Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci il fevral ayının 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalayıb. İnsan hüquq və azadlıqlarının təminatı, cəzaların tətbiqi zamanı humanizm prinsiplərinin əsas götürülməsini nəzərdə tutan bu sənəd ölkə ictimaiyyəti tərəfindən dərin razılıqla qarşılanıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov bu barədə jurnalistlərə açıqlama verərək bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin 10 fevral tarixli sərəncamı Penitensiar Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının sözügedən sərəncamında nəzərdə tutulan vəzifələrin icrasının Penitensiar Xidmətin ən yüksək standartlara layiq səviyyədə fəaliyyət göstərməsinə səbəb olacağını vurğulayan xidmət rəisinin müavini qeyd etdi ki, son 20 ilə yaxın bir dövr ərzində Penitensiar Xidmətin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı çoxsaylı hüquqi islahatlar həyata keçirilib. Belə ki, ulu öndər Heydər Əliyevin 1999-cu il 26 may tarixli fərmanı ilə təsdiq olunmuş tədbirlər proqramı qəbul olunub, ölkə Prezidenti İlham Əliyev 2006-cı il avqust ayının 17-də ədliyyə orqanlarının inkişafına dair fərman imzalayıb. Daha sonra 2009-2013-cü illər üzrə proqram tərtib olunub və həmin sənədə uyğun olaraq Penitensiar Xidmətdə çox böyük dəyişikliklər baş verib. Məhkumların saxlanması, onların saxlanma şəraitinin yaxşılaşdırılması, konstitusion hüquqların qorunmasına xidmət edən halların daha da humanistləşdirilməsi, onların görüşlərinin, telefon danışıqlarının təmini, yemək və maddi-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən çoxsaylı tədbirləri buna misal göstərmək olar.
Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində baş verən müsbət dəyişikliklərin Ədliyyə Nazirliyi Penitensiar Xidmətə də sirayət etdiyini deyən H. Əlixanov bildirdi ki, dövlət başçısının sərəncamı Xidmətin yeniləşdirilməsi, daha da təkmilləşdirilməsi və hazırki dövrün tələblərinə uyğun olaraq müasirləşdirilməsi məqsədi daşıyır. Sərəncamla bağlı mətbuatda kifayət qədər müzakirələrin aparıldığını diqqətə çatdıran natiq bildirdi ki, bu sənəd vətəndaşlarımızın, xüsusən də cəmiyyətin həssas qismi olan məhkumların ürəyincədir. Belə ki, sərəncamda Penitensiar Xidmətin gələcək inkişafı üçün zəruri olan bütün hallar nəzərdə tutulmaqla bərabər, bir sıra çatışmazlıqların da aradan qaldırılmasının dəqiq yolları göstərilib. Heç şübhəsiz, məntəqə tipli cəzaçəkmə müəssisələrində müvafiq şəraitin olmaması ilə bağlı müəyyən çətinliklərin yaranması, eləcə də məhkəmələrin ictimai işlər üzrə çıxardıqları hökmlərin icrasında yaranmış çətinliklər və s. hallar sərəncamın icrasından sonra tamamilə aradan qaldırılacaq. Həm məntəqələr, həm də ictimai işlər üzrə cəza növləri müvafiq orqanlar tərəfindən lazımi səviyyədə həyata keçiriləcək. Cəmiyyət tərəfindən razılıqla qarşılanan bu sənədin imzalanması möhtərəm Prezidentimizin insan azadlığına verdiyi yüksək qiymətin bariz nümunəsidir. Sənəddə məhkumların həbs olunması ilə bağlı cəzaların məhdudlaşdırılması nəzərdə tutulur ki, bu da olduqca müsbət hal kimi dəyərləndirilir. İstər cinayət təqibi, istərsə də cəza icra orqanları tərəfindən bu məsələyə diqqətin artırılması Probasiya xidmətinin yaradılmasından sonra tam həllini tapacaq. Daha doğrusu, bu xidmətin yaradılması ölkəmizdə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların tətbiqi ilə bağlı məsələləri, çətinlikləri aradan qaldıracaq.
Probasiyanın dünyanın əksər qabaqcıl ölklərində geniş yayılmış bir xidmət olduğunu diqqətə çatdıran ədliyyə general-mayoru bildirdi ki, Azərbaycanda bununla bağlı kifayət qədər məlumat olsa da, hazırda bu sahədə beynəlxalq təcrübə diqqətlə öyrənilir. Çalışırıq ki, Probasiya xidmətinin hansı dövlətlərdə daha uğurla həyata keçirildiyini nəzərə alaraq həmin ölkələrin təcrübəsindən bəhrələnək, gələcəkdə ölkəmizdə tətbiqinə nail olaq. Bütövlükdə isə, Probasiya xidmətinin 1887-ci ildə İngiltərədə yaradıldığını vurğulayan H. Əlixanov bildirdi ki, onun tətbiqi ilk dəfə məhkum olan şəxslərin cəzalarının yüngülləşdirilməsi ilə bağlı, yəni azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalar üçün nəzərdə tutulub. 1907-ci ildə isə birbaşa Probasiya xidmətinin yaradılması haqqında müvafiq qanun qəbul olunub. Sonralar isə ABŞ, Fransa, İsveçrə və digər ölkələrdə bu xidmətin tətbiqinə başlanılıb. Hazırda isə Şərqi Avropanın, demək olar ki, əksər ölkələrində Probasiya xidməti fəaliyyət göstərir. Bu xidmətin fəaliyyəti də məhz onunla bağlıdır ki, həbsə alternativ olan cəzaların tətbiqi daha da genişləndirilsin. Həm ibtidai istintaqda qətiimkan tədbirlərinin seçilməsi, həm də məhkəmələrin çıxardıqları hökmlər zamanı Probasiya xidmətində nəzərdə tutulan cəza növlərindən istifadə olunsun.
Penitensiar Xidmətin təkmilləşdirilməsi və müasirləşdirilməsi ilə bağlı sərəncamdan irəli gələn vəzifələrdən danışan H. Əlixanov bildirdi ki, burada həm məhkumların bilavasitə maddi-məişət şəraitinin yaxşılaşdırılması, həm də Penitensiar Xidmətdə çalışan əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər nəzərdə tutulur. Qeyd olundu ki, bütün bunlar mövcud qanunlarda, xüsusən də Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müvafiq dəyişikliklərə səbəb olacaq. Belə ki, Cinayət Məcəlləsində elə maddələr mövcuddur ki, yalnız həbslə bağlı cəzaları nəzərdə tutur. Yeni sərəncamda isə qeyd olunur ki, böyük ictimai təhlükə törətməyən, eləcə də az ağır cinayətlər üzrə alternativ cəzalardan istifadə olunması bir qayda olaraq tətbiq olunsun. Bu, heç də o anlama gəlməməlidir ki, həbs qətiimkan tədbiri birdəfəlik olaraq ləğv olunur. Probasiya xidməti cinayəti törədən şəxsin kimliyi, cinayətin törədilməsi şəraiti, cinayətin ictimai təhlükəlilik dərəcəsi, eləcə də Cinayət Məcəlləsində nəzərdə tutulan yüngülləşdirici hallar olduqda alternativ cəzalardan istifadə olunmasını nəzərdə tutur. Lakin elə cinayətlər mövcud ola bilər ki, onlar həbssiz ötüşə bilməz. Bu hallar cəmiyyətimiz tərəfindən də qəbul ounur və bəyənilir. Sərəncamda, eyni zamanda, nəzərdə tutulub ki, qanunların düzgün və dönmədən tətbiq olunmasını təmin etmək məqsədilə konkret olaraq bütün bu maddələrdə həbs qətiimkan tədbiri seçilən, həbs cəzası nəzərdə tutulan maddələrə, eyni zamanda, alternativ cəzalar əlavə olunsun. Bu barədə həm Ali Məhkəməyə, həm də Azərbaycan Respublikasının Baş Prokurorluğuna müvafiq tapşırıqlar verilib.
Hazırda dünya ölkələrində məhkumların cəzaçəkmə müəssisələrindən qaçması ilə bağlı halların geniş yayıldığını vurğulayan H. Əlixanov Azərbaycanda bu cür hallara rast gəlinməsə də, hər bir halda mühafizənin gücləndirilməsinin ümdə vəzifələrdən olduğunu qeyd etdi və bildirdi ki, sərəncamda Penitensiar Xidmət müəssisələrinin mühafizəsinin gücləndirilməsi öz geniş əksini tapıb. Ədliyyə general-mayoru bildirdi ki, bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə mühafizə işlərinin gücləndirilməsi üçün lazım olan müddətli hərbi xidmət qulluqçularının tam komplektləşdirilməsinin təmin edilməsi tapşırılıb. Bundan başqa, xüsusi aktuallıq kəsb edən vacib məsələlərdən biri də məhkumların ictimai faydalı əməklə məşğul olmasını təmin etməkdən ibarətdir. Bu məsələ də Prezidentin nəzərindən yayınmayıb və bununla bağlı əvvəllər mövcud olmuş istehsal sahələrinin bərpasının təmin olunması, eləcə də yeni istehsal müəssisələrinin yaradılması məsələsinin mümkünlüyünə baxılması qarşıya mühüm bir vəzifə kimi qoyulub. Bir sıra xarici ölkələrdə olduğu kimi, bu işə sahibkarların da müəyyən güzəştlər yolu ilə cəlb edilməsi yolları nəzərdən keçirilir.
Sərəncamla Penitensiar Xidmətdə həm əməkdaşların, həm də məhkumların maddi-texniki təchizatının möhkəmləndirilməsi ilə bağlı da müvafiq tapşırıqlar verilib. Qeyd olundu ki, əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi, kadrların vəzifələrə təyinatı istiqamətində işlərin başa çatdırılması ilə bağlı məsələlərin həlli istiqamətində də müvafiq tədbirlər həyata keçirilir, Heç şübhəsiz, bütün bunlar Azərbaycanın Penitensiar Xidmətinin dünyanın daha təkmil bir qurumuna çevrilməsinə səbəb olacaq. Xidmət rəisinin müavini sonda onu da bildirdi ki, dövlət başçısının humanist dəyərləri özündə tam əks etdirən bu sərəncamın icraya yönəldilməsi ilə əlaqədar olaraq fevral ayının 15-də Ədliyyə Nazirliyində nazir Fikrət Məmmədovun sədrliyi ilə geniş kollegiya iclası keçirilib, qarşıya qoyulan vəzifələr müzakirə olunub, Penitensiar Xidmətin rəhbərliyinə konkret tapşırıqlar verilib. Bir gün sonra isə Xidmətin rəhbər heyətinin, şura üzvlərinin iştirakı ilə keçirilən iclasda bütün təşkliatların, cəzaçəkmə müəssisələrinin rəhbərlərinin üzərinə düşən vəzifələr müəyyənləşdirilib. Artıq bu istiqamətdə müvafiq işlərə başlanıldığını qeyd edən H. Əlixanov dövlət başçısının yeni sərəncamının təkcə Penitensiar Xidmətin fəaliyyətində deyil, həm də bütövlükdə dövlət idarəçilik sistemində böyük irəliləyişlərə səbəb olacağını bildirdi.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.