı məni çox düşündürür. Necə etmək lazımdır ki, dünya bizi daha diqqətlə dinləsin, ermənilərin başımıza gətirdikləri ağır zorakılıqlardan tam xəbərdar olsun. Fikriləşirəm ki, dünya ictimaiyyətini Xocalı qətliamından agah etmək üçün ortaya mümkün qədər çox fakt, audio, video material qoymaq lazımdır.

Avropalılar üçün baş verən hadisənin şərhindən daha çox real faktlar maraqlıdır. Düzünü desəm, onlar şərhlərə, izahlara təbliğat kimi baxırlar.  Məhz bu məqsədlə 2014-cü ildə mən daha çox real faktlara əsaslanan “Dünya susmasın gərək!” kitabını yazdım. Əsər Azərbaycan və ingilis dillərində nəşr olunaraq yayıldı. Azərbaycanın Almaniyadakı Koordinasiya Mərkəzində kitabın alman dilində təqdimatı keçirildi. Tədbirdə Belçika və İsveçrədən olan çox sayda yerli sakin, media nümayəndəsi iştirak etdi.

Biz həmin il Berlinin məşhur “Brandenburq qapıları” qarşısında Xocalıda erməni vəhşiliyinə qarşı kəskin etiraz aksiyası keçirdik.

– Son illər bir neçə sənədli filmin araya-ərsəyə gəlməsinə də nail olubsunuz, deyilmi?

– 2016-cı ildə “Xocalı soyqırımı xarici jurnalistlərin gözü ilə” filmimin nümayişi oldu.  Filmin ssenari müəllifi, jurnalist İmran Bədirxanlıdır. Ssenari mənim kitablarımın motivləri əsasında yazılıb. Başqa sənədli filmlərim də var. Xocalı faciəsinə həsr olunmuş pyesim Xırdalan mədəniyyət evində tamaşaya qoyulub. 

– Siz “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri kimi də Xocalı qətliamının dəhşətlərinin  ölkəmizdə və bütün dünyada tanıdılması üçün gərgin çalışırsınız. Bu barədə oxuculara məlumat verməyinizi xahiş edirəm.

– 2013-cü ildə həmin layihə çərçivəsində Almaniyanın Berlin, Hamburq, Köln şəhərlərində olmuşam. Burada Azərbaycanın Almaniyadakı səfirliyinin köməyi ilə Xocalı soyqırımı ilə bağlı təşkil olunan tədbirlərdə çıxışlar etmişəm. Həmin il Macarıstanda da Azərbaycanın bu ölkədəki səfirliyinin köməyi ilə təşkil olunan tədbirdə ombudsman Elmira Süleymanova ilə birlikdə iştirak etmişəm.

Hesab edirəm ki, xarici ölkələrdə oxuyan gənclərin arasında geniş maarifləndirmə işi aparmaq lazımdır ki, onlar Qarabağ həqiqətlərini daha geniş miqyasda yaya bilsinlər. Bizim təbliğatımızın çatışmayan bir cəhəti odur ki, biz bir sıra mühüm hadisələri yalnız təqvim vaxtı yada salırıq, halbuki ermənilər ilboyu əleyhimizə həyasızcasına saxta təbliğat aparırlar.

– Kitablarınızın birində yazıbsınız ki, Xocalıdakı eviniz tez-tez yuxunuza girir...

–  Xocalı yuxularımdan çıxır ki... Orada gözəl, çox səliqəli məhəlləmiz vardı. Evimizin yanından arx axırdı. Uşaqlıq çağlarımda həmin arxın yanındakı sal daşın üstündə oturub xəyallara dalırdıq.

Bir şeylə təskinlik tapıram ki, hər iki övladım – qızım Leyla, oğlum Cahad Xocalı sevdalısıdır. Cahad hələ uşaq vaxtlarından deyir ki, darıxma, ana, mən Xocalını azad edən qəhrəman əsgərlərdən biri olacağam. Bu məqamda o vaxt Xocalıda vuruşan 21 könüllü döyüşçü yadıma düşdü. Bilirsiniz, necə qəhrəman oğullar idilər. Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevin başçılığı ilə döyüşürdülər. Demək olar ki, hamısı Xocalıda böyük şücaətlər göstərərək şəhid olub.

– Səriyyə xanım, bilirəm ki, yenə də səfərə hazırlaşırsınız...

– Bu il fevralın 23-də Almaniyaya yola düşürəm. Ayın 24-də Azərbaycanın Berlindəki səfirliyində Azərbaycan və türk diaspor təşkilatları və yerli media nümayəndələrinin iştirakı ilə Xocalıya həsr olunan böyük bir tədbir keçiriləcək. Fevralın 25-də isə bu ölkənin digər bir şəhəri – Belefertdə analoji tədbir keçiriləcək. Hər dəfə belə tədbirlərə böyük məmnuniyyətlə qatılıram. Axı, hər bir sağ qalan Xocalı sakini həlak olmuş dostunun, doğmasının qisasını almaq üçün son nəfəsinədək əlindən gələni etməyə borcludur.

Söhbəti qələmə aldı:
  Məsaim ABDULLAYEV,  
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında