Azərbaycanın bütün istiqamətlər üzrə böyük uğurlara imza atması, maliyyə və iqtisadi böhranın tüğyan etdiyi bir vaxtda iri infrastruktur layihələrin reallaşdırılması istiqamətində atdığı qətiyyətli addımlar ölkəmizin beynəlxalq əlaqələrini daha da genişləndirib. Artıq Azərbaycan dünya miqyasında böyük nüfuza və reytinqə malik olan ölkələrdəndir. Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda dövlətimizin başçısının prinsipial mövqeyinin beynəlxalq birlik tərəfindən dəstəklənməsi artıq dünya ictimaiyyətinə əsl reallığın nədən ibarət olduğunu bəlli etmişdir. Məhz bu uğurlu siyasi kursun nəticəsidir ki, bu gün bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.
Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan şəxslərin ermənipərəst dairələrin diktəsi ilə Azərbaycanın qanunlarını pozaraq, işğal altında olan ərazilərə səfər etməsi, qanunsuz rejimin təbliğini aparmağa çalışması və ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə qarşı açıq çağırışlar etməsi son anda həmin şəxslərin qanunla cəzalandırılmasına gətirib çıxarır. Beynəlxalq birliyin bu işdə Azərbaycana dəstək verməsi Prezident İlham Əliyevin prinsipial, ardıcıl, düşünülmüş siyasətinin nəticəsidir.
Üç ölkənin vətəndaşı olan Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsi diplomatiyamızın növbəti uğurudur. Xəbər verildiyi kimi, A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu. Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin adını “arzuolunmaz şəxslər” siyahısına daxil edib.
Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovla söhbətimiz də bu mövzuda oldu. Politoloq bildirdi ki, dəfələrlə Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan, antiazərbaycan xarakterli bəyanatlarla çıxış edən Aleksandr Lapşinin Belarus hökuməti tərəfindən saxlanılaraq Azərbaycana ekstradisiya edilməsi Ermənistanda güclü şimşək çaxması effekti verdi. Azərbaycan ictimaiyyəti bir daha əmin oldu ki, Prezident İlham Əliyev respublikanın milli maraqlarını hər şeydən uca tutan, qarşısına qoyduğu bütün məqsədlərə nail olamağı bacaran, düşünülmüş siyasət yeridən dünyanın hörmətli və nüfuzlu siyasi lideridir: “Bu gün sanki Ermənistanda hüzn günüdür. Bu siyasi hadisə işğalçı ölkədəki qarşıdurmanı daha da dərinləşdirib. Yerli mətbuat və siyasi şərhçilər Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsini Sarkisyan hakimiyyətinin növbəti uğursuzluğu kimi dəyərləndirir. Buna təəccüblənmək olmaz. Çünki aprel döyüşləri Ermənistanın iç üzünü açdı və məlum oldu ki, Sarkisyan rejiminin fəaliyyəti sabun köpüyündən başqa bir şey deyil.
Aleksandr Lapşinin ölkəmizə ekstradisiyası bir daha sübut etdi ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu ədalətli və beynəlxalq hüququn normalarına söykənən mövqeyi beynəlxalq birlik tərəfindən qətiyyətlə müdafiə edilir. Ayrı-ayrı ölkələrin, siyasi dairələrin təzyiq və təhdidlərinə baxmayaraq, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycanın müraciətini nəzərə alaraq, obyektiv qərar qəbul etməsi də bundan xəbər verir. Bu, Belarus Prezidentinin beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşmasının, habelə heç bir xarici qüvvə qarşısında əyilmədiyinin bariz nümunəsidir”.
Politoloqun fikrincə, Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi böyük siyasi əhəmiyyət kəsb edir. Hər şeydən əvvəl, ona görə ki, bu hadisə Azərbaycan dövlətinin həmin məsələdə bir daha prinsipial mövqedə olduğunu ortaya qoydu. Bu, diplomatiyamızın növbəti uğuru kimi qiymətləndirilməlidir: “Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa edilən istənilən səfər ölkəmizin qanunları çərçivəsində həyata keçirilməlidir. Dövlətimizin başçısı öz qətiyyətli mövqeyindən bir addım da geri çəkilmir və hadisələrin gedişi də təsdiqləyir ki, bundan sonra da çəkilməyəcək. Bu hadisə ona görə siyasi əhəmiyyət kəsb edir ki, bundan sonra Aleksandr Lapşinin yolunu seçən və seçmək istəyən istənilən şəxsi belə analoji tale gözləyir”.
Deputat bildirib ki, Aleksandr Lapşinin ekstradisiyası bir daha təsdiqlədi ki, Ermənistan hakimiyyətinin Dağlıq Qarabağdakı separatçı qurumu legitimləşdirmək yolunda atdığı bütün addımlar iflasa uğrayır. Göründüyü kimi, nə dünya birliyində, nə də beynəlxalq aləmdə işğalçı dövlətin qondarma “Dağlıq Qarabağ Respublikası”nı qəbul etdirmək cəhdlərinə dəstək verən var. Hətta Ermənistan parlamentinin bu barədə qərar qəbul etməyə cürəti çatmır: “Azərbaycan Prezidentinin uğurlu xarici siyasəti, həm də son vaxtlar hərbi sahədə ardıcıl qələbə qazanması Ermənistanın işğalçılıq siyasətini dünyada ifşa edib. Bütün bunlar Ermənistanın iflasını sürətləndirir”.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.