Azərbaycan 2016-cı ildə xarici siyasət sahəsində böyük uğurlar qazanıb

Müsahibimiz Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğludur

– Mübariz müəllim, bir müddət əvvəl dövlət müstəqilliyinin bərpasının 25 illiyini qeyd etdiyimiz  Azərbaycan Respublikası yubiley ilində hansı diplomatik uğurlara imza atdı?

  – 2016-cı il  Azərbaycanın xarici siyasətində  faktiki olaraq çoxsaylı uğurlarla yadda qaldı. Bu nə deməkdir? Yəni bizim diplomatiyamız dünyanın hansısa ölkələrinə və ya özümüzün geridə qalan illərimizə nisbətən deyil,  faktiki surətdə böyük uğurlar əldə etmişdir. Bu arqumenti konkret  misallarla əsaslandıracağıq. Mən bu anda xüsusi olaraq Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün atılan addımları yada salmaq istəyirəm.  Belə ki, münaqişənin tarixinə  “dördgünlük müharibə” kimi düşən aprel hadisələri,  əslində, Azərbaycan diplomatiyasının  Milli Ordumuzun əli ilə reallaşdırılan  siyasi xətti idi. Çünki aprel hadisələrindən əvvəlki və sonrakı siyasi proseslər, diplomatik gedişlər belə bir qənatə gəlməyimizə əsas verir.

 Diqqət yetirin, 2016-cı il AŞPA-da Azərbaycanın haqq səsinə aid polemikalar, ciddi müzakirələrlə başlanmış, qətnamələr qəbul edilmiş və Azərbaycanın mövqeyi qalib gəlmişdi. Ən başlıcası, Prezidentimizin qətiyyəti və diplomatiyamızın çoxgedişli addımları nəticəsində ötən ilin əvvəlində Avropanın üzü Ermənistandan dönməyə başlamışdı. Yəni Avropanın üzü artıq bizim tərəfə idi.  Eləcə də aprel döyüşlərindən sonra Prezident İlham Əliyev Azərbaycan diplomatiyasının qətiyyətini pik nöqtəsinə qaldırmağa nail olmuşdu. Məsələn, İlham Əliyevin  Dağlıq Qarabağa Azərbaycan daxilində Muxtar Respublika statusu vermək barədə bəyanatını kim necə qəbul eləsə də, ATƏT-in Minsk qrupunun rəhbərliyi özlərinə təzyiq kimi qəbul elədi. Beynəlxalq ictimaiyyət və Ermənistan da həmçinin .

Prezident İlham Əliyevin  hücum diplomatiyası həmin ünvanlara elə təzyiq etdi ki, onlar adıçəkilən bəyanata reaksiya vermək məcburiyyətində qaldılar.  Yəni ilin xarici siyasətdə ən böyük uğuru məhz Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün  reallaşdırdığımız diplomatik mübarizədə qazanılıb və biz bu mübarizənin daha böyük nəticələrini görəcəyik, inşallah. İndiyədək gördüyümüz nəticələr sırasında Ermənistan prezidentinin çaş-baş düşməsindən tutmuş, dünya ictimaiyyətinin bu məsələnin həllinin vacibliyi barədə nümayiş etdirdiyi qətiyyət və Azərbaycan dövlətinin, Prezidentimizin mövqelərinin getdikcə daha geniş miqyasda dəstəklənməsi də vardır. Aprel döyüşlərinə qədər Sarkisyan həmişə deyirdi ki, Dağlıq Qarabağın taleyini Artsax erməniləri həll etməlidir. Apreldən sonra isə ilk dəfə olaraq onun dilinə “Dağlıq Qarabağın əhalisi” ifadəsi gəldi. Bu isə  Sarkisyanın Qarabağdakı Azərbaycan və erməni icmalarının mövqelərini  məcburən tanımasıdır. Yaxud, o, əvvəllər deyirdi ki, mən Dağlıq Qarabağ ətrafındakı  beş rayonu qaytarmağa hazıram, Azərbaycan isə bununla razılaşmır. Apreldən sonra isə bəyanat verir ki, mən Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu qaytarmağa razıyam, amma əvvəlcə Dağlıq Qarabağın statusu müzakirə edilsin. Yəni Azərbaycan diplomatiyası onu da, havadarlarını da açıq şəkildə çaş-baş salıb.

– Amma yola saldığımız ildə ayrı-ayrı güclü dövlətlərlə münasibətlərdə, əməkdaşlıqda da uğurlarımız az olmayıb.

–  Əlbəttə.   Mən bir faktı qeyd edim. Ötən  il Azərbaycan Prezidenti ABŞ-da keçirilən Dördüncü Nüvə Sammitində çıxış edəndən sonra Birləşmiş Ştatların Prezidenti Barak Obama Azərbaycana elə bir qiymət verdi ki, bütün bədxahlarımız mat qaldılar. Ölkəmizin beynəlxalq aləmdə nüvə təhlükəsizliyinə verdiyi önəm  ABŞ kimi güclü dövlətin Prezidenti tərəfindən etiraf edilir və yüksək qiymətləndirilirsə, deməli, Azərbaycan diplomatiyası, sözün həqiqi mənasında, öz böyük uğurlarına imza atır. Bəzi məqamları nəzərə almasaq, Vaşinqtonda ABŞ-Azərbaycan münasibətlərinə xüsusi önəm verildiyinin şahidiyik. Bu isə, təbii ki, özbaşına deyil. Bunun mümkün edilməsində  rəsmi Bakının  düşünülmüş diplomatiyasının şəksiz rolu vardır. Vaşinqton rəsmilərinin fikrincə, Azərbaycan dünyada nüvə təhlükəsizliyinin təmin olunmasında vacib ölkələr sırasındadır. Bu rolu Azərbaycana ABŞ verdi,  bizim həmin istiqamətdəki xidmətimizi ABŞ qiymətləndirdi. Bunu hansısa konqresmen, politoloq, QHT sədri və ya mətbuat təmsilçisi deyil, ABŞ Prezidenti deyirsə, biz bunu həqiqətən diplomatik uğurumuz kimi qəbul etməliyik.

– Fikrimcə, həmin ifadələri  Rusiya Federasiyası ilə olan dostluq və tərəfdaşlıq münasibətlərimiz barədə də söyləyə bilərik.

– Mənim fikrimcə isə, hansısa bir ölkə ilə münasibətlərdəki  istiqamətlərin, həmin istiqamətlər üzrə qazanılmış uğurların miqyası barədə təsəvvür yaradarkən Azərbaycanla Rusiya Federasiyası arasında olan dostluq və tərəfdaşlıq münasibətlərini yada salmaq kifayətdir. 2016-cı ildə Moskva ilə Bakı arasındakı münasibətləri xarakterizə etmək üçün təkcə prezidentlərin bir-birinə  müraciətlərinə diqqət yetirmək kifayətdir. Cənab Vladimir Putinin Azərbaycan Prezidentinə müraciət edərkən dediyi “Biz Sizi regionda etibarlı tərəfdaş kimi tanıyırıq”, “Azərbaycan dövləti Sizin rəhbərliyinizlə dünyada xüsusi nüfuz qazanıb” kimi ifadələr qarşılıqlı inamın və münasibətlərdəki səmimiliyin bariz nümunəsidir. Putin böyük bir dövlətin başçısıdır və bu qəbildən olan ifadələri başqa heç bir dövlətin rəhbəri haqqında demədiyini də hamı bilir.

Yaxud, başqa bir məqamı yada salaq. Aprel döyüşlərindən sonra Rusiya Prezidenti Ermənistan prezidentini Moskvaya çağırdı və  münaqişənin həlli yollarını  müzakirə etdilər. Həmin görüşdə Sarkisyan gileyləndi ki, Moskvanın  Azərbaycana silah satması Ermənistanın maraqlarına ziddir. Onda Putin cavab verdi ki, Azərbaycan güclü iqtisadiyyatı olan bir ölkədir və Moskva ona silah satmasa, gedib başqa bir yerdən alacaq. Putinin Sarkisyana dediyi sözlər indi hamının yadındadır: “Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edən iqtisadiyyatdır, Azərbaycan Silahlı Qüvvələri güclü silahlı qüvvələrdir” və sairə.  Bu isə təkcə Putinin Sarkisyanla olan söhbəti deyildi, bu, Moskvanın İrəvana xəbərdarlığı idi.   Vladimir Putin sanki bir prezident kimi deyil, politoloq kimi Sarkisyanı qarşısında əyləşdirib həqiqətin harada olduğunu  başa salırdı.

Onu da xatırladaq ki, 2016-cı ildə Rusiya-Azərbaycan münasibətlərində ən çox diqqətçəkən məqam prezidentlərin Sankt-Peterburq görüşü oldu. Putin orada ilk dəfə idi ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın irəli sürdüyü mərhələli həll variantını qəbul elədi.  Biz münaqişənin iki mərhələdə həllini təklif edirdik. Rusiya Prezidenti isə təklif etdi ki, münaqişənin   üç mərhələdə həll olunması daha məqsədəuyğun olardı. Yəni Azərbaycanın prinsipial  mövqelərini müdafiə etdi. Çəkinmədən deyə bilərik ki, 2016-cı ildəki diplomatik uğurlarımızın biri də məhz Sankt-Peterburqdakı müzakirə və razılaşmalar olmuşdur.

–  Azərbaycan – Türkiyə dostluq və tərəfdaşlıq münasibətləri də nümunə kimi qeyd edilir.

– Bəli.  2016-cı il Türkiyə ilə Azərbaycanın dostluq və tərəfdaşlıq münasibətlərində təkcə siyasi, iqtisadi, diplomatik arenada deyil, həm də mənəvi - psixoloji, bir çox hallarda emosional müstəvidə olduqca orijinal bir il oldu. Təsəvvür edin: Bakıda Türkiyə-Azərbaycan Strateji Tərəfdaşlıq Qrupunun tədbiri keçirilməli idi. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gəlməliydi.  Həmin ərəfədə türk düşmənlərinin törətdiyi terror səbəbindən cənab Ərdoğanın Bakı səfəri təxirə salındı. Kimlərsə sevinməyə macal tapmamış Prezident İlham Əliyev bütün dünyanı şoka salan bir jestə imza atdı: “Ərdoğan Bakıya gələ bilmir, mən Ankaraya gedirəm!”

Prezident Türkiyəyə getdi və tədbir Ankarada keçirildi. Cənab Ərdoğan bilavasitə həmin toplantıda qeyd etdi ki, Azərbaycanın və Prezident İlham Əliyevin bu addımı türk xalqının yadından heç zaman çıxmamalıdır, Türkiyə Prezidenti hökumətə bu barədə xüsusi tövsiyələr verdi. Çünki Ankarada yaxşı bilirlər ki, Prezident İlham Əliyevin dediyi söz özündə böyük həqiqətləri əks etdirdiyi kimi, rəsmi Bakının mövqeyi də beynəlxalq aləmdə kifayət qədər əhəmiyyət kəsb edir.

– Azərbaycan diplomatiyasının  İran İslam Respublikası ilə münasibətlərdə  əldə etdiyi nailiyyətlərin də böyük bir hissəsi
2016-cı ilin hesabına  yazıldı.

– Bilirsinizmi, ABŞ, Rusiya, Türkiyə və İranla münasibətlərimiz müstəqilliyin ilk illəri istisna olmaqla, həmişə tərəflərin marağına cavab verən səviyyədə qurulub. Ancaq indi beynəlxalq aləmdə gedən proseslər münasibətlərin daha da yaxınlaşdırılmasını, əməkdaşlığın genişləndirilməsini tələb edir. O baxımdan doğru deyirsiniz, İran İslam Respublikası ilə münasibətlərdə də 2016-cı il əvvəlki illərə nisbətən daha məhsuldar olub.  Hətta ötən  il cənab İlham Əliyevin təşəbbüsü ilə biz Moskva – Bakı – Tehran üçtərəfli əməkdaşlığının təməlini qoya bilmişik. O  barədə bir az sonra da fikirlərimizi davam etdirəcəyik.

Doğrudur, dünyanın müxtəlif ölkələrində olduğu kimi, İranın özündə də bu əməkdaşlığı gözü götürməyənlər var və ona görə də vaxtaşırı ortalığa ürək bulandıran  məsələləri atırlar.  Həmin  qüvvələr həm Bakıdan, həm də Tehrandan layiqli cavablarını alırlar.  Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, biz ayrı-ayrı müstəqil dövlətlər kimi,  bir-birimizin daxili işlərinə qarışmamalıyıq və qarışmayacağıq. Ancaq fakt odur ki, rəsmi Tehran həm Azərbaycanla olan ikitərəfli, həm də Rusiyanın iştirakı ilə olan üçtərəfli əməkdaşlıqda maraqlıdır və səmimidir.

Xüsusilə qeyd etmək istədiyim məqamlar da var. Məsələn, on, iyirmi il sonra tarixi tədqiq edənlər Azərbaycanın 2016-cı ildəki xarici siyasətinin nəticələrini öyrənmək istəyəndə iki ən böyük faktla rastlaşacaqlar ki, onların ikisi də İranla bağlıdır. Həmin faktlardan birincisi odur ki, Azərbaycan İrana 2016-cı ildə yarım milyard dollar kredit verdi ki, get öz ölkəndə -- İran Astarasında dəmir yolu , körpü tik. Bu, bilirsiniz nədir? Vaxt vardı ki, Azərbaycan İrandan  və digər ölkələrdən cüzi də olsa, kömək gözləyirdi. İndi 500 milyonu verir ki, get öz problemlərini həll et.  İndi İran Azərbaycandan təzədən bir milyard, heç olmasa, 800 milyon dollar kredit istəyir ki, Astara – Rəşt dəmir yolunun tikintisini başa çatdırsın. 

Yəni Azərbaycan o qədər qüdrətlidir ki, Avrasiyanın ən iri dövlətlərindən  birinə --  80 milyon əhalisi olan İrana kredit verir . Bunun siyasi, iqtisadi və mənəvi əhəmiyyətinin miqyasını başa düşmək o qədər də çətin deyil. İrandakı bəzi qarafikirli adamlar da anlamağa başlayıblar ki, Azərbaycan özünə dost, qardaş sanmadığı ölkəyə bu qədər vəsait göndərməz.

Qeyd etmək istədiyim ikinci tarixi fakt isə Azərbaycan – Rusiya – İran üçtərəfli əməkdaşlıq formatının yaradılmasıdır. Bu, yuxarıda qeyd etdiyim kimi, cənab İlham Əliyevin təşəbbüsü idi və yaxşı ki, Tehran da, Moskva da bu təşəbbüsü dəstəklədilər və beynəlxalq aləmdə yeni bir əməkdaşlıq formatı yaradıldı.  Bu format Rusiya ilə İran arasında tarixən mövcud olmuş bəzi faktların unudulmasına kömək edəcək. Üstəlik, bu iki qonşumuz artıq Azərbaycanı kiçik dövlət kimi deyil, bərabərhüquqlu tərəfdaş kimi tanıdıqlarını dünyaya sübut etmiş oldular. Bu format həm də Avrasiya materikində geosiyasi təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan çox uğurlu addımdır. Bu format bizim əvvəllər həyata keçirdiyimiz çoxsaylı layihələrin hamısından üstün oldu.

–Ancaq çox təəssüf ki,  xarici siyasətdəki bu səviyyəli uğurlarımızla yanaşı, beynəlxalq aləmdə davam edən maliyyə və iqtisadi böhran 2016-cı ildə Azərbaycandan da yan keçmədi.

– Bilirsinizmi, tarixən belə böhranlar həmişə olub və ötüb - gedib. Bizim cəmi 25 il müstəqillik tariximiz var. Bu qısa müddətdə nə qədər ağır günlər yaşamışıq?  Bu böhran da ötəcək. Özü də biz onu daha az itkilərlə yola salacağıq. Qonşuluq və dostluq münasibətlərinə görə konkret faktlar söyləmək istəmirəm. Amma onu deyirəm ki, bizdən qat-qat çox təbii sərvətləri olan Qazaxıstanda (yanacaq qıtlığı), Türkmənistanda (on illərdən bəri davam edən güzəşt və imtiyazların ləğvi) , lap elə İranda (milli valyutanın sürətlə dəyərini itirməsi) beynəlxalq iqtisadi böhranın fəsadları daha çox özünü göstərir.  Dövlət büdcəsində geriləmə, müxtəlif proqramların təxirə salınması, milli valyutaların dəyərdən düşməsi və başqa faktlar bu ölkələrin  heç birindən asılı deyil. Bu,  80-85 faiz  beynəlxalq aləmdə gedən proseslərin təsiridir. Ona görə də inanırıq ki, biz də  dünya ölkələri ilə birlikdə həmin böhranın fəsadlarından qurtaracağıq.

–Redaksiyamıza gəldiyinizə və maraqlı müsahibəyə görə təşəkkür edirik!

–Çox sağ olun. Mən də sizi, oxucularınızı və çoxmilyonlu soydaşlarımızın hamısını  Yeni il münasibətilə təbrik edirəm!

Qələmə aldı:
 İttifaq MİRZƏBƏYLİ,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında