Dünyadakı iqtisadi böhran Azərbaycanın sürətli inkişafına əngəl ola bilməz

Azərbaycan iqtisadiyyatının inkişaf yolu öz unikallığı ilə fərqlənir. Bu gün dünyada gedən iqtisadi və maliyyə təlatümləri şəraitində  iqtisadiyyatımız özünəməxsus bir qaydada inkişaf edir. Ötən dövrdə neftin dünya bazarlarında qiymətlərinin bir neçə dəfə aşağı düşməsi səbəbindən valyuta gəlirləri sahəsində yaranmış itkilər, bu səbəbdən bəzi tikinti layihələrinin icrasında baş vermiş çətinliklər nəticə etibarilə 2016-cı ildə müəyyən iqtisadi geriləmələrə səbəb oldu. Bu gün məhz bu səbəbdən yaranmış iqtisadi geriləməni cəmiyyətə faciə kimi təqdim edib, iqtisadiyyatın digər sahələrindəki uğurları və Azərbaycan iqtisadiyyatının bənzəri olmayan bir sürətlə real sektora transformasiyasını nəzərdə tutan sürətli iqtisadi islahatları görməmək deletantlıq əlamətidir.

Əslində bu heç deletantlıq əlaməti də deyil, daha çox Azərbaycanın düşmənlərinin dəyirmanına su tökən qərəzli bir mövqedir. Məqsəd aydındır. Bu inkişafın, bu islahatların qarşısında başqa bir əngəl tapa bilməyənlər indi ikiəlli belə qarayaxmalardan yapışmağa məhkumdurlar. Onlara məsləhət görərdik ki,  yanvarın 30-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda  ölkə Prezidenti cənab İlham Əliyevin çıxışında son 14 ildə görülən işlərin bir qismi barəsindəki həqiqətlərə nəzər salsınlar.

Nə qədər çətin olsa da ötən il tarixdə yeni bir dövrün – postneft dövrünün başlanğıcı və Azərbaycan iqtisadiyyatının sürətli inkişafını hədəfləyən yeni iqtisadi inkişaf modelinin ortaya qoyulması ili kimi yaddaşlarda qalacaq.

Valyuta gəlirlərinin kəskin şəkildə azalmasına baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatının əsas göstəriciləri pozitiv olmuşdur. İqtisadiyyatın real sektorunun iki əsas qanadı hesab olunan kənd təsərrüfatı 2,6 faiz, qeyri-neft sənayesi isə 5 faiz artmışdır. Bu artımlar ilk öncə bundan əvvəlki illərdə görülmüş işlər və yola salınan ildə aparılmış dərin iqtisadi islahatlar nəticəsində mümkün olmuşdur. Bütün dünyada gedən və bu gün də davam edən iqtisadi  böhran iqtisadiyyatımıza nə qədər mənfi təsir göstərsə də Azərbaycan hökuməti başqa ölkələrlə müqayisədə bu çətin vəziyyətdən minimum itkilərlə çıxa bildi və digər neft ölkələrindən fərqli olaraq öz valyuta ehtiyatlarını maksimum dərəcədə qoruyub saxladı. Ümumi iqtisadi azalmalara baxmayaraq yola saldığımız ildə ölkəmizdə yüz mindən çox daimi iş yeri yaradıldı.

Azərbaycan hökumətinin postneft dönəmində start verdiyi islahatlar və bu islahatlara uyğun əldə etdiyi layiqli nəticələr dünyanın mötəbər beynəlxalq iqtisadi qurumları tərəfindən yüksək qiymətləndirildi. Ümumi iqtisadi böhranın yaratdığı çətinliklərə baxmayaraq Davos Dünya İqtisadi Forumunun hər il üçün tərtib etdiyi hesabatda 2016-cı ilin yekunları üzrə ölkələrin rəqabətqabiliyyətliliyinə görə Azərbaycan üç pillə irəliləyərək 37-ci yerdə qərarlaşdı. Bütün bunlardan sonra dünyanın maliyyə bazarlarında Azərbaycanın kredit reytinqi bir qədər də artdı.

Əldə olunan bu nailiy­yət­lərin  qazanılmasında  təməli 2004-cü ildən qoyulan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının misilsiz rolu vardır. Məhz həmin layihələrin reallaşdırılması nəticəsində ölkə iqtisadiyyatının inkişafına geniş imkanlar açılmış və biznes üçün kifayət qədər münbit şərait formalaşdırılmışdır.  Bu illər ərzində  regionların sosial-iqtisadi inkişafına dair birinci, ikinci və üçüncü dövlət proqramları yaxın, orta və uzaq perspektivdə Azərbaycan iqtisadiyyatının inkişafına çox mühüm  töhfələr verəcəkdir.

Faktlara diqqət edək. 2004-cü ildən bu günə qədər icra olunan proqramlar çərçivəsində ölkəmizdə ümumi istehsal gücü 2400 meqavat olan 26 elektrik stansiyası tikilib istifadəyə verilib ki, bu da ölkədəki ümumi elektrik stansiyalarının 74 faizi deməkdir. Əgər proqramların icrasına qədər ölkədə qazlaşdırma 51 faiz səviyyəsində idisə, indi bu rəqəm 92 faizə çatıb və cari ildə onu 94 faizə çatdırmaq nəzərdə tutulur.  Eyni qayda ilə bu illər ərzində 11 min kilometr avtomobil yolu və dörd su anbarı tikilmiş, yüz minlərlə hektar torpağın meliorativ vəziyyəti yaxşılaşdırılaraq yeni suvarılan sahələr dövriyyəsinə daxil edilmişdir. Bu illər ərzində yaradılmış infrastruktur bundan sonra onilliklər boyu ölkə iqtisadiyyatının bütün sektorlarının sürətli inkişafını təmin etmək məqsədilə daxili və xarici investisiyaların cəlb edilməsinə yaxşı zəmin yaratmışdır. Elə bunun nəticəsidir ki, çətinliklərlə dolu olan 2016-cı ildə Azərbaycanın iqtisadiyyatına 8 milyard dollar xarici investisiya yatırılmışdır.

Regionların sosial iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramlarının icrası ölkədə sosial sferanın da əsaslı şəkildə yenidən qurulmasına təkan verdi. Belə ki, 2004-cü ildən bu günə qədər ölkədə üç mindən çox məktəb, altı yüzdən çox tibb ocağı tikilib və ya təmir edilmiş, respublikanın bölgələrində 40-dan çox Olimpiya İdman Kompleksi, 20-dən çox muzey, 10-dan çox teatr binası inşa edilmişdir. Təkcə 2016-cı ildə regionlarda 59 məktəb, 53 uşaq bağçası, 26 səhiyyə, 16 gənclər və idman, 73 mədəniyyət obyekti tikilmiş və ya əsaslı təmir olunmuş, 1625 qaçqın və məcburi köçkün ailəsi yeni mənzillərə köçürülmüşdür.

Azərbaycan hökumətinin bu illər ərzində icra etdiyi nəhəng infrastruktur layihələrinin maliyyələşdirilməsində neftdən əldə edilmiş valyuta gəlirlərindən düzgün istifadə edilməsinin xüsusi rolu olmuşdur. Cənab Prezident müşavirədə bu məsələyə çox haqlı olaraq belə qiymət vermişdir: “Azərbaycan o ölkələrdəndir ki, neftdən çox səmərəli və ağıllı şəkildə istifadə etmişdir. Mən xatırlayıram, hələ 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək”.

Ancaq həyat onların nə qədər yanlış düşündüklərini ortaya qoydu. Reallaşdırılan nəhəng proqramların nəticəsində bu gün Azərbaycan regionun iqtisadi cəhətdən inkişaf etmiş ən qüdrətli ölkələrindən birinə çevrilib. Bu iqtisadi güc Azərbaycana dünyanın ən qüdrətli ordularından birinə sahib olmaq şansı verib. Bu gün Azərbaycan məhz reallaşdırılan həmin nəhəng infrastruktur layihələri hesabına regionun aparıcı tranzit yükdaşımalar və turizm mərkəzinə çevrilib.

Görülən bütün bu işlər son nəticədə Azərbaycanda əhalinin həyat şəraitini daha da yaxşılaşdır.  Ölkə Prezidenti müşavirədə deyib: “Əlbəttə, məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın”. Bu fikirlər Azərbaycan Prezidentinin rəhbərliyi altında aparılan islahatların fəlsəfəsinin nədən ibarət olduğunu bir daha sübut edir. Bu gün Azərbaycan hökuməti öz vətəndaşının yaxşı yaşayışını təmin etmək məqsədlə zəruri olan bütün addımları atır.

 Azərbaycan iqtisadiyyatının qısa zaman kəsiyində neftdən asılılığını minimuma endirmək üçün hökumət ən təsirli tədbirlər həyata keçirir. Nef və qaz satışından əldə edilən və bundan sonra əldə olunacaq gəlirlərə yeni bir münasibətin formalaşması Prezidentin rəhbərliyi altında aparılan iqtisadi islahatların nüvəsini təşkil edir. Bunun həqiqətən də belə olduğunu cənab Prezidentin müşavirədə adı çəkilən məsələ ilə bağlı səsləndirdiyi fikirlər bir daha təsdiqləyir: ”Bununla bərabər, onu da qeyd etməliyəm ki, mən dəfələrlə demişəm, biz artıq postneft dövründə yaşayırıq. Bunu mən o mənada deyirəm ki, dövlət qurumları daha neft amilinə bel bağlamasınlar. Ancaq bu, o demək deyil ki, bizim neftimiz tükənir. Yox, bizim neftimiz hələ onilliklər ərzində xalqımıza xidmət edəcək. Azərbaycan qazı iki ildən sonra dünya bazarlarına daha da böyük həcmdə çıxacaq və öz əhatə dairəsini genişləndirəcək. Yəni, bu amil daim var və bu, bizə həmişə güclü bir dəstək kimi kömək edəcək. Ancaq biz işimizi elə qurmalıyıq ki, sanki bu, yoxdur. Bax, bugünkü konfransın, ümumiyyətlə, inkişafla bağlı tədbirlərimizin məqsədi bundan ibarətdir”.

Bu yanaşma ölkə Prezidentinin hələ neft gəlirlərinin istifadəsi ilə bağlı 2004-cü ilin yanvar ayında bəyan etdiyi “Neft faktoru ölkəmizin iqtisadiyyatında böyük rol oynayacaq, ancaq biz iqtisadi siyasətimizi elə qurmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur - daha doğrusu, Azərbaycan neft ölkəsi deyil” kimi bəyan etdiyi kursunun davamıdır. Bu yol, heç şübhəsiz, yaxın dönəmdə Azərbaycan iqtisadiyyatının neftdən asılılığını optimal bir həddə endirməyə imkan verəcək.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında