Rayon icra hakimiyyətinin başçısı Nazim Veysov elə kənd, qəsəbə yoxdur ki, orada olmasın, özü də bir neçə dəfə. Nəzərə alsaq ki, Şəmkir istər əhalisinin sayına, istərsə də ərazisinə görə Qərb bölgəsinin ən böyük kənd təsərrüfatı rayonudur, o zaman bu işin necə çətin olduğunu duymamaq mümkün deyil.
- Hər hansı bir kəndə gedib-gəldikdən sonra rahat oluram, - deyə N.Veysov yerlərdəki qəbullardan, sakinlərlə görüşlərdən, ortaya çıxan problemlərin necə həll edilməsindən danışır, - ucqar dağ kəndində yaşayan da, icra hakimiyyəti binasının arxasındakı həyətdə yaşayan da bu rayonun sakinidir.
Kimsə 30-40 kilometr aralıda yaşayırsa, məgər unudulmalıdır? Əksinə, bütün günü əkin-biçinlə, maldarlıqla məşğul olan, rayon mərkəzinə ayda-ildə bir dəfə gəlməyə imkanı olmayan adamların yanına daha tez-tez getməliyik. Sakinlərlə görüşlərdən sonra ona görə rahat oluram ki, onların problemlərini, dərd-sərini öyrənirəm...
Nazim müəllimlə rayonun qışa hazırlığı ilə bağlı apardığımız söhbətdən bir daha əmin olduq ki, başçı vəziyyətin harada necə olmasından tamamilə xəbərdardır. Məsələn, söhbətdən bir qədər əvvəl bəzi məktəblərə baş çəkmişdik və təəssüratımızı bildirmək istədikdə bizi qabaqladı:
- Ümumtəhsil məktəblərinin və uşaq bağçalarının istiliklə təminatı əsasən neft məhsulları və odun yanacağı, bəzilərində isə isitmə sistemləri vasitəsilə həyata keçirilir. Bizim 31 məktəbdə istilik sistemimiz var və bunlardan 23-də müasir qurğular quraşdırılmış və qışa tam hazırdır. Məktəblərin 8-də istilik sisteminin təmirə ehtiyacı var. Qalan məktəblərdə soba və odun yanacağı nəzərdə tutulur.
Rayon icra hakimiyyətinin başçısı səhiyyə müəssisələrində, mədəniyyət ocaqlarında, ayrı-ayrı yaşayış binalarında və digər yerlərdə qışa hazırlığın vəziyyəti haqqında çox dürüst məlumata malikdir və bu, istər-istəməz adamda fərəh doğurur.
Rayonda olarkən ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərləri ilə görüşdük və onların qış qayğıları ilə maraqlandıq.
Nurəddin ƏHMƏDOV, rayon mərkəzi xəstəxanasının baş həkimi:
- Hazırda rayon əhalisinə 12 xəstəxana, 32 həkim məntəqəsi, 27 feldşer-mama məntəqəsi, 1 təcili yardım stansiyası, 2 səhiyyə sağlamlıq məntəqəsi, 1 stomatoloji poliklinika, gigiyena və epidemiologiya mərkəzi, rayonlararası taun əleyhinə şöbə və bir neçə digər tibb müəssisəsi xidmət göstərir.
Hələ bu ilin sentyabr ayında mərkəzi xəstəxananın tibbi şurasında tibb müəssisələrində qışa hazırlığın vəziyyəti ilə əlaqədar məsələ müzakirə olunmuş, qışa hazırlığın gedişinə nəzarət etmək üçün xüsusi komissiya yaradılmışdır. Komissiyanın üzvləri qışa hazırlıqla əlaqədar ehtiyacları dəqiqləşdirmək üçün bütün tibb idarələrinə baş çəkmiş, problemlərin həll olunması üçün müdriyyət qarşısında məsələ qaldırmışlar. Əksər yerlərdə istifadəyə yararsız pəncərə şüşələri, elektrik naqilləri və s. yeniləri ilə əvəz olunmuş, daimi elektrik enerjisi almaq üçün tibb idarələrinə verilmiş generatorlar tam təmir olunmuşdur.
2010-cu ildə bəzi tibb idarələrinin dam örtüyündə hissəvi təmir işləri aparılmış, rayon təcili yardım stansiyasına, doğum evinə, eləcə də bir sıra tibb müəssisələrinə rayon icra hakimiyyətinin yaxından köməkliyi ilə mavi yanacaq verilmişdir. Bütün mavi yanacaq xətləri təmir olunaraq istifadəyə yararlı vəziyyətə gətirilmişdir.
Ötən ay tibbi şurada yenidən qışa hazırlığın vəziyyəti müzakirə olunmuşdur. Bu məqsədlə xüsusi komissiya yaradılmış, ayrıca tədbirlər planı hazırlanmışdır. Artıq dağ kəndlərində yerləşən tibb idarələrinin dam örtükləri, təmirə ehtiyacı olan elektrik naqilləri və pəncərə şüşələri təmir olunmuşdur. Bu qış mövsümündə soba yanacağının alınması üçün büdcədən maddi vəsaitin ayrılması nəzərdə tutulmuşdur.
Rayonun Düyərli, Plankənd, Yeni Göyçə, Alabaşlı, Çənlibel kəndlərində, eləcə də Çinarlı və Kür qəsəbələrində yerləşən tibb müəssisələrində elektrik enerjisi almaq üçün verilmiş generatorlar təmir edilmişdir.
Məcid ŞIXLİNSKİ, rayon təhsil şöbəsinin müdiri:
- Rayonun təlim-tərbiyə müəssisələrini cari dərs ilində payız-qış mövsümünə hazırlamaq, onların istilik, enerji və qaz təchizatını yaxşılaşdırmaq, yanğına qarşı təhlükəsizlik qaydaları ilə vaxtaşırı təlimatlandırmaq məqsədilə Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun əməli tədbirlər müəyyənləşdirilib həyata keçirilməsinə başlanmışdır.
Payız-qış mövsümündə tədris müəssisələrinin fasiləsiz fəaliyyətinin təmin olunması üçün bina və qurğuların elektrik şəbəkəsindəki nasazlıqlar aradan qaldırılmış, cihaz və digər avadanlıqların texniki cəhətdən təhlükəsiz istismarı əsasən təmin edilmişdir. Yanacaq və enerji ehtiyatlarından səmərəli və qənaətlə istifadə edilməsi barədə lazımi tövsiyələr verilmişdir.
Məktəblərdə aparılan əsaslı və cari təmir işləri ilə bərabər istilik sistemlərində də görüləcək təmir işləri başa çatdırılmışdır. Dəllər Çəyir kənd orta məktəbinin qazanxanası yenidən qurulmuş, istilik sistemi isə əsaslı təmir olunmuşdur.
Qazanxanalar təhlükəsiz cihazlar ilə təmin olunmuş, ventilyasiya sistemi işlək vəziyyətə gətirilmişdir. Ümumiyyətlə, rayonun 31 məktəbində istilik sistemi yerləşdirilmişdir. Onlar qışa tam hazırdır.
Bu qış odundan və meşə qırıntılarından yanacaq kimi istifadə edilməsinə mövcud limitlər çərçivəsində icazə veriləcək, əsas etibarilə mavi yanacaqdan istifadə olunacaqdır. Dövlət vəsaiti hesabına alınacaq maye yanacağın məktəblər üzrə bölgüsü aparılmışdır.
Yanğına qarşı istifadə olunan inventar və avadanlığın, su hovuzları və mövcud nasosların texniki cəhətdən etibarlı işləməsi təmin edilmiş, işçilər və şagirdlər təhlükəsizlik texnikası qaydaları ilə vaxtaşırı təlimatlandırılmışlar.
Bütün təlim-tərbiyə müəssisələrində elektrik sayğacları nəzərdən keçirilmiş, bir neçə məktəbdə yararsız halda olanlar yenisi ilə əvəz edilmiş, binaya qədər və daxili xətlər yoxlanılmışdır.
Məktəblərdə odun və maye yanacağa olan ehtiyac həmişə olduğu kimi, kollektivlərin, bələdiyyələrin, xeyriyyəçilərin köməyindən istifadə edilməklə ödəniləcəkdir.
Vaqif MƏMMƏDOV, rayon qaz-istismar sahəsinin rəisi:
- Qaz təsərrüfatının bərpası və inkişaf etdirilməsi Şəmkir rayonunda da uğurla həyata keçirilir.
Bu günədək şəhərin, habelə 4 qəsəbə və 34 kəndin təbii qaz təchizatı bərpa edilmişdir. Hazırda Şəmkir qaz istismar sahəsi 29329 abonentə, 33 büdcə, 56 qeyri-dövlət və 8 sənaye müəssisələrinə xidmət göstərir.
2010-2011-ci illərin payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar "Tədbirlər planı"nda nəzərdə tutulmuş texniki işlərin böyük əksəriyyəti yerinə yetirilmişdir. Belə ki, qaz xətlərinin üzərində quraşdırılmış və hazırda istismara yararsız olan 150 millimetrlik 7 ədəd, 100 millimetrlik 2 ədəd, 80 millimetrlik 1 ədəd, 50 millimetrlik 14 ədəd siyirtmə yenisi ilə əvəz edilmiş, əlavə olaraq daxili imkanlar hesabına 5 ədəd QTŞ dəyişdirilmiş, 19 ədədi isə təmir edilmişdir. 273 millimetrlik "Şəmkir-II" daşıyıcı qaz kəmərinin sel sularından zədələnmiş 87 metr hissəsi təmir olunaraq yenidən bərpa edilmişdir.
İstehlakçıların fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi məqsədi ilə daşıyıcı və paylayıcı qaz xətlərinə, qaz tənzimləyici avadanlıqlara, evdaxili qaz xətlərinə və qaz cihazlarına mütəmadi olaraq texniki baxışlar və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
"Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"na uyğun olaraq abonentlərin təlimatlandırılması üçün qrafiklər tərtib edilmiş və buna uyğun müvafiq tədbirlər reallaşdırılmışdır. Əhalidə olan standartlara uyğun olmayan qaz cihazlarının istismardan çıxarılması üçün lazımi tədbirlərin görülməsi təmin edilir.
Hazırda Qapanlı, Məşədi Hüseynli, Çaparlı kəndlərinin təbii qazla təmin olunması üçün təmir-tikinti və bərpa işləri davam etdirilir. 2010-cu il ərzində Qapanlı kəndi üzrə 8729 metr, Çaparlı kəndində 43535 metr, Qaranüy kəndində 22579 metr və Şəmkir şəhəri 20 Yanvar küçəsində yerləşən hərbi şəhərcik üzrə 1506 metr qaz xətləri quraşdırılmışdır.
Qaranüy kəndində təbii qazın bərpa olunması üçün layihə-smeta sənədlərinə uyğun təmir-tikinti və bərpa işləri başa çatdırılmışdır. Bu ilin oktyabrında 122 abonentin mənzilinə təbii qazın verilməsi təmin edilmişdir.
Qış mövsümü ilə əlaqədar rayon elektrik şəbəkəsinin, kommunal təsərrüfatı idarəsinin, 22 saylı yol-istismar idarəsinin, eləcə də ayrı-ayrı müəssisə və təşkilatların həyata keçirdikləri tədbirlər qənaətbəxşdir və bu işlərin gedişi daim rayon icra hakimiyyətinin nəzarətindədir. Məhz bunun nəticəsidir ki, hazırda Şəmkir əhalisinin 95 faizi təbii qaz ala bilir. Elektrik enerjisi fasiləsiz verilir və onun dəyəri tam ödənilir.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Şəmkir bütün sahələrdə çox sürətlə inkişaf edir. Məhsul buraxılışının həcmi durmadan artır. Bu ilin 9 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz artım olub. Adambaşına düşən ümumi məhsul istehsalı 10 faiz artaraq 1214 manat olmuşdur. Sənaye məhsulu istehsalı 21,3 faiz, tikinti-quraşdırma işlərinin həcmi 10,7 faiz, kənd təsərrüfatı məhsullarının istehsalı 7,4 faiz, əhalinin pul gəlirləri 20,4 faiz, orta aylıq əməkhaqqı 31,7 faiz artmışdır. Rayon üzrə istehsal olunan ümumi məhsulun 75,8 faizi özəl sektorun payına düşür.
Cari ilin doqquz ayı ərzində Şəmkirdə 3778 yeni iş yeri, o cümlədən 1207 daimi iş yeri açılmışdır. Bu gün rayonda 1810 ailənin 8326 nəfər üzvünə ünvanlı sosial yardım verilir. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Şəmkir rayonu üçün nəzərdə tutulmuş 17 tədbirin artıq 14-nün icrasına başlanılmış, digər 3 tədbirin icrasına hazırlıq istiqamətində işlər görülür.
Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə adıçəkilən Dövlət Proqramına uyğun olaraq iki 36 mənzilli və bir 16 mənzilli yaşayış evinin tikintisi nəzərdə tutulmuşdur. Həmin proqrama uyğun olaraq Şəmkir çayı üzərində su anbarının və kiçik su elektrik stansiyasının tikintisi davam edir. Su anbarında olan 3 tunelin 2-də tikinti işləri başa çatdırılmış və uzunluğu 885 metr olan nəqledici tunelə bu il iyulun 16-da su buraxılmışdır. Tikintinin əsasını təşkil edən on bəndin inşasına başlanılmışdır. Əsas bənddə də qazma və sementləmə işləri aparılır. Şəmkir çayı üzərində tikilən bu dəryaçanın ümumi su tutumu 160 milyon kubmetr, uzunluğu 6,1 kilometr, bəndin hündürlüyü 150 metr olacaqdır. Bu dəryaçanın tikintisi Qərb bölgəsində 75 min hektar torpaq sahəsinin suvarılmasına, Şəmkir və Gəncə şəhərlərinin içməli su probleminin həllinə kömək olacaqdır.
Son illər rayonda təhsil sisteminin inkişafı, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində uğurlu nəticələr əldə olunmuşdur. 2009-2010-cu tədris ilində rayonda fəaliyyət göstərən 81 ümumtəhsil məktəbində 31945 nəfər şagird təhsil almışdır. Təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər ilk növbədə rayonun ümumtəhsil məktəblərini bitirmiş gənclərin ali məktəblərə qəbulunda öz müsbət təsirini göstərmişdir. Bu il orta məktəbi bitirən 2531 nəfər məzundan 2417 nəfəri (şagirdlərin 87 faizi) orta təhsil haqqında attestat almışdır. Onlardan 1046 nəfəri respublikanın ali məktəblərinə sənəd vermişdir. Ümumtəhsil məktəblərini bitirmiş gənclərdən 2005-ci ildə 224 nəfəri ali məktəblərə qəbul olunmuşdusa, 2010-cu ildə ali məktəblərə iş vermiş 1046 nəfərdən 401 nəfəri tələbə adını qazanmışdır.
Abituriyentlərin bilik səviyyəsi də ilbəil yüksəlir. Əvvəlki illərdən fərqli olaraq 12 nəfər abituriyentin 600-dən çox, 40 nəfərin isə 500-dən çox bal toplaması təqdirəlayiq hal hesab edilməlidir.
Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2010-cu il tarixli sərəncamı ilə M.Füzuli adına Şəmkir şəhər orta məktəbi "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi kimi 10 min manat pul mükafatına layiq görülmüşdür.
Təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllim və şagirdlərin tədris şəraitinin yaxşılaşdırılması üçün ardıcıl iş aparılır. Qısa müddət ərzində rayonda 50-dən çox yeni məktəb binası tikilmiş və əsaslı təmir olunmuşdur. Həmin məktəblərdən 7-si Heydər Əliyev Fondu tərəfindən tikilmişdir. 2010-cu ildə S.Vurğun adına Təzəkənd orta məktəbi üçün 960 yerlik, Dəllər qəsəbəsində 880 yerlik, Zəyəm-Cırdaxan kəndində 1200 yerlik yeni məktəb binaları tikilmişdir. Hazırda rayonun Qapanlı kəndində 460 şagird yerlik yeni orta məktəb binasının tikintisi ilə bağlı hazırlıq işləri aparılır. Qərb bölgəsində ilk dəfə olaraq Dəllər qəsəbəsində tikilmiş yeni məktəb binasında Bakı-Oksfort məktəbinin Şəmkir filialı yaradılmışdır. Həmin məktəbin təşkili Şəmkirdə təhsilin inkişafına yeni təkan vermişdir.
Səhiyyə sistemində aparılan islahatlar nəticəsində səhiyyə müəssisələri yeni avadanlıqlarla təchiz edilmiş, xəstəxanaların sayı 21-dən 12-yə endirilmiş, həkim məntəqələrinin sayı 24-dən 32-yə, feldşer-mama məntəqələrinin sayı 24-dən 27-yə çatdırılmışdır. İslahat nəticəsində xəstəxanalarda olan çarpayıların sayı 1475-dən 549-a salınmış, bir-birini təkrarlayan şöbələr və bir neçə kənd sahə xəstəxanaları ləğv olunmuşdur. 2009-2013-cü illər üzrə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonda yeni doğum evinin, poliklinikanın tikintisi, yoluxucu xəstəliklər xəstəxanasının əsaslı təmiri nəzərdə tutulmuşdur.
Rayonun mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılmışdır. Şəhər mədəniyyət evinə, tarix-diyarşünaslıq muzeyinə yeni mebel, kompyuter və digər inventarlar alınmışdır. Heydər Əliyev muzeyinin dam örtüyü təmir olunmuş, musiqi məktəbində əsaslı təmir işləri aparılmışdır.
Şəmkir rayonunun qəsəbə və kəndlərinin abadlaşdırılması ilə bağlı tədbirlər davam etdirilir. Şəmkir şəhərinin mərkəzində yerləşən "İstiqlal" və "20 Yanvar" parklarında, ulu öndər Heydər Əliyevin abidə kompleksinin ətrafında və küçələrdə yenidənqurma işləri aparılmışdır. Rayonun əsas ticarət mərkəzinin yerləşdiyi 20 Yanvar küçəsində ticarət obyektlərinin fasadları yenilənmiş, səkilərə üzlük daş döşənmiş, səliqə-sahman yaradılmışdır. Bu istiqamətdə işlər davam etdirilir.
Şəmkir şəhərində yerləşən hərbi şəhərciyin Füzuli və 20 Yanvar küçələrində uzun illər primitiv qaydada axan çirkab sularının axıdılması məqsədi ilə 3 kilometrə qədər kanalizasiya xətti çəkilərək istifadəyə verilmişdir.
2010-cu ildə tərtib olunmuş smeta sənədlərinə uyğun olaraq Şəmkir şəhərinin M.Ə.Rəsulzadə, S.Qazıyeva, Ə.Cavad, F.Əmirov və N.Nərimanov küçələrində asfalt beton örtüyü salınmışdır. Kür qəsəbəsinə, Dəllər-Cəyir, Yeni Göyçə, Günəşli və Ələsgərli kəndlərinə gedən avtomobil yollarında təmir işləri aparılmışdır.
Şəmkir şəhərində Qazax Hərbi Prokurorluğunun yeni inzibati binası, "Rabitəbankın" Şəmkir filialı istifadəyə verilmişdir. "Atabank"ın, rayonlararası Taun Əleyhinə Stansiyanın ərazisində bioloji təhlükəsizlik laboratoriyasının tikintisi başa çatdırılmaq üzrədir. Sarıtəpə kəndi yaxınlığında "Azaqro" MMC-yə məxsus istixana kompleksində məhsul istehsalına başlanmışdır. Hazırda kompleksin istehsal gücünün artırılması istiqamətində işlər davam etdirilir
2010-cu ilin "Ekologiya İli" elan olunması ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq şəhər və kəndlərdə mart ayının 1-dən başlayaraq ağacəkmə kampaniyası başlamışdır. Rayonun bütün idarə və müəssisələrinin əmək kollektivləri bu aksiyada mütəşəkkil iştirak etmişlər. Bakı-Qazax avtomobil yolunun kənarına, rayonun "Yastı meşə" adlanan ərazisində əkilən ağacların suvarılması, qorunması ilə bağlı idarə, müəssisə və təşkilatlar arasında bölgü aparılmışdır. Digər ərazilərə 22 mindən çox ağac əkilmişdir.
Biz rayonda olan gün də növbəti ağacəkmə kampaniyasına ciddi hazırlıq gedirdi. Yol kənarları, xüsusilə "İpək yolu"nun hər bir sahəsi ayrı-ayrı təşkilatlar arasında bölünmüşdü. Öyrəndik ki, həmin gün 15 mindən çox ağac əkiləcək.
...Şəmkirin qış qayğıları hamının qayğısıdır. Rayon rəhbərindən tutmuş ən sıravi kənd adamı çalışır ki, qışdan alnıaçıq, üzüağ çıxsın. Son illər həyata keçirilən işlər göstərir ki, Şəmkir qışdan qorxmur. Çünki bu rayonda hər bir sahəyə diqqət, qayğı var. Başlıcası isə məsuliyyət hissi.{nl}
Hamlet QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.