31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi qaynaqları və məramı mövzusunda müsahibimiz Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Nizami Cəfərovdur.
– Nizami müəllim, müstəqillik illərində formalaşan azərbaycanşünaslıq elminin aparıcı araşdırıcılarından biri kimi milli dövlətçilik məfkurəsinin təkamülündə və yayılmasında dünya azərbaycanlılarının etnik-kulturoloji birliyi, mənəvi-siyasi həmrəyliyi mövzusunda mülahizələriniz həmişə maraqla qarşılanır. Siz bu məsələdən dövlət müstəqiyimizin yaratdığı tarixi şans və onun möhkəmləndirilməsinə xidmət edən amil kimi daha çox söhbət açırsınız...
– İndiki anlamda dünya azərbaycanlılarının birliyi və həmrəyliyi dövlət müstəqilliyimizin bərpasından sonra rəsmi siyasət səviyyəsində dəstəklənən aşkar prosesə çevrilmişdir. Əslində isə, XX əsrdə qazandığımız dövlət müstəqilliyini heçə endirmiş sovet imperiyasının çöküşü ərəfəsində Ermənistanın Azərbaycana təcavüzünün yaratdığı ümummilli ağrı dünyada yaşayan soydaşlarımızı da ayıltmış və silkələmiş, suverenliyin bərpasına aparan yolda tarixi vətən ətrafında həmrəyliyi artıq dərəcədə aktuallaşdırmışdır.
Erməni hücumlarının intensivləşdiyi 1989-cu ilin son günlərində xalqımızı iki yerə bölən sərhəd xəttinin hər iki tərəfdən sökülməsi cəhdi, 20 Yanvarda Bakıya əsassız silahlı müdaxilə təşkil etmiş, kütləvi qırğın törətmiş sovet rəhbərliyinin qaniçənliyinə qarşı dünyanın hər yerində soydaşlarımızın kütləvi etiraz dalğası birlik və həmrəylik zərurətinin dərk olunmasından qaynaqlanmışdı. Müşahidələr göstərir ki, dünya azərbaycanlılarının həmrəyliyinə təkan verən məhz Azərbaycan dövlətçiliyini gözləyən təhlükə oldu.
Erməni qəsbkarlığına qarşı mübarizədə formalaşan həmin həmrəylik lazımi miqyas alıb tələb olunan effekti verməsə də, hər hansı milli təhlükə qarşısında birləşməyin ilk böyük təcrübəsini verdi. Etiraf etmək lazımdır ki, bu, stixiyalı, inersiyalı bir həmrəylik idi, hələ ideoloji məzmun kəsb etməmişdi. Bunun üçün böyük ideologiya və həmin məfkurə ilə silahlanmış, hamılıqla qəbul edilən siyasi rəhbərin xalqla birliyi lazım idi.
Dünya siyasəti zirvəsində yetkinləşmiş və mətinləşmiş ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyi, milli birliyi uğrunda mübarizəyə respublikaya – Naxçıvana qayıtdığı ilk aylardan başlamışdı. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi o vaxt bu quruma rəhbərliyi öz üzərinə götürmüş ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə ədalətsiz imperiya ağalığına qarşı milli etiraz olaraq sərhədlərin kütləvi şəkildə söküldüyü dekabr ayının 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. İlk olaraq 1991-ci ilin 31 dekabrı Naxçıvanda müxtəlif ölkələrdən, xüsusilə İrandan, Türkiyədən gəlmiş azərbaycanlıların iştirakı ilə bayram edildi.
Naxçıvan MR Ali Məclisinin bu tarixi qərarı o vaxt Azərbaycan Respublikası Ali Soveti tərəfindən rəsmən müdafiə edilsə də, bu ulu məramlı gün yalnız həmin qərarın müəllifi olmuş ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə ölkə rəhbərliyinə qayıdıb Prezident seçiləndən sonra ümumxalq bayramı kimi qeyd edilməyə başlandı. Böyük rəhbər bununla kifayətlənməyərək, xarici ölkələrə səfərlərində azərbaycanlılarla görüşməyə xüsusi diqqət yetirir, onların nəzərinə çatdırırdı ki, formalaşmaqda olan Azərbaycan dövlətinin bütün azərbaycanlılara ehtiyacı var.
– Azərbaycan xalqı Gündoğanla Günbatan arasında son 3 min ildə türkdilli etnosların uzun sürən, mürəkkəb diferensasiya və konsolidasiyası prosesində formalaşmışdır. Əsasən, dəyişməz qalan vahid ərazi, dil və etnik-mədəni ortaqlıq bu prosesin təyinedici amilləri olmuşdur.
– Azərbaycan xalqı, əslində, ulu babalarımızın tarixən məskunlaşdıqları Qafqazdakı Şimal səddi ilə Yaxın Şərqin qapısınadək, Xəzərlə Qara dəniz arasındakı bütöv və geniş ərazidə ayrı-ayrı tayfa birliklərinin etnik vahidliyinin təsdiqi olaraq formalaşmışdır. Bu ərazidəki siyasi qurumlar da dəfələrlə vahid toplum və dövlət şəklində birləşməyin zəruriliyini gerçəkləşdirmişlər.
Xalqın etnik, sosial-siyasi mütəşəkkillik səviyyəsinə tarixən təsir göstərən birinci cəhət Azərbaycan xalqının təşəkkülü prosesinin uzun sürməsi, müxtəlif dövrlərdə, mərhələlərdə Azərbaycana gələn (deməli, biri digərindən həm etnik xarakteri, həm də sosial-siyasi inkişaf səviyyəsi etibarı ilə fərqlənən) türk etnoslarından təşkil olunmasıdır. Azərbaycan xalqının milli tarixi idealı əsrlər boyu məskunlaşdığı etnik coğrafiyada özünəməxsus müstəqil dövlət qurmaqdan, dünya birliyinin bərabərhüquqlu üzvü kimi öz mədəniyyətini qoruyub inkişaf etdirməkdən ibarətdir.
Artıq 25 ildir ki, müstəqil Azərbaycan dövləti yaşayıb inkişaf edir, müxtəlif ölkələrdə məskunlaşmış milyonlarla azərbaycanlı Azərbaycan dövlətini öz tarixi ideallarının ifadəçisi sayır. Lakin etiraf etmək lazımdır ki, Azərbaycan dövlətinin daha da yüksəlişinə, həmhüdud regionlarda azərbaycanlıların əsrlər boyu yaşadıqları ərazilər üzərində müəyyən təsirə malik olmasına həm ehtiyac, həm də böyük imkanlar var.
– Dünya azərbaycanlılarının həmrəyliyi ideyasının gerçəkləşdirilməsi hansı əsasda və yönlərdə davam edir?
– Bu ideyanın tarixin sınaqlarında möhkəmlənmiş və müstəqil dövlət quruculuğu ideologiyasında əksini tapmış möhkəm əsası var. Zamanın tələbi olaraq Azərbaycan dövlətinin dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlılarla əlaqələri ötən illərdə intensivləşmişdir. Dünya azərbaycanlılarının siyasi-ideoloji birliyini aşağıdakı zərurət təkidlə tələb edir: Azərbaycan dövlətçiliyinin mənafeyi; dünya azərbaycanlılarının maraqları; dünya nizamında layiqli yer tutmaq və onunla ahəngdar inteqrasiyanın zəruriliyi.
Azərbaycan xalqının birliyi onun milli tarixi ideallarının həyata keçirilməsinin əsas şərtidir. Müstəqillik illərində biz bu birliyə nail olmaq üçün aşağıdakı səviyyələrdə mümkün olan təşəbbüsləri gerçəkləşdirməyə çalışmışıq. İdeoloji baxımdan əsaslandırılmış mübarizə aparmaq məqsədəuyğun sayılmışdır. Bu baş xətt hər şeydən əvvəl, Azərbaycan Respublikası, müstəqil Azərbaycan dövləti, ikincisi, azərbaycanlıların müxtəlif dövlətlərin (Azərbaycan, İran, Türkiyə, Gürcüstan, Rusiya) ərazilərindəki tarixi vətənləri, üçüncüsü, ümumdünya səviyyəsində gerçəkləşdirilmişdir. Şübhəsiz, hər üç səviyyənin etnocoğrafi iyerarxiyası mövcuddur ki, onu azərbaycanlıların Yer üzündəki məskunlaşma tarixi müəyyənləşdirmişdir.
– Azərbaycanlıların birliyi və həmrəyliyi ideyasının zəruriliyi milli dövlətçiliyimizin tarixi və ənənələri baxımından bir qanunauyğunluq kimi də diqqəti cəlb edir.
– Hər bir xalqın ən böyük əsəri onun müstəqil dövlətidir– bu və ya digər dərəcədə milli dövlətçilik təfəkkürüdür. Dövləti olmayan xalq özünün yaradıcılıq potensialını tam gücü ilə, bilavasitə ifadə etmək imkanlarından məhrumdur. Azərbaycanda dövlətçiliyin çoxmillilik tarixi tipləri arasında Azərbaycan türk dövlətçiliyi (I minilliyin ortalarından sonra) tarixən etnik birliyin parlaq örnəklərini nişan verir. Azərbaycan milli dövlətçilik təfəkkürünün əsas mənbəyi qədim türk dövlətçilik mədəniyyətidir. Və onu da qeyd etmək lazımdır ki, qədim türk dövlətinin özü də daha qədim dövrlərin dövlətçilik ənənələrinin varisidir.
Qədim türk dövləti dedikdə, birinci növbədə, yeddi-səkkiz yüz illik bir dövrü əhatə edən hun-türk dövləti (imperiyası) nəzərdə tutulur. Avrasiyanın şərqindən qərbinə doğru uzanan həmin dövlət-imperiya, görünür, qədim dövrün sonlarında Azərbaycanın şimalını da ehtiva etmişdi. Türk dövlətçilik mədəniyyətinin Azərbaycanla sıx bağlı daha bir tarixi təkamül mərhələsi qədim türk dövlətinin bilavasitə davamı olan türk-müsəlman dövlətidir ki, oğuz-səlcuqlarda birinci növbədə təzahür edir. Onlar Azərbaycanda geniş yayılaraq nəinki xalqın etnik əsaslarını təşkil ermişlər, eyni zamanda, bu və ya digər dərəcədə müstəqil türk-müsəlman dövlətləri qurmuşlar ki, onların içərisində ən məşhuru XII—XIII əsrlərə aid Atabəylər dövlətidir.
Azərbaycanda milli dövlətçilik təfəkkürünün müəyyənləşməsində I Şah İsmayılın yaratdığı Səfəvilər dövləti xüsusi mərhələ təşkil edir. Azərbaycanda biri digərini əvəz edən Qaraqoyunlu, Ağqoyunlu və Qızılbaş - Səfəvi dövlətlərini məhz azərbaycanlılar qurub yaratmışdılar, bu dövlətlər arasında bilavasitə tarixi varislik əlaqəsi mövcud idi.
Səfəvilərin süqutundan sonra Azərbaycanda hakimiyyəti qəsb edən Nadir şaha tarix az-çox mükəmməl bir dövlət qurmaq səlahiyyəti vermədi. Heç bir ideoloji əsası olmayan, yalnız qılınc gücünə yaradılmış nəhəng dövlət uzun zaman yaşaya bilmədi. Bundan sonra gələn xanlıqlar dövründə Azərbaycanda milli dövlətçilik təfəkkürünün tamamilə süqut etdiyini söyləmək düzgün olmazdı. Lakin mərkəzi hakimiyyətin olmaması istər-istəməz dərəbəylik əhval-ruhiyyəsi yaradır, ümummilli proseslərin lazımi məcra və miqyasda getməsinə imkan vermirdi.
XIX əsrin əvvəllərindən etibarən Azərbaycan dövlətçiliyi ayrı-ayrı kiçik xanlıqların timsalında işğalçılıq ehtiraslarına qarşı mübarizə aparmaqda idi. Bu amansız mübarizə milli dövlətçilik təfəkkürünün, demək olar ki, darmadağın edilməsi ilə nəticələndi. XIX əsrin sonu, XX əsrin əvvəllərində milli özünüdərk və ifadə Azərbaycan xalqının daxili ehtiyacı idi: elə bir ehtiyac ki, dünyada gedən qarşısıalınmaz ictimai-siyasi proseslər tərəfindən ardıcıl müdafiə olunurdu. Məhz həmin ehtiyacın və həmin proseslərin təsiri ilə 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyəti elan olundu.
Sovet dövründə Azərbaycanda milli dövlətçilik təfəkkürünün bilavasitə təzahürünə imkan olmasa da, respublikanın dövlət orqanlarında çalışan, ümumən dövlət idarəçiliyi təcrübəsini yaxşı bilən kadrlar potensialı formalaşdı. Bu həmin təcrübəni çoxdan itirmiş bir xalqın tarixində olduqca əhəmiyyətli hadisə idi.
– Ulu öndər Heydər Əliyev dövlətçilik yaddaşının yaşadılmasında 1922- ci ildə SSRİ-yə birləşdirilmiş ikinci respublikanı “üçüncü respublika” adlandıraraq onun formal mövcudluğunun 1991- ci ildə dövlət müstəqilliyinin bərpası üçün siyasi əsas olduğunu söyləmişdir.
– Azərbaycan Demokratik Cümhuriyyəti Azərbaycanın nəinki tarixi coğrafiyasına, hətta onun beşdən birinə nəzarət etmək, müxtəlif etnosları bir cəmiyyət halında birləşdirmək, bütöv bir sosium formalaşdırmaq gücünə malik deyildi. O, daha çox milli dövlətçilik təfəkkürünün metaforik təzahürü idi. Azərbaycan SSR də, əslində, həmin metaforanın davamı sayıla bilər. Lakin məsələ burasındadır ki, XX əsrin ortalarında ölkədə milli dövlətçilik təfəkkürünün çiçəklənməsi üçün yenidən tarixi şərait yetişməyə başladı. Lakin simvolik funksiya daşıyan dövlət rəhbərləri respublikada həmin prosesin lazımi intensivlikdə getməsinə, milli dövlətçilik təfəkkürü olan kadrların formalaşdırılmasına diqqət yetirmədilər.
Yalnız 1969-cu ildə Heydər Əliyevin respublikada rəhbərliyə gəlməsi ilə Azərbaycanda nəinki sovet dövlətinin– mərkəzin verdiyi imkanlar daxilində, hətta müəyyən maneələri dəf edərək müstəqil düşüncəyə meydan açıldı. Və onu da etiraf etmək lazımdır ki, Azərbaycanda sovet dövrünün son on illəri Heydər Əliyev epoxasının başlanması ilə milli şüurun inkişafı baxımından daha məhsuldar oldu. Ötən əsrin 70– 80-ci illərində Azərbaycanda gedən milli oyanış, siyasi-ideoloji dirçəliş prosesinin nəticələri isə özünü 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindəki xalq hərəkatında göstərdi.
– Qayıdaq dövlət müstəqilliyinin bərpasından sonra milli həmrəylik ideyasının müstəqil dövlət quruculuğu prosesinin yardımçı amilinə çevrilməsinə.
– Xalq hərəkatının, müxtəlif xarakterli münaqişələrin təşkili ilə hakimiyyətə gələn qüvvələrin dövlət idarəçiliyi sahəsində təcrübəsizliyi ortaya çıxanda, dediyim kimi, Azərbaycanın məhz "Heydər Əliyevin Azərbaycanı" olduğu bütün aydınlığı ilə təzahür etdi. Sovet dövləti dağıldıqdan sonra Azərbaycanda ən çox xatırlanan, müstəqil respublikanın dövlətçiliyini formalaşdırmağa dəvət edilən, istedadına istinad olunan şəxs Heydər Əliyev oldu. Bir-birinin ardınca baş verən hadisələrin inersiyası, get-gedə güclənən xaos "ölkənin sahibi"ni tələb edirdi.
O mürəkkəb aylarda Azərbaycanı bir dövlət kimi məhv olmaqdan Heydər Əliyev qurtardı dedikdə, bizim nəzərimizdə, nə qədər qüdrətli olursa-olsun, təsadüfi bir xilaskar obrazı canlanmır; Azərbaycanın qurtuluşu Heydər Əliyevin şəxsində təzahür edən böyük bir milli, ictimai-siyasi enerjinin fəaliyyəti nəticəsində mümkün oldu.
Ümummilli lider dünya azərbaycanlılarının yeganə müstəqil dövlətinin rəhbəri kimi ilk gündən tarixi vətənin qapısını dünyada yaşayan soydaşlarımızın üzünə açdı. Azərbaycan dövləti dünyanın harasında yaşamasından asılı olmayaraq özünü azərbaycanlı hesab edən, mənsub olduğu etnosun yalnız təbii yaddaşını deyil, həm də sosial-siyasi məsuliyyətini, milli dövlətçilik təfəkkürünü daşıyan hər bir azərbaycanlıya da məxsusdur.
Ötən 25 ildə müxtəlif səbəblər üzündən dünyanın ən müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlılar üçün də Azərbaycan dövləti və onun rəmzləri müqəddəsləşdi. Müstəqil Azərbaycan dövlətinin qurucusu, Prezident Heydər Əliyev dünya azərbaycanlılarının ümummilli lideri mərtəbəsinə yüksəldi.
Azərbaycan dövləti isə sonrakı illərdə ulu öndərin ideya və əməllərini dönmədən davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın etnik, sosial-siyasi mütəşəkkilliyi üçün bütün zəruri tədbirləri gerçəkləşdirir, həm ölkə, həm region, həm də dünya miqyaslı kifayət qədər möhtəşəm işlər görməkdədir.
– Nəhayət, dünyada yaşayan soydaşlarımıza sözünüz...
– Bu məqamda deyiləsi sözü ümummilli lider Heydər Əliyev deyib. Dünya azərbaycanlılarının ümummilli hədəflərini Prezident İlham Əliyev də daim müxtəlif tribunalardan səsləndirir. Bu söz ondan ibarətdir ki, Azərbaycan xalqı – azərbaycanlılar dünyanın müxtəlif ölkələrində – respublikamızda, İranda, Rusiyada, Türkiyədə, Gürcüstanda, ABŞ-da, İngiltərədə, Almaniyada, Fransada, Skandinaviyada, Baltikyanı ölkələrdə və digər yerlərdə yaşasalar da, onları bir-birinə bağlayan olduqca möhkəm mənəvi-ideoloji vasitələr vardır. Bu, ana dilidir, ata yurdu – Vətəndir, tarixən formalaşmış etnik-mədəni sistemdir.
Təxmini hesablamalara görə, müxtəlif ölkələrdə 50 milyondan çox azərbaycanlı yaşayır ki, bunların 10 milyondan çoxu azərbaycanlıların tarixi vətənindən kənarda, onlarla ölkədə məskunlaşmışdır. Həmin ölkələr içərisində əsas yeri Rusiya, Ukrayna, ABŞ, Almaniya, Fransa, Hindistan, Pakistan, İsveç, Norveç, Kanada tutur. Şübhəsiz, azərbaycanlıların milli həmrəyliyinin həm miqyasca, həm də keyfiyyətcə əsasını Azərbaycanın şimal və cənubu arasındakı əlaqə təşkil edir. Bu, olduqca mürəkkəb etnososial, etnosiyasi hadisədir. Dünya azərbaycanlılarının əsas sosial-siyasi və milli-mənəvi vəzifələrindən biri yeganə müstəqil Azərbaycan dövlətini hər hansı halda müdafiə edib qorumaqdan, onun lideri ətrafında sıx birləşməkdən ibarətdir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün soydaşlarımızı ürəkdən təbrik edir, hamıya cansağlığı, səadət arzulayıram. Qarşıdakı ildə xalqımıza milli-mənəvi toparlanma yolunda irəliləyiş və möhkəm həmrəylik diləyirəm.
– Maraqlı müsahibəyə görə sağ olun. Biz də sizə xalqımızın birliyi, azərbaycançılığın milli ideologiya kimi yayılması yolunda fəaliyyətinizdə yeni uğurlar arzulayırıq!
Söhbəti qələmə aldı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.