– Elman müəllim, hadisələrin gedişi də təsdiqlədi ki, yola saldığımız il dünyada mürəkkəb proseslərin baş verdiyi dövr kimi yadda qalacaq. Bu barədə sizin də fikrinizi bilmək maraqlı olardı.
– Təbii ki, 2016-cı il daha çox maliyyə böhranı, neftin qiymətinin kəskin ucuzlaşması, münaqişələrin daha da alovlanması ilə yadda qalacaq. Biz dünyada dəhşətli bir miqrant böhranının da şahidi olduq. Milyonlarla insan öz ev-eşiyindən didərgin düşdü. Eyni zamanda, Yaxın Şərqdə, xüsusilə də Suriyada hadisələrin nə qədər mürəkkəbləşdiyini gördük. Dünyanın əksər ölkələrində ictimai-siyasi sabitlik pozuldu, çoxlu sayda terror aktları törədildi. Böhran bütün sahələrdə özünü büruzə verdi. Dünyada həm maliyyə, həm hərbi, həm də dövlətlərarası etimadsızlıq böhranı yaşandı. Azərbaycan dünyanın tərkib hissəsi olduğundan bu proseslər bizdən də yan keçməyib. Ancaq respublikamızda ictimai-siyasi sabitliyin davamlı olması, mötəbər tədbirlərin mütəmadi olaraq keçirilməsi və digər reallıqlar fonunda Azərbaycan dövləti öz inkişaf tempini saxlaya bilib. Bu bir faktdır ki, bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində tanınmış və hesablaşılan güclü dövlətə çevrilib. Qürurverici haldır ki, regionun lider dövləti kimi bölgədə baş verən istənilən məsələ ilə əlaqədar ölkəmizin maraqları nəzərə alınır. Eyni zamanda, Azərbaycan yalnız regional layihələrin iştirakçısı kimi yox, həmçinin təşəbbüskarı və lokomotivi rolunda çıxış edir. Sözsüz ki, bütün bunlara dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilən uzaqgörən və praqmatik strategiya sayəsində nail olmuşuq.
– Dediniz ki, bu çətinliklər və gərgin proseslər fonunda Azərbaycan dövləti öz inkişaf tempini saxlaya bilib və dünya birliyində əlaqələrini daha da genişləndirib. Bunu necə konkretləşdirək?
– Bəli, qlobal problemlərin, iqtisadi və maliyyə böhranının baş alıb getdiyi bir zamanda Azərbaycan hətta müəyyən sahələrdə uğurlar qazanıb. Bəzi faktları diqqətə çatdırmaq istərdim. Fevral ayında “Cənub” qaz dəhlizi ilə bağlı məşvərət şurası keçirildi. Orda çox mühüm razılaşmalar və müzakirələr oldu. Eyni zamanda, aprel ayında Prezident İlham Əliyevin Vaşinqtona Nüvə Sammitinə səfəri oldu və orada çox əhəmiyyətli danışıqlar keçirdi. Azərbaycanın ev sahibliyi etdiyi IV Qlobal Bakı Forumu, V Beynəlxalq Bakı Forumu və BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu qeyd etmək istərdim. Bu tədbirlərdə Monteneqro, Bolqarıstan, Gürcüstan, Albaniya, Malta və digər ölkələrin dövlət başçıları da iştirak ediblər. İyul ayında Bakıda “Formula-1” yarışı baş tutdu. Dünyada 500 milyondan artıq tamaşaçı həmin yarışı izlədi. Bu da çox vacib tədbirlərdən biri idi. Yola saldığımız ilin aprel döyüşləri isə tarixi bir hadisə idi. Bu hadisə tariximizin şanlı səhifəsinə çevrildi. Aprel ayındakı qısamüddətli döyüşlərdə Azərbaycan öz hərbi gücünün cüzi bir hissəsini göstərdi. Bu kifayət etdi ki, Ermənistan ordusunun inamı qırılsın. Bu gün artıq Ermənistan çox gözəl bilir ki, əgər müharibə başlasa, onların məğlubiyyəti labüddür. Hazırda Ermənistandakı miqrasiyanın ən əsas səbəbi sabaha ümidlərinin olmamasıdır. Müharibə başlasa, daha ağır növbəti məğlubiyyət baş verəcək. Ona görə də onlar indidən övladlarının gələcəyini təmin etməyə çalışırlar.
– Mürəkkəb və münaqişələrin alovlandığı 2016- ci ldə beynəlxalq əlaqələrimizin daha da möhkəmlədirilməsinin səbəbini nədə görürsünüz?
- “Ötən il Azərbaycanın beynəlxalq əlaqələri daha da möhkəmlənib”--desək, yanılmarıq. Bunu dövlət başçımızın müxtəlif ölkələrə səfərləri, eyni zamanda, nüfuzlu tədbirlərdə iştirakı da təsdiqləyir. Ötən il dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinə və İrana rəsmi, Avstriya, Almaniya və Rusiyaya işgüzar səfərlər edib. Həmçinin Prezident İlham Əliyev Dünya İqtisadi Forumunda iştirak etmək üçün Davosa, “Suriyaya və regiona dəstək” konfransında iştirak məqsədilə Böyük Britaniyaya , 52-ci Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Münxenə, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasında iştirak etmək üçün Ankaraya, IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək məqsədilə ABŞ-a , İslam Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak etmək üçün Türkiyəyə səfərə gedib. Səfərlər bununla yekunlaşmayıb. Dövlətimizin başçısı İstanbulda keçirilən Ümumdünya Humanitar Sammitində, Varşavada keçirilən NATO Zirvə toplantısında, Bişkekdə təşkil olunan MDB iştirakçı dövlətlərinin Dövlət Başçıları Şurasının iclasında, Türkiyədə keçirilən 23-cü Ümumdünya Energetika Konqresində iştirak edib. Bu səfərlər ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafında mühüm rol oynayıb. Müxtəlif dövlətlərin prezidentlərinin və baş nazirlərinin ölkəmizə səfərləri də beynəlxalq birlikdə reytinqimizin getdikcə yüksəlməsindən xəbər verir. Məsələn, yola saldığımız ildə Qətərin Əmiri, Ukrayna, Venesuela, Xorvatiya, Belarus prezidentləri Azərbaycanda rəsmi səfərdə olublar. Türkiyə, İran və Rusiya prezidentlərinin işgüzar səfələri, həmçinin Rusiya Hökumətinin sədri, Macarıstan, Türkiyə və Pakistanın baş nazirlərinin Azərbaycanda rəsmi, İsrailin Baş nazirinin isə işgüzar səfəri baş tutub. Göründüyü kimi, 2016-cı ildə beynəlxalq əlaqələrimiz daha da güclənib.
– 2016-cı ildə də Azərbaycanda ictimai-siyasi sabitlik davamlı olmuş, hər hansı bir qarşıdurma qeydə alınmamışdır. Sizcə, bu fakt ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında müəyyən rol oynayıbmı?
– Mən bu məsələyə münasibət bildirmək üçün cənab Prezidentin 28 May – Respublika Günü münasibətilə Buta sarayında keçirilən tədbirdə səsləndirdiyi çox maraqlı bir tezisini xatırlatmaq istərdim. Dövlətimizin başçısı qeyd etmişdi ki, ictimai-siyasi sabitlik olmayan yerdə təhlükəsizlik və davamlı inkişaf olmur, təhlükəsizlik olmayan yerdə ictimai-siyasi sabitlik və davamlı inkişaf olmur. Bunlar bir-biri ilə çox sıx bağlı məsələlərdir. Prezident vurgulamışdır ki, bütün bu illər ərzində qarşıya qoyduğumuz hədəflərdən çata bilmədiyimiz yeganə məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdir. Dövlət başçısı ötən il oktyabrın 7-də Nazirlər Kabinetinin 9 ayın yekunları ilə bağlı iclasındakı çıxışında da qeyd etmişdir ki, həllini tapa bilməyən bu münaqişə təkcə Ermənistanın işi deyil. Bu, onun hesabına baş verib ki, biri Ermənistana silah verir, ikincisi pul verir, bir başqası ona havadarlıq, bir başqası da təbliğini edir. Bax buna görə də bu münaqişə həllini tapa bilmir. Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycan uzun illərdir ki, ictimai-siyasi sabitliyin davamlı olmasına görə dünyanın nadir ölkələrindəndir. Ölkəmizdə keçirilən bütün tədbirlər, seçkilər, referendumlar insidentsiz başa çatır.
Yeri gəlmişkən, yola saldığımız ildə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi ilə bağlı keçirilən referendum barəsində də fikrimi bildirmək istərdim. Buna təkcə referendum kimi baxmaq olmaz. Bu, dövlət başçısının yeritdiyi siyasətə xalqın razılığıdır. 2015-2016-cı illər ərzində Avropa Parlamenti, Avropa İttifaqı ilə Azərbaycanın münasibətləri məhz onların tutduğu qərəzli mövqeyə görə çox korlanmışdı. Amma, ötən ilin sentyabr ayının 20-də Avropa Parlamentinin 15 nəfərlik təmsilçisi Bakıya gəlib Azərbaycan Prezidenti ilə görüşdülər. Təmsilçilər ona görə Bakıya səfər etmişdilər ki, yəni bu olub, bunu bağışlayın. Bunlar hamısı onu göstərir ki, Azərbaycanın mövqeyi Avropa İttifaqında da, Avropa Parlamentində də möhkəmlənməkdədir və nəzərə alınmaqdadır. Bu bizi əlbəttə ki sevindirir.
– Yenicə başa çatmış ildə qeyri-neft sektorunun inkişafı yolunda atılan addımları necə dəyərləndirərdiniz?
– Yola saldığımız ildə bu istiqamətdə cox ciddi addımlar atılıb. Mən regionda Şimal-Cənub, Şərq-Qərb layihəsinin önəmini xüsusi vurğulamaq istərdim. Azərbaycan-Rusiya-İran üçlüyü Şimal-Cənub layihəsinin, Azərbaycan-Gürcüstan-Türkiyə üçlüyü isə Şərq-Qərb dəhlizinin yaranmasına şərait yaratdı. Bu istiqamətdə digər faktlar da göstərmək mümkündür. Xüsusilə kənd təsərrüfatı sahəsində böyük canlanma yaranmışdır.Yəni, bunlar onu göstərdi ki, Azərbaycan 2016-cı ildə qeyri-neft sektorunun inkişafı yolunda çox ciddi addımlar atdı. Biz 2017-ci ildə bunun bəhrəsini daha çox hiss edəcəyik. Bundan başqa, Azərbaycan irimiqyaslı enerji layihəsinin – “Cənub” qaz dəhlizi layihəsinin təşəbbüskarıdır. Bu, enerji əməkdaşlığı və enerji təhlükəsizliyi layihəsidir. Hazırda “Cənub” qaz dəhlizi layihəsinin üzvləri Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadır.
-2016-cı il yaddaşımızda həm də “Multikulturalizm ili” kimi qalacaq.
- Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilmiş, multikulturalizmin milli və beynəlxalq səviyyədə bəşəri ideallarını qoruyub saxlamaq və yaymaq prinsiplərini nəzərdə tutan xüsusi Tədbirlər Planı hazırlanmışdır. Bu da təsadüfi deyil. Çünki Avropa ilə Asiyanın sərhəddində yerləşən Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olub. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycan multikulturalizm dəyərlərini paylaşır,-- desək, daha dəqiq olar. Multikulturalizm Azərbaycanda bir dövlət siyasətidir, ictimai sifarişdir. O, bizim zənginliyimizdir və gələcəyimizin təminatçısıdır. Biz dərk edərək, bu siyasəti həyata keçiririk. Dünya birliyindəki reytinqimizin getdikcə yüksəlməsi də təsdiqləyir ki, beynəlxalq aləmdə ölkəmizi dəstəkləyənlərin sayı getdikcə artır. Hesab edirəm ki, 2017-ci ildə Azərbaycanın inkişaf xətti qorunub saxlanılacaq. Azərbaycanın növbəti 10 il ərzində hədəfi inkişaf etmiş dövlətlər sırasına daxil olmaqdır. Xatırladım ki, 2015-ci ildə İstanbulda Böyük 20-liyin toplantısında Azərbaycan Prezidenti dünyanın 20 nəhəng ölkəsinin rəhbərlərinin yanında dayanmışdı. Bunun simvolik mənası budur ki, Azərbaycan qarşısına yeni hədəf qoyub.
Yola saldığımız ildə Azərbaycan dövlətinin əsası Heydər Əliyevin qoyduğu balanslı, tarazlaşdırılmış xarici siyasət kursu uğurla davam etdirilmişdir. Bu siyasətə çeviklik, hücum taktikası da əlavə edilmiş və nəticədə Azərbaycan 2016-cı ildə də o, ənənəvi müstəqil xarici siyasət kursunu həyata keçirmişdir. Bizim hər hansı bir dövlətlə ikitərəfli əlaqələrimiz heç bir halda üçüncü tərəfin əleyhinə yönəlməyib. Bəzən müəyyən dövlətlər bizim hər hansısa bir dövlətlə münasibətlərimizə qısqanclıqla yanaşır, bunu özünün əleyhinə hesab edir. Halbuki, hamı bilir ki, Azərbaycan Prezidenti müstəqil siyasət aparır və bu siyasət xalqın, millətin mənafeyinə söykənir.
Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.