Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) kollektivi başa çatdırdığımız 2016-cı ildə uğurlu tədqiqatlar aparıb, qlobal iqtisadi böhranın dünya elminə təsirindən qorunmaq üçün imkanlarını səfərbər edib. Müəssisənin alimləri iddia edirlər ki, vəziyyətdən çıxmağın başlıca yolu elmdən qazanc gözləmək deyil, ölkədə elmin özünə gəlir qazandırmaqdır. İnstitut direktorunun müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynovun bu barədə müsahibəsini təqdim edirik.
– Dadaş müəllim, 2016-cı il Geologiya və Geofizika İnstitutu üçün hansı uğurlarla yadda qaldı?
– Başa vurduğumuz ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illik yubileyini qeyd etdik. Bu tarixi hadisənin ilk günündən indiyə qədər ölkəmiz çox sürətli inkişaf yolu keçib və müstəqillik illərində “Əsrin müqaviləsi”nin imzalanmasına, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilməsinə nail olub. Dövrümüzün ən böyük infrastruktur layihələrindən olan “Cənub” qaz dəhlizi və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihələri uğurla reallaşdırılır.
Tədqiqatlarımıza gəlincə, 2016-cı ildə GGİ-də 5 problem üzrə 14 mövzuda 25 elmi-tədqiqat işi aparılıb. Ümumən 8 elmi – tədqiqat işi başa çatdırılıb. Həmçinin, 6 qrant layihəsinin icrası tamamlanıb, digər 6 qrant layihəsi üzrə tədqiqatlar davam etdirilir. Fundamental elmi-tədqiqat işləri sırasında “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” proqramı üzrə 8 mövzuda tədqiqatlar aparılıb. Tədqiqatlarda GGİ, Riyaziyyat və Mexanika İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzi, Bakı Dövlət Universiteti, İstanbul Yıldız Texniki Universitetinin alim və mütəxəssisləri birgə iştirak ediblər. Çap olunmuş elmi məqalələrin təhlilinə əsaslanaraq, Yerin dərinliyi üzrə elastiki parametrlərin paylanmasının lokal deformasiya kriteriyalarına uyğun gəlmədiyi hallar müəyyən edilib. Kiçik və böyük qeyri-xətti deformasiyaların Laqranj yaxınlaşması nəzəriyyəsi əsasında geoloji mühitin sıxlığının deformasiyadan asılılığı düsturu alınıb və bu asılılığın deformasiya artımından qeyri-dayanıqlı olduğu müəyyən edilib. Mühitin elastiki parametrlərinin düzgün təyin olunduğu intervallar, yəni deformasiyanın müntəzəm bircins paylandığı mərhələlər müəyyən edilib.
“Biogeokimyəvi rayonlaşdırma və Azərbaycan əhalisinin sağlamlığının regional proqnozlaşdırılması” proqramı çərçivəsində isə tədqiqatlar AMEA Coğrafiya İnstitutunun əməkdaşları ilə birgə aparılıb. Naxçıvan MR və Kür-Araz ovalığı ərazilərində landşaftların təbii radiasiya fonu və geokimyəvi xüsusiyyətləri ekoloji cəhətdən öyrənilib, landşaft komplekslərində makro və mikroelementlərin, həmçinin ətraf mühiti çirkləndirən radionuklidlərin və kanserogen xarakterli toksik mikroelementlərin miqdarı, paylanması müəyyənləşdirilib. Anomal zonalardan qamma-spektrometrik analiz üçün nümunələr götürülüb.
Bunlardan əlavə, “Azərbaycanın Günəş enerjisi Atlası” Coğrafiya və Fizika institutlarının əməkdaşları ilə birgə hazırlanır. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı”nın icrası sahəsində tədqiqatlar Fövqəladə Hallar, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşları ilə birlikdə yerinə yetirilib. Tədbirlər proqramı çərçivəsində Şəki, Şamaxı və Kürdəmir rayonları ərazisində radon riskli zonaların müəyyənləşdirilməsi məqsədilə stasionar ölçmə nöqtələri yaradılıb və hazırda həmin ərazilərdə radonun qatılığının təyin edilməsi ilə bağlı fasiləsiz monitorinqlər aparılır. Yaşayış binalarında, ictimai və iş yerlərində radonun miqdarının azaldılması üzrə pilot sınaqları keçirilib, problemin optimal həlli yolları müəyyənləşdirilib və təkliflər verilib.
İnstitutumuzun əməkdaşları tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyası üzrə Tədbirlər Planı çərçivəsində də işlər həyata keçirilib.
“Terek-Xəzər çökəkliyinin cənub-şərq hissəsində çökmə süxurların karbohidrogen potensialı və onun reallaşma şəraitləri”, “Cənubi Xəzər çökəkliyinin məhsuldar və qırmızı qat yataqlarında neft və qaz mənbələri”, “Azərbaycanın mezozoy filiz-maqmatik sistemlərinin əmələ gəlməsinin geodinamikası və potensial filizliliyi (Kiçik Qafqaz regionu üzrə)”, “Duruca strukturunun qara şistlərində sorbsiya-desorbsiya proseslərinin eksperimental modelləşdirilməsi və onların ağır metal tərkibli geokimyəvi anomaliyaların əmələ gəlməsində rolu” və “Azərbaycan Respublikasının çay hövzələrinin radiogeokimyəvi vəziyyətinin geoekoloji qiymətləndirilməsi (Böyük Qafqazın şimal-şərq yamacı ərazisi)” mövzularında elmi-tədqiqat işləri üzrə də əhəmiyyətli nəticələr alınıb.
– Hansı elmi tədqiqatlardan mühüm nəticələr alınıb?
– Elmi-tematik plan üzrə yerinə yetirilmiş işlərin əsasında 5 mühüm elmi nəticəyə nail olmuşuq. Kompleks geoloji-geofiziki və izotop-geokimyəvi məlumatlar əsasında Cənubi Xəzər çökəkliyində neft və qaz yataqlarının məkanda qeyri-bərabər paylanmasını əsaslandıran formalaşma mexanizmi işlənib hazırlanıb. Geoloji mühitin sıxlığının və elastikiyyət modullarının dərinlik üzrə qeyri-bircins paylanmasının Yerin məxsusi rəqsləri spektrinə təsirinin riyazi-mexaniki nəzəri modelinin ilkin versiyası irəli sürülüb, rəqslərin tezliklərinin, peroidlarının təyini alqoritmləri və kompüter hesablama proqramları yaradılıb və tətbiq edilib. Bunlardan əlavə, quyu geofiziki tədqiqatlarının kompleks məlumatları əsasında çökmə süxurların geodinamikasının qeyri-xətti deformasiyalarının 3-cü tərtibli elastikiyyət modullarının təyini metodu hazırlanıb. Həmçinin ilk dəfə lay şəraitində retroqrad kondensasiyanın fiziki mahiyyəti araşdırılıb, dispersləşmiş şəkildə olan maye komponentlərin səthi qüvvələrin təsiri ilə lay sisteminin duman yaranma təzyiqindən böyük təzyiqlərdə belə qaz-kondensat sisteminin aerosol halının pozulması nəticəsində qarışıqdan ayrılaraq sərbəst maye fazası yaratması müəyyən edilib və bu fenomenin yatağın işlənilməsi prosesində nəzərə alınmasının vacibliyi göstərilib.
Daha bir mühüm elmi nəticə ondan ibarətdir ki, neft-qaz yataqlarının işlənilməsi zamanı baş verən temperatur anomaliyaları tədqiq edilib, onların kəmiyyətcə qiymətləndirilməsinin daha ümumi qoyuluşda yeni alqoritmləri təklif olunub və kompüter proqramları yaradılıb. Bu da quyu məlumatlarının interpretasiyasının etibarlılığının və dəqiqliyinin artırılmasına imkan verir.
Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinin əməkdaşları tərəfindən Binəqədi dördüncü dövr fauna və flora təbiət abidəsində qazıntı işləri və elmi araşdırmalar zamanı yeni növ quşlar və çoxlu yeni bitki qalıqları aşkar edilib və hazırda onların vəziyyəti təyin edilir. Qır süxurlarının tərkibində tapılmış buğumayaqlıların öyrənilməsi ilə əlaqədar tədqiqat işləri davam etdirilib. Həmçinin, Mingəçevir su anbarının cənub sahilində Cənub filinin çoxlu sayda sümükləri aşkar edilib.
Oktyabr ayında Yal, Çurka, Dardanella, Koltuş, Kiçik Tava, Böyük Tava, Tavaaltı və Çilov adalarında bir həftə ərzində 150 suiti qeydiyyata alınıb ki, bu fakt Xəzər suitisinin kəskin azalmasını təsdiq edir.
– Geologiya və Geofizika İnstitutu son 20 ildən çox bir müddətdə ölkənin beynəlxalq elmi əlaqələrində əsas rol oynayan müəssisələrdən biri kimi də tanınır. Kollektiviniz bu titulu ötən il necə qoruyub saxlaya bildi?
– Beynəlxalq əlaqələrin inkişaf etdirilməsi hər zaman institutumuzun prioritet siyasət istiqamətlərindən biridir və xarici alimlərlə aparılan müştərək tədqiqatlar daim bu siyasətin tərkib hissəsi olub. Bu tədqiqatlardan biri kimi qeyd etmək olar ki, ötən il AMEA ilə İtaliyanın Milli Elmi-Tədqiqat Şurası arasında imzalanmış ikitərəfli elmi əməkdaşlıq haqqında yeni müqavilə çərçivəsində institutumuzun əməkdaşları Respublika Seysmoloji Xidmət Mərkəzi və İtaliyanın Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutunun mütəxəssisləri ilə birlikdə “Azərbaycan ərazisinin məkan-zaman təhlili baxımından seysmikliyin və seysmik təhlükənin qiymətləndirilməsi” adlı üçüncü layihə üzrə elmi-tədqiqat işlərinə başlayıblar. Bundan əlavə, “Cənubi Qafqaz üzrə geoloji elmlər”, “Kollektorların keyfiyyətinin və paylanmasının qiymətləndirilməsi məqsədilə Cənubi Xəzər hövzəsinin quru hissəsində orta və üst miosen qatlarının təbii çıxışlarının öyrənilməsi” və “Geoloji mühitdə mənfi təzyiq dalğalarının aşkarlanması, qeyd olunması və izlənilməsi üsullarının və texniki sisteminin işlənilməsi” layihələri üzrə də araşdırmalar aparılıb. Bu mövzular üzrə işlər Cənubi Qafqaz ölkələrinin elmi müəssisələri, Rusiya, Macarıstan və Çinin elmlər akademiyaları, Fransanın Elmi Tədqiqatlar üzrə Milli Mərkəzi və Tuluza Universiteti, Almaniyanın Yena Universiteti, Yaponiyanın Seysmologiya və Zəlzələ Mühəndisliyi Beynəlxalq İnstitutu, Tokiyoda yerləşən OYO Corporation, “Total E&P Azerbaijan B.V/Total E&P Absheron B.V” şirkəti, BP və digər təşkilatlarla birlikdə həyata keçirilib.
Ukrayna Elmlər Akademiyasının Dəniz Geologiyası və Çökmə Filizəmələgəlməsi Bölməsinin mütəxəssisləri ilə birlikdə “Azov-Qara dəniz və Qafqaz regionlarının palçıq vulkanlarının müqayisəli tədqiqi” layihəsi çərçivəsində region üzrə palçıq vulkanları tullantılarının mineral tərkibinin öyrənilməsi və müqayisəli təhlili ilə bağlı tədqiqatlar aparılıb. Dörd palçıq vulkanının – Nərdəranaxtarma, Çeyildağ, Daşmərdan və Axtarmaardı sopka brekçiyası tədqiq olunub, bir çox yeni minerallarla yanaşı, brekçiyaların tərkibində dəmir, mis, titan, nikel və s. aşkar edilib. Hazırda müxtəlif tektonik zonalarda yerləşən 15 palçıq vulkanından götürülmüş nümunələr analiz üçün hazırlanır.
GGİ və ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutunun birgə səyi nəticəsində təşkil edilmiş “Yer səthinin müasir geodinamikası və geoloji təhlükələr” adlı beynəlxalq laboratoriyada “Qafqaz regionunun aktiv geodinamikası” qrant layihəsi üzrə elmi-tədqiqat işləri aparılıb. Burada Şəki regionunun qravitasiya sahəsində variasiyaların seysmik hadisələrlə əlaqəsi öyrənilib, Abşeron-Balxanyanı tektonik strukturu boyunca seysmikliyin zaman-klaster təhlili, Azərbaycan ərazisinin gərginlik xəritəsi və GPS monitorinq nəticələri əsasında Böyük Qafqazın cənub yamacının seysmogeodinamik rayonlaşdırılması aparılıb. Gürcüstanın İlya Universitetinin əməkdaşları ilə birlikdə “Qafqaz regionunun GPS sürətlər xəritəsi” tərtib edilmişdir. Bu xəritə illər üzrə sürətlərin qiymət və istiqamətlərinin dəyişməsini nəzarətdə saxlamağa imkan verir.
Massaçusets Texnologiyalar İnstitutu və UNAVCO tərəfindən institutumuza hədiyyə edilmiş 4 stasionar GPS TopCon stansiyası qurulub və bununla müəssisəmizdə fəaliyyət göstərən stasionar stansiyaların sayı 10-a çatdırılıb.
“Zəlzələnin məkan-zaman təhlili və təhlükə” laboratoriyasında isə italiyalı mütəxəssislərlə birlikdə müasir statistik üsul və yanaşmaları tətbiq etməklə “Azərbaycan ərazisinin məkan-zaman təhlili baxımından seysmikliyin və seysmik təhlükənin qiymətləndirilməsi” layihəsi çərçivəsində 2003-2016-cı illər ərzində Azərbaycan ərazisinin və yaxın bölgələrin seysmikliyinin multiparametrik statistik təhlili aparılıb.
İnstitutumuzda Avropa Komissiyasının “HORIZON-2020” proqramının “PRIDE” adlı layihəsi çərçivəsində elmi seminar da keçirilib. Pont-Xəzərin biomüxtəlifliyi: çiçəklənmə və böhran” mövzusunda təşkil olunmuş tədbirə 15 ölkəni – İngiltərə, Niderland, İspaniya, Fransa, İtaliya, Türkiyə və digər dövlətləri təmsil edən gənc alim və mütəxəssislər qatılıb.
Bunlardan əlavə, GGİ ilə Miçiqan Universiteti (MU) arasında elmi əməkdaşlığa dair memorandum imzalanıb. Sənədə əsasən GGİ və ABŞ universitetinin Yer və Ətraf Mühit Elmləri Departamenti Böyük və Kiçik Qafqazın geoloji tarixi, tektonik quruluşu və seysmik təhlükələri istiqamətlərində birgə tədqiqatlar aparacaq, elmi nəticələri paylaşacaqlar.
– Ötən il kadr hazırlığı sahəsində nə kimi yeniliklər oldu?
– İnstitutumuzda 21 nəfər elmlər doktorluğu, 22 nəfər isə fəlsəfə doktorluğu üzrə təhsil alıb. Bu gün elmi müəssisədə 19 bakalavr və 12 magistrant çalışır. Onların buraxılış işləri və dissertasiyaları çalışdıqları şöbələrdə aparılan elmi tədqiqatların mövzularına müvafiq müəyyən edilir. Onlara institutumuzda təşkil olunmuş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Neft və qazın geologiyası” və Bakı Dövlət Universitetinin “Seysmologiya və Yer təkinin fizikası” adlı baza kafedralarında və aidiyyəti profil üzrə auditoriyalarda dərslər keçilir.
İnstitutumuzun gənc əməkdaşı Bəhruz Əhədov Çin Elmlər Akademiyası Şanxay Astronomiya Rəsədxanasında üçillik doktorantura təhsili alır. Gənc alim “Kosmik geodeziyadan istifadə edərək Şərqi Aralıq dənizi və Qafqaz bölgəsinin tektonik kinematikası və modelləşdirilməsi” mövzusu üzrə tədqiqatlar aparır. Fuad Əliyev isə Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda ixtisaslaşdırma kursunda ezamiyyətini davam etdirir. Digər gənc kadrlarımızdan K.Abbasov fəlsəfə doktoru hazırlığı ilə əlaqədar Polşanın Krakov şəhərində yerləşən Elm və Texnologiya Universitetinə 6 ay müddətinə ezam olunub. A.Vəliyev isə “Sofzond” təşkilatı tərəfindən Moskvada keçirilmiş kosmik məlumatların rəqəmsal emalı üzrə təlim kursunda iştirak edib.
Gənc alim və tədqiqatçılarımız Soçi şəhərində keçirilmiş “II Multidissiplinar Forum”da, Novosibirskdə keçirilmiş gənc alimlərin VIII elmi-praktik konfransında, Moskva Dövlət Universitetində “Lomonosov-2016” adlı gənc alim, tələbə və aspirantların XXIII Beynəlxalq elmi konfransında, Sankt-Peterburqda Geofizika və Mühəndislərin Avropa Birliyinin VII Beynəlxalq konfransında və digər tədbirlərdə çıxış ediblər.
İnstitutun əməkdaşları II Azərbaycan Elm Festivalında son nailiyyətlər, yeni texnologiyalar və müasir elmi ədəbiyyat nümayiş etdiriblər. Festivalın proqramına elmi ekskursiyalar və sərgilər, əyləncəli elmi şou da daxil olunub. İnstitutda AMEA institutlarının, müxtəlif ali və orta təhsil müəssisələrinin alim və mütəxəssislərinin elmi və innovasiya nailiyyətlərini nümayiş etdirən elmi-populyar mühazirələr üzrə seminar təşkil olunub.
İnstitutumuzun elmi işçi, doktorant, dissertant və magistrantları üçün rus və ingilis dilləri üzrə tədris kursları, həmçinin elmin ən son nailiyyətləri haqqında mühazirələr təşkil olunub. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin bu il fevral ayında imzaladığı müvafiq sərəncamdan irəli gələn bu işlər institutun elmi kadr potensialını inkişaf etdirmək məqsədi daşıyır.
– Alimin cəmiyyətə verdiyi töhfələrin əsas daşıyıcıları nəşrlərdir. İnstitut 2016-cı ildə hansı nəşrlərlə elmə töhfələr bəxş etdi?
– Hesabat ilində institut əməkdaşlarının 87 elmi əsəri dərc edilib. Bundan əlavə, alimlərimiz xarici nəşrlərdə 38 elmi məqalə cap etdiriblər. Onlardan 26-sı impakt faktorlu jurnallarda işıq üzü görüb, 12-si Thomson Reuters bazasına daxil olan jurnallarda çap olunub. İtaliyanın “Sandro Teti Editore” nəşriyyatında institutumuzun məhsulu olan “Dünya palçıq vulkanlarının Atlası” ingilis dilində işıq üzü görüb.
“Azərbaycanın geologiya elmləri. Birinci cild: Geologiya” və “Azərbaycanın geologiya elmləri. İkinci cild: İqtisadi geologiya və tətbiqi geofizika” kitabları “Springer” beynəlxalq nəşriyyatı tərəfindən çap edilib. Bu kitablarda Azərbaycanın unikal tektonik və geoloji əraziləri, o cümlədən Böyük və Kiçik Qafqaz, Talış dağları, Kür çayı və Xəzər dənizi haqqında geniş məlumat təqdim olunur. Həmçinin, regionda Yer qabığının təkamülü və seysmik fəallığı təhlil edilir.
“Naxçıvan Muxtar Respublikasının geoloji ensiklopediyası” Azərbaycan dilində, “Azərbaycanın məhsuldar qatı” adlı monoqrafiya rus dilində, “Azərbaycanın alt paleogen çöküntülərində biotların stratiqrafik və paleocoğrafi paylanma qanunauyğunluqları” adlı monoqrafiya, “Palçıq vulkanizmi” adlı dərs vəsaiti, “Radon və insan sağlamlığı” adlı kitab tam çapa hazırlanıb. “Azərbaycanın filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının və təzahürlərinin Atlası” üzrə də işlər başa çatdırılıb. Həmçinin ingilis dilində bir sıra kitabların – “Qarabağın humanitar və təbiət irsi”, AMEA-nın Coğrafiya, Tarix, Botanika və Zoologiya institutlarının əməkdaşlarının iştirakı ilə “Naxçıvan MR-in stratiqrafiyası”, “Azərbaycanın tektonikası”, “Azərbaycan Respublikasının geologiyası və mineral ehtiyatları”, “Şərqi və Cənub-Şərqi Qafqazın strukturunda tektonik örtüklər” adlı nəşrlərin hazırlanması istiqamətində işlər davam etdirilib. “Cənubi Xəzər çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialının və geodinamikasının öyrənilməsi” Dövlət Proqramı üzrə aparılmış tədqiqatların nəticələri rus dilində üçcildli kitab şəklində çapa hazırlanıb. “Cənubi Xəzər çökəkliyinin yeni geoloji-geofiziki modeli”, “Karbohidrogen potensialının qiymətləndirilməsi”, “Geodinamik tədqiqatlar və monitorinq” adlı nəşrlərin də çapa hazırlanması üzərində işlər aparılır.
– Qlobal iqtisadi böhran dünya elminə də təsirsiz ötüşmür. İnstitutun kollektivi vəziyyətlə necə mübarizə aparır?
– Məlumdur ki, dünyada baş verən iqtisadi problemlər ölkəmizdən də yan keçmir. Belə bir dövrdə cəmiyyətin hər təbəqəsinin məsuliyyəti bir qədər də artır və bu mənada alimlərdən daha həssas əmək və innovativ nəticələr tələb olunur. Elm sosial inkişafın, iqtisadi tərəqqinin əsas təminatçı sferalarından biri olduğu təqdirdə biz alimlər bu günlərdə üzərimizə düşən vəzifələri yaxşı dərk edirik. Qlobal vəziyyətlə mübarizədə uğurla iştirak etmək, bu sınaqdan alnıaçıq çıxmaq və gələcək nəsillər üçün geologiya elmini qoruyub saxlamaq məqsədilə strategiyamızı təshih etməli və işimizdə prioritetləri dəyişməliyik. Alim olaraq özümüz gəlir əldə etməyi bacarmalıyıq. Əsasən tətbiqi xarakterli tədqiqatlarımızın bir hissəsini bazar iqtisadiyyatı şəraitlərinə uyğunlaşdırmalıyıq. Dünya praktikası göstərir ki, intellektual fəaliyyətin məhsulu yüksək texnoloji hasilat bazarında ən tələb olunan əmtəədir. Xarici ölkələrdə elmi-tədqiqat müəssisələrinin bir çoxu, məsələn, qonşu Rusiya Elmlər Akademiyasının Sibir bölməsi bu məqsədlə innovasiya-texnoloji mərkəzlər, biznes-inkubatorlar, texnologiyaların transferi və s. yönümlü infrastruktur yaradılıb. O müəssisələr şəxsi ideyaların və elmi işlənilmələrin kommersiyası hesabına öz büdcəsinin 50 faizə qədərini təmin edir. Bizdə də oxşar infrastruktur yaradılır.
Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli sərəncamında AMEA Yüksək Texnologiyalar Parkının yaradılması nəzərdə tutulur. Burada innovasiya məhsulunun və yüksək texnologiyaların mənimsənilməsi və alınan nəticələrin sənayenin müxtəlif sahələrində və xidmət dairəsində kommersiya əsasında tətbiqi ilə əlaqədar elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin yerinə yetirilməsi gözlənilir.
Əslində, biz bu işlərə artıq başlamışıq. Nümunə kimi qeyd etmək olar ki, palçıq vulkanı püskürmələrinin məhsullarından müalicə məqsədilə istifadə olunması üçün AMEA-nın texnoparkında son məhsulu istehsal edən texnoloji xəttin və marketinqin yaradılması institutumuzun əməkdaşları tərəfindən işlənib hazırlanıb.
Digər innovasiya istiqaməti kimi, zibilyandıran müəssisələrin yandırılmış məhsullarının (qazların, tüstünün və külün) utilizasiyası və onlardan təbii mineral maddələrlə birlikdə sənayenin və kənd təsərrüfatının müxtəlif sahələrində istifadə olunması üçün texnologiyanın işlənilib hazırlanması üzrə tədqiqatları aparmışıq.
Bu işlənilmələrin ekoloji və iqtisadi effekti ğöz qabağındadır. Qeyd etmək lazımdır ki, “Təmiz şəhər” müəssisəsi bu işlərə çox böyük maraq göstərir və hətta belə tədqiqatlara investiya qoymağa hazırdır.
Bütün bunlardan əlavə, qrant layihələrini də gəlir mənbələri kimi dəyərləndirmək lazımdır və bu istiqamətdə mövcud imkanlarımızı daha da genişləndirəcəyik.
Həmçinin, hədəfləri kiçik olan tədqiqat mövzularından uzaqlaşmalı və fundamental araşdırmalara diqqəti artırmalıyıq.
Belə mövzulardan biri 2020-ci ilə qədər başlaması planlaşdırılan “Qafqaz bərzəxinin geoloji, tektonik və neotektonik xəritələrinin tərtibi və nəşri (Qafqaz ölkələri, Türkiyə və İran mütəxəssisləri ilə birlikdə)” adlı layihə ola bilər.
Hazırda dövlətin təhlükəsizliyi və iqtisadiyyatı üçün son dərəcə vacib əhəmiyyət daşıyan keyfiyyətli su ilə təchizat problemi mövcuddur. Xüsusi qeyd etmək lazımdır ki, hazırda içməli su çatışmazlığı dünya ölkələrində inkişafın proqnozunu müəyyən edən amil rolunu oynayır. O, hətta neft amilini də üstələyərək hazırda respublikanın iqtisadi inkişafını müəyyən edir. Alimlərimiz su təsərrüfatı balansında yaranmış gərginliyi azaltmaq istiqamətində mühüm tədqiqatlar aparıb və önəmli nəticələr əldə ediblər. Müəyyən olunub ki, su ehtiyatlardan səmərəli istifadə vahid “Azərbaycan Respublikasının Su Resurslarının İstifadəsi və Qorunmasının Baş Sxemi” işlənib hazırlandıqda mümkündür.
Müsahibəni qələmə aldı:
Səid HÜSEYNOV
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.