Müsahibimiz “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədovdur.
– Saleh müəllim, avtomobil yol işçiləri peşə bayramlarını hansı nailiyyətlərlə qeyd edirlər. Qlobal maliyyə böhranının davam etdiyi 2016-cı ildə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən avtomobil yollarının yenidən qurulması, yeni yolların tikntisi ilə bağlı nə kimi tədbirlər həyata keçirilib?
– Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısı yol infrastrukturunun yeniləşdirilməsi, yeni yolların çəkilişi ilə bağlı görülən işlərə xüsusi əhəmiyyət verərək bu sahədə həyata keçirilən tədbirlərin gedişatı ilə şəxsən maraqlanır, açılış və təməlqoyma mərasimlərində iştirak edir. Prezident İlham Əliyevin 20 fevral 2008-ci il tarixli sərəncamı ilə fevral ayının 22-nin ölkəmizdə “Avtomobil yol işçilərinin peşə bayramı günü” kimi təsis edilməsi yol təsərrüfatına, eləcə də bu sahədə çalışanlara diqqət və qayğının parlaq təzahürüdür. Yeri gəlmişkən, möhtərəm Prezidentimiz İlham Əliyevin 20 fevral 2017-ci il tarixli sərəncamları ilə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin bir qrup əməkdaşı “Əməkdar mühəndis” fəxri adına və “Tərəqqi” medalına layiq görülmüşdür. Yol təsərrüfatına, bu sahədə çalışanlara göstərdiyi növbəti qayğı və diqqətə görə cənab Prezidentə bütün avtomobil yollarının işçiləri adından dərin minnətdarlığımı bildirirəm. Artıq 10-cu ildir ki, peşə bayramlarını qeyd edən avtomobil yol işçiləri dövlət qayğısına cavab olaraq yol infrastrukturunun təkmilləşdirilməsi sahəsində mühüm tədbirlər həyata keçirməklə Azərbaycanda gedən ümumi inkişaf prosesinə mühüm töhfələr verirlər.
Qlobal maliyyə böhranına baxmayaraq, 2016-cı ildə Azərbaycanda nəzərdə tutulmuş bütün infrastruktur layihələri, sosial proqramlar uğurla icra olunub. Bu baxımdan ötən il sosial infrastrukturun mühüm sahələrindən sayılan yol təsərrüfatının yenidən qurulması, yeni yolların salınması, mövcud yolların isə əsaslı şəkildə təmiri ilə bağlı layihələr uğurla davam etdirilib. Ölkə Prezidenti İlham Əliyevin göstərişinə əsasən, il ərzində paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunub. Yol infrastrukturunun yenidən qurulması ilə bağlı görülən işləri xüsusi nəzarətdə saxlayan dövlət başçısı avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma və tanışlıqla bağlı keçirilmiş 21 mərasimdə iştirak edərək dəyərli tövsiyə və tapşırıqlarını verib.
Məlum olduğu kimi, Prezident
İlham Əliyevin göstərişi ilə əvvəlki üç ildə tikintisinə başlanılmış kəndlərarası avtomobil yollarının tikintisinin başa çatdırılması, habelə Bakı şəhəri və qəsəbələrində avtomobil yollarının tikintisi və yenidən qurulmasının davam etdirilməsi 2016-cı ildən başlayaraq “Azəravtoyol” ASC-yə həvalə edilib. Dövlət başçısının tövsiyə və tapşırıqlarının icrasını təmin etmək məqsədilə yol təsərrüfatı işçiləri tərəfindən il ərzində mühüm tədbirlər həyata keçirilib. Belə ki, ötən il “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin kollektivi tərəfindən uzunluğu 880 kilometr təşkil edən ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələri tikilib, yenidən qurulub və ya təmir olunub. Bu da əvvəlki ilə nisbətən 355,6 kilometr çoxdur. Həmin yolların 323,5 kilometri respublika, 463,6 kilometri yerli əhəmiyyətli, 92,9 kilometri isə Bakı şəhərinin yolları olub.
Bundan əlavə, il ərzində ümumi uzunluğu 515 kilometr təşkil edən 21 kəndlərarası və 7 qəsəbələrarası avtomobil yollarının tikintisi, qəzalı vəziyyətə düşən bir körpünün bərpası başa çatdırılıb. Sözügedən avtomobil yolları təqribən 1 milyon 230 min əhalinin yaşadığı 173 yaşayış məntəqəsini birləşdirib. Bütövlükdə isə ölkə Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın, eləcə də dövlət başçısının ötən il imzaladığı sərəncamların icrası olaraq ölkənin avtomobil yollarında 14 yeni avtomobil körpüsü, 2 ədəd piyada keçidi tikilib, 8 ədəd avtomobil körpüsü isə təmir edilib. Bakı şəhərinin Binəqədi, Nizami, Yasamal, Xətai, Nərimanov, Nəsimi, Xəzər, Sabunçu, Suraxanı, Qaradağ və Səbail rayonlarında 48 adda prospekt və küçə yenidən qurulub və təmir olunub, həmçinin 4 ədəd piyada keçidi tikilib, 1-i isə təmir edilib. Bundan əlavə, il ərzində Bakı şəhərinin bütün inzibati rayonları üzrə 289,6 min kvadratmetr sahədə cari təmir işləri yerinə yetirilib.
2016-cı ildə cənab Prezidentin imzaladığı 48 sərəncama əsasən, 29 rayon və şəhər ərazisində uzunluğu 708,8 kilometr olan 33 avtomobil yolunun, bir körpünün tikintisi və birinin bərpası, Bakı şəhərində və onun qəsəbələrində isə uzunluğu 84,7 kilometr olan 13 qəsəbələrarası avtomobil yollarının inşası və yenidən qurulması işlərinə başlanılıb. Hesabat ilində 713,5 min nəfər əhalinin yaşadığı 159 yaşayış məntəqəsini birləşdirən uzunluğu 472,5 kilometr olan 21 kəndlərarası avtomobil yolunun və Bakı şəhərində 513,7 min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən uzunluğu 42,5 kilometr olan 7 qəsəbələrarası avtomobil yolunun tikintisi və yenidən qurulması başa çatdırılıb. Bütövlükdə isə dövlət başçısının imzaladığı sərəncamlarda nəzərdə tutulan layihələrin həyata keçirilməsi nəticəsində 2 milyon nəfər əhalinin yaşadığı 356 yaşayış məntəqəsini əhatə edən 917,9 kilometr uzunluğunda avtomobil yolu tikiləcək və ya yenidən qurulacaq. Bu da regionlarda yaşayan əhalinin müasir, rahat avtomobil yollarından istifadə edərək yetişdirdikləri müxtəlif kənd təsərrüfatı məhsullarını, meyvə-tərəvəzi qısa vaxt ərzində lazımi ünvanlara çatdırmağa imkan verəcək.
Prezident İlham Əliyev yol infrastrukturunun təkmilləşdirilməsini Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri kimi həmişə diqqət mərkəzində saxlamışdır. Ölkəmizdə bu sahədə həyata keçirilən və tikintisi davam etdirilən layihələrin əksəriyyəti daxili investisiyalar hesabına reallaşdırılır. Nazirlər Kabinetinin 2016-cı il 19 may tarixli sərəncamına əsasən, müxtəlif yol layihələrinin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsait hesabına Bakı şəhəri və qəsəbələrdə yerləşən Qala-Pirallahı, Zığ-Hövsan, “Ağ şəhər”, 4-cü Qapı, Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil körpüsünün tikintisi, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel yeni yolun tikintisi (II mərhələ), Xocasən-Lökbatan avtomobil yolunun 11-19 kilometr hissəsinin yenidən qurulması, regionlardakı avtomobil yolları və yol qurğularının tikintisi davam etdirilib.
– İnvestisiyalardan söhbət düşmüşkən, Azərbaycanda yol infrastrukturunun yenidən qurulması üçün beynəlxalq maliyyə qurumlarından da lazımi vəsait cəlb edilir. Həmin vəsait hesabına hansı layihələr həyata keçirilir?
– Hazırda ölkəmizin yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində dövlət büdcəsindən əsaslı vəsait qoyuluşları ilə yanaşı, beynəlxalq maliyyə institutlarından və digər kreditor qurumlardan cəlb olunan kreditlər hesabına irimiqyaslı layihələr həyata keçirilir. Həmin işlərin miqyası isə olduqca genişdir. Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax hissəsinin dörd zolağa genişləndirilməsi layihəsi Çexiya Respublikasının kommersiya bankları ilə bağlanmış kredit sazişinə əsasən həyata keçirilib. İcrasına 2012-ci ilin sentyabr ayında başlanmış 87,8 kilometrlik yolun tikintisi ötən il sona çatdırılaraq sentyabr ayının 21-də ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə rəsmi açılış mərasimi keçirilib.
Şimal-Cənub avtonəqliyyat dəhlizi son illər reallaşdırılan mühüm infrastruktur layihələrindən sayılır. Bu baxımdan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu layihəsi xüsusi əhəmiyyət daşıyır. Dünya Bankı və Asiya İnkişaf Bankının kreditləri hesabına maliyyələşdirilən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi 2016-cı ildə xeyli sürətləndirilib. Yeri gəlmişkən, hazırda istismarda olan yolun uzunluğu 243 kilometrdir. Yeni trass üzrə birinci dərəcəli, dörd zolaqlı yolun uzunluğu isə 39 kilometr azalmaqla 203,9 kilometr olması nəzərdə tutulur. Artıq yolun 54,4 kilometr hissəsinin tikintisi, Salyan şəhərində Kür çayı və Lənkərançay üzərindəki körpülərin tikintisi başa çatdırılıb. Yolun 149,5 kilometr hissəsinin tikintisi isə davam etdirilməkdədir. Layihənin tərkib hissəsi olan 23,4 kilometrlik Yenikənd-Salyan və 24,8 kilometrlik Salyan-Şorsulu hissələri Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşdirilir. Artıq yolun bu hissələrində işlərin müvafiq olaraq 72,2 faiz və 58,5 faizi arxada qalıb. Layihənin Yenikənd-Salyan hissəsinin cari ilin iyun ayının sonunda, Salyan-Şorsulu hissəsinin isə oktyabr ayında başa çatdırılması gözlənilir.
Uzunluğu 30,1 kilometr təşkil edən Şorsulu-Cəlilabad və 32,2 kilometrlik Masallı-Cəlilabad yollarında isə işlərin müvafiq olaraq 28,7 faizi və 76,2 faizi görülüb. Yolun Cəlilabad-Masallı hissəsinin 2017-ci ilin sentyabr ayında, Şorsulu-Cəlilabad hissəsinin isə 2019-cu ildə başa çatdırılması nəzərdə tutulub. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu layihəsinin 61,4 kilometrlik Masallı-Astara A, B və C hissələrində də işlərin artıq 68-88 faizi yerinə yetirlib. Sözügedən yollarda tikinti işlərininin bu ilin iyun-sentyabr ayları ərzində başa çatdırılması nəzərdə tutulub.
Ələt-Şorsulu hissəsi üzrə Kür çayı üzərində yeni körpünün tikintisi Dünya Bankı ilə imzalanmış əlavə maliyyələşdirmə sazişi çərçivəsində həyata keçirilib. 362,9 metr uzunluğunda olan körpü müasir texnologiyaların tətbiqi nəticəsində yaranmış orijinal konstruksiyası, incə dizaynı və memarlıq görünüşü ilə seçilərək ətraf landşaftla vəhdət təşkil edir. 2015-ci ilin avqust ayında tikintisinə başlanılmış körpünün ötən ilin sentyabr ayının 3-də möhtərəm Prezidentimizin iştirakı ilə rəsmi açılış mərasimi keçirilib.
Dünya Bankının vəsaiti hesabına maliyyələşdirilən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13,3-107 kilometrlik hissəsinin dörd zolağa genişləndirilməsi layihəsi üzrə işlər də uğurla davam etdirilir. Sözügedən layihənin icrası bir neçə mərhələdə həyata keçirilir. Yolun Müşviqabad qəsəbəsinin ərazisindən keçən 13,3-15,1 kilometrlik hissəsinin inşasına ötən ilin avqust ayında başlanıb. Tikinti işlərininin isə bu ilin avqust ayında başa çatdırılması nəzərdə tutulub. 29,6 kilometrlik Müşfiqabad-Cəngi hissəsinin yenidən qurulması layihəsi Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir. İcrasına 2011-ci ilin avqust ayında start verilmiş layihə üzrə işlərin 65 faizindən çoxu tamamlanıb. Layihənin cari ilin oktyabr ayında başa çatdırılması nəzərdə tutulur. Dünya Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilən 44,6-67,5 kilometrlik Cəngi-Qobustan hissəsinin yenidən qurulmasına 2013-cu ilin avqust ayında start verilib. Uzunluğu 22,9 kilometr təşkil edən yolda işlərin artıq 98 faizi tamamlanıb. Yolun 67,5-91-ci kilometrarası Qobustan-Bədəlli hissəsinin uzunluğu də Dünya Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir. 23,5 kilometr uzunluğunda olan yolun tikintisinə 2013-cü ilin dekabr ayında başlanılıb. Ötən müddətdə layihə üzrə işlərin 71,21 faizi tamamlanıb. Yolun sözügedən hissələrinin bu il iyun ayının sonunadək başa çatdırılması nəzərdə tutulur.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin yenidən qurulması layihəsi Fransanın BNP Paribas Bankı ilə imzalanmış kredit sazişi əsasında həyata keçirilib. Layihənin icrasına 2010-cu ilin may ayında başlanılıb. Uzunluğu 115 kilometr təşkil edən yolun tikintisi 2016-cı ildə başa çatdırılaraq aprel ayının 29-da ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib. Yeri gəlmişkən, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun mürəkkəb relyefə malik olan 30 kilometrlik Ağsu aşırımı hisəssinin sürüşmə və seysmik zona olduğu üçün ayrıca layihə kimi həyata keçirilməsi nəzərdə tutulur.
Gəncə regionunda dörd ədəd körpünün tikintisi də xarici investisiya hesabına həyata keçirilir. Asiya İnkişaf Bankı ilə bağlanmış kredit sazişinə əsasən reallaşdırılan layihə çərçivəsində Ağstafa rayonu ərazisində Ağstafa-Poylu-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunda üç, yerli əhəmiyyətli Poylu-Düzqışlaq-Qazax avtomobil yolunda isə bir ədəd körpü inşa olunur. 2017-ci il yanvarın 1-nə tikinti-quraşdırma işlərinin 68,12 faizi yerinə yetirilib. Layihənin cari ilin sentyabr ayında başa çatdırılması nəzərdə tutlur.
Avropa Yenidənqurma və İnkişaf Bankı arasında imzalanmış borc sazişi əsasında həyata keçirilən Mingəçevir-stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması layihəsi isə üç mərhələdə həyata keçirilir. Yolun ümumi uzunluğu 154,4 kilometr təşkil edir. Tikinti işlərinin ilk mərhələsi çərçivəsində 16,45 kilometrlik Mingəçevir-stansiya Mingəçevir hissəsi yenidən qurulur. Artıq yenidənqurma işlərinin 50 faizi arxada qalıb. Bu hissənin cari ilin iyul ayında başa çatdırılması nəzərdə tutulur. Yolun Qarağacı-Bəhrəmtəpə (26-137,9 kilometr) hissəsinin tikintisinə isə ötən ilin aprel ayında başlanılıb. Uzunluğu 111,9 kilometr təşkil edən bu hissədə tikinti-quraşdırma işlərinin 13,9 faiz yerinə yetirilib. Layihənin gələn ilin aprel ayında başa çatdırılması planlaşdırılıb. Aran-Qarağacı hissəsi isə başlanğıcdan 26-cı kilometrədəkdir. Ötən ilin noyabr ayından cari ilin 1 yanvar tarixinədək layihə üzrə tikinti-quraşdırma işlərinin 2,1 faizi yerinə yetirilib. Yenidənqurma işlərinin 2018-ci ilin noyabr ayında başa çatdırılması nəzərdə tutulur.
– Son zamanlar, paytaxtda yağan leysan yağışlar bəzi yerlərdə avtomobil yollarının sıradan çıxmasına səbəb olub. Bu cür halların qarşısını almaq üçün nə kimi tədbirlər həyata keçirilir?
– Bakı şəhərində 2016-cı ilin sentyabr və oktyabr aylarında aramsız yağan yağışlar nəticəsində paytaxtın avtomobil yollarında, küçə və prospektlərinin bir çox yerlərində yağış sularının yığılması müşahidə olunmuş, nəqliyyatın təhlükəsiz hərəkətində böyük çətinliklər, bəzi yerlərdə isə davamlı tıxaclar yaranmışdır. Bu cür xoşagəlməz mənzərələrin qarşısını almaq məqsədilə “Azəravtoyol” ASC tərəfindən avtomobil yollarının saxlanılması və cari təmiri üçün ayrılmış vəsaitdən edilən qənaət hesabına öz gücümüzlə yağış sularının axıdılması üçün 2015-2016-cı illərdə uzunluğu 7563 metr olan müxtəlif diametrli yağış-kanalizasiya xətləri çəkilmiş və təmir olunmuşdur. Bu işlər hazırda da davam etdirilir.
Bununla belə, məsələnin əhəmiyyətini nəzərə alan dövlət başçısı 2016-cı ilin noyabr ayının 11-də Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında sərəncam imzaladı. Mənim də daxil olduğum işçi qrupuna Bakı şəhərində yağış, ərimiş qar sularının yığılması təhlükəsi olan şəhər avtomobil yollarını müəyyənləşdirməklə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsinə dair təkliflərin hazırlanması və iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırığı verilmişdir. Bununla yanaşı, dekabr ayının 30-da möhtərəm Prezidentimiz Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalamışdır. Bu fərmana əsasən, Bakıda bir sıra mühəndis-kommunikasiya, o cümlədən yağış kanalizasiya sistemlərinin hazırkı inkişaf vəziyyəti və şəhər təsərrüfatının tələblərinə cavab verən səviyyəyə çatdırılması üçün təkmilləşdirilməsi, bəzi məhdudlaşdırma tədbirləri də daxil olmaqla əlavə və uzunmüddətli işlərin görülməsi nəzərdə tutulur.
– Saleh müəllim, son zamanlar nəqliyyatın hərəkətinin təhlükəsizliyi ilə bağlı nə kimi tədbirlər həyata keçirilib?
– “Azəravtoyol” ASC-nin əsas öhdəliklərindən biri də hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdən ibarətdir. Bakı şəhərindən ölkəmizin şimal və şimal-qərb hissəsinə çıxış və girişləri təmin edən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi və Bakı-Şamaxı-Yevlax avtomobil yollarının müxtəlif hissələrində nəqliyyatın hərəkətini çətinləşdirən və süni tıxac yaranmasına səbəb olan yerlər mütəxəssislərimiz tərəfindən aşkar edilmiş və ötən müddətdə öz gücümüzlə bu maneələri aradan qaldırmağa müvəffəq olmuşuq. Belə ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-22 kilometrlik və Bakı Dairəvi-1 avtomobil yolunun giriş hissələrində, eləcə də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 9-cu kilometrində yerləşən ərazidə görülən müvafiq işlər piyadaların və nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin edib.
Eyni zamanda, paytaxtın şimal girişində, Moskva prospektində həyata keçirilmiş kompleks tədbirlərin məntiqi davamı olaraq prospektdən şəhərə giriş hissə “20 Yanvar dairəsi”nə doğru genişləndirilib. Bununla da Sumqayıt şəhərindən və Bakının şimal istiqamətindən şəhərə daxil olan avtonəqliyyat vasitələrinin rahatlıqla “20 Yanvar” dairəsinə çıxışı təmin edilib. Eyni zamanda, Sabunçu yol qovşağının altında Sabunçu qəsəbəsinə rahat-maneəsiz girişi təmin etmək məqsədilə geriyədönmə yolu tikilib.
Əhalinin çoxsaylı müraciətlərini nəzərə alaraq, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan Goranboy rayonuna girişdə dairə şəkilli yol qovşağı yaradılıb, magistralın 17 və 115-ci kilometrlərində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədilə yol qovşaqları inşa olunub. Bütövlükdə isə respublikanın ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərinin küçə və prospektlərində piyadaların təhlükəsiz və sərbəst keçidinin təmin olunması üçün yerüstü və ya yeraltı piyada keçidlərinin inşası istiqamətində işlər hazırda da davam etdirilir.
– Məlum olduğu kimi, ölkədə yol infrastrukturunun yenidən qurulması ilə bağlı görülən işlərin həcminin artması maddi-texniki bazanın gücləndirilməsini tələb edir. Bu barədə nə deyə bilərsiniz?
– Son illər yol təsərrüfatının bütün sahələri kimi, bu məsələ də aktuallığını getdikcə artırır. Bu da təsadüfi deyil. Çünki müasir texnikalar, maşın və mexanizmlər, eləcə də texnoloji yeniliklər olmadan dünya standartlarına cavab verən yol infrastrukturuna malik olmaq mümkün deyil. Təkcə ötən il “Azəravtoyol” ASC-nin maddi-texniki bazasını gücləndirmək məqsədilə 3 ədəd buldozer, 1 ədəd 14 tonluq vərdənə və 10 ədəd hidravlik çəkic alınıb. Hesabat ilində cəmiyyətin “Bakı 2 nömrəli Yol İstismarı” MMC-nin nəzdində Almaniya Federativ Respublikasından alınmış “Lintex-3000” markalı, məhsuldarlığı 240 ton-saat təşkil edən asfalt-beton və emulsiya zavodları quraşdırılaraq istismara verilib. Asfalt-beton zavodunun ərazisində hər biri 100 ton olan 11 ədəd bitum çəni də qoyulub ki, bunlardan da 2 ədədi xüsusi kimyəvi qatqı qatılaraq yüksək keyfiyyətə malik polimer asfalt-beton qarışığı istehsalı üçün nəzərdə tutulub. Zavod həm mavi yanacaq, həm də dizel yanacağı ilə fəaliyyət göstərdiyindən ərazidə 35 tonluq dizel çəni quraşdırılıb, qaz təminatı üçün isə 4 kilometrə yaxın yüksək təzyiqli qaz xətti çəkilib. 2016-cı ildə 1 milyon 21,8 min ton asfalt-beton istehsal olunub, 56,2 min ton bitum və 4,5 min ton mazut istifadə edilib.
– Saleh müəllim, son illər yeni çəkilmiş, eləcə də yenidənqurmadan sonra istifadəyə verilmiş yolların kənarında salınmış yaşıllıq zolaqları zövq oxşayır. Ətraf mühitin sağlamlaşmasına, ekoloji tarazlığın qorunmasına xidmət edən bu tədbirlər ictimaiyyət tərəfindən də razlıqla qarşılanır...
– Ekoloji tədbirlər, yaşıllıqların salınması “Azəravtoyol” ASC-nin əsas fəaliyyət istiqmətlərindən biridir. Məlumat üçün bildirmək istəyirəm ki, hazırda “Azəravtoyol” ASC-nin nəzdində yaradılmış avtomobil yollarının yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətlər tərəfindən 1600 kilometr magistral və 1824 kilometr respublika əhəmiyyətli avtomobil yollarının təhkim zolağındakı yaşıllıqlara xidmət göstərilir. Hazırda həmin yolların mühafizə zolağında 1 milyon 145 min 944 ədəd, o cümlədən 891 min 977 ədəd çoxillik ağac mövcuddur. Avtomobil yollarının təhkim zolağında 2014-2015-ci illərdə 168 min 129 ədəd, ötən il isə 162 min 237 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilərək yaşıllıq zolaqlarının sahəsi 550,6 hektara çatdırılıb. Avtomobil yollarının yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətlər Bakı şəhərində 97,3 hektar yaşıllıq sahəsinə, o cümlədən 13,5 hektar qazon sahəsinə və 87 min 749 ədəd müxtəlif növ ağac və kol bitkisinə xidmət göstərir. Həmin yaşıllıq sahələrinə su xətləri çəkilib, damla üsulu ilə suvarma sistemləri quraşdırılıb.
– Sonda sizi və yol təsərrüfatının çoxminli kollektivini 22 fevral- avtomobil yol işçilərinin peşə bayramı münasibətilə təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq.
– Təşəkkür edirəm. Fürsətdən istifadə edib peşə bayramı günündə kollektivimizin ən böyük arzusunu dilə gətirmək istəyirəm. Arzu edirik ki, möhtərəm Prezidentimizin qətiyyəti və diplomatik səyləri nəticəsində işğal altında olan torpaqlarımız tezliklə azad edilsin və biz də həmin ərazilərdə yeni, rahat yollar çəkək. Ölkə Prezidenti cənab İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli sərəncamı ilə Qarabağa böyük dönüşün əsası qoyuldu. Dövlət başçısının bu ayın 10-da imzaladığı sərəncamla isə Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi üçün “Azəravtoyol” ASC-yə 4,3 milyon manat vəsait ayrılıb. Artıq bu istiqamətdə işlərə başlamışıq. Hesab edirəm ki, rahat, müasir yollar doğma Qarabağımıza qayıdışı bir qədər də sürətləndirəcək. Bütövlükdə isə dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısına əməli işlə cavab verən ölkənin yol təsərrüfatı işçiləri daha yüksək nailiyyətlərin əldə olunması üçün bütün imkanları səfərbər edərək ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfələr verəcəklər.
Müsahibəni apardı:
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.