– Hidayət müəllim, siz ədəbi–bədii yaradıcılığı ictimai-siyasi fəaliyyətlə paralel davam etdirən azsaylı yazıçılardansınız. Şübhəsiz, belə gərgin fəaliyyət bir ömrün yükünü qat-qat artırıb.
– Taleyin işidir, keçdiyim yollarda üzləşdiyim ziddiyyətlər, təqiblər, ayrı-seçkiliklər, məşəqqətlər saya- hesaba gəlməz.
Gözünü erməni təcavüzü əhatəsində açasan, ayaq tutasan, addımlayasan, əyilməyəsən, doğma yurdunu itirəsən, Ana Vətəninin böyük parçası işğal oluna...
Görünür, belə kəşməkəşli ömür yaşayan yalnız yazıçılıqla rahat ola, nisbətən sakit həyat sürə bilməzdi. Və ya əksinə siyasi-ictimai həyatla, diplomatiya ilə məşğul olub yazıçılığı da unutmaq mümkün deyil.
Problem var ki, yazıçı sözünə ehtiyaclıdır, problem var ki, siyasi-ictimai, diplomatik fəaliyyətə.
– Bakı və İrəvan ədəbi-mədəni mühitinin ənənələrini mənimsəyən və yaşadan yazar kimi sizin də həyat-yaradıcılığınız zəngin və məhsuldardır. İrəvanla bağlı önəmli milli dəyərləri qədərincə qoruya bilirikmi?
– Təəssüf ki, nəinki qoruya bilmirik, hətta getdikcə unudulur. Azərbaycan İrəvanının qədim bənzərsiz tarixi, zəngin mədəniyyəti, təhsili, elmi mühiti, intellektuallıq anlamında nailiyyətləri, mərasimləri, hətta məişət, mətbəx özgürlüyü belə yaddaşlardan silinir. Qərbi Azərbaycan tarixinə, məsələn, İrəvan xanlığına, ayrı-ayrı bölgələrinə aid kitablar nəşr edilir, məqalələr dərc olunur. Ancaq sizin söylədiyiniz – orda yaranmış, formalaşmış önəmli milli dəyərlərin öyrənilməsi və yaşadılması yaddan çıxır.
Milli dəyərləri yaşatmaq üçün gərək əcdadını tanıyasan, xalqının keçdiyi yolları öz ömür yolun sayıb, babaların, ataların yaratdıqları mədəniyyəti, sahib olduqları mənəviyyatı mənimsəyəsən. Bu baxımdan yalnız tarixi, elmi kitabların nəşrlərindən kar aşmaz. Gərək hər sahə üzrə (Qərbi Azərbaycanda yaranmış ədəbiyyat, incəsənət, təhsil, elm, məişət mədəniyyəti və s.) əsərlər yarana, filmlər çəkilə, son iki əsrdən artıq dövrdə üzləşdiyimiz qatı şovinizmin, terrorçuluğun, soyqırımlarının, deportasiyaların iç üzü açıla.
Sonuncu deportasiyada (1988) iki yüz mindən çox didərgin soydaşımızın içində yazıçılar, elmlə, təhsillə məşğul olan ziyalılar, incəsənət xadimləri, jurnalistlər (hətta “Sovet Ermənistanı” qəzetinin, İrəvan Dövlət Azərbaycan Dram Teatrının, Pedoqoji İnstitutun Azərbaycan şöbəsinin, digər çoxsaylı təhsil müəssisələrinin, başqa təşkilatların bütöv kollektivləri) vardı. Onların hər biri o illərdə orada müşahidə etdiklərini, gördüklərini, öyrəndiklərini, düşündüklərini, yaşadığı narahatlıqları, mənəvi əzabları qələmə alsaydı , bu mövzuda bütöv, zəngin kitabxana yarana bilərdi. Həmin iki yüz mindən çox soydaşımız içində görkəmli tarixçi–alim, jurnalist İsrafil Məmmədovdan, tədqiqatçılardan Nazim Mustafadan, Əziz Ələkbərlidən başqa bu sahədə ardıcıl fəaliyyət göstərən ad çəkməyə çətinlik çəkirəm.
Yeri gəlmişkən, Qərbi Azərbaycanın tarixini, etnoqrafiyasını, demoqrafiyasını, toponimlərini, bu qədim Oğuz elinin mədəniyyətini ən yaxşı bilənlərdən biri son deportasiyadan xeyli qabaqlardan taleyini Bakı ilə bağlamış sizin qəzetin baş redaktoru Həsən Həsənovdur. Görünür, onun da başı xidməti işlərə – baş redaktor qayğılarına qarışdığından bu mövzuda az yazır.
– Bioqrafiyanızın seçilən məqamlarından biri də uzun illər erməni basqıları altında yazıb-yaratmağınız, milli varlığımızı xəyanətkar təhdidlərdən cəsarətlə qorumağınızdır. Bədii yaradıcılığınızda da bu mübarizənin motivləri özünü qabarıq göstərir.
– O basqılar mənim xarakterimə də, yaradıcılığıma da çox ciddi təsir edib. Basqılar insanda müqavimət immuniteti, mücadilə potensialı formalaşdırır.
– Sizin erməni xislətini, onun təcavüzkar siyasətinin mahiyyətini dərinliyi, genişliyi və aydınlığı ilə milli ictimai düşüncə dairəmizə gətirməyiniz formalaşmaqda olan Azərbaycan ermənişünaslığına dəyərli töhfədir. Sizcə, bu strateji araşdırma sahəsini necə irəlilətmək olar?
– Mənim fəaliyyətimdə bu istiqaməti gördüyünüz, duyduğunuz və dəyərləndirdiyiniz üçün minnətdaram. Rəqibə qalib gəlmək üçün “rəqib kimi düşünmək”, rəqibin “öz dilində” danışmaq lazımdır. Ona görə də onu dərindən öyrənməlisən.
Bu sual çox faktları, məqamları yadıma salır. Son deportasiya ilində Azərbaycan televiziyasında erməni dilində verilişi bağladılar. Mən qəti etiraz etdim, dedim: “Həqiqətləri onlara öz dillərində çatdırmalıyıq. Bu veriliş heç vaxt indiki qədər gərəkli olmayıb”. Şablon şüarçılar, psevdo–patriotlar məni az qala hətta ermənipərəstlikdə günahlandırmağa cəhd edirdilər. Arada erməni dilində radio verilişini də dayandırdılar. Ermənilər isə “əvəzində” İrəvan radiosunda Azərbaycan dilində verilişi saxlamaqla yanaşı, Spitakda Azərbaycan dilində məktəb açdılar, müxtəlif vaxtlarda Naxçıvandan, Şəkidən və Gəncədən köçüb gəlmiş erməniləri ora yığıb yüksək maaşla müəllim təyin etdilər (bu bölgələrdən, xüsusilə Naxçıvandan və Şəkidən gələn ermənilər dilimizdə təmiz, səlis, ləhcəsiz danışırdılar). Hətta Qərbi Azərbaycanda bircə nəfər soydaşımız qalmayanda da “Sovet Ermənistanı” qəzetini yüz-yüz əlli nüsxə ilə çap edib Moskvaya – Sov. İKP MK-ya, digər uyğun yüksək qurumlara göndərirdilər... Guya Ermənistanda azərbaycanlılar yaşayır, hətta qəzetləri də “çıxır”...
Spitakdakı məktəb təkcə Azərbaycanşünaslığın inkişafına xidmət naminə deyildi, həm də ( və ən əsası!) ölkəmizə qarşı agentura sisteminin təkmilləşməsi üçün kadr hazırlığına xidmət edirdi.
O vaxt – hələ sovet rejiminin son illərində bu məsələləri çox kəskin şəkildə qaldırsam da, nəyəsə nail olmaq mümkün deyildi. O zaman bu işi sistemli şəkildə qurmağa böyük imkanlar mövcud idi, Qərbi Azərbaycandan gəlmiş soydaşlarımızın içində erməni dilini kifayət qədər dərindən bilənlər vardı. İllər ötdü, onların bir qismi dünyasını dəyişdi, qalanları isə bildiklərini müəyyən qədər unutdular. Sonralar – ulu öndərimizin hakimiyyətə qayıdışının ilk vaxtlarındanca bu sahədə də peşəkar səviyyədə dövlət siyasəti aparıldı. Bircə məqamı söyləyim: İndi hərdən vaxt olanda Azərbaycan radiosu, ATV kanalı ilə erməni dilində gedən verilişləri dinləyirəm və ermənilərin Azərbaycan həqiqətlərini öz dillərində necə narahatlıqla, təlaşla eşitmələrini təsəvvür edirəm.
Hazırda ölkəmiz bu sahədə də azca öncə haqqında danışdığımız 25-30 il bundan qabaqkı Azərbaycan deyil, çox işlər görülür. Ancaq elm, təhsil müəssisələri, yaradıcılıq təşkilatları, nəhayət, ziyalılar öz təşəbbüsləri ilə bu mövzularla, problemlərlə məşğul olmalıdırlar. Bütün erməni tarixi araşdırılmalıdır. Bunu təbiidir ki, dili bilmədən tam miqyasda həyata keçirmək mümkün deyil. “Ermənişünaslıq” kurslarının təşkili onların xüsusilə son iki yüz ildə formalaşmış pozucu–şovinist xislətinin öyrənilməsinə və ifşasına xidmət edə bilər. Təcavüzkar qonşu ölkədə humanitar sahədə yazılan çağdaş elmi əsərlər, yaranan bədii ədəbiyyat, incəsənət əsərləri də diqqətdən kənarda qalmamalıdır.
Bir sözlə, dili də, tarixi də, indisi də, mənəviyyatı da, milli kimliyi də öyrənilməlidir. Və nəticə çıxarılmalıdır.
– Ömrünüzün İrəvanda keçən illərində ermənilərin soydaşlarımıza qarşı açıq- gizli qəsdlərini neytrallaşdırmaq yolunda mübarizəniz sizi həm də müstəqillik epoxasının dövlət adamı və nəhayət, çevik diplomatı kimi yetişdirib. Ömrünüzün və fəaliyyətinizin hazırkı məqamında bunun fərqindəsinizmi?
– Müstəqillik məfumu mənim mənsub olduğum nəslin yeniyetməlik çağlarının və ilk gəncliyinin təkcə pünhan xəyalları, əlçatmaz arzuları deyildi, gizli, bəzi məqamlarda hətta açıq-aşkar istiqbal məramnaməsinə çevrilirdi. Hələ tələbəliyimizin ilk kurslarında təkcə Azərbaycan Dövlət Universitetində deyil, digər ali məktəblərdə, yaradıcılıq təşkilatlarında, mətbuatda çalışanlar içində bu ali fikrin daşıyıcılarını arayırdıq. Universitet auditoriyalarında, qaldığımız 8-ci Dağlıq küçəsindəki yataqxanamızın otaqlarında bəzən bu mövzunun qızğın “qapalı” diskussiyaları keçirilirdi. Yaradıcı ziyalılar içində milli ruhlu şəxsiyyətlərlə görüşməyə, ünsiyyətdə olmağa can atırdıq. Əlbəttə, siz dediyiniz kimi – ermənilərin soydaşlarımıza qarşı açıq–gizli qəsdlərinin qarşısının birdəfəlik alınmasının çarəsini də müstəqilliyimizin bərpa olunmasında görürdük. Ancaq... “Burdan min atlı keçdi” də yazmışam ki, müstəqilliyimizin bərpasının təxmini vaxtını proqnozlaşdıranda yanlışlığa yol vermişdik, böyük tarixi hadisəni azı on beş il geri atmışıq. Bu da səbəbsiz deyildi, o vaxtlar Qorbaçovun fəaliyyəti nəzərə alına bilməzdi. Həm də SSRİ-nin birdəfəyə dağılacağını, müttəfiq respublikaların dörd–beş ay içində müstəqilliyə qovuşacaqlarını düşünmürdük. Bizim gənc analitiklər müttəfiq respublikaların “Sovetlərin” tərkibini bir–bir tərk edəcəklərini proqnozlaşdırırdılar. Azərbaycan isə... bu siyahıda ilk yerlərdə deyildi.
Bu proqnozu xarici ekspertlər də təsdiqləyirdilər. Onların fikirlərini dinləmək üçün gecəyarıdan sonra “VEF” tranzistorunun dalğalarında “Amerikanın səsi” ni arayırdıq...
(“VEF” o illərdə tələbə üçün çox bahalı tranzistor idi, ancaq xarici stansiyaları yaxşı tuturdu, buna görə mən də, yoldaşlarım da çox şeydən qənaət edib o markanı alırdıq).
Bəlkə ermənilər “Sovetlərin” dağılması vaxtını bizdən dəqiq müəyyənləşdirdikləri üçün xalqımıza qarşı iyirminci əsrin son irticasını elə “Sovetlər” dönəmində başladılar? ... Əlbəttə, ömrün indiki çağında bütün bunların fərqində olmamaq mümkün deyil.
– Bütün bu dediklərimizin təbii–məntiqi yekunu olaraq, siz ümummilli lider Heydər Əliyevin fenomenal şəxsiyyət və nadir dövlət xadimi kimi aliliyinə daha dərindən və yaxından bələd olan, onun rəhbərliyi altında mühüm dövlət vəzifələrində çalışmaq xoşbəxtliyinə çatan yaradıcı ziyalıdan birisiniz. Hidayət Orucovun tanıdığı Heydər Əliyev hansı bənzərsizliyi ilə seçilir?
– Tale elə gətirib ki, çox dövlət başçıları ilə görüşlərim, təmaslarım olub, yadımda maraqlı unudulmaz məqamlar qalıb. Ulu öndərin gerçək varlığı isə tamam bənzərsizliyi ilə yaddaşıma və qəlbimə həkk olunub. Fəaliyyətində, mənim müşahidə edə bildiyim məqamlarda müdrik, özgür və bənzərsiz idi. Bu barədə illər öncə “Heydər Əliyev və Azərbaycanda milli siyasət” monoqrafiyamda (söz düşmüşkən– bu əsər ingilis, rus, türk, gürcü, iki dəfə ərəb dillərində çap olunub, bu günlərdə isə Bişkekdə qırğız və rus dillərində “Heydər Əliyevin milli siyasəti” adıyla nəşr olunub) geniş yazmışam, “Şəxsiyyət haqqında söz demək məsuliyyəti” essemdə, digər yazılarımda, müsahibələrimdə fikirlərimi bildirmişəm. İndiyəcən bu böyük şəxsiyyət haqqında yazmadıqlarım, söyləmədiklərim ən yığcam icmal formasında olsa belə, bir müsahibəyə sığışmaz. Ancaq iki böyük özgürlüyü– ona dönük çıxanları bağışlamaq istedadı (“istedadı” əvəzləyəcək başqa söz tapa bilmədim, bəlkə dahiliyi deyim?), mərhəməti, eyni zamanda inandığı insanları haqsız hücumlardan qorumaq qətiyyətini bütünlüklə əks etdirən məqamları diqqətinizə çatdırmaq istəyirəm: Əvvəla, ulu öndər yüksək vəzifələrə təyin etdiyi şəxslərin böyük əksəriyyəti Moskvaya gedəndən sonra, xüsusilə 1987–1991–ci illərdə istefa həyatını yaşayanda halını soruşmadıqları bir yana dursun, çoxu vaxtilə onun təyin etdiyi vəzifələrdə qalmaq, ya mövcud rəhbərlikdən yeni təyinatlar qoparmaq, işdən azad olunmuşlar nomenklaturaya yenidən qayıtmaq məqsədilə nəyə desən gedirdilər, hətta bəziləri onu əsassız tənqiddən belə çəkinmirdilər.
Heydər Əlirzaoğlu yenidən ölkə rəhbərliyinə qayıtdıqda qeyri–adi böyüklüyünü (dahiliyini!) göstərərək onları bağışladı, çoxlarını yenidən yüksək vəzifələrə təyin etdi.
İkincisi, ulu öndər açıq-aşkar təqib olunan illərdə onu müdafiə etdiyim üçün rəqiblərin, bədxahların... sayı birə-beş artmışdı, yenidən hakimiyyətə qayıtdıqdan sonra isə həmin qruplar bir tərəfdən pərdələnib yeni cildlərə girərək ona yaxınlaşmaq, digər tərəfdən – məni gözdən salmaq üçün dəridən-qabıqdan çıxırdılar. İş o yerə çatmışdı ki, 1993-cü ilin payızında Prezidentin yanında keçirilən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin ilk iclasında bir heyət üzvü belə deməkdən çəkinməmişdi: “Heydər Əliyeviç, Siz nə üçün Hidayət Orucovun işdən azad olunması barədə fərmanı dünən verməyibsiniz – qalıb bu günə?” Ulu öndər çox təəccüblə ona baxıb sakitcə, təmkinlə demişdi: “Filankəs Filankəsoviç (dünyasını dəyişdiyi üçün adını çəkmirəm) O işləyir!”
Bilirsiniz, mən onlarla elə faktlar söyləyə bilərəm, fikrimcə– bu biri də kifayətdir. Üç il bundan öncə dərc olunmuş geniş müsahibəmdə bu barədə müfəssəl danışmışam. Müsahibənin adı beləydi: “Son iyirmi ildə məni göydə Allah, yerdə ulu öndər Heydər Əliyevlə Prezident İlham Əliyev xilas etdilər, qorudular”.
– Azərbaycanın çoxəsrlik multikultural dəyərlərinin dövlət siyasəti səviyyəsində gerçəkləşdirilməsində sizin də fəal iştirakınız var. Dünyanın bir sıra güclü dövlətlərinin belə bir siyasətdən imtina etdiyi dövrdə multikulturalizm Azərbaycana nə qazandırır?
– Tolerantlıq xalqımızın əvəzsiz milli–mənəvi dəyərlərindəndir. Millətimiz ulu tariximiz boyu milli, dini azlıqlara həmişə dözümlü münasibət bəsləyib. Müxtəlif ölkələrdən Azərbaycana pənah gətirən fərqli xalqların nümayəndələri, dinlərin mənsubları bu torpaqda heç vaxt diskriminasiya halları ilə üzləşməyiblər.
Vətəndaşlarımız olmuş yəhudilər indi hər yerdə qürurla deyirlər: “Azərbaycan keçmiş Sovetlər Birliyində yeganə ölkədir ki, orda heç vaxt milli–dini ayrı–seçkilik, antisemitizm halları olmayıb”. Buna görə də bu qədim xalqın övladları təxminən iki min altı yüz ildir torpağımızda firəvan yaşayırlar. Xalqımız ölkəmizdə yaşayan bütün milli və dini azlıqlara belə münasibət bəsləyib və bu gün də bəsləyir.
Ulu öndərimizin bu sahədə əvəzsiz xidmətləri ondaydı ki, real həqiqətlər üzərində qurduğu dövlətimizin perspektivli və alternativsiz milli siyasətinin mahiyyətini bütün dünyaya təqdim edə bildi, xalqımızı və dövlətimizi doxsanıncı illər boyu cərəyan edən çoxyönlü antiazərbaycan separatçı, təcavüzkar hərəkatlardan qoruyaraq unitar dövlət quruculuğunu möhkəmləndirdi.
Tolerantlıq, milli, dini azlıqların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi və ölkəmizin bu həqiqətləri dünyaya olduğu kimi təqdim edildi – heç nə artırılmadan, heç nə əksildilmədən.
Ulu öndər Heydər Əliyevin, ondan sonra Prezident İlham Əliyevin həyata keçirdikləri müdrik siyasət sayəsində milli siyasət məsələləri üzrə dövlət müşaviri, sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri kimi ən mötəbər beynəlxalq təşkilatların kürsülərində çıxış etdim.
Bir epizodu (əslində-dərsi!) heç vaxt unutmaram.1996-cı ildə BMT-nin Baş Assambleyası üzv ölkələrə hər ilin 16 noyabrını Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunmasını təklif edəndən bir-iki gün sonra Prezident Heydər Əliyev məndən bu barədə soruşdu. Mənsə... xəbərsizdim. Elə gözlənilməz idi ki, üzr istəməyə də macal tapmadım.
Səmimiyyətlə, təəccüblə, sadəcə:
- Cənab Prezident, mən ilk dəfədir bu barədə eşidirəm... –dedim.
-İlk dəfədir eşidirsiniz ?
İrad tutmaq, ya təəccüblənmək əvəzinə səmimiyyətlə güldü, sonra tapşırıqlarını, tövsiyələrini verdi. Hər sözündə qayğısı, diqqəti hiss olunurdu.
Əlbəttə, bu epizod mənə dərs oldu: BMT Baş Assambleyasının tolerantlıq mövzusu ilə bağlı tövsiyəsi elan olunan kimi bilməliydim, bu barədə Prezidentə mən məruzə etməliydim!
Ondan sonra yalnız 16 noyabr deyil, hər il boyu bu sahədə məqsədyönlü iş aparılırdı, səmərəli tədbirlər keçirilirdi.
“Azərbaycan – tolerantlıq ünvanı” devizi dünyada ölkəmizin həqiqəti kimi qəbul olundu. Avropa Şurasının o vaxtkı Baş katibi Valter Şvimmer 2002-ci ildə bu böyük beynəlxalq təşkilatda keçirilən “ Azərbaycanda milli siyasət: gerçəkliklər və perspektivlər” adlı konfransdan sonra məni qəbul edərkən söhbət zamanı dedi: “Avropa Şurasına üzv dövlətlər içində Azərbaycan, milli, dini azlıqların qorunmasına, tolerantlıq mühitinin möhkəmlənməsinə xüsusi önəm verən ölkədir”.
Möhtərəm Prezidentimiz İlham Əliyev başqa sahələrdə olduğu kimi, ulu öndərimizin milli siyasət kursunu bacarıqla, yaradıcılıqla və yeni düşüncə tərzi ilə davam etdirir.
– Hazırda ömür yolunuzun Qırğızıstan səhifələrini yazırsınız. Sizin üçün bu qardaş türkdilli ölkənin ictimai və şəxsi anlamı nədədir?
–Türk dünyasının ayrılmaz parçasıdı. Ümumtürk tarixinə və mədəniyyətinə “Manas” kimi möhtəşəm abidə, Mahmud Kaşğari, Yusup Balasaqın, Çingiz Aytmatov kimi istedad, təfəkkür sahibləri bəxş etmiş qardaş xalqdır.
İctimai - siyasi anlamda bizi hər şey birləşdirməlidir. Biz buna doğru gedirik.
– Təəssüf ki, bu ölkədə tarixən yaranmış diasporumuz barədə Vətəndə məlumat yetərli deyil.
– Bu məşəqqət tarixinin üstü son üç ildə açılır. Səfirliyimiz diaspor təşkilatımız “Azəri” İctimai Birliyi ilə birlikdə soydaşlarımızın bu ölkəyə sürgün edilməsinin 80 illiyi ilə əlaqədar “ Küldən yenidən yaranmışlar” adlı böyük beynəlxalq konfrans keçirdi. Prezident Almazbek Atambayev konfransa xüsusi məktubla müraciət etmişdi. Məktubu beynəlxalq konfransa Prezident Aparatının rəhbərinin müavini, Etnik və Dini Siyasət, Vətəndaş Cəmiyyəti ilə əlaqələr şöbəsinin müdiri Mira Karıbayeva çatdırdı. Baş nazir, bir çox digər rəsmi şəxslər bu möhtəşəm beynəlxalq konfransın iştirakçılarıydılar. Qırğızıstanla birlikdə digər Mərkəzi Asiya ölkələrindən alimlər, tədqiqatçılar, soydaşlarımız qatılmışdılar.
Sanballı məruzələr dinlənildi, məzmunlu çıxışlar oldu. Sonra sürgün tariximizin öyrənilməsi, aşkarlanması, bu məşəqqəti yaşamış soydaşlarımızın bugünkü nəslinin tarixi Vətənimizlə əlaqələrinin formalaşması, möhkəmləndirilməsi və digər problemlərlə bağlı təkliflər paketi hazırlanıb ölkəmizin müvafiq qurumlarına təqdim olundu.
Sürgün edilənlərin əksəriyyəti ziyalılar, milli düşüncə sahibləri- Xalq Cümhuriyyəti rəhbərlərinin, ideoloqlarının, fəallarının ailə üzvləri, qohumları, yazıçılar, müəllimlər, həkimlər, mühəndislər idi...( görkəmli soyadlarımız burda indiyənəcən yaşayır: Şıxlinskilər, Rəfibəylilər...).
Hazırda Qırğızıstanda 20 min nəfər soydaşımız yaşayır. Onların doxsan faizindən çoxu o illərdə amansız repressiyalara məruz qalanların övladları, nəvələri, nəticələridir...
Qardaş qırğız xalqına layiq olduğu qiymət verilməlidir: özləri uzun illər ciddi iqtisadi, sosial problemlərin içində yaşasalar da bir tikə çörəklərini soydaşlarımızla məmnuniyyətlə bölüşmüşlər.
– Qayıdaq Hidayəti bir şəxsiyyət və ziyalı kimi tanıdan, yüksəldən yaradıcılıq sahəsinə. Hansı mövzular üzərində çalışırsınız, növbəti bədii hədəfləriniz nədir?
–Siz bu müsahibə üçün suallarınızı nə vaxt mənə təqdim edibsiniz, xatırlayırsınız?
– Ötən ilin fevral ayının 15-də.
– İndi təzə il gedir. Buna da şükür. Vaxt olub – vaxt çatışmazlığı ucbatından müsahibə suallarına cavab verməyim bir ildən də artıq çəkib, çox hallarda isə cavab verə bilməmişəm.
Mən ilk gənclik çağlarından məsul rəhbər işlərdə, yetkinlik vaxtlarımdan yüksək rəsmi vəzifələrdə olmuşam, adicə işləməmişəm, gecə-gündüz çalışmışam. Mən vəzifə səlahiyyətlərindən heç vaxt yazıçılığım üçün istifadə etməmişəm, əksinə, xidməti işləri həmişə tam miqyasda yerinə yetirdiyim üçün bədii yaradıcılığım çox zərər çəkib. Cavanlıq illərində “Gənclik” nəşriyyatında işləyəndə jurnalist soruşmuşdu: “Yazıçı Hidayətlə baş redaktor Hidayət necə yola gedir?” Cavab vermişdim: “Baş redaktor Hidayət yazıçı Hidayəti odsuz-ocaqsız, alovsuz-tüstüsüz yandırır”. Gənclik emosionallığı ilə belə demişdim, onlar da beləcə dərc etmişdilər. İş rejimim bu gün də elədir.
Ancaq hərdən macal tapanda esselər qələmə alınır. Bakıda olanda baxıb gördüm yazı masamın siyirtmələrində 8-10 il bundan qabağın əlyazmaları var – ancaq heç biri hələ çap olunmayıb. Hamısı esselərdir, ən yeni tariximizin illəri, düşüncələri və insanları haqqındadır. O esselərdən bəzilərini mətbuata vermək fikrindəyəm.
– Maraqlı müsahibə üçün təşəkkür edirəm.
– Mən də sizə müsahibə üçün müraciətinizə və... səbrinizə görə təşəkkür edirəm. Son olaraq bir həqiqəti diqqətinizə çatdırmaq istəyirəm: mən hər gün “ Xalq qəzeti”ni oxuyuram– hər səhər iş otağıma daxil olanda sizin qəzetin elektron surəti stolumun üstündə olur. Azərbaycanla bağlı televiziya, digər media vasitələri ilə ala bilmədiyim informasiyalarla tanış oluram, digər materiallara baxıram, yazılar olur, əvvəldən axıracan oxuyuram. Keçmiş jurnalist və baş redaktor kimi, əlbəttə, materialların peşəkarlıq səviyyəsi, dili, üslubu diqqətimdən yayınmır. Birbaşa deyirəm: peşəkarlığınız xoşuma gəlir. Bizim günlərdə bir çox mətbuat orqanlarında baş alıb gedən qeyri–peşəkarlıqdan, ədəbi dilimizin “pintiləşməsindən” və sənətkarlıq məsələlərinin unudulması “tünlüyündən” fərqli olaraq siz (əlbəttə, bu sırada başqa qəzetlərimiz də var!) mətbuatımızın təxminən yüz əlli illik tarixində qazandığı əvəzsiz nailiyyətləri ustalıqla yaşadırsınız. Buna görə kollektivinizə minnətdaram.
Müsahibəni apardı:
Tahir Aydınoğlu,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.