“İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq inamını daha da artırdı. Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində bir sıra zəruri yüksəkliklərin erməni silahlı qüvvələrindən azad edilməsi və tamamilə Silahlı Qüvvələrimizin nəzarətinə keçməsindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur.
Azərbaycan Prezidentinin 24 yanvar 2017-ci il tarixli sərəncamı ilə bu kəndin bərpasına başlanılmışdır. Məlum olduğu kimi, bununla əlaqədar görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün müvafiq vəsait də ayrılmışdır. Tarixən Cocuq Mərcanlıda yaşayan insanlar indi doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncam məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması istiqamətində böyük yolun başlanğıcıdır. Dövlət başçısının düşünülmüş siyasəti və prinsipial mövqeyi sayəsində soydaşlarımız nəinki Cocuq Mərcanlıya, eləcə də Dağlıq Qarabağa, Xankəndiyə, Xocalıya, Şuşaya qayıdacaqlar.
Azərbaycan Ordusunun 2016-cı il aprelin 2-dən 5-dək davam edən uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərdən çox böyük üstünlüklər verdi. İlk növbədə, Azərbaycan çox mühüm psixoloji qələbə qazandı. Azərbaycan Silahlı Qüvvələri Qarabağın şimal və cənub hissələrində böyük strateji əhəmiyyətə malik yüksəklikləri azad etdi. Bununla da Azərbaycan Ordusu öz torpaqlarını düşməndən azad etmək gücünü, potensialını, döyüş əzmini nümayiş etdirdi. Dördgünlük döyüşlərin beynəlxalq əks-sədası da dərhal eşidildi.
2016-cı il noyabrın 12-də Füzuli rayonunun Horadiz şəhərində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yaradılan şəraitlə tanışlıq zamanı Prezident, Ali Baş Komandan İlham Əliyev Lələtəpə əməliyyatını şanlı tariximiz adlandırmışdı: “Aprel döyüşləri Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun gücünü göstərdi. Düşmənə döyüş meydanında sübut etdik ki, biz güclüyük. Biz ermənilərin uzun illər ərzində yaratdıqları mifi, yalanı dağıtdıq ki, guya onların belə güclü ordusu var. Bu gün döyüş meydanında biz sübut etdik ki, kimin ordusu güclüdür, kimin ordusu nəyə qadirdir”.
Bununla yanaşı, dövlətimizin başçısı qeyd etdi ki, biz həm Füzuli və Cəbrayıl rayonlarında, eyni zamanda, Ağdərə rayonunda bir çox strateji yerləri işğalçılardan azad etdik. Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi olan yerləri də qaytarmışıq. Ölkə başçısı Azərbaycan dövlətinin məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmaq və məşğulluğunu artırmaq üçün müntəzəm olaraq ciddi tədbirlər gördüyünü və 2004-cü ildə müvafiq proqramın qəbul edildiyini bildirmişdir.
2007-ci ildə bu proqrama əlavələr edilmiş və bunun icrası hazırda uğurla davam etdirilir. Bu vaxta qədər məcburi köçkünlər üçün 95 qəsəbə salınıb. Təkcə Füzuli rayonunda hər cür infrastruktura malik 16 qəsəbə salınıb. Ümumiyyətlə, indiyə kimi 250 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarına, xüsusilə işğaldan əziyyət çəkən vətəndaşlarına böyük diqqətlə yanaşır və qayğı göstərir. Bu, Azərbaycan dövlətinin humanist siyasətini bariz şəkildə əks etdirir, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının durduğunu bir daha təsdiqləyir.
Ötən ilin aprel döyüşləri zamanı düşməndən azad edilmiş on minlərlə hektar ərazi bu gün Azərbaycan Ordusunun tam nəzarətindədir. Hazırda həmin ərazilərdə təmizlik işləri aparılır və yaxın gələcəkdə məcburi köçkünlər o ərazilərə qayıdacaqlar. Bu gün Cocuq Mərcanlıda fərdi yaşayış evlərinin, məktəb binasının müvafiq infrastrukturun tikintisi işlərinə start verilməsi onu göstərir ki, aprel döyüşləri ilə mühüm tarixi qələbənin, böyük qayıdışın başlanğıcı qoyulmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə və birmənalı olaraq “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu ola bilməz” – fikrini səsləndirməsi münaqişənin ədalətli şəkildə həll ediləcəyinə ümidləri daha da artırıb. Bununla yanaşı, Prezident Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti ilə heç vaxt barışmayacağını və torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu, bunun beynəlxalq hüquq normaları ilə təsdiq edildiyini vurğulayıb: “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq”.
Cocuq Mərcanlı kəndinin bərpasından sonra insanların doğma torpaqlarına qayıdışı xalqımızda dövlətinə və rəhbərinə inam hissini daha da gücləndirib. Bu, həmçinin işğal altındakı digər torpaqlarımızın da azad edilməsi istiqamətində mühüm bir addımdır. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü bir daha göstərdi, xalqımızda Silahlı Qüvvələrimizə olan inamı daha da artırdı.
Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin
Azərbaycanlı İcması İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri,
Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.