Bu gün dünyanın müxtəlif hissələrinə səpələnən azərbaycanlılar həm xarici ölkələrdə yaşamaq, işləmək, özlərinin və ya övladlarının təhsil almalarını təmin etməklə yanaşı, eyni zamanda, Vətənlərini də unutmur, Azərbaycan həqiqətlərinin qürbət ellərdə təbliğ olunması işində böyük fəallıq göstərirlər. Əlbəttə, bu missiyada fərqlənən diaspor nümayəndələrimiz var ki, onların fəaliyyəti mütəmadi olaraq mətbuatda işıqlandırılır. Niderland Respublikasında yaşayan Vüqar Abbasov belə həmyerlilərimizdən biridir.
Vüqar Zakir oğlu Abbasov 1974-cü ildə Beyləqan rayonunda anadan olmuşdur. Ailələri Qərbi Azərbaycanın Vedi mahalından ermənilər tərəfindən deportasiyaya məruz qalmışdır. 1992-ci ildə Qərb Universitetinin Sosial Siyasi İnzibatçılıq fakültəsinə daxil olmuş və 1997-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1993-2008-ci illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində çalışmışdır. 2008-ci ildə ailəsi ilə birlikdə Niderland Krallığına köçmüşdür. 2002-2015-ci illərdə Niderlandda Davinci Kollecində Sosial xidmətlər üzrə təhsil almışdır. Azərbaycan və Niderland jurnalistlər birliyinin üzvüdür. Hazırda Niderlandın Qaçqınlarla İş üzrə İdarəsində hüquq yardımçısı kimi çalışır. 2015-ci ildə Niderlandda Azərbaycan diasporunun inkişafı naminə “Connect” təşkilatını yaratmış və bu təşkilatın sədri seçilmişdir. Ailəlidir, iki övladı var.
– Vüqar müəllim, azərbaycanlıların Qərbi Avropada, o cümlədən yaşadığınız Niderlandda təşkilatlanması hansı səviyyədədir?
– Niderlandda yaşayan azərbaycanlıların sayı barədə müxtəlif rəqəmlər səsləndirilir. Burda təxminən 10 minə yaxın soydaşımız yaşayır. Təbii ki, Niderlandda çoxsaylı təşkilatımız fəaliyyət göstərir. Ancaq deyə bilmərik ki, burda yaşayan bütün soydaşlarımız bu təşkilatlar ətrafında birləşiblər. Bu, belə deyil və əslində buna təbii baxmaq lazımdır. Onu da xüsusi vurğulamaq istəyirəm ki, soydaşlarımız bu ölkədə kompakt halda yaşamırlar ki, təşkilatlanmaq məsələsinə bunun da müsbət təsiri olsun. Artıq dünyanın bir çox ölkələrində olduğu kimi, Niderlandda da ikinci nəsil formalaşmaqdadır. Formalaşmaqda olan nəsil təhsilini burada aldığı üçün onların dil problemləri də yoxdur. Bundan başqa, niderlandlıların adət-ənənələrinə də onlar daha çox bələddirlər. Bu isə mənə diasporumuzun gələcəyi ilə bağlı daha nikbin düşünməyə əsas verir. İnanıram ki, bir müddət sonra diaspor fəaliyyətində bizə ehtiyac olmayacaq. Biz yeni nəslə öz adət-ənənəmizi, tariximizi, bir sözlə, kimliyimizi düzgün ötürə bilsək, şübhə etmirəm ki, onlar da bizi, Azərbaycanı layiqincə təmsil edəcəklər. Fikir verin, birinci nəslin yerli dili, Niderland adət-ənənəsini və. s. öyrənməyindən söhbət gedirdisə, yeni nəsildə bu problem olmayacaq. Xüsusi qeyd etmək istəyirəm ki, bu, çox diqqət göstərməli və bu barədə ayrıca danışmağa və hətta müəyyən addımlar atmağımıza dəyəcək məsələdir. Gecikmədən bəzi addımlar atılmalıdır ki, sonra gec olmasın.
– Rəhbərlik etdiyiniz “Connect” təşkilatı bu yaxınlarda ölkəmizin həqiqətləri ilə bağlı möhtəşəm tədbir keçirdi. Bunun nəticəsini necə qiymətləndirərdiniz?
– Keçirdiyimiz tədbirə bu cür münasibət göstərməyiniz, bu cür dəyərləndirməyiniz məni sevindirir. Noyabr ayının əvvəlində Niderlandda ölkəmizlə bağlı tədbir təşkil etdik. Tədbirə yaşadığm ərazinin bələdiyyə başçısı, iş adamları, çoxsaylı ziyalılar və. s. qatılmışdılar. Tədbir iştirakçılarının 80 faizindən çoxu niderlandlılar idi. İştirakçılara ölkəmizlə bağlı 45 dəqiqəlik filmlər nümayiş olundu. Tarda, sazda, kamançada milli musiqilərimiz səsləndirildi. Tədbir zamanı iştirakçılara ölkəmizlə, o cümlədən, işğaldakı torpaqlarımızla bağlı məlumat verildi. Daha sonra isə onlara bunlarla bağlı müvafiq suallar ünvanlandı və cavabını düzgün tapanlar mükafatlandırıldılar. Xüsusi suallarımız var idi və bu sualların cavabını tapanlara da xüsusi hədiyyələr təqdim edildi. Bura isə, əsasən, Azərbaycanın neçə faiz ərazisinin işğalda olması, işğalçı dövlətin adı və. s. daxil idi.
İştirakçılara Azərbaycan mətbəxindən, Azərbaycan şərablarından dadmaq imkanı verildi. Bunun da nəticəsi çox yüksək oldu. Əvvəla, bu tədbirlə bağlı yerli Niderland mətbuatında çoxsaylı yazılar getdi. Təşkilatdakı həmkarım Vim van Embden yerli radio ilə ölkəmizlə bağlı çıxış etdi. “Connect”in əsas məqsədi Hollandiya və Azərbaycan, eləcə də Hollandiya ilə digər türkdilli ölkələr arasında mədəni, iqtisadi əlaqələrin daha da sıx qurulmasına öz töhfəmizi verməyə çalışırıq. Məqsədimiz odur ki, təşkilatımız heç bir kənar maliyyə dəstəyinə ehtiyac olmadan fəaliyyət göstərmək imkanı əldə etsin. Yalnız belə olduğu halda, ortaya səmərəli iş qoymaq mümkündür. Son möhtəşəm tədbirimizdən sonra bir sıra iş adamları bizimlə əlaqə saxlayaraq ölkəmizin biznes sektorunda çalışan fəal şəxslərlə tanış olmaq, orda iş görmək istəyini dilə gətirdilər. Bu isə, eyni zamanda, ölkəmizin iş adamları üçün Niderlandda iş görmək imkanlarının olması deməkdir. Hazırda bir neçə böyük şirkətlə danışıqlar gedir. Azərbaycan iş adamları tərəfindən də lazımi istəkləri hiss etsək, yaxın zamanlarda bir neçə şirkətin nümayəndələri ilə ölkəmizə səfər edə bilərik. Bir sözlə, hesab edirəm ki, tədbirdən gözlədiyimiz nəticəni əldə etdik və ümid edirəm ki, bəzi gözləntilərimiz də özünü doğruldacaq.
– Həmrəyik günü ilə bağlı planlarınız, gələcək hədəfləriniz və arzularınız...
– Təbii ki, müəyyən planlarımız var. Bu işlərə ictimai, siyasi, mədəni, iqtisadi əlaqələrin sürətlə qurulması və möhkəmləndirilməsi istəyimiz daxildir. Əgər iki ölkənin iş adamları ilə əlaqə yarada bilsək, bunun nəticəsini təşkilatın gələcək fəaliyyətində də hiss edəcəyik. Bu həm də builki həmrəylik günümüzə bir töhfə olacaqdır. Yeni ildə artıq bir neçə tədbirə dəvətlər almışıq. Əsas hədəflərimizdən biri də bu işlərin mərhələ-mərhələ və Azərbaycan adına nəzərəçarpacaq səviyyədə görülməsidir. İş adamları, burada fəaliyyət göstərən digər təşkilatlarla, mətbuatla münasibətlərimizin möhkəmlənməsi, bir daha qeyd edirəm, bizi hədəfə yaxınlaşdıran amillərdir. Mən yerli təşkilat deyəndə, Azərbaycan və Türkiyəni təmsil edən təşkilatları nəzərdə tutmuram, onların bir çoxu ilə münasibətlərimiz onsuz da yüksək səviyyədədir və gələcəkdə daha da möhkəmlənəcəyinə şübhə etmirəm. Məqsədimiz bir olan təşkilatlarla münasibətlərimizin yaxşı olması da normal haldır. Bu təşkilatlar müxtəlif ölkələrdən də ola bilər. Mən əsasən digər xalqların diaspor təşkilatlarını nəzərdə tuturam. Bu prosesdə xüsusilə türk xalqlarına aid diaspor təşkilatlarının fəallığı olduqca əhəmiyyətlidir. Bütün bu işlərin mərkəzində isə azərbaycançılıq ideyası dayanır. Ən böyük hədəfimiz, əsas məqsədimiz heç şübhəsiz, Azərbaycanımızı burada olduğu kimi tanıtmaq, haqq səsimizi çatdırmaq, həqiqətlərimizi dilə gətirərərək və yaxud da qələmə alaraq təbliğ etməkdir. Çünki bu prosesdə düşmən ölkənin diasporunun fəallığı Qərbi Avropada xüsusilə hiss olunur. İnformasiya müharibəsində, erməni media manipulyasiyasının qarşısını almaqda bizim mətbuatla əlaqələrimiz ölkəmiz üçün böyük əhəmiyyət daşıyır.
Mən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı xalqımıza, ilk növbədə, yüksək rifah və ərazi bütövlüyü tam təmin olunan Vətən arzulayıram. Şübhəsiz ki, ən böyük problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin sülh və yaxud hərb yolu ilə həll olunmasını hər bir vətənini sevən azərbaycanlı kimi mən də arzu edirəm. Hamımız bu işdə dövlətçiliyimizə dəstək olmalıyıq. Arzu edirəm, qarşıdan gələn 2017-ci ildə xalqımız həmrəylik baxımından bütün işlərdə yalnız irəli getsin və daha böyük uğurlara sevinsin.
Müsahibəni qələmə aldı:
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.