Ceyn Pirs: “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları silsilə yenilikləri ilə yadda qalacaq

“Bakı-2017”nin Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsi AZƏRTAC ilə milli media tərəfdaşlığından məmnundur

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsinin direktoru, xanım Ceyn Pirs bu mötəbər yarışa hazırlığın gedişi ilə bağlı AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

– Xanım Pirs, siz mötəbər beynəlxalq idman tədbirləri, eləcə də Olimpiya Oyunlarında media məsələləri ilə məşğul olan zəngin təcrübəyə malik peşəkar kimi, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına tətbiq ediləcək yeniliklərlə bağlı nə deyə bilərsiniz?

– “Bakı-2015” ilk Avropa Oyunları üçün biz bir sıra yeniliklər təqdim etmişdik. Yeniliklərdən biri atletlərə daha rahat müsahibə şəraitinin yaradılması üçün “İ-zonalar”ın tətbiq olunması idi. “Bakı-2017” İslam Həmrəyliyi Oyunları da silsilə yenilikləri ilə yadda qalacaq. Mediada biz bu gün daha çox populyar olan multiakkreditasiyaya üstünlük verməyə başlamışıq. Belə ki, media yalnız yazıdan, fotolardan ibarət deyil. Zaman bu xüsusiyyətləri eyni anda göstərməyi tələb edir. Biz də bu tələbi qəbul etməyə bilmərik. Jurnalistlərə eyni anda həm yazmaq, həm fotoşəkil çəkmək, həm də videosüjet hazırlamaq üçün imkan yaradacağıq. Lakin onlar müəyyənləşdirilən qaydalara riayət etməlidirlər. Ümidvaram ki, multiakkreditasiya jurnalistlər üçün çox maraqlı olacaq.

– Yeri gəlmişkən, media-akkreditasiya ilə bağlı hazırlıq prosesi nə yerdədir? İndiyədək hansı ölkələrdən jurnalistlər akkreditasiya üçün müraciət ediblər?

– Bildiyiniz kimi, media üçün akkreditasiya yanvarın 16-dan başlayıb və bu mötəbər idman bayramını işıqlandırmaq istəyən hər bir media nümayəndəsi martın sonunadək müraciət edə bilər. İndiyədək 300 nəfər müraciət edib. Əlbəttə ki, yarışlar Azərbaycanda keçiriləcəyi üçün hələlik ölkənizin mediası üstünlük təşkil edir. Lakin digər ölkələrdən də müraciət edənlərin sayı gündən-günə artır. Onların arasında Türkiyə, Böyük Britaniya da daxil olmaqla, 11 ölkə var. Jurnalistlər müəyyən yarışları işıqlandırmağa daha çox maraq göstərirlər.

– IV İslam Həmrəyliyi Oyunlarında idmanın 20 növü üzrə yarışların keçirilməsi planlaşdırılır. Sizcə, hansı idman növləri tamaşaçılarda daha çox maraq doğuracaq?

– Proqram artıq bəllidir. Proqrama idmanın 20 növü üzrə yarışlar daxil olunub. Azərbaycan idman həvəskarları üçün xoş xəbərlərdən biri odur ki, ölkənizdə çox məşhur idman növləri üzrə də yarışlar keçiriləcək. Belə ki, tamaşaçılar güləş, cüdo, boks, ağırlıqqaldırma üzrə maraqlı yarışlar izləyə biləcəklər. Oyunların proqramına beynəlxalq səviyyədə populyar olan idman növləri də daxil edilib.

– Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilib. İslam Həmrəyliyi Oyunlarının “İslam Həmrəyliyi ili”ndə keçirilməsinin əhəmiyyətini necə görürsünüz? Biz bundan necə faydalana bilərik?

– Əlbəttə ki, bu, Azərbaycan üçün çox mühüm hadisədir. Ölkəniz növbəti beynəlxalq tədbirə ev sahibliyi edəcək. Biz təqribən 50-dən çox ölkədən turistlər gözləyirik. Oyunlara könüllülərin marağı həmişəki kimi yüksəkdir. Onların sayı 8 min nəfərdir. Könüllülər böyük məşqlər, hazırlıq və təcrübə keçəcəklər. Təbii ki, onların hər biri Azərbaycan üçün iqtisadi mirasdır, insan irsidir.

– AZƏRTAC “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi media tərəfdaşı seçilib. Yəqin ki, bu seçimdə agentliyimizin yüksək səviyyəli tədbirləri işıqlandırmaq sahəsindəki zəngin təcrübəsi əsas götürülüb. Sizin bu tərəfdaşlıqdan nə kimi gözləntiləriniz var?

– Düşünürəm ki, bu, olduqca mühüm tərəfdaşlıqdır. Bu cür əməkdaşlıq “Bakı-2015” ilk Avropa Oyunlarında da mövcud olub. Rəsmi media tərəfdaşı olaraq AZƏRTAC–ın bu Oyunların hərtərəfli işıqlandırılmasını təmin etməsi vacibdir. Biz sizi daha yaxşı fotomövqelər ilə təmin edəcəyik. Eyni zamanda, biz mühüm və operativ xəbərlərin oxucuya yubanmadan çatdırılmasında AZƏRTAC-a etibar edirik. Həmçinin onun çoxdilli beynəlxalq xəbər xidmətinə malik olması da diqqəti cəlb edən mühüm amildir. Biz milli media tərəfdaşı olaraq, AZƏRTAC ilə birgə işləməkdən məmnunuq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında