Azərbaycançılığa böyük töhfə

Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” əsəri azərbaycançılıq sahəsində aparılacaq araşdırmalar üçün zəngin elmi-metodoloji mənbədir

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin müəllifi olduğu “Yeni dünya nizamı və milli ideya” kitabının təqdimatı keçirilib.
Akademiyanın professor-müəllim heyətinin və tələbələrinin iştirak etdiyi tədbirdə əsərin hər bir azərbaycanlı üçün böyük əhəmiyyət daşıdığı xüsusi vurğulanıb, onun ayrı-ayrı aspektləri milli ideya, sosial, siyasi, fəlsəfi və hüquqi kontekstdə geniş elmi təhlil olunub.
AZƏRTAC “Yeni dünya nizamı və milli ideya” kitabı ilə bağlı Dövlət İdarəçilik Akademiyası nəzdindəki “Azərbaycanşünaslıq” Elmi-Araşdırmalar Mərkəzinin sədri, akademiyanın humanitar və sosial məsələlər üzrə prorektoru, dosent Mehdi Abdullayevin mülahizələrini təqdim edir.

Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” əsəri Dövlət İdarəçilik Akademiyası nəzdindəki “Azərbaycanşünaslıq” Elmi-Araşdırmalar Mərkəzi üçün də mühüm əhəmiyyətə malikdir. Əsərin müəllifi qeyd edir ki, xalqların yox olmasının və ya ümumdünya proseslərində əhəmiyyətini itirməsinin əsas səbəblərindən biri milli strateji fəaliyyət proqramının, dövlətin və millətin mövcudluğunun mənası, inkişafın məqsəd və prioritetləri kimi çıxış edən milli ideyanın olmamasıdır.

“Yeni dünya nizamı və milli ideya” əsərinin əhəmiyyətini xüsusilə iki aspektdən dəyərləndirmək olar. Əsər bir tərəfdən milli ideyamız olan azərbaycançılığın doktrinal əsasını təşkil edir, digər tərəfdən isə azərbaycançılıq ideyasının müəllifi, ümummilli liderimiz Heydər Əliyevin sovet dönəmindən başlanmış fəaliyyətində geniş şəkildə təzahür etməsini və uğurla həyata keçməsini əyani şəkildə oxucuya çatdırır. Azərbaycançılıq ölkəmizdə yaşayan bütün etnik qrupların və xalqların ümumdövlət mənafeləri əsasında real surətdə birləşdirilməsi ideyası kimi başa düşülür. Azərbaycançılığın mahiyyəti eyni coğrafi və mənəvi ərazidə yaşayan müxtəlif xalqların, müxtəlif mədəniyyətlərin, ənənələrin vəhdətidir.

Sadə olduğu qədər də mürəkkəb olan milli ideyamız nəzəri baxımdan neokonservatizmə bağlı olsa da, digər ideologiyaların (məsələn, neoliberalizmin) mütərəqqi cəhətlərini də özündə ehtiva edir. Akademik Ramiz Mehdiyevin haqlı olaraq qeyd etdiyi kimi, “Azərbaycanda mühafizəkar-liberal sistem tamamilə tarazlaşdırılmışdır. O, bir tərəfdən güclü dövlət hakimiyyətini və hüquq qaydasını, digər tərəfdən isə iqtisadi fəaliyyət sərbəstliyini dəstəkləyir. Bu sistemdə dövlətpərəst meyillərin və dövlət təməllərinin, milli və ­universal elementlərin müştərək mövcudluğuna nail olunmuşdur”.

Azərbaycançılıq milli dövlət ideologiyası kimi, Azərbaycan Respublikasının Konstitusiyasına söykənən, Azərbaycanın dövlət müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir. Bu dəyərlər sisteminin formalaşması əsrlər boyu davam edib. Təəssüflə qeyd etmək lazımdır ki, müəyyən dövrlərdə bu dəyərlər sisteminin unutdurulmasına əsassız səylər göstərilib. Zamanın tələbinə uyğun olaraq, müasir Azərbaycanın memarı, ulu öndər Heydər Əliyev bu məfkurəni gündəmə gətirib, formalaşdırıb və ölkənin aparıcı siyasi xəttinə çevirib. Milli ideologiyanın əsasını təşkil edən bu siyasət varislik xətti ilə müasir dövrdə də davam etdirilir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən real olaraq həyata keçirilir.

Azərbaycanda əsrlər boyu milli identiklik ümmət identikliyi tərəfindən üstələnmiş və milli kimlik daha çox dini mənsubiyyət anlayışı kimi qavranılıb. XX əsrin əvvəllərində yaşanan milli oyanış dövründə bu məsələyə xüsusi diqqət yetirilib və milli identikliyin müəyyən olunması istiqamətində ciddi müzakirələr gedib. Dini identiklikdən milli identikliyə keçmənin vacibliyini vaxtilə Üzeyir Hacıbəyli “Dil” adlı məqaləsində açıq şəkildə göstərirdi. Üzeyir bəy sadə bir azərbaycanlının öz kimliyini dini kimlik olaraq qəbul etməsini təəssüf hissi ilə qeyd edirdi.

Hazırda isə qanun qarşısında bərabərlik, ərazi, dövlət kimi təməllər üzərində qurulmuş milli ideyamız hər bir azərbaycanlının milli özünüdərkində, milli kimliyini anlamasında nəzəri əsas rolunu oynamaqdadır. Bu nəzəri əsasa yiyələnməkdə haqqında söhbət gedən kitab güclü nəzəri-metodoloji baza kimi özünü göstərir.

Milli ideyaya verilən önəmin bariz nümunələrindən biri kimi “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit edilmiş aşağıdakı normalara diqqət yetirək: “Elm haqqında” Qanunun 33.2-ci maddəsinə əsasən, azərbaycançılıq ideologiyasının elmi-nəzəri əsaslarının tədqiqi elm sahəsində dövlət siyasətinin əsas prioritetləri sırasına aid edilib. Təqdirəlayiq hal kimi qeyd etmək olar ki, həmin qanunun 32.1.2-ci maddəsində azərbaycançılıq ideyalarını təbliğ etmək, milli-mənəvi və ümumbəşəri dəyərləri, milli ənənələri dəstəkləmək və inkişaf etdirmək elmi işçilərin vəzifələri sırasında yer tutub.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsində “Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək” kimi müddəalar təhsilin əsas məqsədlərindən biri kimi ehtiva edilib. Həmin qanunun 33.3.3-cü maddəsi ilə təhsil alanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq təhsil verənlərin vəzifələrindən biri kimi müəyyən olunub. Qanunun 34.2.2-ci maddəsi ilə övladlarını (qəyyumluğunda və ya himayəsində olan şəxsləri) humanistlik, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsindəki vəzifələrindən biri kimi təsbit edilib.

Bu gün tam qətiyyətlə deyə bilərik ki, qüdrətli liderimiz Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasət öz kökündəki doktrinal və hüquqi əsaslarla milli ideyamız olan azərbaycançılıqla bağlıdır, ondan qidalanır və həmin ideyanın nə dərəcədə praktik əhəmiyyətə malik olduğunu bütün dünyaya əyani şəkildə göstərir.

Akademik Ramiz Mehdiyev “Azərbaycançılıq - milli ideologiyanın kamil nümunəsi” adlı əsərində azərbaycançılığı Azərbaycanı sivilizasiyalı dövlətlər sırasına çıxaracaq yol, xalqımızın böyük əzab-əziyyətlər bahasına nail olduğu tarixi sərvət kimi xarakterizə edib. Fikrimizcə, azərbaycançılığın əhəmiyyətini bundan dəqiq ifadə etmək mümkün deyil.

Təməlində ümumbəşəri ideyaların dayandığı azərbaycançılıq Azərbaycan xalqının digər dünya xalqlarından üstünlüyü (primatı) üzərində qurulmayıb. Azərbaycan xalqı missiyasını işğalçılıqda, ekspansiyada deyil, öz tarixi, milli, mənəvi dəyərləri ilə bəşər ailəsinin tamhüquqlu, suveren və müstəqil üzvü olmaqda görür. Müqayisə üçün bədnam qonşularımızın “milli ideyası” olan, elə təkcə adından şovinizm yağan “Böyük Ermənistan” ideyasını göstərək.

Ekzistensializmin banilərindən biri olan məşhur filosof Alber Kamyunun “Alman dostuma məktub” əsərindən belə bir fikri xatırlatmaq yerinə düşər. Kamyu burada müharibə vəziyyətində olan alman və fransız xalqlarının vətənə olan sevgilərini müqayisə edərək yazır: “Sözlər vadar etdikləri fəaliyyətin (hərəkətin) rəngini alır və əgər sizdə “Vətən” sözü al qırmızı, qan rənginə boyanıbsa, bizim üçün o söz ağlın, idrakın işığı ilə aydınlanmışdır”. Fəxrlə deyə bilərik ki, bizim də milli ideyamız ağlın, zəkanın işığı ilə aydınlanıb, dərin siyasi-fəlsəfi əsasları var və ən başlıcası əməli fəaliyyətdə öz təsdiqini tapıb.

Bu ideologiyanın digər bir müsbət və örnək cəhəti ondan ibarətdir ki, o, bütün dünyada məskunlaşmış əlli milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrətindədir. Ümummilli lider Heydər Əliyev 2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayındakı proqram xarakterli nitqində bu barədə danışarkən deyib: “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik”. Bu fikirlər dünyada yaşayan hər bir azərbaycanlı üçün istiqamətverici əhəmiyyətə malikdir.

Haqqında danışdığımız əsər, göründüyü kimi, həm praktik, həm də nəzəri əhəmiyyətə malikdir. Bir daha qeyd etmək lazımdır ki, milli kimlik və identiklik kimi vacib məsələlərin dərk edilməsində mühüm mənbə olan bu əsər azərbaycançılıq sahəsində aparılacaq gələcək araşdırmalar üçün elmi-metodoloji əsas rolunu oynayacaq.

Fikrimizcə, bu əsər, eyni zamanda, Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağın işğaldan azad edilməsi uğrunda apardığı haqlı mübarizəsində zehni silah rolunu oynayaraq, ümumi məqsədimizin reallaşmasında öz elmi-intellektual köməyini göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası da azərbaycançılığın tədqiq olunması məsələsinə daim diqqət yetirib, akademiyanın müxtəlif kafedra və laboratoriyalarında bu sahədə tədqiqatlar və araşdırmalar aparılıb. Bu məsələyə olan diqqətin bariz nümunəsi kimi qeyd etmək yerinə düşər ki, bu gün akademiyada azərbaycançılıq məfkurəsini özündə ehtiva edən, əsas məqsədi Azərbaycanın dövlət idarəçiliyinin, tarixinin, dilinin, mədəniyyətinin, daxili və xarici siyasətinin öyrənilməsi olan bir mərkəz - “Azərbaycanşünaslıq” Elmi-Araşdırmalar Mərkəzi yaradılıb. Azərbaycan siyasətinin vacib elmi-nəzəri istiqamətlərinə həsr olunmuş əsərlərin öyrənilməsini əsas kimi götürən bu mərkəz təbii ki, öz fəaliyyətinə dövlət ideologiyamızın köklü tədqiqinə həsr edilmiş bir əsərdən – “Yeni dünya nizamı və milli ideya”dan başlamalı idi. İnanırıq ki, akademik Ramiz Mehdiyevin əsərlərini və bu qəbildən olan araşdırmaları rəhbər tutan mərkəz azərbaycançılığın tədqiqi işinə öz layiqli töhfəsini verəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında