Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında dövlətlərin ərazi bütövlüyünün təmin olunması, həmçinin beynəlxalq hüququn normalarının yeganə variant kimi qəbul edilməsi dünyanın əksər dövlətləri və tanınmış beynəlxalq qurumlar tərəfindən dəstəklənir. Qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyevin yeritdiyi xarici siyasətdə də münaqişənin nizamlanmasında məhz bu prinsip əsas götürülür.
Hazırda dünyanın nüfuzlu beynəlxalq qurumları və demək olar ki, bütün dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır və mövqeyimizi dəstəkləyir, Təəssüf ki, bəzi qurumların nümayəndələri hələ də ikili standartlardan çıxış edir, Azərbaycan dövlətinin icazəsi olmadan Dağlıq Qarabağa səfər edir və orada separatçı qüvvələrin nümayəndələri ilə danışıqlar aparırlar. Sözsüz ki, Azərbaycan tərəfi həmin quruma dərhal öz etirazını bildirir, belə məsuliyyətsiz diplomatların separatçı hərəkətlərini kəskin pisləyir, onların təmsil olunduqları təşkilatın rəhbərindən ikili standarta son qoyulması tələb olunur.
Bu günlərdə Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə məruzəçisi Tomaş Poreba Ermənistana səfər etmiş, oradan isə Dağlıq Qarabağa gedərək işğalçı qüvvələrin nümayəndələri ilə görüşmüşdür.
Avropa Parlamentinin polşalı nümayəndəsinin Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyi ölkəmizdə ciddi etiraza səbəb olmuş, onun təmsil olunduğu parlamentə bu hərəkəti pisləyən məktub göndərilməsinin vacibliyi bildirilmişdir.
Əli Əhmədov, YAP icra katibinin müavini, Milli Məclisin deputatı:
- Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Ona görə də hər hansı bir qurumun nümayəndəsinin bu bölgəyə səfəri mütləq Azərbaycan dövlətinin rəhbərliyi ilə razılaşdırılmalıdır. Avropa Parlamentinin polşalı nümayəndəsi Tomaş Porebanın Ermənistandan birbaşa Dağlıq Qarabağa səfər etməsini kəskin pisləyir, bunu Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi dəyərləndirirəm. Bu barədə Avropa Parlamentinə etiraz məktubu göndərilməli və həmin məktubda bu təşkilatın rəhbərinin özünün də mövqeyi ilə əlaqədar münasibət açıqlanmalıdır. Bir müddət əvvəl Avropa Parlamentinin prezidenti Yerji Buzek keçmiş SSRİ ərazisindəki həll olunmamış münaqişələrə münasibət bildirərkən Gürcüstanın və Moldovanın ərazi bütövlüyünün təmin edilməsi şərtləri ilə həmin münaqişələrin nizamlanmasını sərt şəkildə irəli sürmüşdü. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini isə çox şübhəli formada, dolayısı ilə ədalətli şəkildə həll olunmasını məqsədəuyğun hesab etmişdir. İki münaqişənin dövlətin ərazi bütövlüyü çərçivəsində həll olunmasını, üçüncü münaqişənin isə nəyi nəzərdə tutması məlum olmayan ədalətli şəkildə həll olunmasını ifadə edən cümləyə münasibət bildirilməlidir. Yəni, görək Yerji Buzek özü Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü daxilində həll olunmasını qəbul edir, yoxsa yox? Mən təklif etmişəm ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi tərəfindən Avropa Parlamentinə ünvanlanacaq məktubda bu məqam da öz əksini tapsın. Əgər parlamentin prezidenti tamam başqa bir mövqe ortaya qoyursa, onun rəhbərlik etdiyi təşkilatın nümayəndəsinin belə bir qərəzli mövqe nümayiş etdirməsi o qədər də təəccüblə qarşılanmamalıdır.
Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu ərazi işğal altındadır. Bu əraziyə səfər etmək rejimi də müəyyənləşdirilməlidir. Güman edirəm ki, Azərbaycan parlamenti bu məsələ ilə əlaqədar hər hansı bir formada qaydaların müəyyənləşdirilməsi istiqamətində iş aparmalıdır. Azərbaycanın işğal olunmuş ərazilərinin hüququ statusu müəyyənləşdiriməlidir. Onda həmin o ərazilərə beynəlxalq təşkilatlar tərəfindən nümayəndələrin hansı normalar və qaydalar əsasında səfər etməsi də qanun çərçivəsində müəyyən qədər öz həllini tapa bilər. Hesab edirəm ki, bundan sonra həm Azərbaycan parlamentinin, həm də Azərbaycan hökumətinin bu qaydaları pozaraq həmin ərazilərə gələn nümayəndələrə sanksiyalar tətbiq etmək üçün hüquqi baza yaradılması mümkün olar. Bütövlükdə hesab edirəm ki, bu təşəbbüs təqdirəlayiqdir.
Qənirə Paşayeva, Milli Məclisin deputatı:
- Avropa Parlamentinin nümayəndəsi Tomaş Porebanın Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etməsi barədə bu qurumun rəhbərliyinə göndəriləcək etiraz müraciətinin bütün avropalı parlamentarilərə göndərilməsi çox vacibdir. Eyni zamanda bu məktub Polşa parlamentinin rəhbərliyinə, deputatlarına və ölkəmizdəki səfirliyinə də göndərilməlidir. Bir millət vəkili olaraq bütün azərbaycanlılara, Avropadakı diasporlara, soydaşlarımıza üzümü tutaraq deyirəm ki, onlar həm Avropa Parlamentinə, həm də Avropa Birliyinə, eyni zamanda yaşadıqları ölkələrdən Avropa Parlamentinə seçilmiş deputatlara Tomaş Porebanın hərəkətini pisləyən müraciətlər göndərsinlər. Onun bu əməllərinin beynəlxalq hüquqa nə qədər zidd olması ilə yanaşı, münaqişənin tənzimlənməsinə mənfi təsir göstərməsi faktlarla əsaslandırmalıdır. Mən həm Azərbaycanda, həm də beynəlxalq çərçivədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının da bu sahədə fəaliyyətlərini gücləndirmələrini vacib hesab edirəm. Bu təkcə parlamentin yox, bütün azərbaycanlıların diqqət mərkəzində olmalıdır. Çünki söhbət təkcə polşalı deputat Tomaş Porebadan getmir. Çox təəssüf ki, biz bu tendensiyaları bəzi ölkələrin nümayəndələrində də görürük. Biz Avropa Şurasının fransalı deputatının Azərbaycanı ittiham etməsinin "Mən Qarabağa getmişəm, bu açıqlamaları vermişəm. Nəyə görə Azərbaycanın Xarici İşlər Nazirliyi məni "qara siyahıya" salıb, mənə qarşı pis münasibət bəsləyir" - deməsinin şahidi olduq. O, beynəlxalq hüquqa zidd olan əməllərini ört-basdır edərək bizi ittiham etməyə çalışırdı. O zaman biz ona kəskin cavab verərək dedik ki, sizin əməllərinizi biz Fransaya qarşı etsəydik, siz hansı reaksiyanı verərdinizsə, Azərbaycan dövləti də sizə o reaksiyanı verib. Qeyd etdiyim kimi, Tomaş Poreba kimi digər ölkələrdə də beynəlxalq hüququn normalarına hörmətsiz yanaşan şəxslərə rast gəlirik. Söz yox ki, belələri dərhal layiqli cavablarını alırlar.
Ancaq bu gün belə əməllərin qarşısını almaq üçün hesab edirəm ki, müvafiq bir qanunun qəbul olunmasına ehtiyac var. Həmin qanunda göstərilməlidir ki, Azərbaycan dövlətinin icazəsi olmadan, onun işğal altında olan ərazilərinə getmiş şəxslər, orada separatçı qüvvələrin nümayəndələri ilə görüş keçirənlər bu gün də, gələcəkdə də Azərbaycanda "persona-non-qrata" elan olunurlar. Bundan sonra belə şəxslər Azərbaycana gələ bilməyəcəklər. Bu, təkcə siyasilərə yox, mədəniyyət xadimlərinə və digər sahələrin təmsilçilərinə də aid olmalıdır.
Bu gün Azərbaycanın ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınır və dəstəklənir. Ona görə də ərazi bütövlüyümüzə hörmətsizlik göstərən Tomaş Poreba kimiləri layiqli cavablarını almalıdırlar.{nl}
Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.