Böyük yolun başlanğıcı

Dünyanı maliyyə və iqtisadi böhranın bürüdüyü bir vaxtda Azərbaycanda həyata keçirilən islahatlar, aztəminatlı ailələrin və doğma yurdlarından didərgin salınmış bir milyondan artıq soydaşımızın həyat səviyyəsinin yüksəldilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar hər cür infrastruktura malik yeni qəsəbələrin salınması və digər tədbirlər  düşünülmüş sosial siyasətin bariz nümunəsidir. Ümumiyyətlə, ölkə Prezidenti bu kateqoriyalı insanlara xüsusi diqqətlə yanaşır.

“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı və “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncam bir daha təsdiqlədi ki, dövlət siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır,  xüsusilə əhalinin  ən həssas qrupu olan məcburi köçkünlər və qaçqınlar.

Ölkə rəhbərinin bir-birinin ardınca imzaladığı bu sənədlər ziyalılar, tanınmış ictimai-siyasi xadimlər, habelə məcburi köçkünlər tərəfindən yüksək dəyərləndirilir və bunu Azərbaycan dövlətinin humanist siyasətinin tərkib hissəsi hesab edirlər.

Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman NƏSİROV Prezident İlham Əliyevin humanist siyasətinin beynəlxalq aləmdə də yüksək dəyərləndirildiyini bildirdi: -Azərbaycan dövlətinin, ölkə Prezidentnin məcburi köçkünlər və qaçqınlarla bağlı yeritdiyi siyasət BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığında da çox yüksək dəyərləndirilib. Ötən il oktyabrın 4-dən 7-nə qədər Cenevrədə BMT-nin qeyd etdiyim qurumunun icraiyyə komitəsinin 65-ci sessiyasında, təşkilatın rəhbəri öz məruzəsində bütün iştirakçılar qarşısında qeyd etdi ki, Azərbaycanın məcburi köçkün və qaçqınlarla bağlı yeritdiyi siyasət bir model kimi anoloji vəziyyətdə təqdir oluna bilər. Bunu öyrənmək və tətbiq etmək lazımdır.

Politoloq qeyd etdi ki, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların rahat, hər cür şəraiti olan mənzillərlə təmin olunması, sosial rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər ölkə başçısının siyasi kursunun prioritetini təşkil edir:

--Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımızın yeni evlər və mənzillərlə təmin olunması istiqamətində son illər əhəmiyyətli tədbirlər həyata keçirilib. 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 2,9 milyon kvadratmetr yaşayış sahəsi olan 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. İndiyədək 50 min ailə və ya 250 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Bu kateqoriyadan olan insanların mənzil şəraitinin yaxşılaşdırılmasına 2,3 milyard manat vəsait sərf olunub. Son 13 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği isə 4,5 dəfə artırılıb. Son 13 ildə 2 min nəfərdən çox məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 40 milyon manat güzəştli kredit verilib. Bu kateqoriyadan olan insanlar arasında yoxsulluq həddi son 13 ildə 75 faizdən 12 faizə düşüb. Ümumiyyətlə, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 23 ildə 6,2 milyard manat vəsait xərclənib.

Azərbaycan Prezidentinin imzaladığı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərmana münasibət bildirən politoloq bunu dövlət başçısının növbəti humanist addımı kimi dəyərləndirdi: “Azərbaycan dövlətinin sosialyönümlü siyasət yeritməsi özünü hər il qəbul olunan dövlət büdcəsində də göstərir. Bu, özünü  2017-ci ilin dövlət büdcəsində də büruzə verdi. Ötən illə müqayisədə bir qədər yıgcam olan  budcədə xəzinənin 40,3 faizi sosial yönümlüdür. Bu fərmana görə 2017-ci il yanvarın 1-dən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə hər ay adambaşına 36 manat müavinət  veriləcək.  Bu fərmanın ilk növbədə ən böyük özəlliyi ondan ibarətdir ki, bu, ünvanlılıgı təmin edir. Həmin müavinət birbaşa büdcədən məcburi köçkün və ona bərabər tutulan şəxsin plastik kartına yüklənəcək. Onlar da həmin pula uyğun qazdan, işıqdan, sudan istifadəni tənzimləyəcəklər. Bundan əvvəl isə kommunal xərclərin ödənişində müəyyən problemlər, narazılıqlar yaranırdı. Amma cənab Prezidentin bu sərəncamı ilə hər şey asanlaşdırıldı”.

E.Nəsirovun fikrincə, dövlət başçısının bu sərəncamı Azərbaycan dövlətinin sosial yönümlü siyasətinin davamıdır. Qeyd etdi ki, bəzi antiazərbaycan qüvvələr belə informasiya yayırdılar ki, guya dünya bazarında  neftin qiymətinin kəskin ucuzlaşmasından sonra Azərbaycan özünün ənənəvi sosialyönümlü siyasətindən imtina edəcək və bu istiqamətdə olan layihələrin icrasını dayandıracaq. Ancaq tamamilə bunun əksinin şahidi oldular. Mürəkkəb və çətin dövr adlandırdığımız  2016-cı ildə maaşlar 7 faiz , pensiyalar isə 8 faiz artmışdı. Bu faktlar onu göstərir ki, dövlətimiz ən çətin məqamlarda belə özünün siyasətinin mərkəzində Azərbaycan vətəndaşını, onun sosial rifahını görür. Onu da qeyd edim ki, ölkə başçısının bu fərmanı ictimaiyyət tərəfindən də çox müsbət qiymətləndirilib. Mən şəxsən əlaqə saxladığım və görüşdüyüm  məcburi köçkünlərdən də eşidirəm ki, artıq bu istiqamətdə hər iş daha rahat olacaq və kimdənsə asılılıgımız aradan qalxacaq.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamına münasibət bildirən E.Nəsirov bunun Azərbaycan ictimaiyyətində, xüsusilə məcburi köçkünlərdə böyük ruh yüksəkliyi yaratdığını bildirdi: “Ölkə Prezidentinin bu qərarı aprel döyüşlərinin uğurlu nəticəsidir. Ötən ilin aprelində dördgünlük müharibədə qazandığımız qələbə Ermənistanı hələ də düşdüyü şokdan çıxarmayıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, bu, Azərbaycan tarixində çox şərəfli bir səhifədir. Azərbaycan Ordusu yüksək döyüş qabiliyyəti nümayiş etdirərək on minlərlə kvadratmetr torpaqlarımızı, o cümlədən strateji yüksəklikləri azad etdi. Ermənistan silahlı qüvvələri böyük itki verərək 20 il ərzində işğal altında saxladıqları Azərbaycan ərazilərindən qovuldu. Hazırda həmin ərazilər və strateji yüksəkliklər Azərbaycan Ordusunun tam nəzarətindədir”.

Milli Məclisin deputatı dedi ki, Prezident İlham Əliyevin  bu sərəncamı hər bir azərbaycanlıda, xüsusilə də doğma ocaqlarından didərgin salınmış məcburi köçkün soydaşlarımızda işğal altında olan ərazilərimizin azad ediləcəyinə olan inamı daha da artırıb. Göründüyü kimi, artıq torpaqlarımızı geri qaytarmağa başlamışıq. Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması üçün əlverişli şəraitin yaradılması və tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanılması dövlət başçısının uğurlu siyasətinin bariz nümunəsidir: “Biz  artıq böyük bir yolun başlanğıcındayıq. Cocuq Mərcanlı kəndindən məcburi köçkün düşmüş ailələrin doğma kəndlərinə köçmək arzusu reallaşır. Hədəflərimiz işğal altındakı bütün torpaqlarımızı geri qaytarmaqdır. Göründüyü kimi, artıq bu proses başlanmışdır və konkret nəticələrimiz göz qabağındadır. Əgər bu gün Cocuq Mərcanlıdan didərgin salınmış soydaşlarımız ata-baba yurdlarınıa qayıdırsa, deməli, Cəbrayıl, Füzuli, Ağdam, Kəlbəcər və işğal altında olan digər ərazilərimizin sakinləri də artıq  qayıtmağa hazırlaşsınlar. Bu qayıdış Şuşaya, Xankəndiyə qayıdışın başlanğıcıdır”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında