Elmar Məmmədyarov: Ən böyük problem Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin olmasıdır

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov RİA Novosti agentliyinə müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.

– Son günlərin əsas mövzularından birinə toxunmaq istərdim. Bu mövzu bir sıra dövlətlərin maraqları ilə bağlıdır. Söhbət Rusiyanın və İsrailin vətəndaşlığına malik olan, Bakının sorğusuna əsasən bu günlərdə Minskdən Azərbaycanın paytaxtına ekstradisiya edilmiş Aleksandr Lapşin barədədir. Sizin fikrinizcə, onun sonrakı taleyi necə olacaq? Deyilənə görə, onun əfv edilərək vətəndaşlığına malik olduğu ölkələrdən birinə verilməsi mümkündür...

– Lapşinin gələcək taleyi məsələsi istintaqın nəticələrindən asılı olacaq. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə ittihamlar irəli sürülüb. Son qərarı məhkəmə qəbul edəcək.

Bu məsələnin hədsiz siyasiləşdirilməsi məni çox təəccübləndirir və hiddətləndirir. Lapşini həmişə blogger adlandırırlar. Yaxşı, əgər o, mühəndis olsaydı, onunla maraqlanmayacaqdılar? O, qanunları pozub və hüquqi əsaslara uyğun olaraq cinayət işi qaldırılıb, bu əsasda İnterpola sorğu göndərilib və Belarus tərəfi həmin sorğuya müvafiq olaraq onu tutub saxlayıb. Hər iş MDB çərçivəsində Kişineu Konvensiyasına uyğun olaraq qanun çərçivəsində görülüb. Bu şəxsin blogger olması barədə spekulyasiyalar heç də onun qanun qarşısında toxunulmaz olması demək deyil.

– Artıq neçə illərdir ki, Qarabağ məsələsinə dair danışıqlar gedir, lakin istər ATƏT-in Minsk qrupu, istərsə də Rusiyanın, Ermənistanın və Azərbaycanın formalaşdırmağa cəhd göstərdiyi format hər hansı uğurlarla nəticələnməyib. Bəlkə yeni variantlar axtarmağın vaxtıdır?

– Minsk qrupu hələ 1992-ci ildə yaradılıb. Oraya təkcə Ermənistan və Azərbaycan deyil, bir sıra başqa ölkələr, o cümlədən Rusiya, Belarus, Türkiyə, İsveç və başqa ölkələr də daxildir. Ermənistan və Azərbaycan bu danışıqların iştirakçıları, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflərdir.

1997-ci ildə həmsədrlər ideyası tətbiq edildi. Məlum olduğu kimi, həmsədrlər Rusiya, ABŞ və Fransa oldu. Təbii ki, həmin anda tam əminlik var idi: bir halda ki, BMT Təhlükəsizlik Şurasının beş üzvündən üçü Minsk qrupunun həmsədrləridir və 1993-cü ildə bu münaqişənin tənzimlənməsinə dair dörd qətnamənin hər birinə bütün həmsədrlər yekdilliklə səs veriblər, deməli, Təhlükəsizlik Şurasının qətnamələrinin iddia müddəti yoxdur.

Bu sənədlərdə açıq-aydın yazılıb ki, Təhlükəsizlik Şurasının tapşırığına müvafiq olaraq Minsk qrupunun o vaxtkı sədri Mario Rafael qoşunların işğal edilmiş ərazilərdən çıxarılması qrafikini təqdim etdi. Bu sənəd 853 nömrəli qətnaməyə əlavə kimi təqdim olundu. 1997-ci ildə üçlü həmsədrlik tətbiq ediləndə biz fikirləşirdik ki, əgər o vaxt bu ideya qəbul edilibsə, irəliləyiş üçün yaxşı şans olacaq. Lakin təəssüf ki, faktlar göz qabağındadır – iyirmi ildən artıq müddətdə münaqişə tənzimlənməyib.

Mənim nazir olduğum müddətdə bir neçə dəfə biz münaqişənin tənzimlənməsində irəliləyiş məsələsinə xeyli yaxınlaşmışdıq. Hamı başa düşür ki, bu gün mövcud olan status-kvo, ola bilsin ki, erməni tərəfindən başqa heç kəsi qane etmir.

Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi azad edilib, insanlar artıq oraya qayıdırlar. Çox təəssüf ki, hər bir ərazi hərbi əməliyyatlar yolu ilə azad edilir, hərçənd biz birinci gündən deyirdik ki, məsələ sülh yolu ilə həll edilməlidir.

Biz dəfələrlə demişik ki, tədricən “masanı problemlərdən təmizləmək” lazımdır. Bəs hansı problemlər var? Ən böyük problem Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin olmasıdır. İlk növbədə demək istərdim ki, əsgərlər sadəcə kazarmalara qayıtmalıdır. Bu, çox böyük imkanlar açacaq, bu, planın bir hissəsidir.

Siz mənə Rusiya-Ermənistan-Azərbaycan formatı barədə sual verdiniz. Prinsip etibarilə biz belə də edirik. Keçən ay mən Moskvada oldum və Sergey Lavrovla bu planı müzakirə etdik. Bildiyiniz kimi, bundan əvvəl Sankt-Peterburqda prezidentlərin görüşü olmuşdu. Planın nədən ibarət olduğunu və bizim həmin plan üzrə necə irəliləməli olduğumuzu hamı gözəl bilir, hər şey açıq yazılıb, lakin siyasi iradə lazımdır. İndiki halda bizim siyasi iradə var, erməni tərəfinin siyasi iradəsi lazımdır.

– Lakin əgər sizin indicə bu qədər ətraflı bəhs etdiyiniz mövcud format bu məsələdə “ölü nöqtədən tərpənməyə” imkan vermirsə və erməni qoşunları indi olduqları yerdə qalırsa, bəlkə siz ABŞ-ın yeni administrasiyasına hansısa ümid bağlayırsınız?

– Baxarıq. ABŞ administrasiyası hələlik müvəqqəti həmsədr təyin edib, lakin bu şəxs altı-doqquz ay işləyəcək.

İkincisi, məsələ həm də ondan ibarətdir ki, prinsip etibarilə hər bir ABŞ administrasiyasının institusional yaddaşı var. Siyasətdə belədir – gəlin onlara 100 gün vaxt verək, kabinetdə olsunlar, sonra isə qiymətləndirməyə başlayaq, görək onlar bu məsələ ilə intensiv məşğul olacaqlar, ya yox.

İndiki halda mən hadisələri qabaqlamaq istəmirəm. Lakin Rusiya tərəfinin təklifinə qayıdaraq deməliyəm ki, format var, kağızlar var, hər kəs hər şeyi gözəl bilir.

– Yaxın vaxtlarda Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri səviyyəsində görüş olacaqmı?

– Mən Moskvada olarkən bu ideya səsləndi. Sergey Lavrov Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü keçirməyi təklif etdi. Mən dedim ki, buyurun, mən hazıram.

Lakin həmin görüşün təxmini müddətləri müzakirə edilməyib, bunun üçün qrafiklərin uzlaşdırılması tələb olunur. Hələlik bizə konkret müddətlər barədə təkliflər daxil olmayıb, lakin bizim prinsipial razılığımız var. 

– Siz xatırlatdınız ki, indiyə qədər Qarabağ problemlərində yalnız hərbi qüvvə hesabına irəliləyişlər olub. Prezident Əliyev bu yaxınlarda Davosda bildirdi ki, Azərbaycan Rusiya Federasiyasından külli miqdarda hərbi texnika almağa hazırlaşır. Məhz nədən söhbət getdiyini dəqiqləşdirə bilərsinizmi?

– Mən müdafiə naziri yox, xarici işlər naziriyəm. Orduya tələb olunan silahların siyahısını və ya reyestrini təsəvvür etmək mənim üçün xeyli mürəkkəbdir. Lakin xarici işlər naziri kimi deyə bilərəm: bu pulları regionun inkişafı üçün necə istifadə etmək olacağını təsəvvür edin. Bir tərəfdən biz silahlara pul xərcləyirik, digər tərəfdən Rusiya silahları kreditlə də olsa Ermənistana gedir.

Sonuncu kredit 200 milyon məbləğində açılıb. Bu kreditdən insanların həyat şəraitinin yaxşılaşdırılması üçün istifadə edilsəydi nələr olacağını təsəvvür edin. Axı həmin pullar xeyli mənfəətlə qayıda bilərdi. Tankla toxum səpmək, yer şumlamaq, nə isə əkmək mümkün deyil. Tank almısansa onu vaxtaşırı atış meydanında sürürsən. Nə olsun? İndiki halda siz çox incə bir mətləbə toxundunuz – ölkənin ordusu olmalıdır, ordu döyüş qabiliyyətli olmalıdır, lakin bu,  vahimə vasitəsi olmamalıdır. İndiki kontekstdə bu, heç düzgün deyil, bütün bunlar vəziyyəti mürəkkəbləşdirir. Bir də ki, region özü də sadə region deyil, mən arzu edərdim ki, mənim qonşularım Avropa İttifaqı ölkələri olsun, lakin, necə deyərlər, alınmır. Əsgərlər kazarmalara qayıtmalıdır, vəziyyətdən yeganə çıxış yolu budur.

– Ermənistanda Rusiyanın hərbi bazasının olması da regionda vəziyyətə təsir göstərmir?

– Mən başqa cür deyərdim. Bu, əlbəttə, Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlərə aid məsələdir. Əlbəttə, başa düşmək lazımdır ki, regiondakı hər bir ölkə üzləşdiyi təhdidlər və çağırışlar nəzərə alınmaqla münasibət bildirir. Bu amili də həmişə nəzərə almaq lazımdır.

Bu hərbi baza çoxdan oradadır, hələ Sovet İttifaqı dövründən orada cənub istiqamətində, NATO-nun üzvü olan Türkiyə ilə sərhəddə kifayət qədər güclü qoşun qruplaşması var. İndiki halda mən belə başa düşürəm, qoy bu məsələni Rusiya və Ermənistan özləri həll etsinlər. Hərçənd, əlbəttə, biz də mövcud çağırışları və təhdidləri nəzərə almalı, bunlara göz yummamalıyıq.

– Əvvəllər Azərbaycan MC-21 mülki təyyarələri almaqda maraqlı olduğunu deyirdi, hazırda Rusiyada bu təyyarələrin istehsalı finiş xəttinə yaxınlaşır...

– Səhv etmirəmsə, bizim mülki aviasiya nümayəndəsi bu məsələ ilə əlaqədar səfərdə olub. Mən bilən, o, həmin təyyarələrə baxıb. Təqdimat vaxtı o şəxs də zalda olub və bu təyyarənin bizi maraqlandırdığını bildirib. Aviaparkı yeniləşdirmək lazımdır. Konkret detallar barəsində danışmaq hələ tezdir.

– 2014-cü ildə Prezident Əliyev atom energetikasının inkişafına dair vəzifələri göstərib. O vaxtdan hansı işlər görülüb? Azərbaycanda ilk atom elektrik stansiyası nə vaxt yaranacaq və Rusiya atom mütəxəssislərinin bu məsələdə müəyyən qədər iştirak etmək şansı varmı?

– Şans həmişə var. Hələ sovet dövründə SSRİ Dövlət Plan Komitəsi burada, cənubda atom elektrik stansiyası tikilməsini planlaşdırırdı, çünki atom enerjisi yəqin ki, ən ucuz enerjidir.

Bu baxımdan, iqtisadiyyatın dinamik inkişaf etməsi nəzərə alınmaqla, əlavə elektrik enerjisinə həmişə ehtiyac olar. Digər tərəfdən, əlbəttə, bu, son dərəcə vacibdir – söhbət atom elektrik stansiyasının təhlükəsizliyi məsələsindən gedir. Yəqin ki, bu məsələ ən prioritet rol oynayacaq.

Prezident İlham Əliyev 2014-cü ildə qeyd edib ki, biz bu sahədə gözlənilən imkanlarımızı yoxlamalıyıq. Lakin bizdə məsələ bu sahədə təhlükəsizlik, rentabellik və maliyyələşdirmənin nə dərəcədə özünü doğruldacağı ilə bağlıdır. Axı Yaponiyada atom elektrik stansiyalarının nə dərəcə mükəmməl olması məlumdur, lakin Fukusima AES-in təcrübəsi göstərdi ki, heç də hər şey lazımınca təhlükəsiz deyilmiş. Bu baxımdan, Metsamor AES bizi də, region üzrə tərəfdaşlarımızı da həmişə narahat edir. Bu stansiya tamam köhnəlib. O, Çernobıl AES-in bir variantıdır. Xoşbəxtlikdən “Rosatom” müəyyən qədər əlavə pul verir, lakin prinsip etibarilə bu elektrik stansiyasının istismar müddəti başa çatıb. Ona görə də Allah eləməsin, bir hadisə baş versə, təkcə Ermənistan deyil, hamı zərər çəkəcək. Axı Çernobılın təcrübəsi göstərdi ki, həmin buxarlar İsveçə qədər gedib çatmışdı və bunun nəticələrini indiyə qədər heç kəs bilmir.

– Mənə belə gəlir ki, həlli olmayan daha bir mühüm regional məsələ Xəzərin statusu məsələsidir.

– Bu barədə sizinlə tam razı deyiləm, ona görə ki, prinsip etibarı ilə biz sonuncu dəfə Qazaxıstanda nazirlər səviyyəsində, bir neçə həftə bundan əvvəl Bakıda nazir müavinləri səviyyəsində görüşdük və mənim oxuduğum saziş layihəsinin mətnindən görünür ki, bir sıra məqamlar öz həllini tapıb.

Bəzi mühüm məsələlər var, onlar nazirlər səviyyəsində daha bir görüş keçirilməsini tələb edir ki, biz artıq sammitə hansı materiallarla gedəcəyimiz barədə dövlət başçılarına məruzə edək.

Lakin yeri gəlmişkən, beş ölkənin hamısının əhvalı yüksəkdir. İndi biz ekspertlər səviyyəsində daha bir görüş keçirilməsi barədə razılığa gəlmişik və bundan sonra, əgər lazım gələrsə, prezidentlər səviyyəsində razılaşmalara yol açmaq üçün nazirlər səviyyəsində toplaşacağıq. Səhv etmirəmsə, ekspertlər mayın əvvəlində görüşməlidirlər. Ona görə də düşünürəm ki, orada irəliləyişlər var, lakin, necə deyərlər, Moskva da birdən-birə tikilməyib.

-Cənab nazir, bu məsələyə əngəl törədən nədir və ya kimdir?

-“Kimdir” demək, yəqin ki, düzgün olmaz, çünki konkret adlar çəkməyə dəyməz, amma əngəl törədənin nə olması ... Bilirsinizmi, bütövlükdə bu məsələ sadə məsələ deyil, ona görə ki,  bu müzakirələr başlananda lap əvvəldən konvensiyaya uyğun hərəkət etmək lazımdır: dəniz hüququ və qapalı sututarlar barədə konvensiya. Bəzi ölkələrdə bu cür irs hələ də qalır. Sovet İttifaqı bu dənizi İranla böləndə cəmi iki ölkə vardı. Sonra isə beş ölkə yarandı.

Orada yəqin ki, texniki xarakterli elementlər var. Fərz edək ki, biz orta xətt barədə Rusiya və Qazaxıstan ilə razılığa gəlmişik. Digər ölkələr – İran və Türkmənistan deyir ki, hesablama fərqli olmalı, hansısa koordinatlar dəyişməlidir. İlk baxışda belədir, ortaq xətt prinsipi tətbiq edilir, lakin bütövlükdə təfərrüata keçməyə başlayanda suallar yaranır: orta xətti haradan hesablamaq və haradan başlamaq lazımdır?

Mənim fikrimcə, bu məsələlər öz əksini və həllini tapacaq, çünki bu, şimalda Azərbaycan, Rusiya və Qazaxıstan arasında artıq təşəkkül tapmış praktikadır. Faktiki olaraq, qazaxlar türkmənlərlə də öz ortaq xətt bölgüsü barədə razılığa gəliblər. Türkmənlərlə bizim aramızda bəzi məsələlər var, qazaxlar isə yalnız bizimlə türkmənlər arasında əlaqə nöqtəsini müəyyən etməlidirlər. Bütövlükdə isə mənim fikrimcə, bütün qalan məsələlər üzrə irəliləyirik. Təbii ki, bu məsələni tezliklə həll etmək istərdik. Prinsip etibarilə bioloji resurslar barədə razılaşma var, gəmiçilik barədə var, təhlükəsizlik və fövqəladə hallar barəsində bütün bunlar qüvvədədir və hüquqi ab-hava yavaş-yavaş formalaşır.

– Sammitə qədər bunu edə bilərikmi?

– Bilmirəm. Bəzən hətta sammit günü səhər məsələlər həll edilir. Təcrübə göstərir ki, sammit günü səhər hər şeyi həll etmək olar.

– Aydındır. İndi yaranmaqda olan Rusiya-Azərbaycan-İran formatında bir sıra regional problemlər müzakirə olunur və mənim bildiyimə görə, bu cür növbəti görüş Tehranda keçirilməlidir...

– Görüş İranda olacaq, şəhər isə hələ müəyyən edilməyib.

– Həmin görüşə hazırlıq hansı mərhələdədir? Bəlkə hansısa maraqlı qərarlar, müştərək layihələr artıq müzakirə olunur?

– Müştərək layihələr barədə elədir. Bakı görüşünün nəticələrinə əsasən yekun bəyannamədə təsbit olunmuş qərar qəbul ediləndə İran tərəfi lütfkarlıqla Rusiyanın və Azərbaycanın dövlət başçılarını dəvət etdi, bu dəvət qəbul edildi və qeyd olundu. İdeya nədir? Şimal ilə Cənubu birləşdirmək.

Hər halda biz İran ərazisinə çıxışı olan kiçik dəmir yolu sahəsinin tikintisini başa çatdırmışıq. Bu yaxınlarda İranın nazir müavini gəlmişdi, onlar orada gömrük terminalı tikintisini başa çatdırmalıdırlar...hər sahədə iş gedir, çünki orada özgəninkiləşdirilmiş torpaqlar məsələsi vardı, həmin torpaqları almaq lazım idi və sair. Lakin bunlar İran tərəfinin daxili məsələləridir. Dəmir yolu faktiki olaraq işə salınıb. İran tərəfi Xəzər dənizi sahilindəki Rəşt şəhərini İranın Astara şəhəri ilə birləşdirməyi ciddi və qəti qərara alıb. Bizim dəmir yolumuz artıq Astara şəhərinə çatıb. Əgər bu sahə birləşdirilsə, onda Sankt-Peterburqdan dəmir yolu ilə İranın Bəndər-Abbas şəhərinə yol xeyli qısalacaq. Qabaqcadan fikir söyləmək istəmirəm. Biz öz dəmir yolu infrastrukturumuzu tamamilə reabilitasiya edəcəyik. Bilirəm ki, Rusiya hissəsində də yük qatarlarının daha yüksək sürətlə hərəkət etməsi üçün dəmir yolu kifayət qədər yüksək səviyyədədir.

Buna görə də düşünürəm ki, orada çoxlu maraqlı layihələr var, gömrük, sərhəd xidmətlərinin unifikasiyası xətti üzrə danışıqlar gedir. Məhz o sahədə mən nikbin əhvaldayam.

– Doğrudurmu ki, Azərbaycan Prezidenti mart ayında İrana səfər etməyə hazırlaşır?

– Mən bilirəm ki, mart ayında Prezident Ruhani Moskvaya uçur. İndi biz həmin səfərin müddətlərini müzakirə edirik. Azərbaycan Prezidentinin İrana səfərini planlaşdırırıq.

– Həmin səfər müddətində ikitərəfli münasibətlərlə bağlı daha hansısa məsələlər müzakirə ediləcəkmi? Bəlkə neft sahəsinə aid məsələlər?

– Biz energetika sahəsində kifayət qədər fəal əməkdaşlıq edirik. Biz İran ərazisindən müəyyən qədər qaz alırıq. Çünki bütün sazişlər imzalanıb. Bu sazişin nəqliyyatla bağlı tərkib hissəsi çox maraqlıdır və İran bu sahəni böyük maraqla inkişaf etdirir. Hesab edirik ki, turizmə də tələbat artmalıdır, çünki həm Azərbaycan, həm də ölkəmizin digər guşələrinə səfər edən iranlıların, əsasən Azərbaycan mənşəli iranlıların sayı get-gedə artır.

Prezident Əliyev ilə Prezident Ruhani arasında prinsip etibarilə kifayət qədər yaxşı, sıx qarşılıqlı əlaqə var. Eyni sözlər mənimlə Məhəmməd Cavad Zərif arasında münasibətlərə də aiddir... prinsip etibarilə biz bir-birimizi başa düşürük.

– Sizin icazənizlə deyərdim ki, son həftələrdə daha bir bulanıq mövzu yaranıb. Belə xəbərlər yayılır ki, guya Kiyev silah almaq barədə xahişlə Bakıya müraciət edib...

– Mən bunu mətbuatdan eşitmişəm.

– Yəni Sizə bu barədə heç nə məlum deyil?

– Mən bunu mətbuatdan eşitmişəm.

– Aydındır. Siz İrandan gələn turistlər barədə danışdınız. Məndə hissiyyat var ki, Azərbaycan regional turist Məkkəsinə çevrilir. Mənim axırıncı dəfə, 2013-cü ildə gördüyümlə müqayisədə əcnəbilərin sayı çox artıb. Mənim Bakıda yaşayan dostlarım söyləyirlər ki, ərəb dünyasının çoxlu nümayəndələri gəlir. Telekanallarda, o cümlədən Qərb telekanalında Azərbaycanın reklamını daim görürəm. Bu barədə müəyyən rəqəmlər varmı? Turist axını, əcnəbilərin, investisiyaların axını nə dərəcədə artıb?

– Turist axını - əsasən Körfəz ölkələrindən axın kəskin artıb. Biz viza verilməsi qaydasını sadələşdirmişik. İndi biz ümumiyyətlə elektron vizalar tətbiq etmişik – üç gün ərzində internet vasitəsilə viza sənədləşdirərək Bakıya uça bilərsiniz. Viza rüsumunu əhəmiyyətli dərəcədə - iyirmi dollara qədər azaltmışıq. Bu da öz rolunu oynayıb. Ənənəvi olaraq istirahət üçün İrandan və ya Rusiyadan, Ukraynadan əlavə, Körfəz ölkələrindən çoxlu turist gəlməyə başlayıb. Prinsip etibarilə bu, bizi sevindirir, çünki bütün əsas aviaşirkətlər Azərbaycana sərnişin axınının genişləndirilməsində maraqlıdır.

Turizm nədir? Bu, sadəcə biznes sahəsi deyil, bu, ölkənin dövlət səviyyəsində təqdimatıdır. İnsan ekvivalentində dəqiq rəqəmlər söyləməyə çətinlik çəkirəm, lakin səhv etmirəmsə, 2016-cı il ərzində Körfəz ölkələrindən bizə sərnişin axını bir neçə dəfə artıb.

– Reklam kampaniyası həqiqətən də intensivləşib. Mənə belə gəlir ki, bu kampaniya öz nəticəsini verməyə bilməzdi.

– Onun öz elementləri var. Burada hər şey o qədər də sadə deyil ki, sən reklam edəsən, adamlar təyyarəyə minib buraya uçsunlar. Orada, ilk növbədə, təhlükəsizlik kontekstində məsələlər bütöv bir kompleks təşkil edir. Ermənistanla münaqişənin həll edilməməsi, işğal və etnik təmizləmələrlə bağlı vəziyyət öz nəticələrini göstərir.

Əlbəttə, burada emosional element də var – bu məsələni necə həll etməli? Ona görə də hər şey reklam çarxına əsasən düşünülən dərəcədə sadə deyil. Orada elə məsələlər var ki, biz onların həllini tapmalıyıq: insanlar bulvarda gəzişə bilsinlər, diyircəkli konki sürə bilsinlər, təhlükəsizlik məsələləri də öz əksini tapmalıdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında