Prezident İlham Əliyevin Azərbaycan diasporuna göstərdiyi inam bizim üzərimizə böyük məsuliyyət qoyur

Dünya Azərbaycanlıları Konqresinin fəxri sədri, Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi bu fikirdədir

Azərbaycanın beynəlxalq aləmdəki  bütün uğurları, ölkəmizdə keçirilən möhtəşəm beynəlxalq tədbirlər,  istənilən  bayram və ya əlamətdar günün qeyd edilməsi zamanı daim yanımızda olan dəyərli ziyalımız Qulamrza Səbri Təbrizi 2016-cı ildəki sonuncu bayramımızı – 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü də bizimlə və oxucularımızla birlikdə qeyd etməyi vacib saydı. Hər bayramda olduğu kimi, bu dəfə də redaksiyamıza zəng edən professor yola saldığımız ildə dövlətimizin beynəlxalq aləmdə atdığı bütün uğurlu addımları, qazandığımız nailiyyətləri yada salsa da, demək istədiyi fikirləri əsasən, dekabrın son ongünlüyündə rastlaşdığı iki faktın üzərində qurdu:

– Əslində, şahidi olduğum birinci fakt ənənəvi olaraq hər il təkrarlanır. Yəni Azərbaycan Prezidenti İlham Əliyev hər il dünya azərbaycanlılarını təbrik edir. Ancaq bu il dekabrın 24-də yayılan təbrik bizim üçün daha əlamətdar idi. Çünki biz bu təbriki artıq düşmən dövlətin, işğalçı ordunun üzərində qazanılmış qələbənin sevincini  öz xalqına daddırmış Ali Baş Komandanın dilindən eşidirdik.

Mən bu zaman bir faktı da qeyd etmək zərurətini yada salıram. Böyük Qurtuluşdan – yəni ulu öndər Heydər Əliyevin ölkədə siyasi rəhbərliyə qayıdışından sonra dünyanın bütün ölkələrində yaşayan soydaşlarımızın yaratdığı diaspor təşkilatları  gənc müstəqil Azərbaycan Respublikasının ətrafında birləşməyə başlamışdı. Eləcə də 2003-cü ilin oktyabrından sonra  cənab İlham Əliyev Azərbaycan və türk diaspor təşkilatlarının gücünün birləşdirilməsi istiqamətində möhtəşəm addımlar atmışdır. Bu gün isə qətiyyətlə deyə bilərəm ki, aprel döyüşlərindən sonra beynəlxalq aləmdəki diaspor təşkilatlarımız heç zaman olmayan bir şəkildə Azərbaycan dövlətinin ətrafında birləşib.  Dünyanın hər yerindəki soydaşlarımızın söz və əməlinin birləşdirilməsi sahəsindəki bu qələbə münasibətilə cənab Prezidentə ən ali təbriklər düşür.

Dövlət başçımızın bizə ünvanladığı builki təbrikdə deyilir: “Dünyada yaşayan soydaşlarımızın Vətənə və azərbaycançılıq məfkurəsinə sədaqətini, xalqımızın öz keçmişinə və milli-mənəvi dəyərlərinə ehtiramını əks etdirən bu bayram tarixi yaddaşımızın mühüm tərkib hissəsinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində milli birlik və həmrəylik ideyaları daha dolğun məzmun kəsb edərək, real fəaliyyət sahəsi kimi dövlət siyasəti səviyyəsinə yüksəlmişdir. “Güclü dövlət - güclü diaspor” prinsipini rəhbər tutan həmin siyasətin əsas qayəsi xarici ölkələrdə yaşayan soydaşlarımızın tarixi Vətənlə bağlılığını möhkəmləndirmək, mütəşəkkilliyini artırmaq, diaspor qurumlarının imkanlarından həmvətənlərimizin hüquqlarının və milli dövlət maraqlarının qorunmasında daha səmərəli istifadə etməkdən ibarətdir”.

Professorun yada salmaq istədiyi ikinci məqam isə Ümumrusiya Azərbaycan Konqresinin dekabrın 28-də Moskvada keçirilmiş IV Qurultayı və cənab Prezidentin həmin qurultayın iştirakçılarına ünvanladığı müraciət idi: – Hamı bilir ki, Azərbaycanın ən böyük diaspor təşkilatlarından biri məhz Rusiyada yaşayan soydaşlarımız tərəfindən yaradılıb. Ancaq cənab Prezident Rusiyadakı azərbaycanlılara müraciətini elə qurmuşdu ki, dünyanın istənilən ölkəsindəki diaspor üzvü, hətta, beş-on nəfərdən ibarət olan qurumlarımız da elə qəbul etdilər ki, bu müraciət məhz onlara ünvanlanıb: “Hesab edirəm ki, hər bir azərbaycanlı ilk növbədə yaşadığı ölkənin layiqli vətəndaşı olmalı, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirak etməli, onun inkişafına öz dəyərli töhfəsini verməlidir. Məhz belə insanların daxil olduğu diaspor təşkilatları soydaşlarımızı sıx birləşdirə, xalqımızı ləyaqətlə təmsil edə və qarşılıqlı əlaqələrin möhkəmlənməsinə daha faydalı xidmət göstərə bilər”.

Həmsöhbətimiz öz fikirlərini bu cümlələrlə  yekunlaşdırdı:  – Mən, Avropadakı əsas diaspor təşkilatlarımızdan birinin təmsilçisi kimi qətiyyətlə deyə bilərəm ki,  hansı ölkədə yaşamasından, cəmiyyətdə tutduğu mövqeyindən, yaşından və ya sosial statusundan asılı olmayaraq, hər bir azərbaycanlı cənab Prezidentin siyasi fəaliyyətini daim dəstəkləyib və bu gün daha mütəşəkkil şəkildə dəstəkləyir. Onu da deyə bilərəm ki, biz ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin məhsulu olan dövlət müstəqilliyimizi əbədiləşdirdiyimiz kimi, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün daimiliyini  də təmin edəcəyik. Hörmətli “Xalq qəzeti”nin vasitəsilə dünyanın bütün ölkələrindəki soydaşlarımızı bu bayram münasibətilə təbrik edirəm!

Qələmə aldı:
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında