Sami Kohen: Astana görüşü Suriyada hər şeyin qısa müddətdə normallaşacağı mənasına gəlmir

“Milliyet” qəzetinin beynəlxalq məsələlər üzrə tanınmış yazarı Sami Kohenin APA-ya müsahibəsi

- Suriyada 30 dekabrda əldə edilmiş atəşkəsdən sonra Astanada Rusiya, Türkiyə və İranın iştirakı ilə keçirilmiş görüşü necə dəyərləndirirsiniz?

- Suriyada 6 ildən bəri davam edən savaşdan sonra atəşkəs elan edilməsi çox mühüm məsələdir. 2016-ci ildə atəşkəs üçün 2 dəfə təşəbbüs edilsə də, qısa müddətdən sonra atəşkəs pozulmuş və terrorçular bundan istifadə edərək yenidən öz mövqelərini möhkəmləndirməyə çalışmışdılar. Astanadakı toplantının ilk məqsədi Suriyadakı atəşkəsi daimi vəziyyətə gətirməkdir. Bunun üçün Rusiya, Türkiyə və İranın yaratdığı üçtərəfli mexanizmin önəmi böyükdür. İndi o mexanizm Suriyadakı atəşkəsin pozulmamasına çalışacaq, pozulduğu durumlarda isə bunun səbəbini müəyyənləşdirərək lazımi tədbirlər görəcək. Toplantının ikinci önəmli tərəfi isə Suriya rejiminin təmsilçiləri ilə başda Azad Suriya Ordusu olmaqla, müxalifətin digər təmsilçilərinin eyni masanın arxasında oturmasıdır. Burada Türkiyə və Rusiyanın rolu böyükdür, İranın da rolunu qeyd etmək lazımdır. Terrorizmə qarşı beynəlxalq koalisiya da bu prosesdən kənarda qalmadı. ABŞ toplantıya Astanadakı səfirini göndərdi, Suriya isə BMT-dəki daimi təmsilçisini. Bundan əlavə, BMT-nin Suriya üzrə daimi nümayəndəsi də Astanadakı toplantıda iştirak edirdi, bu da çox mühümdür. DAEŞ və “Əl Nusra” kimi terror qrupları işin əvvəlindən prosesdən kənarda qoyuldular. Əlbəttə, Astanadakı ilk müzakirələrdən çox şey gözləmək olmazdı. Toplantının ən böyük uğuru Suriyadakı rejim təmsilçiləri ilə müxalifət təmsilçilərinin ilk dəfə masa arxasında bəzi məsələləri müzakirə etmələri oldu. Astanada Suriyanın gələcəyi ilə bağlı birbaşa müzakirələrə keçilmədi və keçilməsini gözləmək sadəlövhlük olardı. Toplantının gərgin atmosferdə keçdiyini də bilirik. Toplantı başlayan kimi tərəflər bir-birini günahlandırdılar, daha sonra onlara ayrılmış otaqlara keçərək oralarda məsləhətləşdilər, Rusiya və Türkiyə tərəflər arasında dialoqun davam etməsinə çalışdı, diplomatlar bir otaqdan girib, o birindən çıxdılar. Astana toplantısının önəmli nəticələrindən biri də humanitar yardımların davam etdirilməsi prosesinə üçtərəfli mexanizmin nəzarət etməsi olacaq. Bu, çox mühümdür, çünki xüsusilə Hələb və ətrafına humanitar yardım göndərilməsində problemlər yaşandığı hamıya məlum idi. Bundan sonra o proseslərə də Rusiya, Türkiyə və İranın yaratdığı üçtərəfli mexanizm nəzarət edəcək.

 - Astana görüşünün fevralda Cenevrədə davam etdirilməsi qərarlaşdırıldı. İki günlük müzakirələr Cenevrə üçün qapıları nə dərəcədə aralaya bildi?

- Cenevrədə bundan əvvəl keçirilən görüşlərə tərəflər heç bir hazırlıq olmadan getmişdilər. Astana görüşü fevraldakı Cenevrə müzakirələri üçün bu və ya digər dərəcədə təməl yarada bildi. Bunun başında atəşkəsin davam etməsi iradəsi gəlir. Cenevrə müzakirələrində ABŞ-ın daha önəmli heyətlə iştirak edəcəyini deyə bilərik. O vaxta qədər prezident Trampın üsul-idarəsi lazımi hazırlıq görəcək. Bölgədə marağı olan ölkələrin -  Səudiyyə Ərəbistanı və Qətərin də Cenevrə müzakirələrində iştirak etmək istəyəcəyini deyə bilərik. Astana müzakirələri Cenevrə üçün ilk müsbət addım sayılmalıdır.

- Astanada hazırlanmış fundamentlə Cenevrəyə gedilməsi Suriyanın gələcəyi və sülh sazişi imzalanması baxımından nə vəd edir?

- Hər şeydən əvvəl, Suriyadakı atəşkəsin davam etməsi lazımdır. Atəşkəs əlbəttə ki, rejim qüvvələri ilə müzakirələrdə iştirak edən müxalifət arasında davam etdiriləcək. Yoxsa DAEŞ, “Əl Nusra” kimi terror təşkilatları onsuz da atəşkəsə riayət etməyəcəklər. Onlar ölümü özlərinin həyat tərzi hesab edirlər. Astanada az da olsa, əldə edilən razılaşmalardan sonra Cenevrəyə gedilməsi nə qədər önəmli olsa da bu, Suriyada hər şeyin qısa müddətdə normallaşacağı və tərəflər arasında sülh sazişi imzalanacağı mənasını daşımır. Suriyada sülhün əldə edilməsi üçün rejim təmsilçiləri ilə müxalif qüvvələrin ortaq məxrəcə gəlmələri lazımdır. Bunun üçün təxmini vaxt belə demək, hələ ki çətindir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında