Hüquqi islahatların yeni mərhələsi

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq- mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Prezident İlham Əliyevin imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamla əlaqədar AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

– Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalayıb. Bu sərəncamın qəbul edilməsi hansı zərurətdən irəli gəlib?

– İmzalanan sərəncam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü olmaqla, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir. Bu sərəncam cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsidir.

Azadlığın cəmiyyətin ən ümdə və zəruri şərti olduğunu dəfələrlə vurğulayan cənab Prezident verdiyi tapşırıqlar, qəbul etdiyi hüquqi aktlar, mütəmadi imzalanan əfv sərəncamları ilə cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətinə xüsusi önəm verdiyini, şəxsi cəmiyyətdən təcrid etmədən islah etmənin daha effektiv və səmərəli olduğunu göstərib.

Bu sahədə görülən işlərə və həyata keçirilən islahatlara baxmayaraq, aparılmış araşdırmalar və analitik təhlillər göstərib ki, ibtidai istintaq və məhkəmə orqanları cinayət təqibinin gedişində zərurət olmadan şəxslərin həbs edilməsinə yol verirlər. Azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə üstünlük verilir. Cəzaların icra edilməsinə məsul olan orqanlar tərəfindən cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların, xüsusilə ictimai işlərin icrasına formal yanaşılır.

Sərəncam cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, cinayətlərin dekriminallaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsini təmin edəcək. Qeyd edilən hər bir istiqamətdə növbəti islahatlar dalğasının həyata keçirilməsinə təkan verəcək.

Sərəncam penitensiar sahənin inkişaf etdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi üçün proqram xarakteri daşımaqla bu sahədə fəaliyyət göstərən dövlət orqanları üçün “yol xəritəsi” olacaq.

– İnstitusional islahatları qeyd etdiniz. Yeni yaradılacaq Probasiya xidməti barədə nə məlumat verə bilərsiniz?

– Qeyd etdiyimiz kimi, sərəncamın əsas məqsədlərindən biri də cinayət törətmiş şəxsləri cəmiyyətdən təcrid etmədən islah olunmasını təmin etmək üçün zəruri şəraitin yaradılmasıdır. Məhz bu məqsədə nail olmaq üçün ixtisaslaşmış yeni qurumun - Ədliyyə Nazirliyinin Probasiya xidmətinin yaradılmasına qərar verilib.

Probasiya termininin latıncadan tərcüməsi sınaq deməkdir və hüquq nəzəriyyəsində bu anlayış şəxsin müəyyən şərtlərə riayət etməsi müqabilində cəzadan azad olunması mənasında istifadə edilir. Probasiya institutu əksər Qərb ölkələrinin, İsveç, ABŞ, Finlandiya, Latviya, Böyük Britaniya, Danimarka, Estoniya və digər ölkələrin cinayət mühakimə sistemlərinin mühüm tərkib hissəsidir.

Xarici ölkələrdə mövcud Probasiya xidmətlərinin funksiyaları və səlahiyyət dairəsi müəyyən cəhətlərinə görə fərqlənsə də, onları birləşdirən ümumi xarakterik xüsusiyyətlər var. Bu xidmətlər şərti məhkumetmə zamanı məhkumun hökmlə müəyyən edilmiş şərtlərə riayət etməsinə nəzarət edən, habelə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasını təmin edən qurumlardır.

Ölkəmizdə yaradılacaq Probasiya xidmətinin əsas vəzifələri azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş və ya şərti məhkum edilmiş şəxslərlə işin təşkilini keyfiyyətcə yeni səviyyəyə qaldırmaq, bu fəaliyyətə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin etmək olacaq.

– Cəzaların icrası prosesində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi hansı imkanları yaradacaq?

– Azərbaycan Respublikasının Prezidenti istintaq və məhkəmə orqanlarına həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqini azaltmaq və alternativ cəza və qətimkan tədbirlərinin tətbiqi mümkünlüyünü nəzərdən keçirməyi tövsiyə edib.

Müasir dövrdə texnoloji nailiyyətlər insanı həbs etmədən onun davranışına tam nəzarəti həyata keçirməyə imkan verir və dünyanın bir sıra ölkələrində penitensiar sahədə elektron nəzarət sistemləri geniş tətbiq edilir. Əfsuslar olsun ki, cinayət-prosessual qanunvericilikdə elektron nəzarət vasitələrinin tətbiqinə dair bir sıra ümumi müddəalar nəzərdə tutulsa da, bu günədək təcrübədə hüquq-mühafizə orqanları onlardan istifadəni təmin etməyiblər. Məsələyə aydınlıq gətirmək üçün bu vasitələrin tətbiqinin bəzi xüsusiyyətləri barədə məlumat vermək istərdim.

Elektron nəzarət vasitələrinin tətbiqi - məhkumun və ya təqsirləndirilən şəxsin yerləşdiyi yeri müəyyən etməyə və onun yerdəyişmələrini qeydə almağa imkan verən texniki vasitənin həmin şəxsin üzərində yerləşdirilməsindən ibarətdir. Bu vasitələr çox vaxt qolbaq və ya saat formasında hazırlanır, xüsusi çiplərlə təchiz edilir və rabitə şəbəkələrinə qoşulur.

Elektron nəzarət vasitələrinin zədələnməsi, icazəsiz çıxarılması və ya onlara müdaxilə edilməsi cəhdləri olduqda bu barədə dərhal monitorinq mərkəzinə siqnal ötürülür və həmin şəxslərin qanunazidd davranışının qarşısının alınması üçün müvafiq tədbirlər görülür.

Sözsüz ki, elektron nəzarət vasitələrinin tətbiqi halları, qaydaları və şərtləri, həmçinin onların tətbiqinə məhdudiyyətlər detallı şəkildə işlənib hazırlanmalıdır. Məhz bu məqsədlə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Baş Prokurorluğu tərəfindən müvafiq normativ aktların layihələri hazırlanacaq.

– Sərəncamın əsas məqsədlərindən biri cəza siyasətinin humanistləşdirilməsidir. Bu, hansı formada həyata keçiriləcək?

– Cənab Prezident hər zaman olduğu kimi, şəxslərin azadlıq hüququnu ön plana çıxarıb və Sərəncamda həbs edilən və azadlıqdan məhrum edilən şəxslərin sayının artması ilə bağlı narahatlığını bildirib.

Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə iki istiqamət müəyyən olunub. İlk növbədə, məhkəmələrə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərini rəhbər tutmaları, cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət etmələri tövsiyə olunub.

İkinci istiqamət isə qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə cinayət-hüquq siyasətinin liberallaşdırılmasına nail olunmasıdır. Bu məqsədlə cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrumetməyə alternativ cəzaların əlavə olunması və alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi ilə bağlı qanun layihələrinin hazırlanması nəzərdə tutulub.

Bundan başqa, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması ilə bağlı qanun layihələrinin hazırlanması tövsiyə edilib.

Burada bir məsələyə diqqətinizi cəlb etmək istərdim. Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı görüləcək işlər ölkədə cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri zəiflətməməlidir. İctimai asayişin qorunması və cinayətlərin qarşısının alınması sahəsində zəruri tədbirlər davam etdiriləcək.

– Sərəncamın böyük bir hissəsi həbs qətimkan tədbirinin tətbiqi ilə bağlıdır. Bu barədə fikirlərinizi öyrənmək istərdik.

– Aparılmış təhlillər göstərir ki, bir sıra hallarda böyük ictimai təhlükə törətməyən cinayətlərə görə şəxslərin həbs edilməsinə rast gəlinir. Bu halların qarşısının alınması məqsədilə istintaq və məhkəmə orqanlarına tövsiyə edilib ki, qətimkan tədbirlərinin seçilməsi məsələsinə baxılarkən hər bir şəxs barəsində ilk növbədə həbslə bağlı olmayan qətimkan tədbirlərinin tətbiqi mümkünlüyünü araşdırsınlar. Böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər üzrə həbs qətimkan tədbiri yalnız müstəsna hallarda müvafiq əsaslar mövcud olduqda tətbiq edilsin.

Bildiyimiz kimi, həbs qətimkan tədbirinin tətbiqi məhkəmələrin müstəsna səlahiyyətidir. Bəzi hallarda icra hakimiyyəti orqanları tərəfindən məhkəmələrə həbs qətimkan tədbirlərinin seçilməsi məsələləri ilə əlaqədar təsir etmək cəhdləri ilə bağlı Prezident Administrasiyasına məlumatlar daxil olur. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan Azərbaycan Respublikasının Prezidenti məhz bu kimi neqativ halların tam istisna olunması üçün məhkəmələrə həbsin seçilməsi ilə bağlı yalnız qanunun tələblərini rəhbər tutmalı olduqlarını xüsusi vurğulayıb.

Sərəncamda, həmçinin Ali Məhkəməyə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə təcrübəsinin mütəmadi olaraq ümumiləşdirilməsi tövsiyə edilib.

– Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı hansı tapşırıqlar verilib?

– Penitensiar müəssisələrdə infrastrukturun yenilənməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, məhkumların və həbs edilmiş şəxslərin elektron qeydiyyatını aparacaq yeni informasiya sisteminin təşkil edilməsi tapşırıqları verilib.

Penitensiar xidmətin peşəkar kadr korpusunun tam formalaşdırılması, etibarlı mühafizəsinin təşkil edilməsi üçün komplektləşdirilməsi və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi nəzərdə tutulub.

Cəzaçəkmə müəssisələrində məhkumların ictimai faydalı əməyə cəlb olunması məqsədilə həmin müəssisələrdə yeni istehsal sahələrinin yaradılmasına dair tapşırıqlar verilib, bu işə sahibkarların cəlb edilməsinin təşviq olunması üçün tədbir görülməsinin zəruriliyi vurğulanıb.

Penitensiar müəssisələrdə saxlanılan şəxslərin yemək, tibbi-sanitariya, maddi-məişət təminatına nəzarətin gücləndirilməsinə dair ayrıca göstərişlər verilib.

Yekunda bildirmək istərdim ki, artıq sərəncamın icrası ilə bağlı işlərə başlanılıb. Möhtərəm Prezidentin verdiyi tapşırıqların icrasına ciddi nəzarət həyata keçiriləcək və əminəm ki, gözlənilən nəticələr əldə olunacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında