20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı
Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
20 Yanvar hadisələrinədək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sovet dövlətinin bir sıra önəmli rəsmi şəxsləri ilə xalqımızın maraqlarına uyğun müsahibələr keçirmiş, Moskva mətbuatı ilə faydalı əlaqələr yaratmış qəzetimizin o vaxtkı əməkdaşı, yazıçı-publisist, Əməkdar jurnalist Vasif Səmədov faciə günlərində də haqq səsimizin yaxın-uzaqlara çatdırılmasına bütün mümkün üsullardan istifadə edərək, bacardığı qədər çalışmışdı. O müdhiş aylarda İttifaqın iki ən nüfuzlu gündəlik nəşrindən biri olan “İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri kimi fəaliyyətə başlayan fədakar həmkarımız erməni yazarların dərin kök saldığı mərkəzi mətbuatda onların çeşidli maneələrinə baxmayaraq Bakı qırğını ilə bağlı bir sıra məqamlara işıq salmışdı. Qəzetimizin yetirməsi o zaman Dağlıq Qarabağ həqiqətlərini ardıcıl və sistemli olaraq təmsil etdiyi “İzvestiya” qəzeti və Rusiyanın bir sıra nüfuzlu mətbuat səhifələrinə çıxarmışdı.
Çox keçməmişdi ki, müəllifin cidd-cəhdləri ilə “İzvestiya”da dərc olunan “Müdaxilə” adlı silsilə məqalə ölkədə və beynəlxalq aləmdə geniş, uzun sürən əks-səda doğurmuşdu. 20 Yanvarın 27-ci ildönümü günlərində Vasif Səmədov redaksiyamızın qonağı oldu, o günləri birlikdə xatırladıq. Azərbaycanın informasiya blokadasına alındığı günlərin hadisələrinə aydınlıq gətirdik.
– Vasif müəllim, o zaman qəzetimizin yazılarının yetişə bilmədiyi yaxın-uzaq xaricə bizim səsimizi sizin Moskva mətbuatı vasitəsilə çatdırmağınız hamımıza mənəvi bir rahatlıq gətirirdi...
– Doğrudan da, 20 Yanvar qırğını o vaxtadək 70 il “Kommunist” adı ilə nəşr olunan “Xalq qəzeti”nin kollektivi üçün də tarixi sınaq və həlledici seçim məqamı oldu. Dağlıq Qarabağ münaqişəsi ilə başlanan erməni təcavüzünün ilk günlərində xalqla bir yerdə olan, 1988-ci ilin noyabr--dekabr meydan epopeyası günlərində xalqın möhtəşəm etiraz aksiyasının geniş xronikasını yaradan redaksiya əməkdaşları Qanlı Yanvar günlərində də komendant-senzor nəzarətinin süngüsü altında faciənin dəhşətli mənzərəsini, azadlıq mübarizəsi mərhələsinə qədəm qoyan xalq hərəkatının məramını, atdığı addımları qəzetin səhifələrinə gətirdilər.
Bu yazılar həm kütlənin doğru yola yönləndirilməsinə kömək etdi, həm də azadlıq mübarizəsinin ilk səhifələrini tarixə həkk etdi. O vaxt biz harada olmağımızdan asılı olmayaraq eyni işi görürdük. “İzvestiya”ya keçsəm də doğma qəzetimin kollektivi ilə bir düşünür, bir mübarizə aparırdıq. İllər keçəndən sonra görürük ki, o vaxt “Xalq qəzeti”ndə və “İzvestiya”da 20 Yanvarla bağlı dərc olunan yazılar bir-birini tamamlamaqla zəngin bir salnamə təşkil edir.
– Sizin “İzvestiya”da çap olunmuş irihəcmli “Müdaxilə” məqaləniz elə o vaxt ayrıca kitab şəklində dərc olundu, mötəbər mənbəyə çevrildi...
– “Müdaxilə” məqaləsi işıq üzü görəndən xeyli sonra da, hətta Azərbaycan Respublikası Ali Sovetinin xüsusi komissiyasının 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə baş vermiş hadisəni təhqiq edib dübarə, Ali Məclisin müzakirəsinə verdikdən və bu haqda öz mülahizələrini istintaq orqanlarına təqdim etdikdən sonra da həmin yazının ümumxalq müzakirəsi səngiməmişdi. Onu demək istərdim ki, müəlliflərdən biri kimi və ələlxüsus öz xalqının başına gəlmiş bəlanın altını çəkən bir jurnalist kimi mənim özüm də sakit ola bilmirdim.
Jurnalistlik təcrübəmdə qəzet məqaləsinin bir günlük ömrü var - fikrinin əsassızlığına bir daha əmin oldum. Xalq nahaq deməyib: gedər xəncər yarası, qalar söz yarası. Mən bir azərbaycanlı kimi, xalqımın başına gələn müsibət haqqında təşkilat, orqan rəhbərləri, şahidlər və adi vətəndaşlarla söhbət edib, həqiqəti üzə çıxarmaq istərkən, inanın ki, faciəni dönə-dönə yaşamalı olurdum. Ancaq öz-özümə belə bir fikri təlqin edirdim ki, bu adi, bir günlük ömrü olan yazı deyil. Sən həqiqəti üzə çıxarmalısan, həm də bu, təkcə sənin və xalqının nəzərində müəyyənləşdirilmiş, əşyayi-dəlillərin sübutluğu ilə qərarlaşdırılmış həqiqət olmamalıdır – bu, gerçəyin təsbiti olmalıdır.
Haqqında söhbət açdığımız məqalədə təkcə yanvarın 20-də Bakıda baş verən faciəli hadisənin səbəblərini deyil, həmçinin məqsədini, günahsız axıdılan insan qanları hesabına belə bir müsibəti törətməkdə əli və iradəsi olan kəslərin məkrli fəaliyyətini açıqlamalı idik. Əlbəttə, üç qəzet yazısında (“İzvestiya” 13, 14, 15 fevral, 1992-ci il) bunları təhlil, təsdiq etmək mümkün ola bilməzdi, ancaq hər halda ictimaiyyətin fikrini düzgün istiqamətləndirmək, hətta siyasi komissiyaların və istintaq işçilərinin də təhqiq və tədqiq yollarına müəyyən qədər işıq salmaq gərək idi. O vaxt bu çox vacib, son dərəcə əhəmiyyət kəsb edən məsələ idi.
Bax, həmin qanlı hadisələrdən 27 il keçir və indinin özündə də söz düşəndə görürəm ki, bu söhbət hələ də gündəlikdən çıxmayıb. Mühakimələr və mübahisələr zamanı söylənilənləri müqayisə edəndə bir daha əmin oluram ki, jurnalist kimi tədqiqatlarımızın üsulu və texnologiyası, məramı və yanaşma nisbəti düzgün olmuşdur. Doğrudur, bir çox sənədlər, canlı şahidlərin hələ sirr kimi saxlanılan ifadələri işin dəqiqləşdirilməsinə cəlb edilməyib, bunun üçün gərgin istintaq, tədqiqat aparmaq, vaxt amilinin doğru sözünü dinləmək lazım gələcəkdir. Ancaq bir həqiqət aydındır: suverenliyi tələb edən xalqı cəzalandırmaq və başqalarını da bu yoldan çəkindirmək, onlara ibrət dərsi vermək! Sovet imperiyasını yaxınlaşmaqda olan iflasdan qorumaq, sütunları laxlamış totalitar rejimi, onun sınaqdan çıxmış silahını zorla qoruyub saxlamaq.
– İllər bizi o dəhşətli, xalqımızın təkləndiyi günlərdən uzaqlaşdırdıqca 20 Yanvar faciəsinin uzaq və yaxın həqiqətləri daha aydın seçilir.
– Mənim üçün bu zaman prizması bir həqiqəti daha iri planda əks etdirir. Bu, bizi bir çox cəhətdən 20 Yanvar kimi dəhşətli bir faciə ilə üzləşdirmiş səbəblər arasında həqiqi xalq lideri, müdrik dövlət xadimi olan Heydər Əliyevi o zaman birləşmiş düşmən qüvvələrin siyasət meydanından uzaqlaşdırması amilinə vaxtında kifayət qədər önəm verməməyimizlə bağlıdır. Zaman keçdikcə bir daha görürük ki, o vaxt Heydər Əliyev hakimiyyətdə olsaydı onun nadir zəkası, polad iradəsi bu qırğının qabağını mütləq alardı.
Əslində, o vaxt nə Qorbaçov, nə onun ətrafı, nə respublika rəhbərliyi, nə də xalq hərəkatının öncülləri hadisələri düzgün qiymətləndirə bilməmiş, onun qarşısını almaqda acizlik göstərmişdilər. Bunu qırğından bir gün sonra yeganə oğlu İlham Əliyev və digər ailə üzvləri ilə Moskvada Azərbaycan nümayəndəliyinə gələrək bəyanatla çıxış etmiş ümummilli lider Heydər Əliyevin o vaxt söylədiyi bir daha sübut edir. Zaman keçdikcə ulu öndərin əsl xalq lideri kimi o zaman göstərdiyi misilsiz cəsarət, baş verənlərə aydın, məntiqli münasibəti daha dərindən qavranılır.
O zaman xalqının başına gətirilən müsibəti, onun çevrələnmiş haqq səsini dünya şöhrətli nadir siyasət və dövlət xadimi kimi bütün dünyaya bəyan edən Heydər Əliyev Bakıya hərbi müdaxiləyə heç bir ehtiyac olmadığını da ağıllı arqumentlərlə sübuta yetirmiş, qırğının təşkilatçılarını dünya qarşısında kəskin ittiham etmişdi. İllər keçəndən sonra Qorbaçov öz xatirələrində, əslində, Heydər Əliyevin o zaman dediklərini təsdiqləyərək hadisələrə düzgün qiymət verə bilmədiyini etiraf etmişdir.
Ulu öndərin bu cəsarəti çaşğınlıq içində olan xalqın yoluna işıq salmış, ona öz haqq işində inam və dözüm vermişdi. Düzdür, o vaxt xalqın öz lideri ilə bu birliyi məlum səbəblərdən bir az arxa planda qalmışdı. Lakin 1993-cü ilin yayında xalqın öz liderinə qovuşmasının qarşısını heç bir düşmən qüvvələr ala bilmədi.
– Qayıdaq, 20 Yanvardan sonrakı günlərin ağır kütləvi psixoji durumuna. O vaxt adamlar jurnalistlərin hər sözündə, hər cümləsində nicat yolu arayırdılar...
– Bakı hadisələrindən sonra baş verən faciələr də - nəinki imperiyanın ayrı-ayrı yerlərində, elə Azərbaycanın özündə də eyni bir zəncirin halqası olduğunu təsdiqlədi. Hesab edirəm ki, Qarabağda törədilən soyqırımı faciələri də bu zəncirin halqalarındandır. Güman ki, düşmən bu bəd niyyətinə hələ də nöqtə qoymayıb. Məhz bu ağırlıq faizini nəzərdə tutaraq, yazılarımı 1992-ci ilin fevralında “İzvestiya”da çapa verməyi zəruri hesab etdim.
Və mən də ürəyimdən ağır daş olub asılan – 90-cı ilin Qanlı bazar günü hadisəsini tarixçilərin sərəncamına vermək fikrində deyiləm. Qanlı yanvar gecəsini və ondan sonrakı faciəli günləri yaşamış, gözləri ilə görmüş bir insan kimi güman edirəm ki, arxiv sənədlərindən istifadə imkanları yarandıqca, yeni faktlar topladıqca mən öz tədqiqatlarımı davam etdirəcəyəm.
– “Müdaxilə”, ilk növbədə, “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda nə olmuşdur?” sualına Rusiya mətbuatında verilən ilk geniş cavab olmuşdu. Doğrudan da, o müdhiş gecənin qaranlığında nə baş vermişdi?
– Məqalə hazırlandığı dövrdə Azərbaycan Respublikasının Ali Sovetindən bildirdilər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda faciəli hadisələrin səbəblərini və təfsilatını təhlil edən parlament komissiyası işini başa çatdırmışdır. Komissiyanın sədri M.Abbasov dedi: “Bu faciənin necə və niyə baş verdiyi, ordunun kimlərin siyasi iradəsini yerinə yetirdiyi barədə faktları, sənədləri, şifahi və yazılı sübutları “İzvestiya”ya təqdim etməyə hazırıq.
Bunları dərc etməyi qərara alarkən həmkarım V.Vıjutoviçlə birgə başa düşürdük ki, əsaslandığımız materiallar nə dərəcədə inandırıcı olsa da, təkcə bir tərəfin – zərərçəkmiş tərəfin mövqeyini əks etdirir. Beləliklə, onların obyektivliyinə kimsə hökmən şübhə ilə yanaşacaqdır. Ən əvvəl o kəslər ki, Bakı əməliyyatını hazırlamışdılar, qoşunların yeridilməsi haqqında əmr vermişdilər və bilavasitə icra etmişdilər. Lakin bu tarixi həqiqətləri təkzib edən olmadı.
Doğrudur, onlardan bir çoxuna faciəli Bakı hadisələrində iştirak etməsi (və ya iştirak etməməsi) barədə şəxsən danışmağa, bu hadisələri öz bildikləri kimi qiymətləndirməyə imkan verilmişdi. Lakin Azərbaycan parlamentinin komissiyası tərəfindən keçmiş SSRİ-nin dövlət, təsərrüfat və hüquq-mühafizə orqanlarına, habelə ictimai və hərbi idarələrinə göndərilmiş 2517 sorğunun yalnız üçdə birinə cavab alınmışdı (çox vaxt da formal surətdə). SSRİ Ali Sovetinin Rəyasət Heyətinə və Sov. İKP MK-ya göndərilmiş sorğulara, ümumiyyətlə, heç bir cavab verilməmişdi. Rəsmi təhqiqat axıra çatdırılmamışdı.
İttifaq parlamenti isə siyasi qiymət verməkdən çəkinmiş xə xüsusi bir qərarla SSRİ Prokurorluğuna, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinə, SSRİ Daxili İşlər Nazirliyinə “1990-cı ilin yanvarında baş vermiş bütün cinayət faktlarının və hüquqa zidd hərəkətlərin qısa müddətdə təhqiqini təhlil etməyi”, SSRİ Baş Prokuroruna və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinə isə “müvafiq məlumatı SSRİ Ali Sovetinə iki ay müddətində təqdim etməyi” tapşırmışdı. Bu qərara açıq-aşkar məhəl qoyulmamış, onun heç bir bəndi yerinə yetirilməmişdi.
Bununla yanaşı, biz Azərbaycan tərəfinin mövqeyini dərc edərək, hər hansı təkzib, bu və ya digər faktlar barəsində fikirlər üçün də imkan saxlayırdıq. Bu material silsilə şəklində dərc edildikdən sonra nəinki SSRİ-də, hətta xarici ölkələrdə belə sensasiyaya səbəb olmuş bu məqalədəki faktları nə o vaxt, nə də ki, indi təkzib etməyə cəsarəti çatan tapılmamışdı.
Bakı əməliyyatının ilhamçıları və təşkilatçıları Tbilisi, aradan bir il ötmüş isə Vilnüs hadisələrindən sonra olduğu kimi, yenə də özlərinin radiasiya tək yayılan təbliğatını dərhal var gücü ilə işə salmışdılar. Bakıda fövqəladə vəziyyətin səbəbləri barəsində və tankların orada nə etdiyi barədə o vaxt hətta liberal və savadlı Moskva jurnalistləri arasında da ya anlaşılmaz, ya da tamamilə təhrif edilmiş təsəvvür var idi. “Pravda”, SİTA, “Krasnaya zvezda”, “Vremya” TV proqramı ( heyif ki, o vaxtkı “İzvestiya” da təmkinlə olsa belə, hər halda rəsmi yozuma uymuşdu) beyinlərə belə bir fikir yeritmişdi ki, ordu erməniləri, rusdilli əhalini və hərbçilərin ailələrini Azərbaycan ekstremistlərinin törətdikləri amansız qırğından xilas edirmiş.
Yox, ordu Bakıda totalitar rejimi – Sov. İKP-nin hakimiyyətini və Sovet İmperiyasını xilas edirdi. Oxucuya bunun üçün məqalədə sübut-dəlillər təqdim olunurdu. Biz o Qara Yanvar hadisələri barəsində yazarkən razılığa gəldik ki, belə bir prinsipi gözləyək: minimum publisistika, maksimum faktlar, sənədlər, sübutlar.
– Vasif müəllim, illər keçir, hələ də bir suala birmənalı cavab tapmaq olmur: 20 Yanvar faciəsinin təqsirkarları – baiskarlar, təşkilatçılar və icraçılar həqiqi cəzalarını alıblarmı?
– Birmənalı cavab, əlbəttə, yoxdur və indiki halda ola da bilməz. Çünki, 20 Yanvar cinayəti üzrə istintaq materialları hələ də məhkəməyə çıxarılmamış, təqsirkarlardan kimsə müttəhimlər kürsüsündə əyləşməmiş, əli günahsız insanların qanına bulaşanların heç biri qanunun tələbi ilə cəzalandırılmamışdır. Amma zaman, hadisələrin sonrakı gedişi Qanlı Yanvar faciəsini törədənləri bu və ya digər şəkildə ağır cəzalandırdı.
Hamıya məlumdur ki, xain və ağlını itirmiş xalq olan ermənilər Dağlıq Qarabağ münaqişəsini başladıqları gündən xalqımızın başına tarixdə misli görünməyən müsibət və vəhşiliklər gətirmişlər. Onlar evində dinc oturmuş soydaşımızdan tutmuş avtomobilində, avtobusda, qatarda, gəmidə yol gedən azərbaycanlıya, Spitak zəlzələsi zamanı Bakıdan onların özünə köməyə gedən təyyarənin sərnişinlərinə qədər çox sayda bacı-qardaşımızın qatilinə çevrilmişlər. Erməni separatçılarını açıq-gizli şirnikləndirməklə Azərbaycanın üstünə qaldırmış sovet diktatoru Mixail Qorbaçov və onun etmənipərəst güruhu 1990-cı ildə bu terrorlar, qanlı aksiyalar silsiləsindən cana doyaraq ayağa qalxmış xalqımızın təcavüzə son qoymaq tələbini yerinə yetirmək əvəzinə, Bakıya qoşun yeridib, qanlı qırğın törətdi.
Deməli, 20 Yanvar faciəsinin baiskarı məhz xalqımızın qanına susamış ermənilərdir. Onlar 1990-cı il yanvarın ilk günlərindən sərhəd boyu məntəqələrdə, eləcə də ermənilər yaşayan içəri bölgələrimizdə silahlı hücumlar təşkil etməklə xalqımızı həyəcanlandırıb ayağa qaldırdılar. Bu, əslində, “mərkəzə qarşı dikbaşlıq” edən, Qarabağı onlara güzəştə getməyən azərbaycanlıları cəzalandırmaq üçün təxribatla yaradılmış bəhanə idi. Lakin münaqişəni dərinləşdirib müharibə həddinə gətirməklə ermənilər özləri də on minlərlə insan itirdilər, çox sayda vətəndaşları yaralı, şikəst, əlil oldu. Bütün bu faciə və qırğınların əvəzi, daha doğrusu, cəzası olaraq Ermənistan özünü çıxılmaz fəlakətə məhkum etmişdir. Bu, ən böyük hakim olan zamanın 20 Yanvar faciəsinin baiskarlarına verdiyi ağır cəzadır.
– Ermənilər daha ağır cəzaya layiqdirlər, onlar bu gün bizə də, özlərinə də zülm edirlər...
– “Ermənilər” ifadəsinə bir az konkret yanaşmaq lazımdır. Almanlar 1941-ci ildə SSRİ-yə hücum edən günün səhərisi ölkənin baş qəzeti “Pravda” birinci səhifənin yuxarısında “Alman xalqına ölüm!” çağırışlı manşet vermişdi. Bunu görən Stalin deyir ki, şüarı dəyişib belə yazın: “Alman faşistlərinə ölüm!” Sovet rəhbəri ona görə belə deyirdi ki, o vaxt alman xalqı bütövlükdə Hitlerin tərəfində deyildi. Bu xalqın ağıllı insanları ölkəsinin məhvə getdiyini görüb bununla razılaşmırdı.
Erməni daşnak-hnçakçılarının törətdikləri tarixi soyqırımları zamanı heç olmasa erməni şair-yazıçısı, ictimai xadimi Hovanes Tumanyan sinəsini irəli verib erməniləri düz yola çağırır, onların bəd əməllərini etiraf edirdi. Lakin Dağlıq Qarabağ savası başlayandan bugünədək hələ bircə erməni ziyalısı da öz soydaşlarını tarix boyu onun xeyirxahı olmuş azərbaycanlıların qəniminə çevrilməkdən çəkindirməyib. Bilirsiniz, bu niyə belə oldu. Çünki, ermənilər həmin Tumanyanın vaxtlilə onlara çatdırmaq istədiyi həqiqətdən birdəfəlik üz döndərib, bəlalı xülyaların əsirinə, dünya imperializminin əlaltısına çevriliblər.
Görün, Tumanyan 1910-cu ildə “Bədnam xalq” adlı məqaləsində nə yazırdı: “Qüssəli fikirlər sizə dinclik vermir, amma siz onlara məhkumsunuz və onlardan qurtula bilmirsiniz. Onlar ağır xəstəlik kimidir: sanki, xərçəng, vərəm və ya vəba xəstəliyinə tutulduğunuzu bilirsiniz və xəstəlik haqqında fikirləşməyə bilmirsiniz. Onda xəstəlik sizə qalib gələcək... Bizim hamımız barəsində düzgün olan yalnız budur ki, hamımız ağır mənəvi naxoşluqdan əziyyət çəkirik. Xəstəliyə qarşı mübarizənin birinci şərti, əsas şərti odur ki, biz öz bədbəxtliyimizi öz vicdanımız qarşısında və bütün dünya qarşısında etiraf edək... Başqa yol yoxdur. Həqiqi qurtuluş içəridən gəlməlidir. Çünki bizim iç dünyamız xəstədir.”
Sonrakı bir əsrdə ermənilər nəinki bu mənəvi xəstəliyi etiraf edib ondan sağaldılar, əksinə, öz maraqları xatirinə onları şirnikdirib qabağa verənlərin təhriklərinə uyub, “erməni xəstəliyi”ni kütləviləşdirdilər. Ona görə də biz çox vaxt “erməni” sözü ilə “daşnak” ifadəsini eyni məzmunda işlətməyə məcburuq. Qoy ermənilər bundan “tarixi nailiyyət”, “milli birlik” kimi öyünsünlər, lakin bütün dünyanın görüb-yəqin etdiyi budur ki, ermənilər öz milli xəstəliklərini şiddətləndirib və onun girovuna çevriliblər. Bununla da onlar xalq və dövlət olaraq məhv olmaqdadırlar. Ermənilər xalqımıza qarşı bir sıra terror və qırğınlar törətdikləri kimi, 20 Yanvar faciəsinin də baiskarı oldular. Lakin 20 Yanvardan yüz qat, min qat artıq bəlalara da özləri düçar oldular.
O ki qaldı Qanlı Yanvar qətliamının təşkilatçılarına, onlar da cəzasız qalmadılar. Tutduqları səhv yol, rəhbəri olduqları ölkənin günahsız vətəndaşlarına divan tutmaq Qorbaçov, Yazov, Kryuçkov, Bakatin, Barannikov... komandasına baha başa gəldi. 20 Yanvardan il yarım sonra onlar, nəhayət, törətdikləri siyasi-hərbi oyunbazlıqlarının birbaşa girovuna çevrilərək “QKÇP” hadisələri ilə hakimiyyətlərini itirdilər, barmaqlıqlar arxasına düşdülər. 20 Yanvardan sonra Azərbaycan xalqının sovet rəhbərliyinə qarşı səsləndirdiyi ən ağır ittihamlar, sərgilədiyi nifrət və itaətsizlik də, əslində, öldürücü bir cəza idi.
Qırğının səhərisi xalqımız süngü və qalxanların əhatəsində Mərkəzi Komitənin qabağında Qorbaçovun əlibaltalı, üz-gözü qanlı karikaturasını divar boyu rəsm etməklə onu dünya qarşısında rüsvay etdi, ələ saldı. Bu cəzadan sınıb-əyilməyən xalqımız o gündən nicatı azadlıq yoluna üz tutmaqda görüb, işğalçıya meydan oxudu. O boyda dövlətin rəhbərliyinə bundan artıq cəza ola bilərdimi?
Necə deyərlər, xalqımıza süngü göstərənlər özləri bu süngünün üstündə oturmalı oldular. Dağlıq Qarabağ münaqişəsi ilə başlayıb, 20 Yanvarda qanlı mahiyyətini dünyaya açıqca göstərən sovet rejiminin dağılması ilə sonuclanan bədnam “Qorbaçov perestroykası”nın puç aqibəti də tarixi bir cəzadır. Bu, zamanın 20 Yanvar qırğınının təşkilatçılarına verdiyi qaçılmaz bir cəza oldu.
Sovet imperiyasının süqutu 20 Yanvar faciəsinin irili-xırdalı icraçılarının çox keçmədən mövqe və səlahiyyətlərini itirmələri ilə onların da cəzasına çevrildi. Xalqı yaxınlaşan fəlakətdən xəbərdar edib, kütləvi qırğından xilas etmək əvəzinə, təpədən-dırnağadək silahlanmış basqınçı ordu ilə üz-üzə qoyub gizlənən, şəhidlərin qanı üstündə ali vəzifələri qamarlayanlar da əsiri olduqları imperiyanın uçuq-sökükləri altında qalmaqla cəzadan yaxa qurtarmadılar. Xalq hərəkatını imperiyanın nəhəng hərbi-siyasi maşını ilə toqquşdurub meydandan qaçan “qəhrəmanlar”a isə xalq bir daha etibar etmədi.
Ümumiyyətlə, Bakı qırğınının təşkilatçı və icraçılarının özləri də ayrı-ayrı vaxtlarda, müxtəlif şəkildə səhv etdiklərini, bunun cəzasını çəkdiklərini boyunlarına almışlar. Jurnalistlərimizin Yazovdan, Kryuçkovdan, Bakatindən aldıqları müsahibələrdə onlar Qorbaçovun ermənipərəstlikdən qaynaqlanan bir əmrinin icraçıları olduqlarına görə əzab çəkdiklərini bildirdilər. 20 Yanvar faciəsinin qanlı müəllifi M.Qorbaçov özü isə 1995-ci ilin aprelində Türkiyəyə səfəri zamanı 20 Yanvarla bağlı sorğuya “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımda ən böyük səhvim idi” cavabını vermişdi.
– 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə 20 Yanvar faciəsinə, nəhayət, düzgün siyasi qiymət verilməsi 20 Yanvar aksiyası üzrə istintaq materiallarını yenidən nəzərdən keçirib məhkəməyə göndərmək üçün hər cür əsas versə də, özünü sovet dövlətinin varisi elan etmiş Rusiya dövlətinin səlahiyyətli şəxslərinin anlaşılmaz mövqeyi üzündən bu, hələ də mümkün olmayıb. Üstündən 27 il keçəndən, dediyiniz kimi, zaman özü cinayətkarların cəzasını verəndən sonra belə bir məhkəmə qurmağa ehtiyac qalıbmı?
– Əlbəttə, nə vaxt baş verməsindən asılı olmayaraq, Azərbaycanın paytaxtında, onun xalqına qarşı dəhşətli bir dövlət cinayəti törədilibsə, bu faciənin öz adları ilə məlum olan baiskarları, təşkilatçıları, icraçıları olubsa, uzun və miqyaslı istintaq prosesi gedibsə bu materiallar məhkəməyə çıxarılmaq əvəzinə, niyə başqa ölkənin arxivində, qovluqlarda yatıb qalmalıdır? Milli Məclisin 1994-cü il 29 mart tarixli qərarında bu cinayətin ümumi səciyyəsi aydın əksini tapıb: “Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublika rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur”.
Belə irimiqyaslı bir cinayətə niyə ədalətli məhkəmə qurulmasın?
– Siz istintaq materiallarının ölkəmizə gətirilməsini, belə bir məhkəmənin baş tutmasını mümkün hesab edirsinizmi?
– Sivil dünyada belə təcrübə azdırmı? II Dünya müharibəsini törədən nasist cəlladlar on illər boyu ələ keçdikcə məhkəməyə çıxarılmırdımı? Çilidə qanlı xunta yaratmış Pinoçet ömrünün qürubunda olsa da müttəhimlər kürsüsündə əyləşmədimi? Bütün bunlar təkcə cinayət qurbanlarının narahat ruhlarını şad etmək üçün deyil, daha artıq dərəcədə gələcəkdə ağır bəşəri cinayətlərin qarşısını almaq üçündür.
Sovet rejimi heç bir əsas olmadan erməni təcavüzünə hədəf olmuş azərbaycanlılara qanlı divan tutmaqla bütün sivil insan hüquqları və beynəlxalq hüquq normalarını tapdalamışdı, Bakıda və bir neçə bölgədə bəşəri cinayət törədilmişdi. “20 Yanvar cinayəti” qovluqlarında bu qırğının bütün elementləri öz əksini tapıb. Sadəcə, qovluqlar, nəyin bahasına olur-olsun, alınıb ölkəmizə gətirilməli, yenidən saf-çürük edilməli, məhkəməyə çıxarılmalıdır. Bunu tarixi ədalətin zəfər çalması məntiqi tələb edir.
Belə bir məhkəmə sovet rejiminin qanlı mahiyyətini yetərincə öyrənmək də, 20 Yanvar kimi qəhrəmanlıq səhifəsini təfərrüatı ilə indiki və gələcək nəsillərə çatdırmaq da yazarlarımız, müəllimlərimiz, tarixçilərimiz üçün də olduqca gərəkli mənbədir. Bu materiallarda faciənin qaynaqları, motivləri, ayrı-ayrı epizodları, iştirakçılar, konkret təqsirkarlar və zərərdidələr barədə hüquqi-sənədli yöndə çox zəngin məlumat cəmlənmişdir.
20 Yanvar faciəsinə bizim günlərdən daha dərin və əhatəli nəzər salmaq üçün də istintaq materiallarının Azərbaycana gətirilməsi olduqca zəruridir. Beynəlxalq hüququn tələbi də həmin qovluqların ölkəmizə gətirilməsi və məhkəmə prosesinin keçirilməsini istisna etmir. Cinayət harada törədilibsə, istintaq da orada aparılmalı və cinayətkarlar mühakimə edilməlidirlər. Dünən faciəni törədən ölkənin rəhbərliyi Moskvada idi və onlar istədikləri də hərəkət etmişdilər. Bu gün isə Azərbaycan müstəqil dövlətdir, öz ərazisində baş vermiş çox ağır bəşəri cinayətlə bağlı məhkəməni təşkil etmək də onun haqqı və səlahiyyətidir.
Gəlin, ümid edək ki, 20 Yanvar qırğınının təqsirkarları zamanın divanından qurtula bilmədikləri kimi, konkret cinayət üçün nəzərdə tutulan hüquqi maddələrlə məhkəmə cəzasına da çatacaqlar. 20 Yanvar faciəsinin növbəti ildönümlərini bu həqiqətin təntənəsi ilə qarşılayacağımıza əminəm.
– Maraqlı söhbətə görə sağ olun. Biz də ümid edək ki, 20 Yanvarda günahsız insanların qətlinə fərman verənlər, bu cinayətin iştirakçıları zamanın cəzası ilə yanaşı, qanunun da qarşısında cavab verəcəklər. Onda 20 Yanvarın uzaq və yaxın həqiqətləri tam aydınlığı ilə görünəcək.
Söhbəti çapa hazırladı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.