Ötən ilin aprel ayının ilk günlərində cəbhəyanı ərazidə növbəti təxribata əl atan Ermənistan silahlı birləşmələrinin şanlı Azərbaycan Ordusunun cavab həmləsindən sonra ağır məğlubiyyətə düçar olması xalqımızda inam hissini xeyli gücləndirdi.
Bundan əvvəl isə Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik, əgər ermənilər işğal altında saxladıqları ərazilərimizdən çıxıb getməsələr, onda biz, müharibə yolu ilə də olsa, torpaqlarımızı azad edəcəyik. Elə aprel zəfəri də dövlətimizin başçısının qətiyyətinin, müzəffər Azərbaycan Ordusunun gücünün, qüdrətinin təntənəsi idi.
Məlum olduğu kimi, Cocuq Mərcanlı ulu öndərin vaxtında, 1994-cü ildə işğaldan azad edilmişdi. Amma ətrafdakı strateji yüksəkliklər ermənilərin nəzarətində olduğu üçün kənd sakinlərinin orada yaşaması qeyri-mümkün idi. İşğaldan qabaq kənddə 400 ailə yaşamışdır. Aprel döyüşləri zamanı strateji Lələtəpə yüksəkliyinin mənfur düşməndən geri alınması ilə böyük bir ərazi ordumuzun nəzarəti altına keçdi. Bu da yurd yerlərimizin əbədi sakinlərinin geriyə dönüşünə imkan yaradırdı. Nəhayət, bu il yanvarın 24-də Prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzaladı. Sərəncamda qeyd olunduğu kimi, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evi və məktəb binası inşa olunacaq, kənddə müvafiq infrastruktur yaradılacaq.
Yeri gəlmişkən, bununla təcavüzkar dövlətə bir daha açıq və sərt şəkildə bəyan edildi ki, Azərbaycan işğal altında olan torpaqlarının azad edilməsi mövqeyindən heç bir zaman geri çəkilməyib və çəkilməyəcək, əksinə, bu məsələdə daha qətiyyətli, daha israrlı və güzəştsiz olacaq. Prezident İlham Əliyevin imzaladığı bu tarixi sənəd Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək əzminin, prinsipiallığının parlaq təzahürüdür. Ölkə Prezidentinin işğal altındakı torpaqlarımızın azad edildikdən sonra həmin ərazilərdə infrastrukturun yeniləşdiriləcəyi, vətəndaşlarımız üçün evlərin tikiləcəyi, normal yaşayışın təmin ediləcəyi ilə bağlı səsləndirdiyi fikirlər artıq öz təsdiqini tapır. Bu, həm də Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasətin, ölkə əhalisinin, o cümlədən qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması istiqmətində görülən işlərin məntiqi davamıdır.
Dövlət başçısının zamanında verdiyi bu tarixi sərəncam ölkə ictimaiyyəti, o cümlədən Cocuq Mərcanlı sakinləri tərəfindən dərin ruh yüksəkliyi ilə qarşılanıb. Əbədi və əzəli torpaqlarımıza böyük qayıdışın başlanğıcı sayılan bu addım məcburi köçkünlərdə sabaha inam hissini xeyli gücləndirib, onların qəlbində ümid çırağı yandırıb. Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin edildiyinə görə yeni mənzillərin salınması, kommunikasiya xətlərinin yenilənməsi, məktəbin tikilməsi kənd əhalisinin oraya köçürülməsinə, normal həyata qayıtmasına şərait yaradır. Məhz buna görədir ki, kəndin bütün sakinləri doğma ocaqlarına, ev-eşiklərinə qayıtmaq istədiklərini bildirirlər. Artıq 190-dan çox ailə “Qaçqınkom”a bununla bağlı ərizə ilə müraciət edib. Cocuq Mərcanlıda tikinti-quruculuq işlərinin təhlükəsiz şəkildə aparılması üçün ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə başlanılıb. Tezliklə bu ərazidə evlər tikiləcək və sakinlər ora qayıdacaqlar. Heç şübhəsiz, dövlət qayğısı və sakinlərin cəbhəyanı ərazidə tam təhlükəsiz yaşamaları üçün verilən ən yüksək təminat gələcəkdə Cocuq Mərcanlı sakinlərinin sayının artmasına səbəb olacaq və bu yerlərdə həyat əvvəlki məcrasına qayıdacaq. Prezident İlham Əliyevin dəfələrlə söylədiyi kimi, bütün köçkün soydaşlarımız öz ev-eşiklərinə dönəcəklər. O gün isə uzaqda deyil...
Vaqif ABBASOV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.