İqtisadi qüdrətimiz bütün dağıntıların tezliklə bərpa edilməsinə imkan verəcək

Azərbaycan  Prezidenti cənab İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı mənfur qonşularımızın və onların havadarlarının illərlə dondurmağa çalışdıqları Dağlıq Qarabağ münaqişəsi ətrafında böyük bir dönüşün başlanğıcını qoydu.

Prezident ötən ilin aprel ayında həyata keçirilən  uğurlu hərbi əməliyyatlar  nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması məqsədilə həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına yaşıl işıq yandıran, çox vacib siyasi və psixoloji əhəmiyyəti olan  bir qərara imza atdı.

Qüdrətli Azərbaycan Ordusunun keçən ilin aprel ayındakı uğurlu hərbi əməliyyatları  bir çox mətləblərə aydınlıq gətirdi. İlk öncə, mənfur düşmənlərimizin və onların havadarlarının Dağlıq Qarabağ münaqişəsini dondurmaq cəhdlərini puça çıxardı.  Sonra, erməni ordusu haqqında düşmən təbliğatının illərlə yaratdığı mifi alt-üst etdi və Azərbaycan hökumətinin son 10 ildə formalaşdırdığı güclü iqtisadiyyatın verdiyi imkanlar əsasında Silahlı Qüvvələrimizin necə gücləndiyini, onun döyüş qabiliyyətinin nə dərəcədə artdığını hər kəsə aydın şəkildə  göstərdi.

Sərəncama əsasən birinci mərhələdə Cocuq Mərcanlı kəndində 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 4 milyon manat vəsait ayrılıb. Bu, bir  başlanğıcdır, ermənilərin kürkünə birə salacaq, onları və havadarlarını dəhşətə gətirib vahimələndirəcək uğurlu  bir başlanğıc. Azərbaycan iqtisadiyyatının bundan sonrakı dönəmdə inkişafını nəzərdə tutan proqramların icrası bizə ordumuzun qüdrətini daha da artırmağa və işğaldan azad olunacaq torpaqlardakı yaşayış məntəqələrini əvvəlkindən də yüksək  səviyyədə bərpa etməyə imkan verəcəkdir.

Azərbaycan hökuməti bütün bu möhtəşəm vəzifələri təkcə neft pullarının və 2018-ci ildən başlayaraq ölkəyə gələcək böyük qaz pullarının hesabına reallaşdırmayacaqdır.  Bu işdə neftsiz və qazsız bir iqtisadiyyat hesabına əldə ediləcək milyardlarla dollar vəsaitin xüsusi yeri olacaqdır. Ölkə iqtisadiyyatının əsas qanadları olan qeyri-neft sənayesinin və aqrar sektorun sürətli inkişafı istiqamətində atılan addımlar hesabına bu sahələrdən ixracın on dəfələrlə artması, Azərbaycanın beynəlxalq tranzit yükdaşımalar  və turizm mərkəzinə çevrilməsi hesabına hər il ölkəmizin üzərindən yüz milyonlarla ton yükün daşınması və on milyonlarla turistin gəlməsi nəticəsində əldə edəcəyimiz milyardlarla dollar valyuta gəlirlərimiz bu işləri uğurla reallaşdırmağa imkan verəcəkdir.

Ölkə Prezidentinin məlum sərəncamı  ilə başlanğıcı qoyulan bir prosses, heç şübhəsiz, davamlı olacaqdır. Ölkəmizin iqtisadi qüdrəti və buna uyğun maliyyə imkanları isə geriyə qaytarılan ərazilərimizdə erməni işğalçılarının vandallığı nəticəsində dağıdılmış hər bir tikilinin bərpasını nəzərdə tutacaq. Bu dağıntıların miqyası kifayət qədər böyükdür. Söhbət 900 yaşayış məntəqəsinin,  7000 ictimai binanın, 693 məktəbin, 855 uşaq bağçasının,  695 tibb müəssisələrinin, 927 kitabxananın, 473 tarixi abidənin, saray və muzeylərin, 6000 sənaye və kənd təsərrüfatı müəssisəsinin, 2670 kilometr avtomobil yollarının, 160 körpünün, 2300 kilometr su kommunikasiya, 2000 kilometr qaz, 15 000 kilometr elektrik xətlərinin, 280 000 hektar meşələrin, 1 milyon hektar  kənd təsərrüfatı üçün yararlı torpaqların və 1 200 km irriqasiya sistemlərinin bərpasından gedir.  Azərbaycan hökuməti bütün bu dağıntıların nəticələrini aradan qaldırmaq iqtidarındadır. Ancaq eyni zamanda, işğalçı bir dövlətin törətdiyi cinayətlər nəticəsində dəymiş zərərin ödənilməsi üçün beynəlxalq məhkəmələrdə Azərbaycanın xeyrinə müvafiq qərarların qəbul ediləcəyi də şübhəsizdir.   

Fikrət YUSİFOV,
 iqtisad elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında