Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı müvafiq sərəncamını xalqımız yüksək qiymətləndirilib. Sənəd respublikamızın bütün vətəndaşlarında, ordumuzda böyük ruh yüksəkliyi yaradıb. Bununla bağlı “Xəmsə” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Mürvət Həsənli söhbətində dedi:
– Cocuq Mərcanlı kəndi 1994-cü ildə ulu öndərimiz Heydər Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi ilə aparılan uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilib. Lakin mənfur qonşularımız həmin ərazini demək olar ki, daim atəş altında saxlayır və yaşayış üçün təhlükəli vəziyyət yaradırdılar. Ancaq keçən ilin aprel ayında erməni təxribatının qarşısını almaq məqsədilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu əməliyyat zamanı Lələtəpə yüksəkliyi işğaldan azad edildikdən sonra həmin ərazilərdə yaşayış üçün tam təhlükəsiz vəziyyət yaradılıb. Artıq o ərazilərin bərpası istiqamətində işlərə başlanılıb. Dövlətimizin başçısı möhtərəm İlham Əliyevin tapşırığına əsasən, Cocuq Mərcanlı kəndindəki hər bir ev təcili şəkildə araşdırılır, sənədi tərtib olunur. Həmin torpaqlarda ANAMA tərəfindən mina axtarışları davam etdirilir.
Xatırladım ki, sözügedən sərəncamda Cocuq Mərcanlı kəndində ilkin mərhələdə 50 fərdi yaşayış evinin və məktəb binasının tikintisi nəzərdə tutulub. Ancaq Prezident İlham Əliyevin tapşırığı ilə aparılan araşdırmalara əsasən, ərazidə 150-200 ailənin yerləşdirilməsi, onlar üçün lazım olan bütün şəraitin yaradılması qarşıya mühüm vəzifə kimi qoyulub.
Yeri gəlmişkən, burada bir məsələni də xatırlatmaq istərdim. Bu il yanvarın 30-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda möhtərəm dövlət başçımız deyib: “Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı müvafiq sərəncam imzalanmışdır. Bu layihənin icra edilməsi çox böyük rəmzi məna daşıyır. Bu, tarixi hadisədir. Biz işğaldan azad edilmiş kəndə sakinləri qaytarırıq. Mən çox şadam ki, Cocuq Mərcanlı kəndinin sakinləri buna çox böyük həvəslə, böyük maraqla yanaşırlar, o günü səbirsizliklə gözləyirlər...”.
Azərbaycan Prezidenti İlham Əliyev konfransda daha sonra Cocuq Mərcanlı ilə bağlı vacib tapşırıqlar verərək kənddə ilk növbədə, infrastruktur yaradılmasının, yol, elektrik, qaz, su xətlərinin çəkilməsinin, məktəb, uşaq bağçası, tibb məntəqəsi və fərdi evlər tikilməsinin, iş yerlərinin açılmasının vacibliyini diqqətə çatdırıb.
Dövlət başçısının müvafiq tapşırıqları ilə bağlı bir sahibkar kimi mənim də üzərimə müəyyən vəzifələr düşür. Bir iş adamı olaraq Cocuq Mərcanlıda quşçuluq ferması ilə yanaşı, meyvəçilik təsərrüfatı da yaratmaq qərarına gəlmişəm.
Sözügedən yaşayış məntəqəsində işə başlayacaq quşçuluq ferması ilə bağlı onu deyim ki, biz ilkin mərhələdə illik 8-10 ton quş ətinin istehsalını planlaşdırırıq. Yeri gəlmişkən, respublikada quşçuluğun inkişafından da söhbət açmaq istərdim. Azərbaycanda bu sahə də aqrar sektorun digər bölmələri kimi, ulu öndərimiz Heydər Əliyevin daim diqqətində olub. Xatırladım ki, ümummilli liderimiz 1969-cı ildə hakimiyyətə gəldikdən sonra quşçuluğun inkişafına da xüsusi diqqət göstərməyə başlayıb. Giləzi, Qaraqaşlı, İmişli, Biləsuvar və digər quşçuluq fabriklərinin fəaliyyətinin gücləndirilməsinə mühüm önəm verib. Bununla yanaşı, dahi öndərin kənd təsərrüfatının inkişafına xüsusi əhəmiyyət verməsi sayəsində 1975-ci ildə “Dəvəçi Broyler” fəaliyyətə başlayıb, 1982-ci ildə isə “Siyəzən broyler”in təməli qoyulub.
O illərdə quşçuluğun inkişafını nəzərə çarpdıran başqa bir fakt: 1979-1980-ci illərdə respublikada 2700 ton quş əti istehsal olunub. Sonrakı dövrdə isə “Siyəzən Broyler” fabrikinin işə düşməsi ilə ət istehsalı 40 min tonu keçib.
Onu da qeyd edim ki, ulu öndər həmin illərdə quşçuluğu kənd təsərrüfatından ayırıb, sənayenin müstəqil bir sahəsi kimi inkişaf yoluna çıxarılmasına nail olmuşdu.
Dövlətimizin başçısı möhtərəm İlham Əliyev prezident kimi fəaliyyətə başlayandan sonra quşçuluğun inkişafı da sürətləndi. Belə ki, illik istehsal gücü 55 min ton quş əti və 248,5 milyon ədəd yumurta olan 39 quşçuluq fabrikinin istehsal gücünün genişləndirilməsinə və əlavə olaraq 5 damazlıq, 1 əmtəəlik və 9 broyler fabrikinin istifadəyə verilməsinə son illər ərzində 98 milyon manat güzəştli kredit ayrılıb. İki il əvvələ isə nəzər salsaq görərik ki, 2014-cü ildə respublika üzrə istehsal olunan 99,4 min ton quş ətinin 64 min tonu , 1562,7 milyon ədəd yumurtanın 703,3 milyon ədədi sənaye üsulu ilə istehsal olunub.
Ötən il illik quş əti istehsalı 100 min tona, yumurta istehsalı isə 1,5 milyard ədədə çatıb. Hazırda ölkə əhalisinin quş məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin olunur.
Cocuq Mərcanlıda yaradılacaq təsərrüfatın layihəsi də artıq hazırdır. Yaxın günlərdə Cəbrayıl Rayon İcra Hakimiyyətinə və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə bu məqsədlə ərazinin seçilməsi, alınması və işin qurulması üzrə müraciət edəcəyik. İlk addımı bir iş adamı olaraq atır və ümid edirəm ki, digər sahibkarlar da səsimizə səs verəcəklər.
“Xəmsə” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Mürvət Həsənli söhbətini belə tamamladı:
– Prezident İlham Əliyevin yanvarın 24-də imzaladığı “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamı bütün dünyaya mesajdır. Bu mesaj ondan ibarətdir ki, Azərbaycan işğal altındakı torpaqlarını azad edəcək. Qoy bunu düşmən də bilsin, onu dəstəkləyən dövlətlər də. Həm də bütün dünya görür ki, Azərbaycanın məcburi köçkün vəziyyətinə düşən vətəndaşları doğma yurda qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Bu sərəncamla əlaqədar biz iş adamlarının da öhdəsinə nə düşürsə, onu uğurla yerinə yetirməyə hazırıq.
Bütün məcburi köçkünlərin doğma yurda qayıdış inamlarını daha da artıran bu sərəncam bir daha göstərdi ki, Prezident İlham Əliyev üçün ən prioritet məsələ torpaqlarımızın işğaldan azad edilməsidir. Biz sahibkarlar da məcburi köçkünlərin öz evlərində, yurd yerlərində rahat yaşamaları, işləmələri üçün səyimizi əsirgəməyəcəyik. Cocuq Mərcanlıya investisiya qoymaq, burada infrastruktur qurmaq, iş yerləri açmaq prioritet vəzifələrimizdəndir. Bu vəzifələri gerçəkləşdirməklə cocuq mərcanlıların yurda qayıdış sevincinə şərik olacağıq.
Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.