Böyük qayıdışın ilk müjdəsi

Cocuq Mərcanlı kəndi Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. 1993-cü ilin oktyabrında Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan kənd 1994-cü il yanvarın 5-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi uğurlu Horadiz əməliyyatı zamanı Füzuli rayonunun 22 yaşayış məntəqəsi ilə birgə düşmən tapdağından azad edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 24 yanvar 2017-ci il tarixli sərəncamı doğma yurdlarından didərgin salınmış məcburi köçkünlərin isti ocaqlarına qayıdacaqlarına böyük inam yaradıb.

Sərəncamda qeyd edilir ki, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması, dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün normal şərait yaranmışdır. Dövlətimizin başçısının sərəncamı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan  ilkin olaraq 4 milyon manat ayrılmışdır. Onu da qeyd edək ki, işğaldan əvvəl kənddə 400 ailə yaşayıb. Cocuq Mərcanlıya köçmək üçün indiyədək Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsinə 190 ailə müraciət edib.

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin abadlaşdırılması ilə bağlı Prezidentin sərəncamı və  qayıdış üçün işlərin görülməsi ilə əlaqədar əslən Cəbrayıllı olan Namiq Cəfərovla söhbətləşdik. Qarabağ torpaqlarının, ələlxüsus doğma ata yurdu olan Cəbrayılın tezliklə işğaldan azad olacağı günü səbirsizliklə gözləyən Namiq Cəfərov dedi:

“Bu gün Azərbaycan dövləti gündən-günə güclənməkdədir. Bu isə düşmənlərimizi narahat etməyə bilməz. Hər vasitəylə çalışırlar ki, Azərbaycan özünə məxsus olan torpaqlara yenidən sahib olmasın. Lakin keçən ilin aprel döyüşlərindən gördük ki, onların gözləntiləri əbəs yerədir. Azərbaycan Ordusu ötən il apreldə düşmənə elə zərbələr vurdu ki, onlar həqiqəti artıq anlamağa başladılar. Anladılar ki, gez-tez bizə məxsus olan torpaqları tərk edəcəklər. Bu günlərdə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ilə bağlı dövlət başçısının son fərmanı bizi çox  sevindirdi.

Doğrudur, Cocuq Mərcanlı kəndi hələ 1994-cü ildən ordumuzun əlində idi. Qarabağ müharibəsində və ondan sonrakı dövrlərdə ermənilər tərəfindən dağıdılmış kəndin sakinləri buranı tərk etmək məcburiyyətində qalmışdı. Strateji mövqelər ermənilərdə olduğundan orada yaşamaq çox təhlükəli idi. Lakin ötən il aprel döyüşlərində ordumuzun “Lələtəpə” yüksəkliyini azad etməsi nəticəsində artıq düşmənə nəzarət etməmiz asanlaşıb. Bu baxımdan artıq kəndimizdə yaşamaq mümkündür. Bu gün bütün cocuq mərcanlılılar və ümumilikdə, cəbrayıllılar doğma yurdlarına qayıdışı səbirsizlikə gözləyirlər. Hətta bu gün mənim valideynlərim, sağ qalan nənəm belə, hər gün Cəbrayılın geri alınması ilə bağlı şad xəbərləri gözləyirlər. Qohumlarımızla elə görüşümüz olmur ki, biz azacıq da olsa Cəbrayıldan danışmayaq. Doğma torpaqlarının işğalda olması onlar üçün necə əziyyətli olduğunu bilirəm. Hər birimiz öz rayonumuzun tezliklə azad olmasını istəyirik.”

N. Cəfərov sonda bildirdi ki, işğal altında olan doğma Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin abadlaşdırılması və əhalinin oraya köçürülməsi üçün verilən Prezident sərəncamını dəstəkləyirik. Cəbrayıllılar hər zaman Azərbaycan dövlətinin yanında olmuş, ərazi bütövlüyümüz uğrunda şəhidlər vermişdir. Bu gün də bütün cəbrayıllılar ata-baba torpaqlarını görməyi hamıdan çox arzu edirlər. Bu baxımdan Cocuq Mərcanlı kəndini böyük qayıdışın ilk qapısı hesab edirəm.

Qələmə aldı: Anar TURAN, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında